“üzülər, nəzilib piləyə dönər,
Hər zəngdən yanağı oda bürünər,
Otaqdan otağa keçər, sürünər,
Sevənlər darıxar aylı gecədə”.
Afət Viləşsoy (Abuşova Afət Yusubəli qızı) 1985-ci ildə Masallı rayonunda doğulub. Bakı Dövlət Universitetini bitirib. BDU-nu bitirdikdən sonra Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının magistri olub. 2011-ci ildə BDU-da fəlsəfə doktoru proqramı üzrə dissertant kimi elmi fəaliyyətə davam edib və 30 yaşında dissertasiya işini müzakirəyə çıxarıb. Afət Viləşsoy hazırda BDU-da müəllim kimi çalışır, eyni zamanda Universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində fəaliyyət göstərir.
“Könül pıçıltısı” (2004), “çiçək nəğməsi” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) adlı kitablarını geniş oxucu kütləsinə hədiyyə edən gənc şair, qaynar bir təblə yazıb-yaratmağa davam edir.
Afət Viləşsoy 2006-cı ildən Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.
Yola verir
ürəkdən qucaqlamayan,
Qollar məni yola verir.
“Başına dönərəm”- deyən,
Dillər məni yola verir.
Darı töküb sanatdırır,
Şərə salıb, qan atdırır,
Kor ocağı qalatdırır,
Yollar məni yola verir.
Sükanı dəli əldədi,
Sağa verir, sola verir.
Yola verir ömür məni,
Otuz ildi yola verir.
Deyəcəm…
İzini qapımdan necə silim mən?
Hənirin tutubdu dalanımı da.
Baxışım hamıdan gizlənə bilir,
Heç kim tuta bilmir yalanımı da.
Başıma gələnlər başımdan böyük,
çevrildin ruhumun küsdüyü yerə.
Biz ki əvvəl gündən xoşbəxt deyilik,
Qaytar ümidləri susduğu yerə.
Heç zaman demədim “sevirəm səni”,
Dərdimi bir yana quyla,”deyəcəm”.
Bu axşam ruhumla işin olmasın,
Hələ iki yerdə layla deyəcəm.
Adam…
Son dəfə yolunu gözlədiyimdən
Gör neçə il ötüb, xatırlamıram.
Pəncərə tor tutub, çəpər əyilib,
ürəyim qısılıb, adam, ay adam.
Sən gələn yolların çınqılı çoxdu,
Gözlərim yol çəkdi ta sən gəlincə.
Gözümün çəkdiyi yolla gəl, adam,
Bu yollar döşənib incədən incə.
Səni gətirməyə bəhanələr çox,
Nələr uydururam, desəm, gülərsən.
Mənim də sinəmdə ürək döyünür,
Evə çatan kimi xəbər elərsən…
Gəlmədi…
Ya küsdürdüm, ya bezdirdim,
Xeyirdə, şərdə gəlmədi.
Dərdimdən ölüb-dirilən,
Vurduğu dərdə gəlmədi.
Açıq qaldı yaralarım,
Şeir yazdım-balaladım.
Yetim qaldı balalarım,
Qaldım qəbirdə, gəlmədi.
Tökdüyüm aşıma gəldi-
Düz otuz yaşıma gəldi,
Qorxduğum başıma gəldi,
Bir tək səbir də gəlmədi.
Mənim üçün, nəfə gələn,
Hər suçuma, səhvə gələn,
Həmişə, hər dəfə gələn,
Bu dəfə bir də gəlmədi.
Məndən sevgi olar…
Yoluna nəmli göz dikilənlərin,
Gülüşü danışar, nisgili olmaz.
Əlində üzüyü darıxanların,
çiçəyi çırtlayar, küsülü qalmaz.
Dağınıq adamın könlün əsiri,
Başına gələnlər eşqin təsiri,
Qarşında mən boyda dərsin kəsiri,
Məndən nağıl olmaz, “…Məngülüm”olmaz.
Yarımçıq adamam, yarım qalası,
Dərdimə aşina yarın yarası,
Sən mənə bənd olma, adam balası,
Məndən sevgi olar, sevgili olmaz.
Anan kimi…
Gözlərim əvvəlki deyil ha, inan,
Udmur baxışını daha acın tək.
Gendən qoyun açıb əl eləyincə,
Yaxından sillələ, son əlacın tək.
Mən dönük balası, dönüyün biri,
Səndən uzaqlarda ömrün əsiri,
Pərişan, qaraşın, dəli, sərsəri,
öldür bu adamı, öldür öcün tək.
Vermərəm heç kimə təskinliyimi,
Tamamla ruhumun son əskiyini,
Dara, saçlarıma yaz kimliyini,
Yarı anan kimi, yarı bacın tək.
Xatirələr
Yollar sapır, ürək yanır,
Sərin qalır xatirələr.
Uçuruma yuvarlansan,
Dərin olur xatirələr.
Başın altda balınc olur,
Bəzən başa qaxınc olur,
Zəhər olur, qorxunc olur,
Şirin olur xatirələr.
Doğmalaşır, özün olur,
Dilindəki sözün olur,
Oğlun olur, qızın olur,
Ərin olur xatirələr.
Yolları
Gedənə nə fərqi, gedəcəkdisə?
Ha dəniz yolları, quru yolları…
Səninçün nə qədər ağlamışamsa…
Qayıtsan, sən Allah, kürü yolları.
Gəlib çıxanacan tarıma çəkdin,
Yarı ürəyimi, yarı yolları.
Heç kimin çəkməyib yolunda sənin
Gözümün çəkdiyi duru yolları.
Qaytar o əvvəlki mənli adamı,
Canıma can verən canlı adamı,
Unut çevrildiyin kinli adamı,
Düş cinin atından, qoru yolları.
Tüstü
Nə içki içirsən, qarışım sənə,
Nə də ki, siqaret düşkünlüyün var.
Bəs niyə bu qədər çəkirəm səndən?
Bəs niyə bu qədər küskünlüyüm var?
Hərdən istəyirəm qaçım əlindən,
Səndən daha betər duzağa düşüm.
Necə bir büt qaçar xaçın əlindən,
Düşüm əsrlərcə uzağa düşüm.
Axtara el-aləm, axtara məni,
Tapalar bir bülbül xarabasında.
Illərdi əzilən sınıq könlümü,
Görələr bir əlil arabasında.
Görələr, nə qədər dərd içirtmisən,
Içki düşkünü tək, ustası kimi.
Deyən, itirirəm səni, başımdan
çıxırsan siqaret tüstüsü kimi.
Sevənlər darıxar
Dağılar yuxusu darılar kimi,
Butalar uyumaz, qalmaz dincə də.
Pəncərə önündə ay şirniklənər,
Sevənlər darıxar aylı gecədə.
üzülər, nəzilib piləyə dönər,
Hər zəngdən yanağı oda bürünər,
Otaqdan otağa keçər, sürünər,
Sevənlər darıxar aylı gecədə.
Oxunar ürəyi baxışlarından,
Sevginin vurduğu naxışlarından,
Balışı cücərər göz yaşlarından,
Sevənlər darıxar aylı gecədə.
Fırlanar, tovlanar dəli pər kimi,
Uçar, qamarlayar ayın tərkini,
Unudar davanı, unudar kini,
Sevənlər darıxar aylı gecədə.
Daha nələrdi…
öldürdü bu sevgi, öldürdü bizi-
-Bıçqıdı, tətikdi, daha nələrdi..
Narahat ruhlardı yerə enənlər,
Həftənin günləri bəh
anələrdi.
Yağıya, düşmənə gərəyimiz yox,
Qocalıb ölməyə diləyimiz yox,
Sevgidən keçirik, ələyimiz yox,
Ələnib keçənlər əfsanələrdi.
Güləndə üzünə düşən cizgidi,
Gedəndə yolunda qalan kədərdi..
“Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi”.
Sən gedən yolları…
Sən gedən yolları qatar sürüyüb,
Sən mənim ölmüşüm,qınama, gəlmə.
Vallah elə gecdi, elə gecdi ki….
Qapımı döyürsən, döy, amma gəlmə.
Gəlişin gətirir qatar qoxusu,
Varıb, ürəyimin öz adamı var.
önündə üzünə “sevmirəm” deyən
Ağ-qara dünyanın boz adamı var.
Soyuğun buzladıb göz yaşlarımı,
Donan göz yaşımı qatar kürüyüb,
Daha gedişini sevirəm sənin,
Gözümdə hər yanı qatar bürüyüb.
Adsız şeir
Nə ömür yaşadıq, nə gün, nə saat?
Sancıldın ruhuma, yad olmağamı?
üzünü görəli cənnətlik oldum,
Qapıma “gəlmişdin od almağa”mı?
Nağıla bənzədik, rəhmətlik oğlu,
Almanın üçü də bəxtinə düşdü,
Bir sevgi öldürdün yeddicə günlük-
Qırxı da, üçü də bəxtinə düşdü.
Mən oğul saxlayam, mən qız nazlayam,
Daşı ətəyindən töküb gələsən.
Bir dəli aşina girə könlünə,
Mən nələr çəkmişəm onda, biləsən.
Sənə
O otaq saxlarmı dostluğumuzu?
Gözümüz keçmişə dönə, ağlaya…
O kiçik kirayə otağındakı
Sevgimiz sığmadı beşotaqlıya…
Toyda oynamırıq, sevincimiz qıt,
Döndümü fələyin çarxı tərsinə?
Atılıb-düşərdik, lap uşaq kimi
Bir köhnə radio musiqisinə…
Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
Şirin xatirələr kövrəlir gendən.
Orada bir parça ondan gizlənib,
Orada bir parça səndən və məndən.