XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 11:58

“Nənəm deyən nağıllara inandım”-Şeirlər


 

neriman

Strateq.az şair Nəzriman Zeynalzadənin şeirlərini təqdim edir:

QARA  QƏPİYİNİ  QIYMADI  MƏNƏ

 

 

Yetimdir Bozqurdu, yetimdir quşu,

Düzəlməz qaməti, məğrur duruşu,

Qaldı qiyamətə haqqın uduşu,

Kötükdə doğranan qıymadı mənə.

 

Od çıxar vursalar çaxmaq dizimə,

Abırım, həyamdır yamaq dizimə,

Çatmadı əllərim göyün üzünə,

Göylərdən bir ümid qırmadı mənə.

 

Gözəli işinə çəkən Ərəbi,

Kəkliyi şişinə çəkən Ərəbi,

Ceyranı dişinə çəkən Ərəbi,

Güllədə qurğuşun, qırmadı mənə.

 

Zəhmətsiz zəhmətə yarı, tən Bakı,

Ələyib dənini götürən Bakı,

Yadlara milyardlar ötürən Bakı,

Qara qəpiyini qıymadı mənə.

 

07.06.2016

 

 

 

NƏNƏM  DEYƏN  NAĞILLARA  İNANDIM

 

 

Nə məmura, nə hakimə, həkimə,

Kim inanır qoy inansın hər kimə,

Gün-güzaran yedək olub tərkimə,

Nənəm deyən nağıllara inandım.

 

Dərə bizim, meşə bizim deyirlər,

Çaqqal-çuqqal qurd paltarı geyirlər,

İndi Divlər cırtdanları yeyirlər,

Nənəm deyən nağıllara inandım.

 

Abır-həya yaxşı şeydi bilənə,

Görməmişdik, qadın çöldə dilənə,

Kim yalanı necə deyir, dilə nə,

Nənəm deyən nağıllara inandım.

 

Milli Məclis qanun yazır, yozulmur,

Bir çiçəklə bahar olmur, yaz olmur,

Mən istəyən qanunlarım yazılmır,

Nənəm deyən nağıllara inandım.

 

Nə bir məktəb, qələm-kağız görmüşdü,

Çöldə göbək, açıq ağız görmüşdü,

Ağ saçını ər evində hörmüşdü,

Nənəm deyən nağıllara inandım.

 

Torpaq alan düşmənindən öc alma,

Ac dolanıb kölə yaşa, ucalma,

Ümid var ki, düşər göydən üç alma,

Nənəm deyən nağıllara inandım.

 

08.09.2016

 

 

GETDİM

 

Qaldı uzaqlarda bilsən haralar,

O qızın sevgisi ürək paralar,

Çətin ki, sağalar məndə yaralar,

İçimdə gizlicə ağlayıb getdim.

 

Buludlar yorulub dönən döyüşdən,

Dodağı yandıran o ilk öpüşdən,

Gecələr qoynunda qalan görüşdən,

Xatirə dəftərin saxlayıb getdim.

 

Dilim sözdə yandı sözümün üstə,

Kirpiyim od tutdu gözümün üstə,

Ocaqda qızaran közümün üstə,

Sinəmi çal-çarpaz dağlayıb getdim.

 

Mənim ana kəndim, şirinim-acım,

Ürəyim, göz nurum, dilim, ay Yaycım,

Həsrəti yağışla bitirən yazım,

Bir dəstə gülünü bağlayıb getdim.

 

05.09.2016