XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 14:21

Kamran Nəzirli: “Gözəl yuxu” – Hekayələr

Bu gün cümədir. Hava yenə günəşlidir, səhərin gül üzü gülür, binalar, küçələr, dalanlar tərtəmiz, ətir qoxulu… Adamların gözləri, simaları dinc, rahat, güləşdir, arabir mənə də gülümsəyirlər. Aləm günəşin nəvazişli ilıq şüaları altında bəxtəvər-bəxtəvər metroya tələsir. Elə bil, təbəssüm sevimli körpə olub- qoca, cavan, uşaq, qadın, gözəl, ya da çirkin sifətlərin hamısını bağrına basıb duz kimi yalayır. Mən də bu bəxtiyar ovqatla əlimdə planşet, telefonumdan çıxan şnurun səsyayıcı ucluqlarını qulaqlarıma soxub hansısa qarışıq musiqi horrasından məst ola-ola işə gedirəm; “Azadlığa” çatıb metro vaqonunda yerimi rahlayıram. Sağ böyrümdə cavan qız oturur, dərhal timsah dərili çantasından çəhrayı cildli kitab çıxarır, gecədən nişanladığı yeri tapır, başlayır oxumağa; gözucu baxıb görürəm ki, “Robinzon Kruzo”dur. Sol tərəfimdə də mavi krujevalı ağ, ipək don geyinmiş qadın oturur, o da üstündə “Anna Karenina” yazılmış qara cildli kitab çıxarır. Qulaqlarım keflə məşğul olsa da, gözüm dinc durmur, qarşı tərəfdəki cins şalvarlı cavan oğlana baxıram, əlində “Ədəbiyyat” qəzeti, yanındakı yaşlı qoca da eynəyini taxır, göyüzü kimi təmiz “Azərbaycan” jurnalını vərəqləyir. Vaqona bir dəstə cavan oğlan və qız daxil olur (əllərindəki kitab-dəftərdən tələbə olduqlarına əminəm!), oturan kimi hərə bir dərslik çıxarır, başlayır acgözlüklə oxumağa… sonra cavan anayla balaça məktəbli oğlan minir, cavanlar onlara yer verir, otururlar. Məktəbli çantasından “Əlifba” sını çıxarır, başlayır vərəqləri çevirməyə, anası narahatdır:

-Bax, əlifbanı bilməsən, böyüyəndə heç nəyə yaramayacaqsan… Aç beşinci dərsi təkrarla, müəllim səndən soruşacaq…

Uşaq tələsik başlayır oxumağa. Uzaq oturacaqları gözümlə arayıram (qulaqlarım isə hələ də kefdədir, heç nə eşitmirlər!) – hamı, hətta o küncdə oturan sürməli, kirşanlı qadın da nəsə oxuyur: bu sifətlərdə məmnuniyyət, bir qədər də ilıq təbəssüm görürəm… Bax, o ağsaçlı kişi də oturan kimi “Azərbaycan tarixi”ni çıxartdı (görünür, alimdi, ya da müəllim!), başladı oxumağa… Əllərdə rəngli, müxtəlif ölçülü kitab, broşür, qəzet və jurnal görürəm…Vaxt çox azdır, millət ona görə oxuyur! Ah, bircə mən oxumuram, kef edirəm! Gah ona baxıram, gah buna baxıram, gah da telefonumun düymələri ilə əlləşirəm! Qatar isə gedir, arabir dayanır, dolub-boşalır, yenə gedir. Vaqona yeni-yeni adamlar minir, əlvan sancaqlı, parıltılı-parıltısız çantalar açılıb-örtülür, qatar gedir, dayanır, qapılar açılıb-örtülür, arabir qarışıq müzik horrasının tutduğu qulaqlarıma küylü də olsa astadan, yumşaq Azərbaycan dilində danışıq səsləri gəlir. Elə bil, ruhi səslərdi – bağımızdakı quşların cəh-cəhi ilə bəhsə girib… Gözlərim yenə dinc durmur, ətrafı seyr edir, birdən… alnımdan tər süzülür, küyləşən qulaqlarımın dibinəcən islanıram, özümdən utanıram… Ah, bircə mən…

Ah, bircə mən… mən… oxumuram! çox utanıram… Qulaqlarım o qədər tutulub ki, düşəcəyim dayanacağı ötürürəm… Axı mən düşməliydim?! Ha yerimdən qalxmaq istəyirəm, qalxa bilmirəm… Gücüm çatmır, elə bil, kimsə məni oturacağa mıxlayıb…

-A kişi, dur ayağa, işə gecikərsən… Saat səkkiz oldu, sən hələ yatmısan?

Arvadım məni yuxudan oyadır.

2014

İlk görüş

Ağ köpüklü nazənin ləpələr sahildə oturan qızın yalın, ağappağ baldırlarını yalayırdı. Oğlan bir qədər qıraqda durub qızın gah islanmış uzun hörüklərinə, gah da topuğunadək qumun içinə girmiş zərif ayaqlarına heyran-heyran baxırdı. ürək eləmirdi ləpədöyənə girməyə.

-Niyə qıraqda durmusan? Sən də gəl mənim yanımda otur…- qız dedi.

Oğlan sanki bu sözə bənd idi, dərhal yaxına gəldi, oturdu qızın yanında.

-Ayaqqabılarını niyə çıxartmadın? üst-başını da bulaşdırdın…- qız dedi.

-Belə yaxşıdı…

-Sənin çimərlik paltarın yoxdu ki?

-Var. Qoymuşam qurusun… Bayaqdan çimirdim.

-Hımmm…üzə bilirsən?

Oğlan bir qədər fikrə getdi. Bilmədi, nə cavab versin. Görünür, özünü sındırmaq istəmirdi.

-Xoşlamıram, burda oturmaq daha yaxşıdı, – deyə başladı qızın baldırlarını yaş qumla örtməyə. örtdükcə də ləpələr yuyub aparırdı. Qız isə gülürdü.

-Mənim də burda oturmaqdan xoşum gəlir, – qız dedi. – Sən sabah gələcəksən?

-Həəəə…

-Eviniz uzaqdadı?

-Yox, burda oluruq, dəniz qırağında.

-Nə yaxşı, onda görüşərik.

(Oğlan daha çox sevindi, bir qədər də ürəkləndi).

-Adın nədir?

-Pərvanə.

-Mənim də adım Ziyadır.

Qız gülümsədi, qəflətən durub gün çətirinin altında qarnı üstə uzanan qara eynəkli qadının yanına qaçdı. Sonra nə düşündüsə, geri boylandı, səsləndi:

-Səni gözləyəcəm, Ziya! Gəl a, yaxşı?

Oğlan qürurlandı, yaş ayaqqabılarını sürütdəyə-sürütdəyə qırağa çəkildi, öz-özünə pıçıldadı:

-Yaxşı…

Birdən anası oğlanın üstünə şığıdı.

-Sənə demədim, ayaqlarını batırma, ay heyvan! Axı indicə paltarını dəyişmişdim! Bu gün-sabah məktəbə gedəcəksən, hələ də ağıllanmamısan! – deyə hiddətləndi, oğlanın qulaqlarını möhkəmcə burub üzünü-yanını şillələdi. Qız yerində donmuşdu. Oğlan hıçqıra-hıçqıra gah gözlərini qızdan gizlətməyə çalışır, gah da həqarətlə anasına baxırdı.

Başımın altına yastıq qoy

Açıq pəncərədən içəri yay havası dolurdu. Bürküdən yarımqaranlıq otaqda ağcaqanadlar da keyləşmişdi. Uçmurdular. Qadın dalğın-dalğın qaralmaqda olan havanı könülsüz çiyərlərinə çəkirdi. Deyəsən darıxırdı. Birdən nə düşündüsə, yerindən qalxdı, hıqqıldaya-hıqqıldaya pəncərəyə tərəf yeridi. Elə bil çiyinlərində əlli ilin yükünü daşıyırdı. Nəfəsini dərdi. Yorğun gözləriylə həyətə baxdı. Qoca tut ağacının altında cavan qızla oğlan şirin-şirin dondurma yeyirdi. Görünür, nişanlıydılar, hərdən bir-birləri ilə pıçıdaşırdılar. Ay göründü. Qadın “ah” çəkdi, sonra qəflətən dönüb çarpayıda oyan-buyana vurnuxan ərinə dedi:

-Məmmədxan, yadındadı, bir vaxtlar deyirdin ki, dünyanı sənə bağışlayacağam… Ay nə bilim, sənin üçün hər gün dondurma alacağam…hər şey alacağam… Elə gözəl danışırdın ki, hansı qız olsaydı dərhal ağzının suyu axardı…

Kişi heyrətləndi, bir qədər də duruxdu; ilk dəfəydi ki, arvadından romantik sözlər eşidirdi. Zarafat deyil, əlli il ötüb. “Zalım qızı hər şeyi yadında saxlayıb. öz yaddaşı isə tamam korşalıb. Arvad ki arvad!..”

Kişi dirsəkləndi, düşünürdü, bilmirdi nə cavab versin. Sonra heç nə olmamış kimi:

-Əlbəttə, -dedi,- yadımdadı. Demişəm, sözümün üstündə də duracağam…

-Haçan?- elə bil arvadın həyat eşqi öləzimiş gözlərinə işıq gəldi, parıldadı, çarpayıya tərəf gəlib kişisinin böyründə oturdu. Amma yenə könülsüz əlavə etdi:

-Bir ayağımız burda, bir ayağımız gorda…

-Əzizim, gülüm, bir danəm, hələ bizim ömrümüz indi
-indi başlayır…

-Yəni deyirsən… aramızda heç nə olmayıb?- bu dəfə arvadın ürəyi çırpınmağa başladı, elə bil təzə gəlin idi, bəy otağına gəlib, bir azdan qadın olacaq…

Kişi özünü sındırmadı, arvadının ovqatı və duyğusu ona tanış gəlirdi. Cəld ayağa durdu, qətiyyətlə qapıya sarı getdi, qapını içəridən bağladı. Sonra pəncərəni örtərək ucadan dedi:

-Balışı ver bəri, indi də mən qoyum başımın altına. Belimi bir az ovxala, sənə dondurma alacam…

Qadın uşaq kimi sevinirdi.

Mərdəkan, 19 iyun, 2015-ci il