Ay Bəniz Əliyar: 25 sentyabr 1980-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olub.
Altı şeir kitabı müəllifidir.
Hazırda Xaqani Poeziya Evinin direktorudur.
İstedadlı şairənin bir neçə şeirini Strateq.az oxucularına təqdim edirik:
DÖNMƏ DAHA
Gəl,
gəl, soyun pencəyini,
As qapının arxasından.
Bil ki, ümidlər asılır,
Ac qapının arxasından.
Gəl,
gəl, soyun pencəyini,
Ortalığa ləyən qoyum.
Su töküm, çək əllərinə,
Su tök, əllərimi yuyum.
Gəl,
gəl, asım pencəyindən,
Gözlərimin gülüşünü.
Başımı qoyum sinənə,
Qeyd eləyək gəlişini.
Pencəyin qalsın, get, qayıt,
Qayıt, nə görsən, dinmə haa…
Pencəyini al əlimdən,
Get,
get, bir də dönmə daha…
SƏS
Utancaq bir qapı zəngi çalındı,
Açdım,
zəngi çalan adam hanı bəs?
Ya mən görəmmədim, ya kimsə yoxdu,
Ya da qapı zəngi deyildi o səs.
Yüyürdüm qapıdan darvazayacan,
Heyf ki, bir kimsə dəymədi gözə.
Yüyürdüm, döyülən qapıdan qaçıb,
İçimdə hər gecə qırılan səsə.
Baxdım, zəng yerində, səs qulağımda,
Bəlkə səs deyildi, yanlışmı duydum?
Göyü harayladım, yeri dinşədim,
Qayıdıb o səsi yerinə qoydum.
Bəlkə kimsə bilə, niyə gəlmişdi?
Bəlkə kimsə deyə, hara yox oldu?
O səsin dalıyca qaçan könlümü,
Ovcumun içində əzdim, sıxıldı.
Nəfəsi kəsilib ölüncəyədək,
Əzdiyim o səsi ovcumda tutdum.
Mən də öz-özümdən belə öc aldım,
Mən də öz-özümü belə ovutdum.
BU GECƏNİN TABLOSU
Qaranlığa boğulmuşdu gecənin gözü,
Çəyirtkələr yarışırdı verib səs-səsə.
Qəmlənmişdi göydə AYın yarımçıq üzü,
Pərvanələr ertəgözlü batmışdı yasa.
Kim deyərdi, bu gecənin səhəri yoxdur,
Ay özü də Ay olmazdı, gizlənməsəydi,
Sanardın ki, bir ins-cinsdən xəbəri yoxdur,
Maşın fiti, qatar səsi səslənməsəydi.
Daha bu kənd eşitmirdi it hürüşməsi,
Xoruz banı səhər-səhər saya gəlirdi.
Hərdən quzu mələrtisi, mal-qara səsi,
Yarıb köhnə səssizliyi haya gəlirdi.
Uşaqlara başşaq yeri olmuşdu xırman,
Biçənəyi dəryaz ilə sıyırmışdılar.
Ot tayası hörülmüşdü sarı samandan,
Arpasını, buğdasını ayırmışdılar.
Barmağımın onunu da bala batırmış,
Tale mənim özümü də küncə qoymuşdu.
Anam yəqin inəkləri sağıb yatırmış,
Atam yəqin çomağını dincə qoymuşdu.
Qulaq batır bu sükutda, çətin ki, yatam,
Gecə yenə ulduzları şişə çəkirdi.
Atımızı çöldə qoyub gəlmişdi Atam,
Çaqqal-çuqqal balasını dişə çəkirdi.
Bütün gözəl ağrıların batırıb səsin,
Gecə yenə sim qırırdı qəmli neyində.
Dinləyirdim öz qəlbimin həyat nəğməsin,
Yellənərək xəyalların yelləncəyində.
BİZİM NAĞILIMIZ
Bir sevgi nağılı danışım sənə,
Yenə üç almanı verək güdaza…
Payız xəzan olsun, qış sazaq keçsin,
Qalsın görüşümüz növbəti yaza.
Qəlbimin içinə hökmün güc etmir,
Canı şüşədədir, sındır şüşəni.
Qırxıncı otaqda şahzadə olum,
Div assın saçımdan yenə də məni.
Yenə əllərimə çək həsrətini,
Yenə gözlərimə paylaş acını.
Kəs yenə kəndiri iti bıçaqla,
Minim qaranlığın qara qoçunu.
Çıx hər gün getdiyin yolların üstə,
Topla ürəyimin tikələrini.
Yenə də qurd yesin nənədən qabaq,
Qırmızıpapağın kökələrini.
Yenə özgələrdə axtarım səni,
Yenə də əllərim düşsün yanıma.
Düşək ayrılığın dolaylarından,
Biz də yoldaş gəzək Tıq-tıq xanıma.
YAĞSIN YAĞIŞ
Gözlərinin işığına qərq olum,
Yağsın yağış, duraq yenə ikimiz.
Bir buludun içərsində ərisin,
Qəlbimizə sığışmayan yükümüz.
Danışmayaq, dağa dönsün yenə də,
Dilimizdə bir udumluq cümlələr.
Ruhumuzun göynərtisi kəsilsin,
Üstümüzə çiləndikcə damlalar.
Açarını tapmayasan dilinin,
Gözlərimiz könlümüzə yol açsın.
Kilidi var saçlarımda əlinin,
Qıvrım saçım əllərinə dolaşsın.
Yağsın yağış, bulud dolu, torpaq ac,
Tozu ölsün səkilərin, otların.
Bir sevgidir yol üstündə hər ağac,
Gövdəsində sevənlərin adları.
Yol vermə ki, əlləri boş, gözü nəm,
Bu həsrətin qəhərində boğulum.
Ruhum yağsın ovucuna, təzədən
Eşq qoxuyan nəfəsindən doğulum.
DAĞ BAŞI
Çıxıb dağ başına özün olasan,
Nəfəsin kəsilə dumanda, çəndə.
Minib göyqurşağın, çapasan göyü,
Ümidin bitməyə yolun bitəndə.
Güllər toplayasan dağın döşündən,
Güllərdən süd dola döşünə dağın…
Ağ gəlinlik geyən ağ şəfəq kimi
Ağ duman olasan başına dağın.
Qəlbinin atəşi sara dünyanı,
Qalxıb qayaların gözün oyasan.
Doldurub ovcunu şəlalələrdən,
Gözündə lillənən qəmi yuyasan.
Baharın ən gözəl çiçəkləriylə
Bəzənə ormanın hər yaşıl layı.
Sıyrıla daşların yapıncısından,
Daşa köpük-köpük dağların çayı.
Əllərin toxuna, ləpirin dəyə,
Sular sığal çəkən qayaya, daşa.
Alıb qucağına ən böyük daşı,
Qaldıra biləsən yuxarı başa.
Çıxıb dağ başına özün olasan,
Dönüb qayıdasan körpəliyinə.
Çaylar elə daşa, elə daşa ki,
Körpülər sığmaya körpülüyünə.
SƏNİN OTAĞIN
Məni çəkib kim gətirdi buraya?
Bu axşam da yaman yadam özümə.
Əllərimi çöldə qoyub gəlmişəm,
Ayağım da əməl etmir sözümə.
Qapın açıq,
bax, dəvətsiz gəlmişəm,
Söz vermişəm, gəzəcəyəm hər yeri.
Pəncərəndə yanıq gördüm işığı,
Dözəmmədim, gəlib girdim içəri.
Danışmağa bir kimsəm yox, bilirsən,
Nə evim yox, nə getməyə yolum yox.
Nə olsun ki burda gəlib durmuşam,
Səninlə də danışmağa halım yox.
Masan üstü dağınıqdı yenə də,
Solub əski güldanında çiçəklər.
Külqabından kül tökülüb hər yerə,
Zibilqabın parçalanmış vərəqlər.
Otağını bir kəsafət bürüyüb,
Tütün iyi sarıb sanki hər yanı.
Dəmli-dəmli eşq qoxuyan hava tək,
Tüstüləyir külqabının dumanı.
Yüz ildir ki vərəqlənmir, oxunmur,
Şkafında toz bağlayıb kitablar.
Əllərintək başqa bir əl tapmayıb,
Bir-birini qucaqlayıb kitablar.
Divanın da yaman əzik haldadır,
Top oyatmaz burda düşüb yatanı.
Çay fincanın yuyulmayıb nə vaxtdı,
Sapsarıdır, adam baxıb utanır.
Üzrlü say, qarışıram işinə,
Məlhəmi yox bu ağrıyan canının.
Şalvarın da, köynəyin də ütüsüz,
Bəlkə yenə küsüb səndən xanımın?
Düşünməyək bu tərəfin, nə lazım,
Elə bilim, yandırmısan ütünü.
Çoxu gedib, azı qalıb bilirsən,
Bir sevgini başlamaqdı çətini.
12-dəydi bizim görüş vaxtımız,
Saatın da düz 12-də dayanıb.
Nə oyadım, şirin olsun yuxusu,
Guya burda neyləyəcək oyanıb?
Gəzişirəm, otağında sükutdu,
Pencəyin də həmin yerdə laldı, lal.
Niyə durub qışqırmırsan üstümə?
Soruşmursan, gəzdiyin nə, ay xəyal?!
GECƏ DÜŞÜB DAHA
Ha yana gedim ki dincəlsin ürək?
İnsan öz evində olmazmı rahat?-
Gah dağa, gah çaya qaçıram, fəqət
Ürəyim narahat, ruhum narahat.
Günəş hardan çıxır, ha yanda batır?
Əllərim qoynumda seyr edirəm mən.
Axşam necə düşür, Ay necə yatır?
Deyəsən özümü incidirəm mən…
Gör ömür bizlərə nə tale seçib,
Ölümdən betərdi yaşamaq özü…
Çarpayın oyaqdır, işığın keçib,
Sönüb taleyinin qoşa ulduzu.
Ovcunda göz yaşım, tökürsən yerə,
Üstünə-başına bulaşdırırsan.
Zülmətin əmdiyi xatirələrə
Bir də siqarını calaşdırırsan.
Saralıb göz yaşım, yaman saralıb,
Üstünə sən bir də tütün külü dər.
Bir yığın bulaşıq köynəyin qalıb,
Gecə düşüb daha, dur yaxala, sər.
YAŞ
Mən gözümün ağladığı yaşdayam,
Sən gözünün saraldığı yaşdasan.
Mən yolları saxladığım yaşdayam,
Sən yolları daraldığı yaşdasan.
Bilmirəm ki, necə sevəm, yaşadam,
Gün ötdükcə mənə zaman qənimdi.
Telindəki ağ dən ilə yaşıdam,
Əlindəki ölən ümid mənimdi.
Hərdən-hərdən boylanıram yoluna,
Gizlədirəm öz yaşımı özümdə.
Acıyıram bu sevilən halına,
Acıyıram, zəhləm gedir özümdən…
Mən dərdimə oynadığım yaşdayam,
Sən dərdinə vurulduğun yaşdasan.
Mən qanımın qaynadığı yaşdayam,
Sən qanının durulduğu yaşdasan.
Vurhavurda ürək mənə deyir ki,
"Eşq göyərir bu qaralan qanımdan."
Sənin qanın mənim qanım deyil ki…
Qanın ayrı, canın ayrı canımdan.