XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyul 2015 - 10:43

İblisə məktub

“Hər kəsə xain olan insan iblisdir”

İblis! Bəli, bu məktubum Sənə ünvanlanıb! Bəzilərinin qorxduğu, bəzilərinin nifrət etdiyi, bəzilərinin isə varlığına belə inanmadığı Sənə! Bəlkə də Allahını sevən, Ona tapınan və bütün qəlbi ilə yalnızca Ona bağlı olan birinin məhz Sənə məktub yazması hər kəs kimi Səni də təəccübləndirdi. Ancaq tələsmə, hər şeyi öyrənəcəksən!

Bəli, İblis! Səni ədəbiyyatımızda Hüseyn Cavid yaratdı. Necə ki, Adəmi yaratmışdı, necə ki Peyğəmbəri yaratmışdı, Səni də yaratdı. Niyə yaratdı, yaradarkən nələr düşündü, hansı zərurətdən qələmini bunun üçün işlətdi bilmirəm! Amma yazdı və artıq bir əsrə yaxındır ki, Səni Azərbaycan ədəbiyyatına əmanət qoyub getdi. Səni bizlərə əmanət qoydu! Səni anlamamız üçünmü, yoxsa Sənə daha çox nifrət etməyimiz üçünmü? Bu sualın da cavabı Hüseyn Cavidlə birlikdə getdi, təəssüf ki…

Sən yaranışdan İnsanlığa düşmən oldun. Bunu bilməyən yoxdur, əlbəttə! İnsanın ən aciz zamanlarından, ən zəif cəhətlərindən elə onun özünə qarşı istifadə etdin. Nəfsimizi sınadın, tamahımıza göz dikdin, dərdlərimizə, göz yaşlarımıza sevindin, bunları bizi Allahdan uzaqlaşdırmaq üçün silah halına çevirdin. İnsan yarandığı ilk gündən özü də bilmədən sənin kimi bir düşmən qazandı. Səni lənətlədi, yamanladı, nifrət bəslədi, ancaq zaman-zaman sənə əyildi, sənə itaət göstərdi. Bəli, sən bunu da bacardın! Allahın sevərək yaratdığı insanı öz kölənə çevirməyi belə bacardın!

Məktubumun əvvəlində dedim ki, Allahını sevən bir müsəlmanın məhz sənə məktub yazması səni təəccübləndirə bilər! Ancaq nə sən, nə də digərləri buna təəccüblənməyin. çünki mən bir filoloqam və sənətim söz sənətidir. Ədəbiyyatçı isə yeri gələndə İblisə də, Mələyə də, Peyğəmbərə də, hətta Allahın özünə də ədəbiyyatın bir obrazı kimi yanaşmağı bacarmalıdır. Necə ki, Hüseyn Cavid Adəmi, Səni (İblisi), Peyğəmbəri öz əsərinin obrazına çevirə bilmişdi. Sən də beləcə bir obraz olaraq qaldın!

Əsərdə baş verən müharibələrin, fəlakətlərin səbəbi kimi hər kəs səni yamanladı, hər kəs səni günahlandırdı. Mələk, Arif, Rəna və digərləri… Sən isə əsərin ən başından axıra kimi tamahkar, nəfsinə yenilən insanı ən böyük günahkar adlandırdın. Düzdür, bunları deyirdin, ancaq gəl, mənimlə razılaş ki, bunları deyərkən belə, öz əməlindən qalmırdın.

“- Iblis nədir?

– Cümlə xəyanətlərə bais!

– Ya hər kəsə xain olan insan nədir?

– İblis!”

-deyərək baş verən bütün fəlakətləri atdın bizim boynumuza. Onsuz da ağır olan yükümüz sənin “gerçəklərinlə” daha da ağırlaşdı. Bəziləri bu ağırlığa tab gətirə bilməyib yükü yarı yolda çiynindən atdı və yolu bitirmədən ölümü seçdi. Tək qurtuluş buymuş kimi ölümə getdi. Kimi də səni haqsız çıxarmaq üçün hər gün min dəfə ölə – ölə, əzilə – əzilə, özünə nifrət edə – edə daşıdı bu yükü…

İnsanların bu cür azğınlaşmasına dözə bilməyən və yeri gəldikcə Sənə qarşı çıxan Arifi belə yoldan çıxarmağı bacardın. İnsanın ən zərif, ən gözəl hissindən – sevgisindən özünə qarşı istifadə etdin. Pula, silaha aldanmayan insan qadına yenildi. Bəli, hər şey sənin istədiyin kimi alındı; insanlıq bu dəfə də sənin önündə məğlub oldu, əyildi. Tarixinə böyük cinayəti sənin fitvaların nəticəsində yazdı. Bütün bunlar üçün zəmin hazırlayan sən isə heç nə olmamış kimi kənarda durub tamaşa etdin və aciz insanı günahlandırmaqdan çəkinmədin.

Doğrudur, nəfsinə yenik düşən insan da ən az İblis qədər günahkardır. Ancaq onu da anlamalıyıq ki, zəif, aciz, Yer üzünü başqa bir qüvvənin idarə etdiyinə inanan insanın qarşısına sənin kimi pisliklərin, yalanların, fəlakətlərin yaradıcısı çıxmışdı. İradəsində azacıq boşluq olan insanın sənə yenilməsi təbii deyilmi?

Bir neçə il öncə təsadüfdənmi, yoxsa taleyin işindənmi bir neçə dəqiqəlik “İblis” olma imkanı qazandım. çox cüzi vaxt ərzində keçirdiyim o hisslərlə həm Səni, həm özümü, həm də insanlığı tanıdım və bir şeyə qərar verdim: əslində sən yoxsan! İblis insanın öz içindəki nəfs, qəzəb, nifrətdir. Nəfsinə qalib gələn insan İblis qarşısında ən böyük qələbəsini qazanır. Deməli, bunu etiraf etmək çətin olsa da, Sən haqlı idin:

HƏR KƏSƏ XAİN OLAN İNSAN İBLİSDİR!