XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 17:30

“Baba ocağı”(2)-Nizami Muradoğlu

nizami-muradoglu

 

Yaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: strateq.az/edebiyyat/96267/erməni-məkrini-ifsa-edən-əsər.html)

 

Qatar Cümrüdə dayananda gün yerindən xeyli qalxmışdı. Qatardan enən sərnişinlər bağlamalarını sürüyüb bir tərəfə qoyur, dərindən nəfəs alıb sanki yolun yorğunluğunu bir an içərisində canlarından çıxarmağa çalışırdılar.

Rövşən nehrəmli ilə bir fayton kiralayıb Naxçıvana yola düşdü.

Gecəni Naxçıvan karvansarayında keçirdi. Gündüzün istisi gecənin sərini ilə əvəz olunmuşdu. Arazdan əsən sərin meh Rövşən bəyin köynəyinin yaxasından içəri dolur sinəsini sərinlədirdi. İstər-istəməz Bakının küləkli havası ilə Naxçıvanın bu xoş təsir bağışlayan mehini müqayisə edirdi.

Naxçıvan duz şəhəriydi, uşaq vaxtından eşitmişdi ki, Şərqli tacirlər gəlib buradan duz alıb Şərqin hər tərəfinə aparırdılar. Deyirdilər ki, Naxçıvan duzu dünyada məşhurdur. Bir də burada zülümkar padişah Diqyanus haqqında olan əfsanə çox geniş yayılmışdı. Əshabi-kəhf əfsanəsi, bəlkə də həqiqətiydi. Amma insanlar dəstə-dəstə Əshabi-kəhfə qurban aparır, yeddi kimsənənin söykənib kürəklərinin izləri qalan qara daşlara söykənir, nəzirlərini deyir, əhd eləyir, qupquru daş­ların altında oturub başlarına düşəcək su damcısının həsrə­tini çəkirdilər. Kimin ki, başına su damcısı düşürdü, o, mütləq arzusuna çatacağına inanırdı. Rövşəni də atası hələ lap uşaq ikən, təqribən 9-10 yaşı olanda anası ilə birlikdə bura gətirmişdi. Yaxşı xatırlayırdı, anası özü bəslədiyi iri bir qoçu Rövşənə qurban demişdi. Atası Novruz kişi qoçu Əshabi-kəhfdə kəsib, ətinin bir qismini orada olanlara, bir qismini də gətirib qonşulara payladı, bir-iki şiş də kabab çəkib özləri orada yedilər. Sonra da anası Rövşəni qara daşın altına apardı, Rövşən də digər adamlar kimi kürəyini daşlara söykəyib durdu, sonra oturduğu yerdə daşlardan süzən bir damcı su onun başına düşdü. Anası Güllübəyim sevincini gizlədə bilmədi:

– Şükür sənin kəramətinə, Xudabənd-aləmin, nəzirimiz qəbul oldu.

Daha yubanmaq olmazdı, Güllübəyim,- dur, bala, dur gedək, çox şükür nəzirimiz qəbul oldu,- dedi.

Anasını xatırlamaq onu həm duyğulandırır, həm də məsud edirdi. Rövşən Bakıda da anasını bəlkə yüz dəfələrlə xatırlamışdı, lakin bu qədər istilik, mehribanlıq hiss etməmişdi. Nədənsə burada anasının xəyalı ilə danışır, anasının sağlığında Əylisə qayıtmadığı üçün özünü danlayırdı. Nəyin bahasına olursa olsun anası sağ olanda qayıtmalıydı. İndi bu qayıdışa nə ad vermək olardı?! Anası da, atası da dünyalarını dəyişmişdi. Belə də oğul olar? Mən necə oğulam, Allahım, keç mənim günahımdan,- deyir, özünü danlayırdı.

Bütün gecəni vurnuxdu, yata bilmirdi. Gah anası, gah atası, gah da Selcan karvansarayın pəncərəsindən boylanır, qınayıcı nəzərlərlə onu süzür, sonra da səssiz-səmirsiz çəkilib gedirdilər. Selcan bəzən pəncərədən çəkilib getmək istəmir, sanki onu harasa çağırırdı. Qaranlıqda Selcanın gözlərini görürdü, qolundakı göz muncuğunu görürdü. Dağdağan ağacından düzəldilmiş  göz muncuğunu Selcana Rövşən özü bağışlamışdı. Bu şirin bir xatirəydi, onu heç unuda bilmirdi.

Əylisdə çox güclü nəzəri olan qadınlar vardı, o qadınları hamı tanıyırdı. O qadınlardan biri də Qeyzi arvaddı. Qeyzi arvadın gözü ağaca dəysə qurudardı. Selcan da bir dəfə Qeyzi arvadın nəzərinə gəldi. Qeyzi arvad yuxarı məhəllədə olurdu. Bir dəfə nəyə görəsə Şam çeşmə tərəfə gəlmiş, məhəllə qadınları ilə çeşmə başında oturub söhbət edirdi. Qadınlar Qeyzi arvadın nəzərli olduqlarını bildiklərindən öz tədbirlərini görmüşdülər. Yəni Qeyzi arvadı görənlərdən bəziləri yanını qaşıyır, bəziləri qollarına bağladıqları göz muncuqlarını aşkarada göstərir, bəziləri də “tü-tü” deyib yerə tüpürür, nəzərdən yayınmağa çalışırdılar.

Belə bir məqamda çeşməyə gələn Selcana Qeyzi arvadın gözü dəymişdi, qız düpbələdüz yolun ortasında yerə çırpılmış, qolları, dizləri parçalanmışdı, bir ay yorğan-döşəkdən qalxa bilməmişdi.

Sonralar Selcan Rövşənə bu əhvalatı anlatmışdı: mən çeşməyə gələndə divarın dibində bir dəstə qadının söhbət etdiyini gördüm. Məni görəndə bir anlıq fasilə oldu. Bir də Qeyzi arvadın səsini eşitdim: “bu güvənazan nə gözəldi.”  elə bil, məni götürüb yerə çırpdılar, sonrasını xatırlamıram.

O zaman Rövşən ona göz muncuğu düzəldib bağışlamışdı. Selcan da dağdağan ağacından düzəldilmiş göz muncuğunu biləyinə bağlamışdı, bunu görən dayısı Arakel, dayısı oğlu Vanik çox əsəbiləşmişdi. Belə göz muncuğunu türklər taxardı. Selcanın hərəkətini sindirə bilmirdilər, göz muncuğunu açdırmaq istəsələr də, Selcan onları dinləməmiş, Rövşənin yadigarını göz bəbəyi kimi qorumuşdu. İndi bu xatirələr közərə-közərə uzaq bir yol gəlir, qəlbinin aynasından içəri keçir, sonra da ağ dumana bürünüb uzaqlaşırdı.  

Səhərin gözü açılar-açılmaz tezdən durub karvansarayın qabağına gəldi. Burada müştəri gözləyən faytonçular səs-səsə verib qışqırırdılar:

-Ordubada gedən…

-Yaycı, Yaycı…

-Şərur…

Rövşən Ordubadlı faytonçuya yaxınlaşdı. Faytonçu cəld hərəkətlə Rövşənin bağlamasını alıb faytonun yük yerinə yerləşdirdi:

-Təksənmi?

-Təkəm.

 Faytonçu yenidən qışqırıb müştəri çağırmaq istəyirdi ki, Rövşən – sür gedək,- dedi.

-Baş üstə, ağa. Ağa, xeyir ola Ordubadda əq­ra­balarınmı var?

-Var.

-Kimlərdir, biz tanıyarıq hər halda.

-Əylisdə olurlar, tanımazsınız.

-Hə… Ağa, sən də Əylisdənsən? Mən səni bu vax­ta qədər heç görməmişəm. Əylislilər həmişə mə­nim faytonumda gedərlər. Onu da deyim ki, əylislilər pul verən olur. Allah onlara versin, biz də onların sayəsində dolanırıq. Ağa, indi sən bir başa Əylisə gedəcəksən?

-Yox, bir başa Ordubada gedirik.

-Hə, nə olar, amma, ağa, heç demədin Əylisdə kim­lərdənsən? Axı mən səni birinci dəfədi gö­rürəm.

-Sənin neçə yaşın var?

-Mənim? Ağa, mənim iyirmi yeddi yaşım var.

-Amma mən də iyirmi ildir Əylisdən çıxmışam. O vaxt mənim on səkkiz yaşım vardı. Odur ki, sən məni tanıya bilməzsən.

-Hə…

Faytonçu hiss etdi ki, müştərisi digər əylislilər­dən fərqli olaraq fazla danışmaq istəmir, ona görə də atın cilovunu tərpədib “hə kəhər, hə gö­zünə dö­nüm”- deyib sürəti artırdı.

Rövşən xəyal­ların girdabında yol boyu uzanıb gedən bomboz düzlərə, bu düzlərin cənub səmtində lal-dinməz axan Araza baxırdı. Kəndlər bir-birini əvəz edirdi, Əlincə çayı arxada qalmışdı, qarşıda Yaycı, Aza, Dəstə kəndləri gəlirdi. Əylis düzündə üzünə qəribə bir hava dəydi, oturduğu yerdən dikəldi, başı qarlı dağlara nəzər yetirdi. Yenə də Ələngəz dağı ilə Kəmki dağı üz-üzə dayanmışdı. Ələngəz şimaldan, Kəmki də cənubdan sanki bir-birlərini salamlayırdı. Dağlar iyirmi il öncə necə qoyub getmişdisə, eləcə də dururdu, dağlar həminki dağlardı, çoxdan unutduğu qədim bir bayatı yadına düşdü:

 

Küləyi əsən dağlar,

Yolumu kəsən dağlar.

Dərd əydi, mən qocaldım,

Sən elə osan, dağlar.

 

Təbiətin ən gözəl vaxtı idi, Əylis-Ordubad düzləri gül-çiçəklə bəzənmişdi. Bir də yadına gəlirdi ki, Əylis düzünün belə çiçəklədiyini 14-15 yaşlarında görmüşdü. Əylis düzü hər baharda belə çiçəkləməzdi. Xatırlayırdı ki, hələ o vaxt yaşlılar Əylis düzünün çiçəkləməsindən danışanda mütləq qeyd edirdilər ki, yeddi, səkkiz, bəzən də on ildə bir baş verən bu hadisə möcüzədi. Hər yan qıp­qır­mızı qan rəngindəydi. Bu lalələr uzaqdan baxanda nə qədər gözəl görünsə də, bir işə yaramazdı. Əylislilər bu lalələri sevməzdilər, adına da “it laləsi” deyərdilər. Bu lalələr yazı çox yağmurlu keçən illərdə olurdu. Həmən vaxtlar bir də çox nadir tapılan dombalan bol olurdu. Dombalan kartof kimi bir bitkiydi. O da 7-8 ildə bir bitərdi. Bu bitkini tərəvəz­lərə də aid etmək olardı. Müalicəvi əhəmiy­yəti olan dombalan əvəzsiz qida məhsulu idi. Onu kartof kimi bişirib yeyirdilər. Bu vax­ta qədər onun toxumunu görən olmamışdı. Özü yerin qarnını yarıb çıxırdı, ona görə də adına dombalan deyirdilər. İt laləsi ilə dombalanın arasında bir bağlılıq, təbii ki, yoxdu. Lakin yağmurlu illərdə bunların birdən-birə həddindən çox bitməsi, yenə də təbiətin möcü­zəsiydi. İt laləsi sevil­məsə də, dombalanı hamı yığıb yemək istə­yirdi. Əylis düzlərində göbələk bitməzdi, dombalan da nadir hallarda olurdu. Dombalan, bəlkə də, göbələyin kartofa bənzər növlərindən biriydi.

Amma Əylis dağlarında həm çox dadlı, iri göbələklər bitərdi, həm də qızıl lalələr. Əylislilərin sevdiyi bu lalələrə dağ laləsi deyilirdi. Dağ laləsinin qırmızının müxtəlif çalarlı, sarı rəngli növləri burada çox yayılmışdı. Bir də bənövşəyi rəng­li əbişi lalələr vardı. Bu lalələr Əylis dağ­larında bitirdi. Onların hələ indiyə qədər dü­zənlikdə bitdiyini görən olmamışdı. Cavanlar bu lalələrdən yığmaq üçün dağı-daşı ayaqdan salardılar. Rövşən özü də vaxtıyla dağlarda gəzib dolaşıb o lalərdən toplayıb dəmət düzəldər, Selcana aparardı. Eyni zamanda dağlardan nanə, turşinni, dağ soğanı, dağ kəvəri, kəkotu yığıb pendir dürməyi, ya bir ərzuman küftəsi, ya da maş şorbası ilə yeyərdilər, ləzzətindən doymaq olmazdı. Dağ göbələyindən də keçiləsi deyildi. Gözəl günlər vardı. Bir anlığa ona elə gəldi ki, bu lalələrin əsrarəngiz gözəl iyilərini, anası bişirdiyi dadlı-duzlu xörəklərin tamını hələ də hiss edir. Aman, Allah, bu əsrarəngiz diyarda o, yenidən gəncliyinəmi qayı­dır­dı, uşaqlığınamı qayıdırdı?! Özündən asılı ol­m­a­ya­raq ­dodaqları pıçıldayırdı:

-Bağışla, məni Allahım, bağışla məni…

Fayton gedir, Ordubad düzü arxada qalırdı. Ordubad şəhərinin mərkəzi daş küçəsiylə üzü yuxarı dırmaşdıqca faytonun təkərlərinin səsi dəyişməyə başladı. Ordubad şəhərinin hüsnündə ayrı bir gözəl­lik vardı. Səkilərin kənarlarında əkilmiş rəngbərəng güllər qönçələmişdi. Yol boyunca bir-birinə qısılıb uzanan balaca baqqal dükan­larının qabağında limon (ordubadlılar lumu deyirdilər) ağacları düzül­müşdü. Saralmış lumular adamı uzaqdan çağırır, “gəl-gəl” deyirdi. Ordubad lumuları çox məş­hurdu. Ordubadın təbiəti sərt olsa da, bu yurdun əməksevər insanları lumuları dibçək­lər­də əkib becərir, şaxtadan qoruyur, dünyanın ən lətif, ətirli lumularını yetişdirirdilər.

Şəhərin mərkəzində Cümə məscidi bütün əzəməti ilə sanki dünyaya meydan oxuyurdu. Cümə məscidi ilə Ordubadçayın aralığında yerləşən Qeysəriyyənin qabağında adamlar gəzişirdi, çərçilər çayxanaların ətrafında matahlarını düzüb müştəri gözləyirdilər. Rövşən bütün bunlara bir yuxu kimi baxırdı. Yaddaşında Məşədi Qasımın cızbızxanası kimi qalan tikilinin önünə çatanda –“burada saxla”- dedi.

-Bu Məşədi Qasımın cızbızxanasıdır?

-Məşədi Qasım çoxdan ölüb, indi oğlu işlədir, Dəli Vəliş deyərlər adına.

-Olsun.

-Pulunu al.

-Qonaq ol, ağa.

-Sağ ol.

-Bu çoxdu, ağa, beşlik qızıl. Məndə bunu xırdala­mağa o qədər pul hardandı? Xırda pulun yoxmudur?

-Mən səndən xırda istəmirəm ki… Axşama yaxın gəlib məni Əylisə apararsan.

-Bu oldu, amma, ağa, mən yenə də borclu qalaram.

-Mən halal edirəm. Qoy qalsın.

Rövşən faytondan əl bağlamasını götürüb cızbızxanaya girdi. İyirmi il bundan öncə gördüyü salon yenə də köhnə qaydada müştərilərə xidmət göstərirdi. Bucaqdakı boş masalardan birinin arxasında oturdu.

Dəli Vəliş içəri girəndən Rövşəni gözaltı eləmişdi, onun hər bir hərəkətini izləyir, ancaq bu ətrafın adamlarından heç kəsə oxşada bilmirdi. Dəli Vəlişin təbirincə desək, qonaq yeməkdən çox, elə bil, bura vaxt keçirməyə gəlmişdi, aramla yeyir, nə haqdasa fikirləşirdi. Xeyli vaxt keçəndən sonra çay istədi. Çayı da aramla içirdi. İkinci bardaq qarşısında eləcə soyuyub buza dönmüşdü. Qonaq gözlərini bardağa zilləyib düşünürdü. Beləcə iki saata qədər vaxt keçdi. Bu müddətdə Dəli Vəliş bir neçə dəfə öskürdü, bir neçə dəfə öz-özünə zəmanədən şikayətləndi, gah da tənbəki eşib tüstülətdi, ancaq qonağın fikrini yayındıra bilmədi. Qonaq öz aləmində, öz dünyasında idi. Bu qəribə qonağın kimliyi Dəli Vəlişi çox maraqlandırırdı.

Nəhayət Rövşən yerindən qalxdı, əlini cibinə salıb bir qızıl beşlik çıxartdı, masanın üstünə qoydu. Dəli Vəliş dedi:

-Bizdə qonaqdan pul almazlar, dadaş.

-Bizdə də qonaq pulsuz yeməz, dadaş.

Rövşən cızbızxanadan bayıra çıxdı. Dəli Vəliş onun ardınca boylandı, Qonağın uzaqlaşdığına əmin olandan sonra masadakı qızıl beşliyi götürüb o yan – bu yanına çevirdi, bir xeyli baxıb cibinə qoydu. Dəli Vəlişin gözləri gülürdü. Qonaq onu xeyli qabağa salmışdı. Bayaqdan bu mənzərəni izləyənlər də təəccüb içərisində idilər. Salon­dakılardan biri dedi:

-Vəliş, bu gün bazarın gətirib.

-Balam, niyə də olmasın, hər gün azar, bu gün bazar. Qonaq da olanda beləsindən ola, qadasın alaram o qonağın. Amma zodlu adama oxşuyur.

Az bir müddətdən sonra Ordubad camaatı bu “zodlu adam” haqqında əfsanələr danışırdı. Bir çox adam da faytonçunu əhatəyə almışdı, ona suallar verir, gətirdiyi müsafirin kimliyi ilə maraqlanırdılar. Faytonçu da, Dəli Vəliş də hər ikisinə qonağın verdiyi qızıl beşlikləri göstərib qonağın səxa­vətindən ağızdolusu danışır, ünvanına təriflər deyirdilər.

Rövşən isə cızbızxanadan çıxandan sonra Cümə məscidinin şərq tərəfdəki pillələri ilə yuxarı qalxırdı. Cümə məscidi Ordubad şəhərinin mər­kəzində hündür bir təpənin üzərində tikilmişdi. Məscid Yaxın Şərqin ən mükəmməl memarlıq nü­munə­lərindən hesab edilirdi. Ordubad şəhərində 70-ə qədər irili-xırdalı məscid vardı. Lakin Cümə məscidi bunların içərisində ən böyük və əzəmətlisi idi. Ordubad məscidlərinin Yaxın Şərqin məscid­lərindən seçilən fərqli özəl bir əlaməti də vardı. Ümumiyyətlə, bütün Ordubad bölgəsində tikilən məscidlərin heç birinin önündə minarə tikil­məmişdi. Müəzzinlər bu məscidlərdə azanı məscidin çöl tərəfdən taxçalarına çıxaraq oxu­yardı­lar. Bu məscidlərin önündə minarə tikilməməsini iki səbəblə əlaqələndirirdilər. Birincisi buydu ki, Ordubadın təbii relyefi pilləvari olduğundan burada bir evin dam hissəsi o biri evin həyəti rolunda çıxış edirdi. Bu səbəbin özü də iki şərt daxilində uyğunsuzdu. Birincisi burada minarə tikilməsi müsəlmançılığa caiz deyildi, çünki minarədən bütün həyətlər ovuc içi kimi görünə bilərdi. İkincisi də oydu ki, burada binaların, həyətlərin pilləvari yerləşməsi səsin normal yayılmasını təmin edir, minarə tikintisinin lüzu­munu aradan qaldırırdı. Digər əsas səbəbsə Ordubad camaatının dəqiqliyi ilə bağlıdır. Belə ki, burada hər kəs namazın dəqiq vaxtını azan verilsə də, verilməsə də bilir, yaxınlıqdakı məscidə ibadətə gəlirdi.

Cümə məscidinin əsas giriş hissəsi şərq tərəfdəndir. Küçədən balaca həyətə iki taylı qapı açılır. Həyətdə çox nəfis şəkildə tikilmiş balaca çeşmə və onun qarşısında balaca hovuz dəstəmaz almaq üçün nəzərdə tutulmuşdu. Həyətdən təqribən iki metr hündürlükdə daş pillələrlə qalxıb məscidin giriş qapısına yaxınlaşmaq olur. İki taylı cəviz ağacından hazırlanmış ağır darvaza qapısının yuxarı tərəfində daş kitabənin üzərində hicri tarixi ilə 1012-cı, miladi 1604-cü ildə I Şah Abbas tərəfindən verilmiş fərman həkk edilmişdi. Fər­­manın ümumi məzmunu beləydi:

 "Or­­­du­bad qəsəbəsinin bütün əhalisinin …Şah Abbas sü­la­ləsinə etimadını, onların şiə məzhəbli ol­duq­lar­ını nəzərə alaraq sənətkarlardan, əsnaf­lardan, bağlar­dan, əkin yerlərindən, dəyir­manlardan topla­nan ixracal, itlaqat, nüzul, əvariz (biyar), qonalqa (qonaqla, sonralar künəlgə – yəni əyanların kəndli­lə­rin evində qalmaq hüququ) vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər".

Rövşən qapının önündə dayanıb xeyli baxdı, fikirləşdi, sonra içəri keçdi. İçəridən qapının qabağı balaca dəhliz rolunu oynayırdı. Məscidin döşəməsi bu dəhlizdən iki pillə yuxarıdaydı. Döşəməyə xalı-xalça düzülmüşdü. Məscidin mehrabı cənub tərəfdən üzü şimala doğru tikilmişdi.

Mehrabın önündə ağsaqqallı, nurani bir qoca əyləşmişdi. Bu, Ordubad mahalının şeyxül-islamı idi. Mehrabın künbəzi mavi sə­ma­da ulduzların təsviri ilə bəzədilmişdi. Künbəzin üfiqi çıxıntısı boyunca Quran ayələri yazılmışdı. Ortada çox maraq doğuran, çərxi-fələyə bənzər şəkilli, naxışlı yazı vardı. Rövşənin gözləri həmən naxış – yazıya ilişib qalmışdı. Rövşən şəkil-yazını oxumağa çalışırdı. Nəhayət ki, şəkil-yazının sirrinə vaqif oldu. Şəkil-yazıda Əli adı dörd dəfə tərsinə yazılaraq qəribə bir məntiq ilə çərxi-fələk yaradılmışdı. Rəssam yazarın dərin təxəyyülünün məhsulu olan bu ifadə Həzrət Əli Əleyhissəlamın kəramətindən xəbər verirdi.

Rövşən bilirdi ki, bəşəriyyətin sonuncu peyğəmbəri Həzrəti Məhəmməd Əleyhisəlam Həzrət Əlini “İslamın aslanı” adlandırmışdı. Ordubad camaatı Həzrəti Əliyə xüsusi inam bəsləyirdi. Görünür ki, burada da ordubadlı nəqqaş Həzrət Əli sevgisini belə nümayiş etdirməyə çalışmışdı. Rövşənin təsəvvüründə nəqqaş-rəssam demək istəyirdi ki, qiyamət gününə qədər, çərxi-fələk dönüb tərsinə hərəkət edənə qədər Həzrət Əlinin sevgisi insanları tərk etməyəcək, onun islam yolunda apardığı mübarizənin ardıcılları onun nurlu ideyalarının daşıyıcıları olacaqlar. Nə qədər də uzaqgörənliklə işlənmişdi.

Şeyx qarşısındakı mizin üzərinə qoyub oxu­duğu Quranı qatlayıb Rövşənin üzünə baxdı:

-Xoş gəlibsən, oğlum.

Rövşən sanki yuxudan ayıldı:

-Salaməleyküm, Şeyx ağa.

-Və əssalaməleyküm və bərəkatu… buyur öğlum.

-Ağa, bağışla, bu şəkil yazı ağlımı apardı, onu oxumağa çalışdım. Belə başa düşdüm ki, bu yazı Həzrət Əli Əleyhissəlam haqqındadır.

-Bəli, oğlum, düzgün anlayıbsan. Mərhəmətli və rəhim olan Allahın adıyla orada Həzrət Əlinin adı dörd dəfə tərsinə yazılıbdır. Bu, Həzrət Əli Əley­hissəlamın fəzilətlərinə dəlalət edən bir işarədir. Mənası da budur ki, Həzrət Əli Əleyhissəlama iman gətirənlər qiyamət gününə qədər onun fəzilətlərinin şahidi olacaqlar. Dəxi nə mətləbin var, oğlum.

-Şeyx ağa, mən tövbə etmək diləyi ilə buraya gəlmişəm.

– Xeyli xub. Haradan gəlmisən, nə günahın sahibisən, oğlum?

-Bakıdan gəlirəm, Şeyx ağa.

-Bəyəm Bakıda üləmalar yoxmu?

-Var Şeyx ağa, amma mən sizə daha çox inanıram. Həm də bura mənim Vətənimdir. İyirmi ildir buranı tərk edib getmişdim. Fikirləşdim ki, qayıtmaq lazımdır.

– Barakallah, oğlum, kimlərdənsən?

-Əylisdənəm.

– Xub. Günahlarını deyə bilərsənmi?

 -Şeyx ağa, mənim günahım çoxdur, lap çoxdur. İçki içmişəm, qumar oynamışam, oğurluq etmişəm. Ən dəhşətlisi, iyirmi il valideynlərimdən ayrı düşmüşəm, heç onların yasına da gələ bilməmişəm. Çox peşimanam, Şeyx ağa.

– Tövbə qapısı həmişə açıqdır, oğlum. Tövbə edərsən, namaz qılıb oruc tutarsan, ibadətlə məşğul olub pis əməllərdən çəkinərsən, inşallah Allah-təala sənin tövbələrini qəbul edər.

-Şeyx ağa, mən sizin dediklərinizin hamısını qəbul edirəm. Amma bir arzum var ki, mən töv­bəmin qəbul edildiyini bu dünyada görmək istəyirəm. Şeyx ağa, bu necə olacaqdır?

Şeyxül-islam xeyli fikrə getdi. Ömründə ilk dəfəydi ki, belə nataraz sualla qarşılaşırdı. Şeyxül-islam Rövşənin sualına sualla cavab verdi:

-Oğlum, sən Əylisdə Mirzə Tahir Əfəndini tanıyırmısan?

-Bəli, şeyx ağa, tanımaz olurmuyum?

-Xeyli-xub. O zaman, oğlum, sənə məsləhətim budur ki, Mirzə Tahir Əfəndiyə müraciət edəsən. İnşallah, Mirzə Tahir Əfəndi sənə bir yol göstərər.

Rövşən Şeyxül-islam ilə sağollaşıb məsciddən çıxdı. Tək qalan Şeyxül-islamı fikir apardı, öz aləmində nə qədər götür-qoy elədisə, oxuduğu kitabları bir-bir xəyalından keçirdisə, Rövşənin tövbənin qəbul edilməsi ilə bağlı sualına cavab tapa bilmədi, yalnız bu qəribə adamın arxasınca “Allah günahlarından keçsin”- deyə bildi.

Rövşən də öz aləmində Şeyxül-İslamın onu ləyaqətlə qarşılayıb yola salmasından məmnun oldu, amma sualına cavab ala bilmədiyinin fərqində idi.

 Mirzə Tahir Əfəndini uşaqlıqdan tanıyırdı, indi onun 80-a yaxın yaşı olardı. Görək Mirzə Tahir Əfəndi nə deyəcək?! Daha vaxt itirmək olmazdı. Rövşən məsciddən çıxanda faytonçu da məscidin qabağında dayanıb onu gözləyirdi. Ordubad şəhərinin mərkəzindən keçib Əylisə tərəf qalxan dağ yolu ilə hərəkət etməyə başladılar. Ordubadçayın sağ sahili boyunca uzanan dağ yolu onu Əylisə aparırdı. Uşaqlıqda bu yollarla çox gedib gəlmişdi. Əylisə gündüz vaxtı girmək istəmirdi. İstəmirdi adamlar onun döndüyünü görsünlər, içərisində bir peşimançılıqmı, bir utancmı, nəsə bir hiss baş qaldırmışdı.

 Yol dağların döşüylə uzanıb gedirdi. Bir azdan toranlıq düşəcəkdi. Hər tərəf çöllük idi, hava yol boyunca daşların dibindən baş qaldıran zərif çiçəklərin və otların ətriylə dolmuşdu. Uzun zaman bu ətri duya bilməmişdi, kəndin iyinə həsrət qalmışdı. Yol köhnə türk qəbirstanlığının yanından keçirdi. Bura çatanda Rövşən faytonu saxlatdırdı, faytonçu ilə xudahafizləşib ayrıldı.

 Rövşənin əqrabaları – babaları, nənələri, ata-anası bu qəbirstanlıqda dəfn olunmuşdu. Ürəyindən ata-anasının qəbirlərini ziyarət etmək hissi keçsə də, qəbirləri tanımadığından bu fikrin­dən daşındı. Düşündü, yaxşısı bu olar ki, Molla Nurməmməd ilə gəlib valideynlərinə quran oxutsun, fatihə versin, nəzir paylasın. Amma yolun kənarındakı Seyid qızının qəbrinin yanından elə belə ötüb getmək olmazdı. Uşaqlıqdan yadıında qalmışdı ki, böyük-kiçik, hamı “Seyid qızının” qəbrinin yanında dayanıb ona rəhmət diləyirdi. Rövşən də dayanıb Seyid qızının ruhuna fatihə oxudu, salavat çevirib, rəhmət dilədi.

Seyid qızının kim olduğunu bilən yoxdu, ancaq hamı onun adına nəzir deyir, inam bəsləyirdi. İtdən, pişikdən, cin-şəyatindən qorxan uşaqların qorxuluğunu “Seyid qızının” qəbrinin önündə alardılar. Bu ritiual (mərasim) qadınlar tərəfindən icra edilirdi.

Rövşən qorxuluq çıxartmağın dəfələrlə şahidi olmuşdu. Qorxan uşağın başına bir böyük yaylıq salar, ətrafında dövrə vurardılar. Qadınlar dua oxuyar, “Xəta, bəla, bu uşaqdan uzaq ol!”-deyərdilər. Sonra qəbir üstə gələnlərə, küçədən keçənlərə əvvəldən bişirilib hazırlanmış halva paylayardılar. Seyid qızının qəbrinin üstünə də halva payı qoyulardı. Bu halva payı quşlar, qarışqa və cücülər üçün nəzərdə tutulurdu. Az keçmiş quşlar halvanın iyini almış kimi gələr, qəbirstanlığın üzərində dövrə vurardılar. Rövşən dəqiq bilmirdi, quşların dövrə vurması ilə qorxan uşağın ətrafında vurulan dövrənin arasında bağlılıq vardı, yoxsa yoxdu. Amma hər halda bir əlamət, bir səbəb vardı ki, qorxan uşaq sağalar, əvvəlki halına qayıdardı.

Artıq hava qaralmış, toran düşmüşdü. Rövşən bir də qəbirstnlığın çıxışında dayandı, geri döndü, üzünü qəbirstanlığa tutub fatihə oxudu. Bu da uşaqlıqdan bu kənddə gördüyü adətlərdən idi. Qəbirstanlığın yanından keçəndə, qəbirstanlığa girən­də və çıxanda mütləq dayanıb fatihə oxuyardılar. Uşaq, böyük – bu, hamıya aiddi. Dualar cəmi qəbirstan əhlinə ünvanlanır, sonra “Allah cəmi qəbirstan əhlinə rəhmət eləsin” alqışıyla bitirdi.

Rövşən uşaqlıqdan gördüyü bütün bu ritiualları yerinə yetirdikdən sonra evlərinə tərəf getməyə başladı. Köhnə iki mərtəbəli ev qaranlıq içərisində məhzun bir görkəmdə dayanmışdı. Qapının həlqəsinə bir çubuq taxılmışdı.

Bu kənddə qapıları bağlamazdılar, çünki kənddə oğurluq olmazdı. Həlqəyə çubuq taxmaq ev sahibinin evdə olmadığını bildirmək məqsədiylə edilirdi. Rövşən çubuğu çıxarıb qapını açdı. Çubuq iyirmi il bundan əvvəl qapılarına taxdıqları həmən çubuqdu. Qapı da həmən qapıydı, ev də həmən evdi, heç nə dəyişilməmişdi. Ancaq iyirmi il öncə burada atasının səsi gələrdi, anasının bişirdiyi ləzzətli xörəklərin iyi bütün evə yayılardı. Bu gecə bu evin nə qədər də qərib görkəmi vardı. Qapıya iyirmi il öncəki çubuğun taxılması o deməkdi, bu ev hələ kimsəsiz deyil, bu ev hələ kiminsə yolunu gözləyir, o kimsə isə, təbii ki, Rövşəniydi. Deməli, atası ölənə qədər onun yolunu gözləmişdi, hətta öləndən sonra da olsa, oğlunun gələcəyinə inamla həyatdan köçmüşdü. Könlündən dəli bir ağlamaq keçdi, qışqırmaq istədi, dişlərini dişlərinə sıxıb şaqqıldatdı. Sonra anasının həmişə çırağı qoyduğu taxçaya yaxınlaşıb pərdəni çəkdi. Çıraq iyirmi il bundan öncə anası necə qoyardısa, yenə də öz yerindəydi, neftlə doluydu, kibrit də yanındaydı. Çırağı yandırıb pəncərənin önünə qoydu, bir kətil tapıb oturdu.

 

 

Alxan kişi qapının açıldığını hiss etdi, Novruz kişinin qapısını gecənin bu vaxtı kim aça bilərdi? Bir qədər dayanıb düşündü, ağlına bir şey gəlmədi. Hasardan boylanıb baxdı, Novruzun evindən zəif bir işıq süzülürdü. Alxan kişini təəccüb bürümüşdü. Bu gecə vaxtı burada işıq yandıran kim ola bilərdi? Cin, şəyatin olmasın?.. Alxan kişi çuxasını çiyninə atıb Novruzun həyə­tinə gəldi. Pəncərədən süzülən işığın ala-toranında bir qaraltı sezilirdi. Alxan kişi gəldiyini bildirmıək məqsədi ilə bir-iki dəfə “öhe-öhe” edib özünü öskürən kimi göstərməyə çalışdı.

Öskürək səsini eşidən kimi Rövşən cəld yerindən qalxıb pilləkan başına çıxdı. Alxan kişi pilləkan başına qapının açılışı ilə düşən kölgəni görüncə başını qaldırdı, qarşısında orta yaşlı bir kişi dayanmışdı. Alxan kişi onsuz da qocalıqdan zəifləmiş gözlərini bir az da qıydı, inana bilmirdi:

-Rövşən, oğlum, sən…

Alxan kişi sözünün ardını gətirənmədi, səsi titrəyib qırıldı, əlləri əsdi, qəhər onu boğurdu. Rövşən çoxdan unutduğu adını iyirmi ildə birinci dəfəydi ki, eşidirdi. Alxan kişi iyirmi ildi onu görməmişdi, ancaq görünür, unutmamışdı da.

-Alxan əmi…

 Rövşən nə qədər dözümlü, iradəli olsa da, bu axşam bu evə qədəm qoyandan kövrəlmişdi. Hönkür-hönkür ağlamaq­dan özünü zorla saxlayırdı. Alxan kişiyə yaxın­laşdı, onu qucaqladı, bağrına basdı. Sonra hər ikisi daş pilləkanda oturdular. Araya uzun və üzücü bir sükut çökdü, heç biri danışa bilmirdi, danış­say­dılar, bəlkə elə ağlayacaqdılar ki, bütün məhəllə camaatı səsə yığışıb bura töküləcəkdi, dözürdülər, düşünürdülər. Nəhayət Alxan kişi özünü toparlayıb dilləndi:

-Bu vaxta qədər haradaydın, ay oğul…

 

 

Alxan kişi olub keçənlərdən danışır, Rövşən dinləyirdi. Dinlədikcə keçmiş günlər gözlərinin qarşısında canlanırdı:

Novruz kişinin eyni açılmırdı. Oğlu Rövşən kəndi tərk edib gedəndən elə bil qəlbindən daş asılmışdı. Güllübəyim də bir gözünü açıb, o birini yumur, gildir-gildir yaş axıdır, qarğış edir, balamı didərgin salanın tifaqı dağılsın, didərgin düşsün, Allah-təaladan istəmişəm, – deyirdi. Novruz kişi əvvəl-əvvəl fikirləşirdi ki, cavandı, gedib qayıdıb gələr, bir erməni axçisindən ötəri evini-eşiyini, ata-anasını atmayacaq ki. Amma günlər, aylar keçir Rövşən geriyə dönmürdü. Allah Güllübəyimin köməyi olsun, bütün günü evdə Rövşən deyib ahu-zar edirdi. Novruz yenə çölə-bayıra çıxır, bağ-bağatda vaxtını keçirirdi. Hətta, mır-mır mırıl­dayan Xallının də səsi batmışdı. Hər səhər heyvanların yanında səssiz-səmirsiz çölə gedir, axşam olanda da səssiz-səmirsiz heyvanlar ilə geri qayıdırdı, yazıq köpək də xiffət çəkirdi.

   Bu minvalla aradan on beş il keçdi. Güllü­bəyim bu dərdə dözə bilmədi. Bir səhər Alxanın arvadı Fatmanı çağırıb vəli-vəsiyyətini etdi. Qonşu­lardan halallıq istədi, oğlunun dalınca baxmaqdan yollarda qalan gözlərini, bəlkə, bir də o dünyada aça bilmək üçün bu dünyada əbədi olaraq yumdu. Ana, bəlkə, gözlərində oğlunun şəklini gizlətdi ki, heç kimsə oğlunu onun gözlərindən qopara bilməsin, bəlkə, ürəyində oğlunun sevgisini özü ilə apardı ki, daha kimsə onu anası qədər sevə bilməsin. Boyunu oxşamaqdan doymadığı, xəyalını əzizləməkdən bezib usanmadığı Rövşənini xəyalında da özüylə apardı.

   Novruz kişi tək və yalqız qaldı. Güllü­bəyimdən sonra kişinin işi xeyli zorlandı. Mal-heyvana baxmaq, bağ-bağçanı suvarmaq, otunu biçmək, meyvəsini yığışdırmaq çoxlu çətinliklər yaradırdı. Odur ki, Qaşqa inəyi satdı, heyvanların sayını azaltdı, beş-altı keçi saxladı. Məmini də işdən azad etdi, mal-heyvan olmayan­dan sonra, onsuz da, daha elə bir iş qalmırdı. Qalsaydı da daha Novruz kişini maraqlandırmırdı. Qalan beş-altı keçini səhər-səhər aparıb Əlbaba qayasının altına ötürüb qayıdıb gəlirdi. Xallı da keçilərə çobanlıq edir, onlardan ayrılmırdı.

   Novruz kişi gününü Şah Abbas məscidində ibadətlə keçirirdi. Səhərdən axşama qədər məsciddə oturur, Molla Nurməmmədin moizələrinə qulaq asırdı. Axşam düşüncə evə qayıdır, hər dəfə də Qaşqa ilə qarşılaşırdı. Qaşqa bir ildən artıq idi satılmışdı, ancaq hər axşam naxırdan qayıdanda, yenə də Novruz kişinin qapısına gəlirdi. Bu axşam yenə gəlmişdi. Novruz kişi Qaşqanın başını tumarladı, qaşqasından öpdü, əlini inəyin ağzına tərəf tutdu, inək dilini çıxarıb Novruz kişinin əlinin içini yaladı. Novruz kişinin yadına Güllübəyimin eydirmələri düşdü. Güllübəyim inəyi səhər-axşam sağanda Novruz kişi inəyin yan-yörəsini, boynunu qaşovlayar, Güllübəyim də asta avazla oxuyardı:

İnəyim başqa inək,

Alnında qaşqa inək.

Badya-badya süd verər,

Tamı da xöşca inək.

Doğrudan da Qaşqanın südü çox tamlı olardı, hətta bir az da şirin olardı.

Novruz kişi Qaşqanın südünü şəkərsiz içərdi. Ömrü boyu mal-heyvan saxlamışdı, ancaq belə tamlı südü olan inəyə rast gəlməmişdi. Bu qara, qonur inəyin alnının ortasında böyük, ağ qaşqası vardı, ona görə də Güllübəyim onun adını Qaşqa qoymuşdu. Qaşqa çox sakitdi, sağılanda heç təpik atmazdı. İndi bütün bunlar Novruz kişinin xəyalına gəldikcə onu qəribə bir hiss bürüdü. Qaşqanın boynunu qucaqladı, üz-gözünü tumarladı, hönkür-hönkür ağlamaqdan özünü zorla saxlayaraq qeyri-ixtiyari dilləndi:

– Qarnına şiş batsın, a dünya, bir inək qədər də vəfan olmadı.

Novruz kişi şam kim əriyirdi, Güllübəyimdən sonra beş il də Rövşənin yolunu gözlədi. Beş il ta­mam olan gün Novruz kişi də dünya ilə vidalaşdı.

Həmən gün Novruz kişi keçiləri tövlədən çıxarıb küçəyə ötürdü, sonra Xallıını səslədi, lakin Xallı yerindən tərpənmədi. Novruz kişi daha keçiləri aparıb Əlbaba qayasının aşağısına ötürmürdü, eləcə tövlədən küçəyə açan kimi keçilər öz işlərini bilirdilər, baş alıb gedirdilər, Xallı da onlara həm yoldaşlıq edir, həm də qurddan qoruyurdu. Lakin bu gün Xallının keçilərə yoldaşlıq etməyə həvəsi qalmamışdı. Novruz kişi bir-iki dəfə yenə də Xallını səsləyib təkid etdi. Xallı oturduğu yerdən qalxıb Novruz kişinin yanına gəldi, çarıqlarını yaladı, qıçlarına sürtündü, sonra oturub kişinin üzünə bax­dı, ancaq keçilərin arxasınca getmədi. Novruz kişi həyətə keçdi, Xallı da onun arxasınca gəlib yanında durdu. Novruz kişi yorulmuşdu, çöməlib pilləkanda oturdu, kürəyini divara söykədi. Çuxasının cibindən bir torba çıxardı. Torbanın ağzını açıb içindəki tütünü iylədi, sonra bir eşmə düzəldib yandırdı, bir dərin qüllab vurub tüstüsünü bayıra üflədi.

Xallı başını Novruz kişinin ayaqlarının üstünə qoyub uzanmışdı. Novruz kişi sağ əliylə Xallının başını tumarlayırdı. Sinəsindən bir sancı keçdi, əlləri boşaldı, sol əlində tutduğu çoxdan sönmüş eşməsi yerə düşdü. Xallı Novruz kişinin halını hiss edib ayağa qalxdı, uzun-uzun uladı. Qonşular belə ulartı görməmişdilər, eşitməmişdilər, sanki Xallı kimisə çağırırdı. Xallının ulartısını eşidən kimi Alxan kişi özünü Novruz kişinin həyətinə yetirdi, Novruz kişi pilləkanın qırağında oturub divara söykənmişdi, gözləri açıqdı, amma hərəkəti yoxdu.

Xallı Alxan kişinin qabağına yüyürdü, sonra kənara çəkilib yenə də bir-iki ağız uladı. Novruz kişi oturduğu yerdə keçinmişdi.

Novruz kişinin ölüm xəbəri bir an içində kəndə yayıldı. Qonşular yığışıb gəldilər. Hacı Nəcəf, Hacı Qurbanəli, Bığ Abbas, Kəblə Əhməd, Məşədi Qulam, Aslan baba, Uzun Nəcəf, Dağ İbrahim, Bəy­məmməd, Qafar kişi divar boyunca ayaq üstə dur­muşdular. Molla Nurməmmədin dalınca uşaq göndərdilər. Meyidi yumaq üçün yer hazırladılar, sonra iri qazanları su ilə doldurub ocağın üstünə qoydular. Meyidi Alxan kişi özü yudu, Molla Nurməmməd qüsl verdi, kəfən biçdi, kəfənləyib götürdülər.

Qəbirstanlığa gedən yol Şah Abbas məscidinin qarşısından keçirdi. Məscidin qarşısı böyük mey­dandı, adətən ölmüş adamı son mənzilə yola salanda bu meydanda dayanardılar. Yenə də dayandılar. Novruz kişinin tabutunu aparan cavanlar son borclarını layiqincə ödəyirdilər. Molla Nurməmməd bir dua oxudu, hamı “Allah rəhmət eləsin”,- dedi.

Qəbirstanlıqda namazgah deyilən bir yer düzəlt­mişdilər. Cavanlar tabutu astaca na­maz­gahın kənarında yerə qoydular. Camaat Molla Nur­məmmədin arxasında düzləndi və ölü namazı qılın­dı. Novruz kişini dəfn etdilər. Dəfn mərasimi başa çatdıqdan sonra Molla Nurməmməd üzünü adamlara tutub dedi:

-Ay camaat, mərhuma çəkdiyiniz zəhməti halal edin.

Hamı bir ağızdan cavab verdi:

-Halal olsun.

Molla Nurməmməd yenə də ucadan dedi:

-Ay camaat, ola bilər ki, mərhumun kiməsə borcu olsun, varsa deyin.

-Yoxdur.

Alxan kişi Molla Nurməmmədin qulağına nə­sə pıçıldadı. Molla Nurməmməd yenə də ucadan səs­ləndi:

-Mərhumun yas mərasimi məsciddə tu­tu­la­caq­dır.

 Molla Nurməmməd qabaqda, arxasında ca­maat geriyə qayıdırdı. Kimsənin səsi çıxmasa da ha­mı ürəyində danışırdı. Hamı bilirdi ki, Novruz kişinin tifaqının dağılmasının baiskarı Arakeldir. Adamlar sanki ən yaxın əzizlərini itirmiş kimi üzücü və pərişan bir görkəmdə hərəkət edirdilər. Hamı bilirdi ki, Novruz kişinin oğlu Rövşənin didərgin düşməsi bu ailənin faciəsi oldu. Hamı bilirdi ki, Rövşən bir daha bu kəndə gələ bilməyəcəkdi, ancaq yenə də belə bir gündə hamının gözü Rövşəni axtarırdı. Bu nisgil adamları əzir, incidirdi.

Qəbir düzəldənlər qəbirin üstünə su axıdıb getdilər. Bütün mərasim boyu Xallı bir kənarda dayanıb baxırdı. Adamlar dağılışandan sonra Xallı başını Novruz kişinin qəbrinin üstünə qoyub uzandı, gözlərindən yaş axdı. Xallı uzandığı yerdən bir daha qalxmadı.

Dəfndən qayıdarkən adətə görə camaat yenə də Şah Abbas Məscidinin qarşısındakı meydanda dayandı. Vacib işi olanlar burada mərhumun yaxınlarına baş sağlığı verib ayrılırdılar. Novruz kişinin elə bir yaxın qohumu olmadığından Molla Nurməmmədin yaxınlığında dayanmış Alxan kişiyə və bacanağı Məşədi Kazıma baş sağlığı verirdilər. Dəfndə iştirak edən erməni qonşulardan Hərtün, Sərkis, Qurd Ağamir və digərləri Alxan kişiyə yaxın­laşıb,”Kirvə, Allax raxmat elasın”- deyib ayrıldılar. Arakel dəfnə gəlməmişdi. Türklər mə­rasimi davam etdirmək məqsədi ilə məscidin həyətinə keçdilər.

Kənddə dədə-babadan bir qayda vardı. Ermənilər türklərin, türklər də ermənilərin dəfnində işt­irak edərdilər. Bu, ancaq dəfn günü olurdu. Bəzən er­mənilər mərasim evdə və ya həyətdə olanda eh­sa­na da oturardılar, məsciddəki mərasimə qatılmaz­dılar.

Axşam düşürdü. Heyvanın gələn vaxtıydı, amma keçilərdən ikicə küvər qayıdıb tövlənin qapısında Novruz kişini gözləyirdi. Novruz kişi gəlmədiyindən küvərlər mələşirdilər. Alxan kişi uşaq göndərib küvərləri tövləyə qatdırdı. Sabahısı gün məlum oldu ki, Novruz kişinin çöldə qalan keçilərini qurd dağıdıbdı. Qalan iki küvəri də kəsib Novruz kişiyə ehsan verdilər. Bir də o məlum oldu ki, Xallı Novruz kişinin qəbri üstə uzandığı yerdə ölmüşdü. Xəbəri Molla Nurməmmədə çatdırdılar. Molla Nurməmməd çox fikrləşdi, çox çək-çevir elədi, sonra bir qərara gəldi. Novruz kişinin qəbrinin səmtində, qəbirstanlığın kənarında bir quyu qazıb Xallını basdırdılar.

 

 

 

Arakel Əylisin ən varlı ermənilərindəndi, 1828-ci ildə İran-Rusiya müharibəsi zamanı Əylisə köçürülən 37 ailədən biri də Arakelin ailəsiydi. Babası Arakel Təbrizdə olan mülkünü satmadı. Arakel dövlətə yaxınlığıyla digər ermənilərdən seçilirdi, ona edilən güzəştlər də fərqliydi, rus hökumətindən aldığı çervonları ticarətə sərf elədi. Əylisdən ipək, bal, cəviz, badam, ərik qurusu alıb aparıb Təbrizdə satdı, Təbrizdən də Əylisə kişmiş, çay, halva və digər şirniyyatlar gətirdi, alveri xeyli genişləndi.

Rus hökumətinin Əylisdə dövlət fon­dundan Arakelə verdiyi torpaq sahəsi müsəlman qəbirstanlığına yaxın bir ərazidə balaca bir yer idi. Baba Arakel, arvadı Sonya, oğlu Mıkırtıç ilə əl-ələ verib bu yeri abadlaşdırdılar. Ticarətləri daha da genişləndi. Mıkırtıçın toyu oldu. Qoca Arakelin sağlığında bir oğlan nəvəsi oldu. Arakel öz adını nəvəsinə verdi. Daha sonra bir qız nəvəsi də oldu. Bu dəfə də arvadı Sonya öz adını nəvəsinə verdi. Bir evdə iki Arakel, iki Sonya yaşayırdılar. Balaca Arakel baba Arakelə, Nəvə Sonya da nənə Son­yaya çox bənzəyirdi.

Arakel, Əylislilərin təbirincə desək, qəliz, həm də çox çirkiniydi, yekə başı, yekə burnu, sallaq dodaqları onu adamdan başqa hər nəyə desən oxşadırdı. Sonya isə əksinə çox mülayim, xöş qılıqlı, gözəl və saf bir qadındı.

Baba-nəvə Arakellər tez-tez bağa gedərdilər, baba işlədikcə nəvə də ona ya kömək edər, ya da çoxlu sualları ilə babasını bezdirərdi. Amma bəzən nəvəsinin suallarından bezsə də, dözərdi, çünki baba Arakel nəvə Arakeli çox sevirdi. Bəlkə də ona görə çox sevirdi ki, nəvəsi eynilə özünə oxşayırdı, yəni Arakel kimi kifiriydi.

 Baba Arakel yaşlaşdıqca ticarət işlərini büs­bütün Mıkırtıçın üzərinə buraxmışdı. Mıkırtıç da öz növbəsində dükanların sayını artırmış, həm Təbrizdə, həm də Əylisdə olan dükanlarında etibar etdiyi erməniləri yerləşdirmişdi. Ancaq yenə də baba Arakel nəvə Arakeli Təbrizdən belə gəzdirir, sərvət toplamağın yollarını öyrədirdi. Nəvə Arakel böyüdükcə içində bir xudpəsəndlik də böyüyürdü. Vaxt gəldi yetişdi, Arakel evləndi. Onun da ardınca Qurd Ağamirin oğlu Zəkəriyyədən Son­yaya da elçi gəldi. Amma Mıkırtıç qızını Zəkəriy­yəyə vermək istəmirdi, xüsusilə də qardaş Arakel bu işə maneçilik törədirdi. Onlar bu tayfanı haylardan saymırdılar, Sonya isə Zəkəriyyə ilə ailə qurmaqda israrlıydı. Arakellər ailəsi məcbur olub Zəkəriyyəni kilsəyə aparıb erməniləşdirdilər. Keşiş dua oxuyub Arakelin üzərinə cimcim suyu çilədi, sonra cimcim suyundan Zəkəriyyəyə içirdilər. Bütün bu mərasimlərin yekununda Mıkırtıç Zəkəriyyənin atası Ağamirdən xeyli başlıq alıb gənclərin ailə qurmasına icazə verdi. Zəkəriyyə Sonya ilə ailə qurdu, lakin Ağamir toy günündən sonra bir dəfə də qudası Mıkırtıçın evinə ayaq qoymadı. Hətta, küçədə rastlaşanda da yolunu dəyişməyə çalışardı. Zəkəriyyənin özü də qaynı Arakeli xoşlamazdı.

 Baba Arakelin nəsli Əylisdə artıb törəməyə başladı. Gənc, qüvvətli, lakin varlandıqca gözü doymayan Arakel bütün ticarət işlərini ələ keçirdi. Ətrafdakı türklərin bağlarını azacıq şərait yaranan kimi min hoqqa çıxardaraq ucuz qiymətə satın alıb bağını genişləndirdi. Bağın girişində böyük su tutarı tikdirdi.

Əylisdə yay aylarında su problemi yaşandığından böyük su tutarlarından istifadə etmək ənənəvi bir qaydaya  çevrilmişdi. Arakel də meydan çeşməsinin üç günlük suyunu yeni tikdirdiyi tutara yığdırıb bağını suvartdırardı. Beləliklə Arakelin yeri böyüyüb məşhur Xan bağı qədər böyük, yaxşı, içində hər növ meyvə ağacları olan bir bağa çevrildi.

         Arakelin bağına gedən yol Şah Abbas məscidinin qarşısındakı meydandan keçirdi. Arakel bağına getmək üçün mütləq meydandan keçib Xanlar məhəlləsi ilə üzü aşağı getməliydi. Xanlar məhəl­ləsinin sonunda yol iki istiqamətə ayrılırdı. Bu küçələrdən biri Xan bağı ilə Cücə Məhəmmədəlinin yerini, digəri isə Cücə Məhəmmədəlinin yeri ilə Arakelin yerini ayırırdı.

Var-dövlət hərisliyi Arakelin gözünü tutmuş­du. Çalışırdı ki, Cücə Məhəmmədəlinin, Kəblə Əhmədin, Məşədi Nacinin və digərlərinin də yerlərini alıb öz yerinə qatsın, sonra da Xan bağını ələ keçirsin. Ancaq hələ ki, Allah-təala dəvəyə qanad vermə­diyindən dəvə uca bilmir, yortmaqda davam edirdi.

Zaman öz axarında gedir, nəsillər dəyişirdi. Baba Arakel də, nənə Sonya da dünyasını dəyişmişdi. İndi yeni nəsillər doğulurdu. Arakelin Vanik adında bir oğlu, Sonyanın da Selcan adında qızı dünyaya gəlmişdi. Bunlardan bir qədər əvvəl isə Novruz kişinin də ailəsində bir oğlan doğulmuşdu, adını Rövşən qoymuşdular.

Rövşən doğulanda axşamın toranlığıydı, Nov­ruz kişi həyətdə gəzinir, intizar çəkir, özünə yer tapa bilmirdi. Elə ki, uşaq ana bətnindən Nisə qarı­nın əllərinə düşdü, Nisə qarı sevincindən qışqırdı. Novruz kişinin bir an içində gözləri pəncərəyə dikildi, elə bildi, ev işıqlandı. O işıq bu işıq oldu ki, Novruz kişi oğlunun adını Rövşən, işıqlı qoydu.

Selcan ayınan-günüynən böyüyüb, qızlar bulağından su içəndə Rövşənə rast oldu. Rövşən bir könüldən min könülə Selcana vuruldu. Şam çeşməsinin başı onların görüş yerinə çevrildi.      

         Aykanın oğlu Telman Rövşənin uşaqlıq dostuydu. Telman həm də Rövşən ilə Selcanın arasında əlaqələndiriciydi. Bunu Arakelin oğlu Vanik də bilirdi. Vanik Selcana nə qədər yaxınlıq etməyə çalışsa da, qız dayısı oğlunu yaxına buraxmırdı.

          Rövşən ilə Selcanın əhvalatı Arakelin də qulağına çatmışdı. Arakel iş böyüməmiş nəyin bahasına olursa olsun, Selcanı Vanikə almaq haqqında fikirləşirdi, amma bilirdi ki, ürəyindəki mətləbi açıb bacısna deyərsə, sözü yerə düşəcəkdi. Əvvəla Selcanın babası Qurd Ağamirin Arakeldən xoşu gəlməzdi, həmişə də onun əleyhinə hərəkət edirdi. İkincisi, bacısı Sonya da uşaqlıqdan Arakellə düz-əməlli yola getmirdi. Təbii ki, Zəkəriyyə də atasının, Sonyanın, başlıcası qızının əleyhinə getməyəcəkdi. Belə olan təqdirdə Arakel hiyləyə əl atdı. Vanikin ad gününü xüsusi bir təmtəraqla qeyd etməyi planlaşdırıb ən yaxın adamlarını axşam yeməyinə ça­ğır­dı, bacısıgil də ailəliklə bu tədbirə dəvət olun­dular.

Tədbirin bir hissəsi olaraq Vanik səhər-səhər Tel­mana yaxınlaşıb həyətdən təndirə odun daşımağa kömək etməsini xahiş etdi. Vanikin məqsədi Telmanı aradan çıxartmaqla Selcan ilə Rövşənin əlaqəsini kəsmək idi. Vanikin hiyləsindən xəbərsiz olan Telman öz ayağı ilə gəlib tələyə düşdü. Vanik Telmanı təndirdə həbs edib qapısını eşikdən kilidlədi. Təndir həyətin arxa tərəfindəydi. Telman burada nə qədər çığırıb bağırsa da, səsini eşidən olmayacaqdı, taleyinə boyun əyib gözləməkdən savayı əlacı qalmırdı, Vanikə aldandığına görə özünü danlayırdı. Əvvəlcə fikirləşdi ki, Rövşən ilə Selcanın yaxın dostu olduğuna görə, onun bura düşməsinin də səbəbi bu ola bilərdi. Amma yenə də belə çirkin oyuna gediləcəyinə inana bilmirdi. Arakelin əclaflıqlarından xəbərdar olsa da, onun bu qədər alçalacağını güman etmirdi. Yaxşı bilirdi ki, sadə zəhmətkeş ermənilərin hamısı Arakelə nifrət edir, hətta Selcanın da nəinki təkcə dayısın­dan, elə Vanikdən də xoşu gəlməzdi. Telman fikirləşdi ki, onun buraya salınmasının çox güman ki, daha böyük səbəbi olacaqdı.

Arakelin evində səsli-küylü qonaqlıq davam edirdi. Vanik əvvəldən hazırlatdığı bihuşedici dərman damcılarını Selcanın yeməyinə qatmışdı. Bir qədər keçmiş Selcanı xoş duyğular ağuşuna aldı, oturduğu yerdə göz qapaqları bağlanır, mürgülə­məkdən özünü zorla saxlayırdı, havaya çıxmaq bəhanəsi ilə salonu tərk etdi. Əvvəldən hazırlanmış planın tərkib hissəsi olaraq Vanik də Selcanın arxasınca çıxdı. Sonya qızının halından narahat olsa da, qonaqları tərk etməyə cəsarət edə bilmirdi. Qo­naqlar Sonyanın məclisi tərk etməsini yaxşı qiymətləndirməz, bu da, hər nə də olsa, qardaşı Arakelin nüfuzuna xələl gətirərdi. Digər tərəfdən Vanikin ad gününə qardaşı hədiyyə hazırlamışdı, onun təqdimatını gözləmək məcburiyyətindəydi. Sonyanın ağlına da gəlməzdi ki, Vanikə hazırlanan ən böyük hədiyyə Selcandı. Vanik Selcanı bəy otağı kimi bəzədilmiş ayrı bir otağa keçirmişdi. Selcan qeyri-ixtiyari yumşaq yataqda uyuyur, Vanik onun saçlarını sığallayır, yanaqlarından öpürdü.

         Gecədən xeyli keçməsinə baxmayaraq, qonaqlıq davam edirdi. Hərtün tarda çalır, içib sərxoş olmuş Arakel oynayır, qonaqları da oynadırdı. Qonaqlar dağılışandan sonra Sonya qızı Selcanı da alıb getmək istədi, amma Selcanı yuxudan oyada bilmədi. Arakelin arvadı Maya Sonyanı danladı: – Uşağı narahat etmə, yəqin çaxır onu tutubdu, qoy bu gecə bizdə qalsın, səhər özüm yola salaram gələr. Arakel də arvadı Mayanın sözünə qüvvət verdi:

-Səni tanıya bilmirəm, Sonya! Selcan balam bu gecə dayısının evində qalacaqdır. Siz də bu gecə bizdə qalın, yerimiz genişdir.

-Yox, yox.

Nəhayət Zəkəriyyə dilləndi:

-Gəl biz gedək, Selcan da səhər oyanıb gələr.

O gecə Arakel bacısı Sonyanı qaynı Zəkəriyyə ilə evlərinə Selcansız yola saldı. Amma Sonyanın ayaqları getsə də, ürəyi getmirdi, Selcanı burada tək buraxmaq onu qurdun ağzına atmaq kimi görünür­dü. Hey fikirləşirdi ki, qardaşı Arakel öz doğmaca bacısı qızına qarşı alçaqlıq edərmi? İnana bilmirdi, amma canında bir qorxu hissi vardı ki, onu tərk etmirdi. O gecə ilan vuran yatdı, amma Sonya yata bilmədi, səhəri dirigözlü açdı.

Selcanı huş aparmışdı, Vanikin nə vaxt onu soyundurub yatağına saldığından xəbəri ol­m­amışdı. Səhər Selcanı Vanikin anası Maya ye­rin­dən qaldırdı, onu öpüb boynuna qızıl boyunbağı bağladı. Heç nədən xəbəri olmayan Selcan yerin­dən qalxmaq istərkən çılpaq bədənini görüb qıp­qırmızı lalə kimi qızardı, huşdan ayılan kimi oldu, bədənindəki ağrını hiss edib üzünü tutub ağladı, saçlarını yoldu, bitab düşüb qaldı.

Vanik axşamdan ona yançılıq edən Karapetlə təndirin qapısını açıb Telmanın yanına gəldilər. Telman təndirin bir küngünə qısılaraq büzüşüb oturmuşdu. Karapet Telmana bir-iki təpik vurub ayağa qalxmağa məcbur etdi. Əlindəki yarısından çoxu içilmiş çaxır şüşəsini ona uzadıb-“iç-dedi,- Axşam Vaniklə Selcanın toyu oldu, səninsə heç nədən xəbərin yox. İç, iç, Vanikin sağlığına. Sana da, o türk köpekoğluna da yazıq oldu, ha”…

Telman çaxır şüşəsini əliylə kənara itələdi, üzünü yana döndərdi. Elə o anda da Vanikin boynunun arxasından ağacla vurduğu zərbəyə tuş oldu, müavizinətini saxlaya bilməyib üzüqoyulu yerə yıxıldı. Sərxoşlar Telmanı ara vermədən təpikləyir, döyürdülər. Telmanın ağzından qan gəlirdi. Sərxoşlar bu vəhşi əyləncədən sonra qapını bağlayıb getdilər.

Telman iki günlük döyülmədən taqətsiz bir hala düşmüşdü, yerindən qalxa bilmirdi, bir təhər sürünüb divarın dibində dikəlməyə çalışdı, lakin qalxa bilmədi, kürəyini divara söykəyib fikrə getdi. Telman bilirdi ki, Arakel daşnakların sağ əlidir, onun sözü erməni icmasında iki ola bilməzdi, kəsdiyi başa sorğu-sual yoxuydu, onu da buraya salıblarsa, buradan qurtulması qeyri-mümkündür. Susub aqibətini gözləməkdən savayı çarəsi qalmamışdı.

                          ***

Rövşən özünə gələ bilmirdi, Selcandan iki gündü ki, heç bir xəbər yoxdu. Selcandan bir xəbər öyrənmək məqsədi ilə Şam çeşməsinin başına gəldi, bir xeyli adam yığılmışdı. Ayka ana ağlayır, saçlarını yolurdu, Telman itgin düşmüşdü, Tel­manı iki gündü gördüm deyən olmamışdı. Ümid etdikləri hər yerə baxmışdılar, Telman bir parça əppək olub göyə çəkilmişdi.

Kənd cavanları dəstələrə bölünüb axta­rışa başladılar. Biri dedi, Telman dağları gəzməyi sevərdi, bəlkə dağlara çıxıb, qurda-quşa rast gəlib. Biri dedi, bəlkə qonşu kəndə gəzməyə gedib, gec olub qayıdanmayıb. Biri dedi, bəlkə içib sərxoş olub bağlardan birində yatıb qalıbdı. Nə isə uzun məsləhət-məşvərətdən sonra üç dəstəyə bölünüb Telmanı axtarmağa başladılar. Dəs­tənin birinə Rövşən başçılıq edirdi. Kənddə-kəsəkdə yer qalmadı axtardılar, açıq su quyularına adam endirib baxdılar, dağları-daşları ayaqdan saldılar, Telmandan xəbər çıxmadı.

 Beləcə üç gün, üç gecə keçdi. Dördüncü gün sübh tezdən Telman ayaqları bir-birinə dolaşa-dolaşa evlərinə gəlib çıxdı. Anası Ayka, bacısı Tamara Telmanı görüb sevindilərsə də, pəjmürdə halı onları pərişan etdi. Xəbər yayıldı ki, Telman tapılıb, ancaq dinib danışmır. Anası, bacısı yalvarıb yaxardı, Tel­manı dilə tutub danışdırmaq istədilər, amma o, ağzına su alıb durdu, bir kəlmə də danışmadı. Üz-gözü döyülməkdən qaralmışdı, paltarları cırıq-cırıq olmuşdu, anası, bacısı başa düşürdü ki, Telmanı bərk döyüb qorxutmuşdular.

Telman bir həftə yatdı, heç nə yemədi, heç nə demədi, ən yaxın dostu Rövşənin üzünə belə baxmadı.Yeddinci günü onu huş aparmışdı, gözlərini açıb Rövşəni yenə başının üstündə görəndə iki damla göz yaşı yanaqlarından aşağı axdı:- Arakel… – dedi, sözünün dalını gətirə bilmədi, başı yastıqdan yana düşdü. Rövşən özünü itirdi, özündən asılı olmayaraq qışqırdı:

-Telmann…

Səsə Ayka, Tamara içəri girdi, Telman ölmüşdü.

(ardı var)