XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 11:05

Erməni məkrini ifşa edən əsər:“Baba ocağı”

nizami-muradoglu

Yaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

 

Nizami Muradoğlu, “Baba ocağı”

      

      “Baba ocağı” romanını müəllif yenidən işləyərək ikinci nəşrini oxuculara təqdim edir.   Əsərdə baş verən hadisələr XX əsrin əvvəllərində,  erməni təcavüzünün tüğyan etdiyi illərdə, əsasən, Ordubad rayonunun Əylis kəndində cərəyan edir.

      N.Muradoğlu romanda dovrun ziddiyətli hadisələrini,

ermənilərin ic uzunu, mənəvi pucluğunu realist

boyalarla, təsirli həyat səhnələri ilə təsvir etməyə calışmışdır.

 

Zori Balayanın “Ocaq” əsərinə cavab kimi qiymətləndirilən “Baba ocağı”  ATV.az

 

“BABA OCAĞI” – ƏYLİSİN SƏSİ

“Oğaq”dan – “Baba ocağına” qədər

Qarabağ hadisələri Azərbaycan xalqının yaddaşına həm də Zori Balayanın “Ocaq” əsəri ilə yazıldı. XX əsrin sovet laboratoriyasında yaddaşsızlaşdırılmış Azərbaycan xalqı yenidən “ilk dəfə” erməni xisləti ilə üz-üzə qaldı. Mənim torpağıma “yazıq”, “məzlum”, “gözüyaşlı” maskasında gələn düşmən Rusiyanın çətiri altında burada özünə dövlət qurdu, yalançı tarix yaratdı, gah yaltaqlandı, başımızı bişirdi, gah əqrəb xislətini göstərdi, nəhayət, mənim qarşıma “Oğaq”la çıxdı. Azərbaycan xalqı bu həyasızlıqdan sarsıldı. Dilində “ocaq” sözü olmayan erməni türkün sözünü özünə bayraq edib, baba ocağımızın oduna isinmək istədi. Unutdu ki, ocaq bizləri yaradan müqəddəs anadır. Hər kəsi aldatmaq olar, ancaq analar aldanmır: onlar öz övladlarını gözüyumulu tanıyırlar. Ana odumuz-Baba ocağımız ermənini qəbul etmədi, işığı ilə onun xain xislətini, çirkin sifətini hamıya birdəfəlik tanıtdı. Xocalıda ermənilərə əsir düşmüş Azərbaycanlı uşağı öz əlləri ilə divara mıxlayıb dərisini soymuş, sonra da bunu görünməmiş həyasızlıqla mətbuata danışmış Zori Balayan heç özü də bilmədi ki, türkün “Ocağına” əl uzatmaqla onu daha da alovlandırdı.

Od – türkün yaddaşıdır: alovlandı yaddaşımız. Odun şöləsi artdıqca XIX yüzildən üzübəri ermənilərin törətdiyi bütün milli faciələrimiz bir-bir üzə çıxdı. Necə onlara çörək, yurd, isti od-ocaq verən türkü satdılar. Necə Bakıda, Şamaxıda, Naxçıvanda, Göyçədə, Zəngəzurda… türkün qanını içdilər…

Ocaq haram götürmədi: Zori Balayanın “Ocağ”ını söndürdüyü kimi, onun yeni cücərtisi olan, daş kimi sərt, soyuq erməni qəlbinin düşüncəsinin qanlı arzularını ifadə edən “Daş yuxular”ı da puç etdi. Və bir gün türkün ocağından bir səs ucaldı. Bu, “Baba ocağı”nın səsi idi. Bu səsi ürəyi baba ocağının odu ilə illərlə yanan vətən oğlu – Nizami Muradoğlu ucaltdı.

 

Ürəyin qanı və odu ilə yazılan roman

 

Mən peşəmdən irəli gələrək elmi yaradıclıqla məşğul olan insanlarla əhatə olunmuşam. Bu yaradıcılığın psixologiyasına bələdəm. Ancaq icərimizdə bədii yaradıcılıqla məşğul olanlar da var: Adil Cəmil peşəkar şair, Kamran Əliyev müəyyən ritmlə öz ruhunu nəsrlə sakitləşdirən ədəbiyyatşünas, Şakir Albalıyev qəlbinin titrəntilərini böyük fasilələrlə şeirə çevirən folklorşünas, bizi öz təsəvvüfi-irfani misraları ilə başqa bir ruha kökləyən Fəxrəddin Salim irfanşünasdır. Ancaq Nizami Muradoğu bizim kollektivə başqa yaradıcı havada gəldi. Mənə bədii yaradılığınn psixologiyasını ilk dəfə canlı şəkildə izləmək onun  simasında qismət oldu.

Həm də “el adamı” olan Nizami müəllim mənə daim yük altında əzilən insanı andırır. İnsanlarla ünsiyyəti “el adamının” bütün ülgülərinə uyğun olsa da, elə insanların içindəcə özünün ayrıca yaradıcılıq dünyası var. Hərdən özünün də xəbəri olmadan kompüterin ekranına dalmış sifətini müşahidə edirəm. Üzü sanki donur, lakin gözləri bir kitabdır. Həmin an cismi şöbədə olsa da, ruhu ilə ayrı bir dünyada olduğunu anlayıram. Beləcə “Baba ocağı” romanı “bizimlə birgə” yazıldı. Bəzən səhərlər gözləri qızarmış, yorğun, əzgin vəziyyətdə işə gələndə: “Nə olub, Nizami müəllim, xəstə deyisiz ki?” sualıma “Yox, deyiləm, səhərə qədər romanın üzərində işləmişəm. Oxuyanda görəcəksiniz, hadisələrin ağırlığına dözmək olmur. Ancaq nəyin bahasına olursa-olsun yazmalıyam” cavabını verirdi.

Romanı oxudum və sarsıldım. Nizami müəllimi onda başa düşdüm. Ermənilərin keçən əsrin əvvəllərində Əylis və ətrafında törətdiyi vəhşilikləri oxumağa əsəblərimin gücü çatmırdı. Ancaq oxumalı, romanı başa çatdırmalı, bu faciəni canı, qanı, ruhu ilə yaddaş faciəsi kimi aylarla yaşamış dostumun “yaddaş ağrılarına” bir neçə günlüyə də olsa da dözməliydim.

 

Ağrıdan yaranan roman

 

Çoxlu şeirlərin, mənzun dramların müəllifi olan N.Muradoğlunun bu əsəri o birilərinə bənzəməz. “Baba ocağı” ürək ağrısı ilə yazıldı. Həm də bu ağrı təkcə yaddaş ağrısı deyildi. “Daş yuxular”ın gətirdiyi xəcalətin ağrısı idi.

Nizami müəllim əslən Ordubadın Əylis kəndindəndir. O kənddən ki, oradan bir vaxtlar fəxr etdiyimiz Ə.Əylisli çıxıb. O kənddən ki, ermənilərin keçən əsrin əvvəllərində törətdiyi qanlı hadisələr hamı kimi N.Muradoğlunun da yaddaşında yaşayır. Bizlər “Daş yuxular”ın xəcalətini bir azərbaycanlı kimi yaşasaq da, əylislilər və Əylisin suyunun, havasının, ağacının, daşının və ocağının ayrılmaz parçası olan Nizami Əylisli onu ayrı cür yaşadı. Bunu təsəvvür etmək çətindir. Bir azərbaycanlı, bir yaradıcı şəxsiyyət, həm də bir vaxtlar vətənin bu tarixi ocağının bütün inzibati məsuliyyətini öz çiyinlərində daşımış vətəndaş kimi onun nələr çəkdiyini hiss etməyə çalışırdım. O, bütün ağrılarını rəğmən öz kişi adabının bir zərrəsini də qurban vermədi. “Baba ocağı” romanı beləcə ağrıdan doğuldu.

 

“Baba ocağı” oxucu səsi kimi

 

Baba ocağı haqqında kifayət qədər sanballı yazılar çap olunmaqdadır. Ən azı, peşəkar tənqidçi Vaqif Yusiflinin, o cümlədən publisist-folklorşünas Şakir Albalıyevin yazılarını oxumuşam. Kitab haqqında yazmağı qət etdiyim üçün həmin yazıları, əslində, maraqla oxumuş, həmkarlarımın əsərdə nələri diqqət mərkəzinə gətirdiyinə diqqət vermişəm. Lakin məqaləmi ürəyimdə arzu etdiyim kimi sürətlə yaza bilmədim. Qəlbim bu yazıya gec doldu. Çünki oxuduğum hadisələrin təəssüratından gec qopdum. Bu, həm elmi, həm də bədii yaradıcılıq üçün ciddi məqamdır. Təəssüratla yazılan yazı obyektiv olmur. Bilavasitə öz nəslinin nümunəsində ermənilərin törətdiyi faciəni yaşamış Nizami Muradoğluna onun təəssüratından qopmaq, hadisələrə “seyrçi” nasir mövqeyindən yanaşmaq üçün illər lazım olmuşdu. Mənim də bir müddətə ehtiyacım var idi.

Nəhayət, bir bazar günü kompüterin arxasına keçə bildim. “Baba ocağı” məni də dilləndirdi: ruhuna, dünyasına, roman “ədəbinə”, yazıçı “adabına” köklədi. Anladım ki, Nizaminin bir yazıçı kimi öz mətni ilə bizə təqdim etdiyi “adaba” köklənmədən əsər haqqında obyektiv söz demək çətindir.

 

“Baba ocağı” yazıçı adabı kimi

 

Erməni vəhşiliyi haqqında yazmaq hər bir azərbaycanlı üçün çətindir. Çünki biz bu vəhşiliyin, qaniçənliyin qurbanlarıyıq: zülmə məruz qalanın zülm edən haqqında emosiyasız danışa bilməsi çətin məsələdir. Dində bu, “böyük cihad” adlanır: insanın özünün öz qəzəbinə üstün gəlməsi onun öz düşməninə üstün gəlməsindən qat-qat çətin iş hesab olunur. N.Muradoğlunun “Baba ocağı” romanını ilk bədii-poetik məziyyəti onun hadisələri təsvir üslubu ilə bağlıdır. Öz ata-babası ilə ermənilərin törətədiyi qanlı faciələrin yaddaş qurbanı olan müəllif yazıçı stolunun arxasında ağrısına, acısına qalib gəlmiş, hadisələri obyektiv şəkildə, əslində isə, deyərdik ki, Azərbaycan bədii düşüncəsinin tarixi adabına uyğun şəkildə verə bilmişdir. Milli bədii düşüncə tariximiz bu cəhətdən parlaq nümunələrlə zəngindir. İran şairi Əbülqasim Firdovsi özünün dünyaca məşhur “Şahnamə”sində türkə olan bütün nifrətini ortaya qoydu. Ona görə də farsların milli şairi olmaqdan uzağa gedə bilmədi. Nizami isə onun əksinə olaraq “Xəmsə”də” dünyanın bütün xalqlarına, o cümlədən farslara bütün sevgisini ortaya qoydu. Ona görə də həm bizim, həm farsların, həm də dünyanın şairi olmaq kimi ən uca zirvəyə qalxdı. Nizami Muradaoğlu da “Baba ocağı”nda öz Nizami babasının yolu ilə gedib: yazıçı şəxsiyyətini qanlı hadisələrin poetik emosiyasından qorumağa nail olub. Bu da ona faciəni bütün boyu ilə görməyə, şərin törətdiyi faciəni Həyat-Ölüm-Həyat kosmoloji silsiləsinin əbədi dövriyyəsi kimi fəlsəfiləşdirməyə imkan verib. Ona görə də belə hesab edirik ki, bu əsərdə, bəlkə də, heç yazıçının özünün də fərqinə varmadığı bir həyat fəlsəfəsi var: həyat ölümdən, milli dirçəliş faciədən başlanır. Ölüm olmadan, faciə olmadan həyat və dirçəliş yoxdur.

 

Romanın obrazlar aləminin kosmoloji arxetipləri

 

N.Muradoğlunun romanının obrazlar aləmi kosmoloji struktura malilkdir. Burada hər şey varlığın ilkin əzəli, əbədi, ilahi strukturunu inikas edir: Xeyirlə Şər, Həyatla Ölüm, Sevgi ilə Nifrət, Rəhm ilə Amansızlıq üz-üzədir. Bu antoqonist dəyərlər romanda Türk-Erməni oppozitiv blokunun məna cərgələri kimi təqdim olunur. Və romanın, bizcə (bizim şəxsi qənaətimizə görə), ən böyük dəyəri ondadır ki, N.Muradoğlu gerçəkliyin bədii kodla təsvirinə münasibətdə düşüncənin arxetipik strukturuna sonadək köklənə bilib. Belə ki, düşüncənin universal kosmoloji modelində qarşı duran elementlər arasında bütün hallarda diffuz elementlər var. Bu elementlər qütblər arasında mediativ rabitə yaradaraq sistemin bütövlüyünü təmin edir. Bu, kosmoloji mediasiyadır: o, müsbət – kosmosyaradıcı da, mənfi – xaosyaradıcı da ola bilər. N.Muradoğlunun romanında biz onun bütün tiplərinə: türkün böyüklüyü qarşısında mənfi katarsis keçirib sarsılan kosmosyaradıcı ermənilərə də, bu böyüklükdən yararlanıb ölümdən qurtulan, lakin ayaq üstə durduqdan sonra ilk məqam düşən kimi türkə xəyanət edən xaosyaradıcı ermənilərə də, özü türk olub sonradan xristianlaşan türk-ermənilərə də rast gəlirik. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan ədəbiyyatında xristian dinini qəbul edərək tədricən erməniləşmiş qıpçaq türklərinin bədii obrazını yaradan ilk Azərbaycan yazıçısı N.Muradoğludur. Bu mənada, onun bədii obraz kimi yaratdığı, sonadək öz etnik kökü (türklük) ilə dini stereotipləri (erməni xristianlığı) arasında qalan, onlar arasında sülh yaratmağa xidmət edən keşiş Mikayıl obrazı milli ədəbiyyatımızda bir ilkdir. Bu ilk bizi özümüzə, öz milli kimliyimizə, etnokosmik identifikasiyamıza bütün gerçəkləri nəzərə alaraq baxmağa imkan verir. Belə ki, erməni var gücü ilə türkü məhv edib onu yer üzündən silməyə çalışsa da, o, bizim tarixi taleyimizdir. Onların bizdən əsas fərqi ondadır ki, bizlər varlığın ilahi-kosmoloji ritminə köklənərək yaşasaq da, ermənilər ilahi nizama qarşı çıxır. Azərbaycanlı dünyanı bütün rəngləri və bu rənglərin Uca Yaradıcısı ilə birgə qəbul edir, erməni isə dünyanı öz rəngi ilə boyayıb, onun Rəssamını inkar edir. N.Muradoğlu gerçəkliyin gözünə dik baxmaqla bütün gerçəklərin arasında olan haqqı görə bilmişdir. Məhz bu: həqiqəti bütün rəngləri, ağrılı-acılı cəhətləri, sərf edən və etməyən tərəfləri ilə qəbul etmək yazıçı Nizami Muradoğlunun Azərbaycan bədii nəsr dövriyyəsinə daxil etdiyi mətnin – “Baba ocağı”nın özünəməxsus cəhətidir.

Romanın bütün poetik yükü iki əsas obraz: azərbaycanlı Rövşən, erməni Arakel surətlərinə yüklənmişdir. Onlar poetik və semantik qarşıdurma sisteminin bütün alt səviyyələrini özlərinə konsentrasiya etməklə türklük və erməniliyin, xeyirin və şərin simvolları kimi çıxış edirlər. Lakin bu obrazların təhlilini N.Muradoğlunun əsərinin müəyyən mənada haqlı olaraq doğurduğu “bədiilik problemi” məsələsinə toxunmadan vermək mümkün deyidir.

 

“Baba ocağı”nın bədii özünəməxsusluğu

 

Bu roman birmənalı qiymətləndirilməsi mümkün olmayan mətn hadisəsidir. O yazılıb, çap olunub, həm oxunur, həm də dəyərləndirilir, hətta ölkənin qədim və məşhur universitetlərindən birində “müəllif-tələbə” formatında müzakirəsi də keçirilib. Lakin bu bədii mətnin birmənalı rəngi hələ də tapılmayıb. Çünki əsər oxucuda fərqli təəssüratlar yaradır. Bu da, fikrimizcə, bəzilərinin haqsız yerə güman etdiyi kimi, romanın tarixi səviyyəsinin bədii səviyyəsini üstələməsi ilə yox, müəllif üslubu ilə bağlı məsələdir.

“Baba ocağı” sırf bədii üslubda başlayır. Əsərin qəhrəmanı Rövşən cavanlıqdan qaçıb gəldiyi Bakı ilə vidalaşır. Uzun illər həsrəti ilə yandığı doğma yurd – Əylis kəndi yuxularını ərşə çəkir, ara bir gözünə yuxu gedəndə isə gördüyü yalnız Əylis olur. Ruhunu Bakıda saxlaya bilmir, cismini götürüb ruhunun ucduğu məkana – Əylisə qoşur.

Əsərin lap başlanğıcından “şirin” tonda gedən bədii üslub arabir qeyri-bədii xarakterli təsvir elementləri ilə sanki silkələnir. Oxucu bunu ilk baxışda yazıçının bədii üslubu bütün hallarda eyni səviyyədə saxlaya bilməməsi kimi başa düşür. Lakin oxucu Rövşənlə bərabər “faciə məkanına” daxil olduqca müəllifin məqsədi, onun bədii niyyəti və üslubu aydınlaşmağa başlayır. Bu cəhətdən Nizami Muradoğlu tarixi lap posmodernist poetikada olduğu kimi ənənəvi təsvir-təhkiyə üslubundan yan keçməklə təqdim edir. O, XIX əsrin əvvəllərinin koloritini heç bir halda tarixi-etnoqrafik elementlərdən istifadə etməklə yaratmır. Müəllif buna heç cəhd də etmir. N.Muradoğlu oxucunu tarixi hadisələrin içinə çəkməklə bütün qapıları örtüb, onun cari (müasir) zamanla əlaqələrini kəsməyə çalışmır. Əksinə, biz deyərdik ki, şüurlu şəkildə bədiiliklə reallıq, tarixlə müasirlik, obrazla oxucu arasında “açıq görünən” yol qoyur, keçid yaradır. Bu, N.Muradoğlunun yaratdığı mətni bədii cəhətdən zahirən uduzdurub ona publisistik boya versə də, müəllif buna getməkdən çəkinmir, tarixlə bədiilik, yaddaşla gerçəklik, obrazla oxucu arasında hər an birindən o birinə keçilməsi mümkün olan körpü qoyur.

Bu – nədir? Yazıçı naşılığı, yoxsa ustalığı?!

Bizcə, altı bədii əsər, o cümlədən ədəbiyyat-folklor poetikasının nəzəri əsaslarına həsr olunmuş monoqrafiya müəllifinin bu yanaşmasını təcrübəsizlik, bədiiləşdirmə qabiliyyətinin zəifliyi kimi yozmaq mümkün deyildir.

Mən bir oxucu kimi müəllifi anlayıram. O, çoxqatlı struktura mailk əsər yaratmışdır. Və əsər bütün poetik varlığı ilə onun müəllifinin bədii düşüncəsini və missiyasını inikas edir. Əslində, müəllif missiyasını nəzərə almadan bu əsəri onun necə olmasından asılı olmayaraq obyektiv şəkildə qiymətləndirmək mümkün deyildir. “Baba ocağı” romanının bütün poetik dəyəri, məziyyətləri onun müəllifinin bəşəri-tarixi missiyasına müncər olunur.

 

“Baba ocağı” missiya kimi

 

Mən məsələni belə qoymaq istərdim: “N.Muradoğlu bu əsəri yazmaya bilərdimi?”

Bimənalı şəkildə cavab verirəm: “Yox”. O, bu əsəri mütləq yazmalı idi. Özü də təkcə öz əvəzində yox, bütün əylislilərin əvəzində, özü də bütün dirilərin əvəzində yox, həm də bütün şəhid ruhlarının əvəzində yazmalı idi. Əslndə, N.Muradoğlu “Baba ocağı”nı erməni vəhşiliyi haqqında uşaqlıqla eşitdiyi ilk andan yazmağa başlayıb. O, ömrü boyu “Baba ocağı” ilə yaşayıb: onun ağrıları, acıları müəllifin şəhid heykəlimiz H.Cavidlə bağlı əsərlərində də var. Lakin “Baba ocağı”nın zamanı “Daş yuxular”la gəldi. “Daş yuxular” yaddaş ocağımıza daş atdı: bu daş “Baba ocağı”nın közünü qopardı.

 

“Baba ocağı” yaddaş kimi

 

“Baba ocağı” romanı Əylis insanlarının yaddaşında bu gün belə yaşayan, nəsildən-nəsilə keçən hadisələr əsasında yazılıb. Əylisdə ermənilərin törətdiyi faciələri bilməyən yoxdur. Əylisli olmaq həm də bu yaddaş faciəsi ilə yaşamaq deməkdir. Ancaq türkün böyüklüyü ondadır ki, o, insana münasibətdə həmişə ilahi dəyərlərə əsaslanır, ermənini də Allahın yaratdığı xilqət hesab edir. Milli yaddaşla ilahi ülgülər arasında yaşamaq Azərbaycan xalqının heç vaxt qaça bilmədiyi və qaçmağa cəhd emədiyi taledir. Nizami də bu tale ilə böyüdü. İllər keçdikcə erməninin də insan ola biləcəyinə inandı. Lakin tarix sübut etdi ki, hər kəs əzəldən necə yaranıbsa, qiyamətədək elə qalacaq: ermən xisləti heç vaxt dəyişməyəcək. Bu cəhətdən vurğulamaq istərdik ki, “erməni xisləti” romanın ayrıca obrazı, poetik səviyyəsi, semantik elementi kimi çıxış edir.

 

“Baba ocağı” bədii mətn kimi

 

Romanda tarixi hadisələr, yaddaş məlumatları vahid bədii xəttə tabedir. Bu, zahiri planda əsərin baş qəhrəmanı Rövşənlə bağlı süjetdir. Lakin həmin süjet heç də bütün hallarda mətnin aparıcı poetik məntiqi kimi çıxış etmir. Əylislilərin yaddaşında yaşayan faciəli hadisələr Rövşənlə bağlı süjetin içində milli tariximizin erməni səhifəsini təşkil edən hadisə kimi müstəqilləşərək romanın poetik strukturunin xüsusi səviyyəsini ortaya qoyur. N.Muradoğlu bununla Azərbaycanın milli yaddaşı və tarixi romanı üçün canlı yaddaşın rolunu əlahiddələşdirir, onu müasir milli mövcudluğun şərtinə çevirir. Yazıçı bununla hər bir azərbaycanlı qarşısında ermənini tanımaq vəzifəsini qoyur. Patoloji çatımazlıqlarla bəşəriyyətin mutasiyasına çevrilmiş ermənini bilmək, hiss etmək bu patologiyaya münasibətdə hər bir müasir azərbaycanlının vəzifəsidir. Ermənilər xəstədir, biz manyaklarla üzbəüzük: onlarla ilahi mizanlarla rəftar etmək üçün erməniləri tanımaq və bilmək lazımdır.

 

“Baba ocağı” identifikasiya modeli kimi

 

Lakin roman bizə təkcə erməniləri deyil, həm də eyni zamanda özümüzü tanımağa imkan verir:

Necə olur ki, azəbaycanlı müğənni gedib erməni toyunda oxuyur?!

Necə olur ki, Xocalı faciəsinin, 20 Yanvar faciəsinin ildönümlərində restoranlarda kef edənlər olur?!

Necə olur ki, bu qədər faciəyə göz yumub, “həqiqət” adı altında “Daş yuxuları”la  erməni ideologiyasına xidmət edənlər olur?

Nizami Muradoğlunun romanında bu sualların bir cavabı var: erməni xislətinin yaratdığı fəsadlar:

“Erməni Minasın iki yetim qızı qalmışdı: Taniko və Arsenik. Taniko ilə kəndin müəllimi  Mirzə Rahab evləndi. Arsenik ilə qaçqınlardan Mustafa bəy ailə qurdu, sonra köçüb İrana getdilər, nəsilləri artıb davam elədi. Sovet hakimiyyəti kənd müəllimi Mirzə Rahabı yüksək vəzifəyə irəli çəkdi, o, maarif komissarı oldu, iqtisadi imkanları xeyli genişləndi. Taniko qonşuluqda böyüyən bir qarnı ac, bir qarnı tox olan azərbaycanlı uşaqlara hərdən ya bir tikə çörək, ya bir alma verib onların məhəbbətini qazandı. Bütün gününü bu uşaqlara erməni mahnıları öyrətməklə keçirən Taniko Əylisdə baş verən hadisələri təhrif edərək danışır, həm də onlarda “məzlum” erməni xalqına qarşı bir məhəbbət oyadırdı”.

Əziz Nizami müəllim, sən bu abzasınla böyük bir milli həqiqətin üstünə işıq salıbsan. Mənə bu abzasla çox şey, o cümlədən “Daş yuxular”ın da Tanikonun “nağıllarından” göyərdiyi aydın oldu.

Sənə çox minnətdaram ki, bu əsəri yazıbsan. Bu gün Azərbaycan yazıçıları Nobel almaqdan dəm vurur, kimisi bundan ötrü Həzrət Peyğəmbərə, islam dəyərlərinə böhtan atır, kimisi Xətaiyə, Dədə Qorquda sataşır. Bu əsərlər, bəlkə də, öz müəlliflərinə hər hansı divident gətirir, ancaq onların millət üçün çürük qoz qədər də əhəmiyyəti yoxdur.

Sağ ol ki, vətən oğlu, “Baba ocağı”nı yaratdın və bizləri bu xəcalətdən qurtardın.  

Seyfəddin Rzasoy, filologiya elmləri doktoru,

AMEA FOLKLOR İNTİTUTU Mifologiya şöbəsinin müdiri.

Azad Azərbaycan qəzeti, 17.02.2015

PROLOQ ƏVƏZİ

Bu dünyada Əylis adında bir kənd var. Za¬man-zaman başının üstündə qara buludlar çalxalanıb, dağlarının ətəyində səmum yelləri əsibdi. Bəzən yağan yağışlar selə dönüb ziyanlıq versə də, qar-boran qopsa da, tufan olsa da, Əylis yenə də yaşayıbdı, bu gün də yaşayır. Dağları insanların üzünə gülür, bəlkə elə ona görə də insan¬ları gülərüzlüdü.

Hər tərəfdən çılpaq dağlar və yalçın qayalar ilə əhatə edilən Əylis həm də böyük bir daşlar diyarıdır. Əylis düzlərinə səpələnmiş göy, sarımtıl, ağ daşların qəribə bir dünyası var. Bu daşların arasında otların, çiçəklərin baş qaldırıb dünyaya naz satdığını görən insanın həyat eşqi, yaşamaq, yaratmaq eşqi bir qədər də artır. Düşünürsən, görəsən bu daşlar neçə milyon illərdir burada yurd salıbdı?

 Əylisdə ara-sıra rast gəldiyimiz daş topaları da var. Bu daş topaları ətraf ərazilərin daşdan təmiz¬lənib yığılması nəticəsində əmələ gəlibdir. İpək xasiy¬yətli əylislilər daşları da yumşaldıb ipək xasiy¬yətli etməyə çalışmışlar. Amma bəzi daşlar yumşal¬mağa meyilli olmayanda əylislilərin də qəzəbi daşa dönmüş, daş daşa rast gəlmişdi. Daş ilə bağlı Əylisdə belə bir məsəl də yaranıbdı. Deyərlər: “Əylislilər çörəyi daşdan çıxarır”. Amma o daşdan çıxan çörəyin dadından, ləzzətindən heç doymaq olmur.

Bir də babalarımızdan eşitmişik ki, bu torpaqlar müqəddəs torpaqlardır. Allah-tala bu daşlı-kəsəkli yurda elə bir gözəllik bəxş edib ki, insan bir ömür boyunca bu gözəlliyi seyr etməkdən yorulmur, bezmir. Həm də bu yurdda Əylis meyvələri kimi dadını, ləzzətini və ləzizliyini heç yerdə duya bilməyəcəyimiz qədər şirin olan Əylis duyğusu, Əylis ovqatı var. Bəlkə də bizi o yurda daha çox bağlayan o duyğu, o ovqatdır.

Hərdən də insanın içindən bir sual gəlir. Görə¬sən Əylisin nə qədər yaşı var? Dünyanın yaşını bilən olmadığı kimi Əylisin də yaşını bilən yoxdu. XIV əsrdən etibarən mövcud xəritələrdə bu kənd Əylis kimi verilibdi. Ona qədər Qoçtən sözüylə adlandığı haqqında da məlumatlar vardır. Bütün bunlara baxmayaraq bu, bir həqiqətdir ki, dünyada belə bir kənd var və özündə çox böyük tarixi mədəniyyəti hifz edib saxlayır.

Zaman-zaman Əylis və əylislilər haqqında danışılıbdı, yazılıbdı, bu gün də danışılır və yazılır. Mən bu kənddə doğulmuşam, babalarım da, nənələrim də bu kənddə doğulublar, bu yurd mənim babalarımın yaşadığı, işlədiyi və nəhayət əbədilik qazandığı doğma və müqəddəs ocaqdır. Babalarımın ruhu qarşısında özümü borclu bilirəm, bəzən onların haqqında deyilən nahaq sözlər qəlbimi incidir, ruhumu sarsıdır. Mənim babalarım namuslu, qeyrətli olublar, ömürboyu öz zəhmətləri ilə yaşayıblar, kimsənin malına, puluna göz dik¬məyiblər.

Ümumiyyətlə, əylislilər mərd və qoçaqdırlar. Hər bir əylislinin süfrəsi qonaq üzünə açıqdı, hər bir əylislinin qapısı qonaq gözləyir, hər bir əylislinin ocağında qızınmağa yer var, hər bir əylisli çörəyini ağlı, düşüncəsi və əlinin zəhməti ilə qazanır. Mən də bu yazımda Əylis və əylislilər haqqında danışmaq istəyirəm.

 

 

 

 

 

 

 

I HİSSƏ

TÖVBƏ

 

 

Tövbə, ət-tövbə rahinə getdiklərimə,

Bilib etdiklərimə, bilməyib etdiklərimə.

M.Ə.Sabir

 

1906-cı ilin bir yaz gecəsiydi. Dadaş yatıb bir yu¬xu gördü. Əylisçayın kənarında dayanmışdı. Birdən göy guruldadı, şimşək çaxdı, yağış yağmağa başladı. Yağış o qədər şiddətləndi ki, leysana döndü. Dadaşın ayağının altındakı torpaq sürüşdü, Dadaş çayın ortasına düşdü, dalğalar onu ağuşuna alıb aparırdı. Əylisçayın suları qan rəngində idi, yox deyəsən Əylisçaya qan axırdı, qan sel kimi axırdı. O qan Dadaşın ağzından qarnına dolurdu, Dadaş qan içində boğulurdu.

       Dadaş yerindən hövlnak qalxdı, qan-tər içində idi. Əli ilə üzünü sildi, dodaqlarının qanı əlinə bulaş¬dı, dişləri dodağını kəsmişdi. Bir xeyli beləcə qaldı, özünə gələ bilmirdi. Nəhayət, oturduğu çarpayının qırağına əllərini dayaq verdi, “Ya Allah” deyib yerindən qalxdı, həyətə çıxdı. Su qabından su götürüb üzünə çırpdı, bir qədər zehni aydınlaşınca səkinin kənarında oturdu, fikrə getdi.

Xəyalında doğulub boya-başa çatdığı qədim Əylis kəndi, hələ uşaq ikən müqəd¬dəs bir məkan olduğu haqqında dəfələrlə eşitdiyi bütün Ordubad mahalı canlanırdı. Deyilənlərə görə bu torpaqda dövrü-qədimdən üləmalar çox olduğundan Yaxın Şərqin diqqət mərkəzində idi. Arazın cənubunda yaşayanlar Ordubada sehirli bir yer kimi baxırdılar. Deyirdilər ki, İranın mü¬nəccimləri göydən bir bəla gəldiyini müşaiyət edəndə camaatı məscidlərə yığıb dua edərmişlər ki, “Xudavəndi-aləm, bu bəlanı Ordubada gön¬dər”. Səbəbini soruşanlara cavab verərmişlər ki, bəs sən demə Ordubadda o qədər çox üləma, mürşid, seyid övladı var ki, bəla Ordubada catınca sovuşar, heç bir ziyan verməz. Belə ki, Ordubad camaatı çox inamlı və imanlıdır. Dadaş özü də uşaq vaxtı bunları görmüşdü. Ancaq gəncliyindən bu yerləri tərk edib gedəli iyirmi il ötmüşdü. Güman ki, orada da çox şeylər dəyişmişdi. Amma yenə də o doğma yerlərə getmək, o yurdları bir daha görmək istəyi qəlbində birdən-birə elə baş qaldırdı ki, bu istəyin qarşısını almaq qeyri-mümkün oldu. İyirmi il müddətində əvvəl anası, sonra da atası bu yaxınlarda dünyasını dəyişmişdi. Xəbərlər də gəlib Dadaşa çatmışdı, lakin yenə də kəndə qayıda bilməmişdi və ya qayıtmağının başına bəla gətirəcəyini bildiyindən bu haqda heç düşünməmişdi. Əslində kəndən məcbur olaraq ayrıl¬dığından qayıda bilmirdi. Nə kəndən küsmüşdü, nə kəndin uca, vüqarlı dağlarından, nə bağça-bağlarından, nə valideynlərindən, nə də sadə, zəhmətkeş, qəlbi məhəbbət dolu  insanlarından. Bu kəndin ağacından, torpağından, daşından, kəsəyindən, insanından ötrü burnunun ucu göynəyirdi. Amma nə etmək olar ki, insanların içərisində tamamilə fərqli düşüncəli, ümumən insanlığa düşmən kəsilən ayrı-ayrı fərdlər var ki, hansı millətdən olmasından asılı olmayaraq bəşəriyyətin bəlasına çevrilirlər. Belə insanlar sevgiyə, məhəbbətə ali, bəşəri bir hiss kimi baxa bilmir, xudpəsənglikləri ilə yüzlərlə ailənin, yüzlərlə sevən gənclərin faciəsinə səbəb olurlar. Belə bir faciənin qurbanı Rövşənin də məcburi mühacirətinin səbəbi vardı, onları xatırladıqca qəlbi ağrıyırdı, hərdən oturub zülüm-zülüm ağlamaq istəyirdi.

Hava işıqlanırdı. Günəş dənizdən boy¬lan¬ma¬ğa başlamışdı. Səhərin sərin mehi Dadaşın üzünü, saçlarını yalayır, ruhuna bir dinclik gətirirdi. Dadaş bu balaca həyətə göz gəzdirdi, iki mərtəbəli evin damının qırları əriyib divar boyunca süzülmüş, qara zolaqlar yaratmışdı. Onu da deyim ki, bu tərəflərdə iki mərtəbəli evə çox az rast gəl¬mək olardı.

 Bu iki mərtəbəli evi tikib başa gətirmək də Dadaş üçün asan olmamışdı. Buna qədər pilləkan altında gecələdiyi soyuq vaxtları xatırladı. Gecə yarısı oğru kimi soyuq pilləkan altına sığınaraq səhərə qədər dişini dişinə sıxıb dözürdü. Pul qazanmaq bu zamanda çox ağırdı. İş yerləri demək olar ki, yoxdu. Bir qarın çörək pulu qazanmaq məq¬sədi ilə səhərdən gecə yarısına qədər bazar¬larda, küçələrdə veyillənir, hamballıq edirdi. Ham¬ballıq da hər gün olmurdu. Şəhərin imkanlı adam¬ları işlərini tanıdıqları hamballara və həmşərilərə gördürür¬dülər.

Səhərləri soyuq, rütubətli pilləkan altında qarşılayan Dadaş buğlana- buğlana isti evlərdən çıxıb, ətrafdakı dilənçilərə nəzər belə yetirməyən zəngin adamları görəndə onlara qarşı qəlbində bir qəzəb oyanırdı. Xüsusən də bu zənginlərin əksəriyyəti yad, əcnəbi adamlardı, zəli kimi Bakının neftini sorur, varını, dövlətini talayır, türk millətindən olanlara aşağılayıcı nəzərlərlə baxırdılar. Ermənilər də bu şəhərə it arısı kimi daraşmışdılar, kantorlarda işləyənlərin əksəriyyəti ya erməniydi, ya da rus. Əylisdəki arakellərin qohum-əqrəbaları buradakı əcnəbilərə yaxınlığı ilə seçilirdilər. Bir Arakelin əlindən qaçıb yüz Arakelin əhatəsinə düşmüşdü. Hərdən bu erməniləri gətirib buralara azdıranları lənətləyirdi.

Hərdən də kənddəki isti, rahat evləri yadına düşür, anasının bal kimi şirin sözlərini xatırlayır, gül qoxulu nəfəsini sanki hiss edirdi. O zaman rahatlıq tapır, yaşamaq üçün mübarizə əzmi yaranırdı.  Bir anlıq xoş duyğuların ardından yenə də aclıq, səfalət kabus kimi onu izləyirdi. Nəyin bahasına olursa olsun, pullanmaq, isti, rahat evdə yaşamaq istəyirdi. Bu istəyini səhərdən axşama qədər hambal kimi işləməklə heç cür reallaşdıra bilmirdi. Günlük qazancı heç bir qarın çörəyə də çatmırdı, bu qazanc ilə nəinki ev, heç toyuq hini də tikmək olmazdı. Hələ torpaq sahəsini də adama müftə vermirdilər.

 Əlinə pul keçəndən sonra birinci məqsədi be¬lə bir ev tikmək olmuşdu. Ömrünün böyük bir hissəsini, demək olar ki, az qala yarısını bu evdə başa vurmuşdu. Bu evin ən bö¬yük üstünlüyü Dadaşa həmdəm olması idi. Uzun, tənha gecələri bu evin isti qucağında xatirələr işı¬ğında keçirmişdi. İndi birdən-birə bu evin duruşun¬da sanki bir qəriblik hiss etməyə başlamışdı. Birdən-birə də qəti qərar qəbul etmişdi, ge¬dirdi, Vətənə gedirdi. Ömründə düşünmədiyi Vətən söhbəti haradan belə birdən peyda oldu, bilmədi. Gör¬düyü yuxu onu belə tələsik və qəti qərara gətirmişdi.

Pilləkənin böyründə balaca bir quyu qazdı, torpağını çıxarıb kənara tökdü. Evə keçib yük yerində sandığın üstündə olan bir dəst yorğan-döşəyi götürüb yerə qoydu. Sandığın qıfılını açıb qapa¬ğını qaldırdı, iki torba çıxartdı. Əlini tor¬balar¬dan birinin içinə salıb qızıl onluqları, beşlikləri şaqqıl¬datdı, bir ovuc ayırıb pencəyinin yan cibinə qoydu. Onluqlardan birini əlində oynadıb imperator II Nikolayın şəklinə, sonra çevirib pulun arxasındakı ikibaşlı qartala baxdı. Qartalın ayağının altında “10 рублей 1899 г” yazılmışdı. Qartalın yanlara açılan iki başının arasına yerləşdirilmiş imperatorun tacının anlamını düşündü: İşə bax ha… Nikolay-dünyanın padişahı…hm… Şəklini qızılların üstünə saldırıb, mən onu cibimdə gəzdirirəm. Bir torba qızılı burda yerə basdırıb gedəcəyəm. Görəsən mənim kimi nə qədər adam bu qızılları yerə basdırır? Bəs bu milyonçular necə, bu qədər qızılı, çervonları hara yığırlar? Çox güman ki, vaxtı ilə yerdən çıxarılmış, işlənmiş bu qızıllar yenə də torpağın qoynuna gedir. İnsan da elə belədir: – torpaqdan hasil, torpağa vasil.

Dadaş açdığı torbanın ağzını bağladı. Evdən köhnə bir müşənbə tapıb torbalardan birini onunla möhkəm-möhkəm sarıdı, bayıra çıxıb qazdığı quyuda basdırdı, üstünü torpaqlayıb səliqəyə saldı. “Əvvəla bu həyətə kimsə cəsarət edib girə bilməzdi, girsəydi də heç cinin də ağlına gəlməzdi ki, Dadaş bir torba qızılı bura basdırmış olsun” – deyə fikirləşdi. Dadaş yenidən içəri keçib yük yerindəki sandığın üstünü sahmanladı. İkinci torbanı əl bağlamasına yerləşdirdi. Papağını başına qoyub evdən çıxdı, qapını kilidləyib açarı xeyli vaxt əlində saxladı. Açarı özüylə götürsün, yoxsa harasa qoysun. Tərəddüd içində vurnuxurdu, həyətdə sağa-sola var-gəl edirdi. Haradansa Əylisdəki qapıbir, dədə-baba qonşuları Havva arvadın qarğış¬la¬rı yadına düşdü: “Səni görüm, qapın bağlansın, kili¬din damaa atılsın”.

Gözlərinin önünə Əylisin damları gəldi. Bu kənddə bir mərtəbəli evə təsadüfən rast gələrdin, bütün evlər iki, üç mərtəbəliydi və hətta, dördmərtəbəli evlər də vardı, həm də damları çox ucaydı. Bu damlara atılan kilidləri götürmək müşkül məsələydi. Kilidi damına atılan evlərin taleyi bir dəfəlik həll olunurdu. Bu evlərin son aqibəti xarabalığa çevrilmək, dağılmaqdı. Bəlkə də elə ona görəydi ki, Havva arvad belə qarğış tökürdü. Dadaş Çəmbərəkənddəki bu bir mərtəbəli evlər ilə Əylisdəki hündür evləri öz aləmində müqayisə etdi. Dadaşın evi bu ərazidə tək-tək sayılan iki mərtəbəli evlərdən idi. Əylisdəki evləri qədər uca olmasa da, alçaq da deyildi, ancaq istənilən vaxt qonşunun damından bu evin damına çıxmaq olardı.

Dadaş bayaqdan əlində oynatdığı açarı damın üstünə atdı. Nə vaxt qayıdarsa, açarı götürmək çətin olmayacaq. Kimsə də qorxusundan onun evinə yaxın düşə bilməzdi. O, bu şəhərdə ad çıxarmışdı, onu barmaq ilə göstərirdilər. Şəhər de¬yən¬də, yəni Dadaş üçün fərq eləmirdi, bu şəhərdi, ya kənddi. Əsas adamlar idi. Sadəcə burada adamlar çoxdu və təbii ki, bu adamların içində çoxlu da alçağı vardı. O alçaqları incitməkdən Dadaş xüsusi ləzzət alırdı.

Dadaş şəhərə gələndən sonra xeyli dəyişilmişdi. Dadaş əslində kimsəyə sataşmazdı, amma yumurtanı düz oynamayanlar onu məcbur edirdilər və Dadaşın qəzəbinə gələnlərin halı fəna olurdu.

Bakının varlı, zəngin adamları,  milyonçuları son zamanlarda Avropa aşiqlərinə çevrilmişdilər. Avropadan gətirilən memarların layihələri ilə yeni bahalı evlər tikilir, saraylar salınırdı. Bunlar bəlkə də yaxşı nəsə vəd edirdi. Lakin Avropa mədəniyyətinə aludəçilik bununla bitmirdi. Həm də avropadan konsert vermək üçün gətirilən müğənni xanımlara milyonçuların xərclədiyi milyonları eşidəndə kasıb-kusubun halına acıyırdı Dadaş. Dadaşa elə gəlirdi ki, o pullarda millətin haqqı var, milyonçular isə bu haqqı tapdalayır, istədikləri kimi xərcləyib dağıdırdılar. Deyilənlərə görə son vaxtlarda milyonçular toy məclislərinə də Avropada kifayət qədər tanınmış müğənniləri dəvət edirdilər. Bu, bir növ milyonçular arasında ad-san məsələsinə çevrilmişdi. Sanki bir yarış gedir, varlı, zəngin adamlar toylarında Avropa müğənnilərindən kimlərin iştirak etməsi, onlara verilən pulun miqdarının çoxluğu ilə fəxr edirdilər.

 Bu arada yenə də əylisli Abuzər kişinin sözləri  Dadaşın yadına düşdü. Abuzər kişi bir qədər ağızdan pərtov idi, yəni söyüş söyəndi. Hər dəfə də kimisə söyəndə deyərdi ki, “vallahi-billahi, a kişilər, mən heç kəsi söymürəm, özü gəlib girir …tümə, daha neyniyim?” Dadaş da elə beləcə idi. Bu cür başı aşağı, ayağı yuxarı işləri sindirə bilmirdi. Belə adamlar fürsət düşəndə Dadaşın qəzəbinə gəlirdi.

İndi Dadaş gedirdi, bəlkə bu şəhərin də, elə Dadaşın da canı qurtarırdı. Darvazanı aralayıb bayıra çıxdı, küçənin sağına baxdı, qara camaatı gördü, soluna baxdı, yenə də həmən adamlardı, bir tikə çörək üçün harasa tələsirdilər, birdən qulağının dibində fısıltı eşitdi:

-Genəl, nə qadar bacarsan genəl, tezliklə gen dünyanı sizə dar edacayık…

                 Dadaş dönüb geriyə baxdı, Stepanı gördü. Stepanın nə dediyini eşitməsə də, səhər-səhər erməninin lap sarsağına rast gəlməsi qanını qaraltdı. Ermənilərin həyasızlığı buralar işi deyildi. Səhər-axşam fitnə-fəsad ilə məşğul olub, türklərin başına min bir bəlaya çevrilənlər üz-üzə gələndə mütləq özünü dost kimi göstərib kirvəlik danışırdılar. Stepan da belələrindəndi. Öz-özünə pıçıldadı:

-İlanın zəhləsi yarpuzdan gedər, o da gələr bitər yuvasının qabağında. Nədi, Stepan?..

– Kirva, deyirəm elə… Sən belə tezdən durmazsan, xayır ola?..

– Domkomsan? Yoxsa məni izləyirsən?

– Elə, kirva, mazhab haqqı səni gördum, sevindim.

Stepanın başında çoxbucaqlı, brezent kepka vardı. Dadaşın gözləri Stepanın kepkasına sataşınca istər-istəməz dodağı qaçdı, içindən keçən fikri dilinə gətirdi:

– Sənin bu kepkan var ha, Stepan…

– Var ha, kirva…

-Lap oğraş kepkasına oxşayır.

-Ela demə, kirva…

 Stepan kepkasını başından çıxarıb əlində o yan-bu yana çevirdi. Sanki kepkasına baxıb Dadaşın dediyi sözlərin nə dərəcədə həqiqət olduğunu görmək istəyirdi. Sonra yenə kepkasını başına qoyub Dadaşın üzünə baxdı.

-Stepan…

-Bali, kirva…

-Gedirəm, Stepan, mən burdan gedirəm, get əlinə xına yax, sənin kimi alçaqlar var ha…

– Ha… kirva…

– Onların canı qurtarır. Elə sənin də…

Stepanın bic gözlərində şeytanlar oynadı:

-Haraya, kirva?

– Vətənə gedirəm.

– Ela, kirvə, man da Vatana getmax istərəm.

-Yəni sənin Vətənin var?

-Ela, kirva, manım Vatanım odey uzaxlarda…

-Ara, get də, get. Nə ilişmisən it arısı kimi burada qalmısan?

-Gedajam, kirva, gedejam.

– Stepan, əslində bura da mənim Vətənimdi. Amma mən Əylisdə doğulmuşam. Əylis eşitmisən?

-Akulis…

-Akulis yox, Ağ-ulus. Bilirsən, Stepan, bu kəndin qədim adını bilən yoxdur. Mənim bu intiligent tayfasıynan o qədər də aram olmaz. Amma bir dəfə birinə irast oldum. O, bizim kəndimiz haqqında ətraflı danışırdı, kəndimizi məndən də yaxşı tanıyırdı, halbuki Əylisdə bir dəfə də olmamışdı. Deyirdi ki…

Dadaşın xəyalında ötən günlər canlanırdı, intiligent dediyi adam Əylis haqqında danışırdı. Dadaş deyilənləri tamamilə dərk etməkdə çətinlik çəksə də, adamın danışığı xoşuna gəlirdi.

 İntiligentin dediyindən belə məlum olurdu ki, bu kənd Elxanilərin hakimiyyəti dövründə xanədan mənsublarının, hətta, ondan öncəki xanə¬dan¬ların, daha sonra Səfəvilərin, Qacarların istirahət düşər¬gəsi olubdur. O zamanlar xanədan mən¬subla¬rına ağuluslular, ağevlilər deyirdilər. Cəmiyyətdə təbəqələşmə getmişdi; Ağuluslular, bozuluslular, qarauluslular. Yüksək hakimiyyət təmsilçiləri, onla¬rın ailələri, qohum-əqrabaları ağuluslular adlanırdı. Bu kəndin abü-havası, təbii gözəlliyi, meyvə-tərəvəzinin əvəzsiz tamı ağulusluların diqqətini cəlb et¬mişdi. Buraya istirahətə gələn ağuluslular çox böyük mədəniyyət yaratmışdılar. Dövrümüzə qədər gə¬lib çatan mədəni irs orta əsrlərin tarixi yadi¬gar¬larıdır. Bu kənddə movcud olan məbədlər, məsci¬dlər, üç günbəzli hamam, kəhrizlər sistemi, su-kanali¬zasiya təsərrüfatı böyük intibahdan xəbər verirdi. XVII-XVIII əsrlərdə Əylis Şərqin ən qabaqcıl şəhərləri sırasına daxil edilmiş, burada ipəkçilik xüsusi inkişaf mərhələsinə qədəm qoymuşdu. Burada yetişdirilən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz yüksək keyfiyyəti ilə fərqlənirdi.

İntiligent hərdən fasilə verir, ah çəkir, sonra sözünə yenidən başlayırdı: Bilirsiniz, o vaxtlar ümumiyyətlə, Ordubad mahalı çox böyük bir ərazini əhatə edirdi, Zəngəzurun, demək olar ki, yarısı bu mahalın tərkibinə daxil idi. Buraya Səfəvilərin hakimiyyəti dövründə xüsusi önəm verilir¬¬di. Hətta, Şah Abbasın vəziri Mirzə Hatəm bəy də ordubadlı idi. Mənbələrin verdiyi mə-lumat¬dan aydın olur ki, Şərqin ən böyük alimlərindən olan Nəsirəddin Tusi də ordubadlı imiş. Şah Abbas Or¬du¬bad bölgəsinin vergilərdən azad edilməsi haqqında fərman vermişdi. Bu yerlərin tayı-bərabəri yer üzündə yoxuydu. Heç bilirsın Əndəlib Qaracadaği nə yazıb.

İntiligent boğazını arıtlayıb, özünə sanki bir şair görkəmi verdi. Gözlərini yumub dediklərini xəyalına gətirməyə çalışdı. Asta-asta səsi eşidilməyə başladı:

Ordubadı nə deyim, vəsfi gülüstanə dəyər,

Bir əcəb guşədir ki, cənnəti-rizvanə dəyər.

Hər dəm Əylis səfəri hündü Səfahanə dəyər,

Elə şahidləri var hüriyi-qılmanə dəyər,

Müxtəsər, abu-havası bütün İranə dəyər.

Bu ara intiligentin gözləri doldu, xeyli düşündü, danışığına bir qədər fasilə verdi, sonra yenidən danışmağa başladı.

Yadıma düşmüşkən deyim ki, Hülaki xanın zövcəsi Doqquzxatun xanım yay istirahətini çox zaman Əylisdə keçirirmiş. Əylis də o zaman balaca bir kənd idi. Kəndin ortasından Əylisçay keçirdi, elə indi də həmin çay yerindədi. Çayın sağ sahili ərik bağları ilə əhatə edilmişdi. Sol sahil dağ döşü olduğundan burada təbii cəvizlik yaran¬mışdı. Cəviz meşələri ta Əyri dağın zirvə¬lərinə qədər uza¬nırdı. Cəvizlik adlanan ərazi Doq¬qu¬zxatun xanımın çox xoşuna gəlirmiş, burada gözəl bol sulu bir bulaq da vardı. Doqquzxatun xanım çadırını burada qurdurub əylənirmiş. Səhhətində olan nasazlıq burada tamamilə yox olub gedir. Ondan sonra xatun buranı özünə daimi istirahət yeri seçir və hətta, burada bir abidə də tikdirir. Doqquzxatun xanım nəsrani dininə mənsub türk-lərdəndi. O səbəbdən də buraya özü ilə bəra¬bər xristian xidmətçilər gətirib yerləşdirir. Sonralar o xidmətçilər burada artaraq məskunlaşdılar və burada onların balaca bir icması yarandı. Sonra da bura 1828-ci ildə ruslar İrandan 37 erməni ailəsi köçürdülər. O zamandan bura el arasında bəzən Qoşakənd də deyirlər.

Stepan ağzını açıb heyranlıqla Dadaşı din¬ləyirdi. Dadaş da intiligentin açıqlamalarından həzz alaraq danışırdı, amma birdən hiss elədi ki, vaxt keçir, tərpəşmək zamanıdır. Dadaş əl atıb Stepanın gepkasının dimdiyindən yapışdı, onu Stepanın gözlərinin üstünə basdı:

-Büldün, Stepan!

Stepan daha dinmədi, Dadaşın ardınca baxdı:

– Get, axır gedişin olsun, tezliklə hamız bura¬lardan cəhannama gedəcaxsız.

 Dadaş Çəmbərəkəndin darısqal küçələri ilə aşa¬¬ğı enirdi. Qarşısına çıxanlar dayanıb onu salam¬layırdılar:

-Salam, Dadaş, qulluğunda duraq…

Dadaş da Çəmbərəkəndin ümumi qay¬dalarına uyğun olaraq adlarını bilmədiyi cavanlara “dadaş” deyə cavab verirdi. Bu şəhərdə mühüm bir müraciət forması kimi “qədeş” formalaşmışdı. Bu müraciətdə həmçinin qarşı tərəfə hörmət ifadə edilirdi. Ona da bu şəhərdə ilk dəfə “qədeş” deyə müraciət etmiş¬dilər. O, cavabında “dadaş” de¬mişdi, elə o vaxtdan da adına “Dadaş” deyirdilər, heç kəs onun adını bil¬mir¬di. Hətta, ona bəzən “Böyük dadaş” də deyir¬dilər:

-Sağ ol, dadaş, Atamoğlan hardadır?

-Evdə olar.

-Çağıra bilərsənmi.

-Baş üstə, Dadaş.

Dadaş dayanıb Atamoğlanı gözlədiyi müd¬dətdə bu dar küçələri bir daha gözdən keçirdi. Səhə¬rin gözü açılmamışdan gecə yarıya qədər çalı¬şan, aldıqları qarınlarını doyurmayan, günün, küləyin təsirindən adları kimi özləri də qaralan adamlara nəzər saldı, qaragünlülər, qaraevlilər, qarauluslular deyə xəyalından keçirdi.

-Xoş gördük, Dadaş.

Atamoğlanın səsi Dadaşı xəyaldan ayırdı. Əl verib görüşdülər:

-Xoş gördük, Atamoğlan.

-Səhər-səhər xeyir ola, Dadaş.

-Gedirəm, Atamoğlan.

– Hara?

– Ocağa, babamın ocağına. Buralar sizə əma¬nət. Kasıb-kusubdan muğayat olun, ara qarışacaq deyirlər. Ara qarışsa ayaq altında qalıb əzilən yenə bu kasıb-kusub olacaq, qara camaat olacaq. Gərək onları qoru¬yasan. Salamlarımı Qoçu Nəcəfquluya da çatdı¬rarsan. O da tədbir almamış olmaz. Bu daşnak köpəylər də Bakıda kök salıblar. İki ildi lap quduzlaşıblar, yadındadır, ötən il nə qədər nahaq qanlar tökdilər də…

-Yaxşı yadımdadı, sən olmasaydın məni də azqala cəhənnəmə yollamışdı daşnaklar.

– Elə bilirsən bunların davası qurtarıb? Bunların mən dabbaxda gönünü tanıyıram. Bəla burasındadı ki, ruslar bunları qoruyur, onlara silah verir, üstümüzə fışqırdır…

– Bilirəm, Dadaş! İçimiz özümüzü yandırır, çölümüz özgəni, dünyanın hər yerindən neft iyinə axı¬¬şıb gəliblər, bu eşşəyin dal ayaqları da bir tərəfdən. Mən daha çox bunlardan ehtiyat edirəm, bilirsən bunların çörəyi dizinin üstündədi, nacinsdi¬lər. Amma , arxayın ol, Dadaş, biz də bir şeylər düşünürük… Ölərik, amma Bakını bunlara təslim etmərik…

-Salamat qal, dadaş, dünya ölüm-itimdi…

– Elə demə, Dadaş… Biz yenə görüşəcəyik.

– Bilmirəm, dadaş, vətəndə necə olacaq? Zarafat deyil. İyirmi ildi ayrılmışam, məni necə qarşı¬layacaqlar? Daşnaklar orda da çoxdan baş qaldırıbdı, həm də mən davalıyam…

– Kimin var orda, Dadaş?

– Bilirsən məni bu gün yaşadan çoxlu xatirə¬lərim var, hamısı o yurd ilə bağlıdı. Mən bura gələn ilk gündən düşünürdüm ki, nə vaxtsa qayıdacağam, amma qayıda bilmirdim. Bilirsən niyə? Yox, əlbəttə, sən hardan biləsən?! İncimə, Atamoğlan, bunlar sən bilən şey deyil. Amma sən buralara yaxşı bələdsən, buralar sənə əmanət…

– Belə…

Atamoğlan ah çəkdi, Dadaşın üzünə baxdı, daha bir söz demədi. Dadaş Atamoğlanı sinəsinə sıxdı, Atamoğlan üzünü yana döndərdi, üzündəki ifa¬dəni Dadaşdan yayındırmağa çalışdı, beləcə dəqiqələr il qədər ağır keçdi, ləngidi, heç biri da¬nışmadı.

Bakıya gəldiyi ilk günlər yadına düşdü. Uşaqlıqdan güclü-qüvvətli idi. Amma uşaqlıqda da kimsəni incidib qəlbinə dəyməzdi. Qarışqanı tapdalamağa ürəyi gəlməzdi, rastına çıxanda yolunu dəyişib başqa yöndən salardı. Kənddə hamının barmaqla göstərdiyi mərd, mübariz, qoçaq bir oğlanıydı. Mədrəsədə hamıdan yaxşı oxuyurdu. Müsayiblərinin içində kəndin hər iki icmasının nümayəndələri vardı. İstər türklər, istərsə də haylar-ermənilər onunla dost olmağa, yaxın olmağa çalışırdılar. Beləcə gənclik dövrünə qədəm qoy¬muşdu. Sonra həyatında baş verən hadisələr onu həyatın burulğanına atdı. Bu burul¬ğanın cövlan etdiyi mərkəzi yer Bakı şəhəriydi. Birdən-birə tanış olmadığı, görmədiyi, bilmədiyi yad mühüt onun həyatında yüz səksən dərəcəlik bir dönüş yaratdı.

Bir dəfə bərk acmışdı, neçə gündən bəri işləyib qəpik-qəpik yığdığı pullar ilə yaxşıca yeyib qarnını doyurmaq istəyirdi. Rastına çıxan qəlyanaltıya girib boş masalardan birinin arxasında oturdu. Amma bu oturmaq ona çox baha başa gəldi və eyni zamanda bütün həyatını dəyişdirdi. Belə olacağı ağlına da gəlməzdi. Artıq olan olmuşdu. Qonşu masada bir neçə nəfər oturmuşdu, bir-birlərinə aman vermədən danışır, qəh-qəh çəkib gülürdülər. İstər-istəməz qonşu masada oturanların ucadan danışıqlarını eşidir, bu adamların qəribə ləhcə ilə ifadə etdikləri, bəziləri ona tanış olmayan sözləri dinləməli olur və hətta, bu söhbətlər bir qədər də onu əyləndirirdi.

 Birdən qurbağa gölünə daş atılan kimi susdular, hamının diqqəti qonşu masaya oturan bu qərib oğlanın üzərində cəmləşdi. Arıq, uzun, çəlimsiz, 35-40 yaşlarında birisi ayağa qalxıb ona yaxınlaşdı:

 -Adə, nə qulaqlarını şəşləmisən, dur burdan sürüş!..

Bu nə deməkdi? Eşitdiklərinə inana bilmirdi. Bu adam onamı deyirdi bu sözləri. Axı o nə etmişdi ki? İstədi desin ki, nə olub dadaş, deyə bilmədi. Göz¬lə¬mədiyi halda qulağının dibindən dəyən yumruğun zərbəsindən dik atıldı. Ayağa qalxdı, ancaq yenə də səbirli olmağa çalışdı:

 -Dadaş, nə olub, məni kiminləsə dəyişik salırsız, – dedi.

-Sən nə danışırsan ə… Belə canına azar olub, itil burdan.

       İstədi desin ki, mən axı neyləmişəm?..- sözü yarımçıq qaldı, qonşu masada olanlardan üçü də ayağa qalxıb onu üstünə hücum etdilər. Hərə bir tərəfdən qışqırır, söyür, bağırırdı. Daha səbir etməyə yer qalmamışdı. Arıq, uzun, özündən razı adam bu dəfə də yumruq atanda əlini göydə tutdu. Sonrası necə oldu, nə oldu, yadına gəlmirdi, masalar, kürsülər bir-birinə qarışdı, dörd nəfər leş kimi yerə sərilmişdi.

Qəlyanaltının lap küncündə əyləşib bayaq¬dan bu mənzərəni seyr edən qoçu Nəcəfqulu aya-ğa qalxıb ona yaxınlaşdı, əl uzadıb, könlünü aldı, öz masasına dəvət etdi:

-İgid, qəm eləmə, yaxın gəl, igid başı qalda gərək.

Yuxudan ayılan kimi oldu. Elə bil qurbağa gölünə daş atdılar, ətrafı səssizlik bürüdü. Hiss elədi ki, hamı sakitcə onları izləyir. Bu adam kim¬disə nü¬fuz sahibiydi. Çox fikirləşmədən onun təklifini qəbul edib masanın arxasına keçdi.

-Görürəm, qəribsən, haradan gəlibsən?

-Əylisdən gəlmişəm, dadaş…

-Bizdə, Bakidə qədeş deyərlər.

-Biz də dadaş deyərik.

-Sən də bu gündən oldun bizim dadaşımız.

O gündən adını “Dadaş” deyə çağırdılar. Bu adı ona Qoçu Nəcəfqulu vermişdi. Ayağa qalxanda Qoçu Nəcəfqulu salondakılara səsləndi:

– Eşitmədim, bilmədim deyən qalmasın, Bu igid bu gündən bizim dadaşımızdır, harda istər oturar, kefi necə istər o cür gəzər, duydunuzmu?!

Beləcə zaman Dadaşı sərtləşdirdi, o qədər sərtləşdirdi ki, adını eşidənlər yolunu dəyişməyə çalışdı, kimsə onun gözünə görünmək istəmirdi. Dadaşın özü də daha onu tanıyanları görməyi xoşlamırdı. Doğulduğu yurdu tərk edib gələndən harada görünürdüsə, mütləq orada bir həngamə qopurdu. Oğurluq, adam döymək, öldürmək Dadaş üçün adi işə çevrilmişdi. Nə qədər alçaq adam vardı, onun hədəfiydi, təki vaxtında məlumat verən olaydı. Məzlumu incidəni məhv edərdi. Haqlının haqqının haqsızda qalmasına heç cür dözə bilmirdi. Amma kasıb-kusuba dəyməzdi, nəinki dəyməzdi, hətta, imkan düşdükcə onlara kömək edərdi. Haqqına iş görərdi. Qarşısına çıxacaq güc yoxdu, gücü yenilməzdi. Çoxlu pul yığmışdı, iki kisə qızılı vardı. Amma o, qızıllara adi dəmir qırıntıları kimi baxırdı. Belə bir zamanda, ömrünün orta çağında həyatında yenidən bir dəyişiklik baş verdi və bu dəyişiklik onu Vətənə qaytarırdı.

(ardı var)