Nobel mükafatı laureatı olan Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyi geniş məlumdur.
1957-ci ildə 30 yaşlı Markes Moskvada, Gənclər və Tələbələr Festivalında iştirak edib. Bu tədbir haqqında xatirələrini o, “SSRİ: bircə koka-kola reklamı olmayan 22.400.000 kvadrat kilometr” adlı essesində əks etdirib.
Strateq.az həmin essedən seçmələri oxuculara təqdim edir:
“Moskva dünyanın ən böyük kəndidir. Yaşıllığı yoxdur. Moskvanın binaları Ukrayna evciklərini xatırladır. Bu şəhərdə adi küçələr görməzsən. Burada ən böyük müşkül mənzil problemidir…
Ən dəhşətli epizod Moskva yaxınlığındakı bir kolxozdan qayıtdığımız zamanı oldu. Küçədə limonad içirdik. Ehtiyac bizi tualet axtarmağa sövq etdi. Tualeti tapdıq. Üstündə on iki dəlik olan uzun taxta tikilinin içində çömbələn adamlar heç nə olmayıbmış kimi, ondan-bundan söhbət edirdilər.
İspan dilində kitablar nəşr edən sovet nəşriyyatlarının rəhbərləri ilə mətbuat konfransında sual verdim ki, detektiv romanlar yazmaq qadağandırmı?
Cavab verdilər ki, yox. Bu vaxt ağlıma belə bir fikir gəldi: Sovet İttifaqında yazıçıları ruhlandıracaq cinayətkar mühit yoxdur. Bir dəfə mənə dedilər: “Ölkəmizdə olmuş yeganə qanqster Beriya idi. Onu da indi hətta sovet ensiklopediyasından çıxarıblar”.
Bir çox kişilərdən soruşurduq ki, bu ölkədə kişinin məşuqəsi ola bilərmi?
Cavab yekdil idi: “Ola bilər, ancaq bircə şərtlə ki, bunu heç kim bilməsin”.
Ər-arvad xəyanəti SSRİ-də boşanma üçün ağır və mühüm səbəbdir. Ailə bağlarının möhkəmliyi sərt qanunvericiliklər qorunur. Ər-arvad münaqişələri məhkəmələrə gedib çıxmır. Ərinin onu aldatdığından xəbər tutan arvad fəhlə şurasına şikayət edir.
Bir fəhlə mənə dedi ki, əgər arvadı pak-pakizə qadın olsaydı, onunla əsla evlənməzdi. Sovet İttifaqında Frans Kafkanın kitablarına rast gəlməzsən. Deyirlər ki, o, çox zərərli metafizikanın həvarisidir. Lakin Kafka Stalinin ən yaxşı bioqrafı ola bilərdi.
Mavzoleydəyik. Stalin vicdan əzabı çəkmədən son yuxusuna gedib”.
M.Rzasoy
Fotoda soldan birinci Markesdir!