XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 09:07

“Baba ocağı”(3)-Nizami Muradoğlu

 

nizami-muradogluYaşadığı dövrün güzgüsü olmayan ədəbiyyat əsl ədəbiyyat deyil. Odur ki, klassik şablonlardan çıxmağı bacarmayan, yüzillərlə deyilənləri təkrarlayan, hansısa dahilərin orbitində fırlanan ədəbi əsərlərin ömrü çox zaman yazarların ömrü qədər olur. Şablon xaricinə çıxmış əsərlər isə tarixdə iz salır, yaşayır, yazarını yaşadır. Cəlil Məmmədquluzadənin, Sabirin, Hüseyn Cavidin əbədi həyat qazanmasının sirri də elə dövrün nəbzini tutması, yaşadıqları zamanın problemlərini əks etdirərək, real təsvirlərlə tarixə işıq tutmaları olub.

Yazar Nizami Muradoğlunun qələmindən çıxan “Baba ocağı” romanı da zamana güzgü tutan əsərlərdəndir. Əsər XX əsrin əvvəllərində Ordubadın Əylis və ətrafındakı kəndlərdə baş verən hadisələrdən bəhs etsə belə, bu gün yaşanan erməni məkrinə də işıq tutur. Əsəri həm də Əkrəm Əylislinin “Daş yuxuları”na cavab kimi xarakterizə etmək olar. Baxmayaraq ki, bu romanın yaşı “Daş yuxuları”ndan daha çoxdur və Əkrəm Əylisliyə cavab üçün də yazılmayıb.

Görünən dağa çox bələdçilik etmədən romanı Strateq.az oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: strateq.az/edebiyyat/96267/erməni-məkrini-ifsa-edən-əsər.html

http://strateq.az/edebiyyat/97465/baba-ocagi.html)

                               

 

***           

Sonyanın yatağına elə bil qor doldur­muş­dular. Səhərin gözü açılar-açılmaz özünü qardaşı Arakelin evinə yetirib qapını döymək istədi. Qapı açıq idi, içəri keçdi. Qulluqçular həyətdə hazırlıq işləriylə məşğuldu, ocaqlar yandırılıb, qazanlar asılmışdı, dünənki məclisinin davamı olacaqmış kimi bir görüntü vardı. Sonyanın ürəyi şiddətlə vurmağa başladı, səhər-səhər xeyir ola, bu, nə hazır­lıqdı görəsən? Maya Sonyanı dəhlizdə qar­şıla­yıb yan otağa aparmaq istədi. Sonya səbirsiz­ləndi:

-Selcan, hanı Selcan?

-Narahat olma, indi gələr.

-Necə, yəni indi gələr.

 Sonya var səsi ilə qışqırdı:

-Selcann…

Anasının səsini eşidən Selcanın qonaq otağından eşidilən hıçqırıqları elə şiddətli hal aldı ki, Sonyanın qulaqlarını yandırdı. Sonya dəli kimi qonaq otağının qapısını itələyib taybatay açdı. Zavallı Selcanı yataqda görüncə anladı ki, ağlına gələn qızının başına gəlmişdir, ana-bala qucaqlaşıb ağladılar.

Birdən Sonya ayağa qalxıb otaqda əlinə keçən nə varsa vurub dağıtmağa başladı. Sonra iki əliylə dizlərinə çırpdı, saçlarını yoldu. Maya onu sakitləşdirə bilmirdi. Səsə Arakel gəldi. Qardaşı Arakeli görəndə Sonya qardaşının yaxasından yapışdı, çığırıb-bağırdı:

– Allax sənin tifağını dağıtsın, tifağımı dağıtdın!..

Sonya dəli kimi qışqırır, Arakelin üzünə, başına vururdu. Bacısından belə bir cəsarət gözləməyən Arakel Sonyanın başına güclü bir zərbə endirdi. Sonya müvazinətini saxlaya bilmədi, bayılıb yerə yıxıldı. Zavallı Selcan özün unudub anasını ayıltmağa çalışırdı.

                                   ***

 Telmanı dərədibi deyilən yerdə balaca köhnə bir qəbirstanlıqda dəfn etdilər. Dəfndə erməni icmasından cəmi-cümlətanı 3 nəfər kişi və keşiş işti­rak edirdi. Ermənilərdən Telmanın, eyni za­man­da Rövşənin dostu Hayrik, iki nəfər də yaxın qonşularıydı. Rövşən, Pirverdi, Alxan kişi, Novruz kişi və digər türklər də dəfndəydilər.

Arakel dəfnə gəlməmişdi, Telmanı günahkar bəndə adlandırmışdı. Heç kəs danışmasa da, hamı bilirdi ki, Telmanın ölümünün baiskarı Arakeldir. Kimsə də cürət edib Arakelin qabağında bu ailəyə yaxınlıq edə bilməzdi. Keşiş dua oxuyur, günahkar bəndənin Allahın dərgahında bağışlanmasını diləyirdi. Ayka ana ağlayır, mənim oğlum günah­sızdır,- deyib fəryad edirdi. Lakin Ayka ananı dinləmirdilər, Arakel qərarını vermişdi, kimsənin bu qərarı pozmağa gücü çatmazdı.

Telmanın ölü­mündən sonra ermənilərin ailəyə münasibəti ta­mamilə dəyişdi. Sanki Allah tərəfindən bu ailə lənətlənmişdi və ermənilərdən kimsənin bu ailə ilə əlaqə yaratması mümkün deyildi. Aykanı və qızı Tamaranı küçədə, bazarda görən ermənilər min bir bəhanə ilə onlardan uzaqlaşır, ağrımaz başlarını ağrıtmaq istəmirdilər.

 

 

Arakel Vaniklə Selcanın toyunu etdi. Lakin Selcanın başına gələn hadisə ağızlara düşdü. Bir dayının öz bacısı qızına qarşı həyata keçirdiyi bu rəzilliyi əylislilər o vaxta qədər nə görmüşdülər, nə də eşitmişdilər. Ermənilər də öz aralarında bu rəzil­liyi müzakirə edir, bir nəticəyə gələ bil­mirdilər.

Alxan kişi eşmə düzəldib yandırdı, dərin bir qüllab vurdu, nəfəsini ötürəndə sifəti tüstünün içində görünməz oldu. Araya sakitlik çökdü. Ötən gün­lər ildırım sürəti ilə Rövşənin xəyalından keçdi.

Rövşən Telmanın ölümündən sonra özünə yer tapa bilmirdi. Bir tərəfdən Telmanın öl­dürül­məsi, digər tərəfdən də sevdiyi qızın dayısı oğlu tərəfindən zorlanaraq gərdəyə salınması, istə­mə­diyi halda evləndirilməsi qəzəbini aşırıb-daşırırdı. Uzun zaman izləmələrdən sonra bir gecə Vaniki evlərinin yaxınlığında, daş körpüdə yaxaladı. Tel­manın və Selcanın qisasını almağın vaxtı çatmışdı.

 Vanik də Rövşənlə hesabı çürütməyi çoxdan arzulayırdı. Hər gecə Selcanın yatağına girəndə gözlərinin önünə Rövşən gəlir, xəyalında onun Selcanla birlikdə olduğu günlər canlanırdı. Rövşən sağ qaldıqca Vanikin günləri qara gələcəkdi, odur ki, nə olur olsun bu işə bir əncam çəkilməliydi. Sonralar anlamışdı ki, Telmandan qabaq Rövşəni həyatdan silmək gərəkirmiş.

Rövşənin vurduğu zərbələr elə bil daşa dəyirdi. Vanikin bədəni Rövşənin zənn etdiyindən də möhkəm idi. Rövşən də Vanikin zərbələrinə tuş olur, özünü güc-bəla qoruyurdu. Ciddi bir döyüş gedirdi. Rövşənin həm də, narahatçılığı vardı. Daş körpü Arakelin evinin lap yaxınlığındaydı. Vanik bircə dəfə qışqırıb çağırsa, ona köməyə gələcək­dilər, lakin Vanik döyüşürdü, Rövşəni enəcəyinə arxayındı. İkinci tərəfdən Vanik Selcanın bu döyüşü görməsini istəmirdi. Hər halda Selcan özünü ortaya atıb Rövşəni xilas edə bilərdi. Vanikin məqsədi isə Rövşəni öldürməkdi.

Bir-birlərini körpünün məhəccər-divarına çırpırdılar, Vanik sol əliylə Rövşənin boğazından yapışmışdı, sıxışdırdığı məhəccərdən aşağıya atmağa çalışırdı, son anda Rövşənin güclü yumruq zərbəsi Vanikin sol gözündə partladı. Gözünə dəyən qüvvətli zərbədən bir anlığa Vanik özünü itirdi və əlləri boşaldı. Rövşən Vaniki körpüdən aşağıya atdı, dəhşətli bir qışqırıq eşidildi və səs kəsildi.

Daha bu kənddə qalmaq mümkün deyildi, bir azdan bütün kənd bir-birinə dəyəcək, Arakelin adamları hər yerdə onu axtaracaqlar, tapan kimi də öldürəcəklər. Bu mahalda Arakelin kəsdiyi başa sorğu-sual yoxuydu. Rus jandarması da Arakelin tərəfini tuturdu. Yaxşı halda Rövşəni ömürlük həbs, yaxud da Sibirə sürgün gözləyirdi. Gözün görə-görə həbsə girmək ağıllılıq əlaməti deyildi, baş götürüb qaçmaq, aradan çıxmaq indiki şəraitdə ən doğru yol idi. Amma hara? Hara qaçaydı?

Rövşən tələm-tələsik özünü evə saldı. Güllübəyim ana oğlunu heç vədə bu vəziyyətdə görməmişdi. Çox ciddi bir hadisənin baş verdiyini anladı, heç nə soruşmadı. Bilirdi ki, Rövşən lazım gəlsə, özü hər şeyi deyəcəkdi. Rövşən isə bir yerdə qərar tuta bilmir, evin künc-bucağında özünə lazım olan şeyləri axtarır, çıxardır, qaçmağa tələsirdi. Güllübəyim ana dözməyib soruşdu:

  • Anan qurban, nə olub sənə?!
  • Ana, mən Vaniki öldürdüm…
  • Vay başıma gələnlər, sən nə etdin, a bala?!

Güllübəyim ana əlləriylə sinəsini döydü:

–     Vay evim yıxıldı…

  • Ana, daha bunları danışmağa vaxt yoxdu, haqqını

halal elə, mən gedirəm.

  • Hara gedirsən, ay oğul? Sən o vurğun vurmuş

Arakelin əlindən hara qaçıb gedə bilərsən?

  • Dünya genişdi, ana…

Rövşən anasının boynunu qucaqladı, alnından öpdü:

–    Salamat qal, ana!..     

Güllübəyim ana ayaqüstə dayana bilməyib yerə çökdü. Rövşən daha dayanmayıb evdən çıxdı.

Novruz kişi axşam namazından gec qayıtdı. Pilləkan başında öskürüb gəldiyini bildirsə də, Güllübəyim onu qarşılamağa çıxmadı. Novruz kişini təəccüb bürüdü, birinci dəfəydi ki, Güllübəyim pilləkan başına çıxıb ərini qarşılamırdı. Nigaran-nigaran qapını açıb içəri keçdi, Güllübəyim ərini görən kimi oturduğu yerdən qalxıb yenidən sinəsinə döyməyə başladı:

–  Vay evimiz yıxıldı, qapımız bağlandı, ay kişi…

                              ***

Rövşən heç kəsin gözünə görünmədən həyətlərdən keçərək Əlbaba qayasına – Qaçaq Səmədin yanına gəldi. Qaçaq Səmədin burada gizləndiyini çox az adam bilirdi. O az adamlardan biri də Rövşəniydi. Rövşən quzu otaranda bir dəfə Qaçaq Səməd özü gizləndiyi yerdən çıxıb onun yanına gəlmişdi. Üç gün idi ki, Qaçaq Səməd kəndə enə bilmirdi. Çörəyi qurtarmışdı, Rövşəni Əlbaba qayasının yaxınlığında görəndə xeyli sevinmişdi. Rövşənin atası Novruz kişi Qaçaq Səmədin uşaqlıq dostuydu. Mərdliyi  ilə Novruz müsayibləri arasında ad çıxarmışdı. Belə bir kişinin oğluna etibar etmək olardı. Qaçaq Səməd zənnində yanılmamışdı, Rövşən çox etibarlı və sədaqətli çıxmışdı.

Əvvəllər quzu otarmağa o qədər də həvəs göstərməyən Rövşən son zamanlarda bu işə daha ürəkdən yanaşırdı. Anasından da xahiş etmişdi ki, onun dəstərxanına iki çörək də əlavə qoysun. Axı bütün günü çöldə quzu otarmaq o qədər də asan iş deyildi. Adam çöldə tez-tez acırdı. Əslində isə Rövşən çörəkləri Qaçaq Səmədə aparırdı və bu sirri ikisindən başqa kimsə bilmirdi. Qaçaq Səmədi isə hər yerdə axtarırdılar.

Qaçaq Səməd Rövşənin gecə vaxtı onun yanına gəlməsinin yaxşı əlamət olmadığını o dəqiqə başa düşdü:

  • Nə olub?
  • Səməd dayı,
  • Hə… de görüm nə olub?
  • Arakelin oğlunu öldürmüşəm…

 Qaçaq Səməd fikrə getdi. Amma olan olmuşdu, Qaçaq Səməd yaxşı bilirdi ki, Arakelin əlindən qaçıb buralarda gizlənmək Rövşən üçün əlverişli deyil. Əvvəla Rövşən adam öldürmüşdü, özü də Arakel ağanın oğlunu öldürmüşdü. Arakel ağa da rus hökumətinin ən yaxın adamıydı. Onun burada qalması Qaçaq Səmədin özü üçün də təhlükəliydi. İkincisi də Rövşən cavanıydı, nə qədər bu dağda-daşda gizlənəcəkdi. Rövşəni gecəynən kənddən çıxarmaq lazımdı. Düşündüklərini Rövşənə açıq-açıq dedi:

  • Bilirsən, Rövşən, sənin burada qalmağın sənə də,

mənə də ziyan gətirər. Sən mütləq kənddən çıxmalısan…

Rövşən tam sarsıldı, indi o nə edəcəyini bilmirdi.

Qaçaq Səmədin yanına min ümidlə gəlmişdi, amma o, nə danışırdı. Rövşən hara gedə bilərdi. Qaçaq Səməd də fikrə getmişdi. Anlar il qədər ağır keçirdi. Nəhayət Qaçaq Səməd dilləndi:

  • Dur gedək!..
  • Hara gedək, Səməd dayı?
  • Səni Arazın o tayına keçirəcəyəm, orada mənim

dostlarım var, bir neçə günlüyə oralarda qalarsan, sonra da Bakıya gedərsən. Bakı böyük şəhərdi, orada səni tapa bilməzlər. Maşallah igid oğlansan, heç Arakelin dədəsi də dirilib qəbirdən durub gəlsə, orada sənə bir şey edə bilməz.

     Rövşənin sifəti duruldu, üzünə qan gəldi, bir anlığa

Qaçaq Səməd haqqında bədgüman olduğuna görə peşimançılıq çəkdi. Dünyada yaxşı kişilər varmış demə…

  • Dur gedək.

İki nəfər gecənin qaranlığında Araza tərəf gedirdi.

Qaçaq Səməd gizli yolları yaxşı tanıyırdı. Araz qırağına yaxınlaşanda xeyli gözləməli oldular. Rus əsgərlərinin dəyişilmə vaxtı sərhəddi keçib yulğunluğa girdilər. Yulğunluqda da bir xeyli gözləməli oldular, hələ tam sakitlik yaranmamışdı. Yulğunluqda uzanıb bir-iki saat yorğunluqlarını çıxartdılar. Səhərə yaxın Arazı keçdilər.            

 

 

Göy üzündə ulduzlar sayrışırdı, sakit bir gecəydi. Rövşən Alxan kişinin anlatdıqlarını dinləyir, düşünür-düşünürdü. İyirmi il bundan öncə məhəbbəti daşa dəymişdi. İyirmi il bundan öncəki Selcan gözlərinin önündə canlanırdı. İndi hər şeydən çox onu Selcanın sonrakı taleyi düşündürürdü. Alxan kişidən soruşmağı ar eləyir, nə zaman sözün Selcanın üzərinə gəlib çıxacağını səbirsizliklə gözləyirdi.

Alxan kişi bir eşmə də yandırdı, yenə də bir dərin qullab vurdu:

-Hə, oğul, Vanik o vaxt ölmədi, çayın suyu onu kənara atmışdı. Körpüdən keçənlər zarımasını eşidib onu çaydan çıxarıb evlərinə aparırlar. Deyirdilər ki, bir ayağı sınmışdı, bir xeyli müddət yataqdan qalxa bilmədi, sonralar da sağ ayağını dartırdı.

Bu hadisə Arakeli bərk qəzəbləndirdi. O, artıq hər yerdə türklərin əleyhinə hərəkət edir, yeri düşdükcə türklərdən qisas almağa çalışırdı. Bir gün də bazarda türklərin əleyhinə danışanda xoş­keşinli İsmayılın oğlu Yasin eşidir və ona qarşı çıxır. Yasini hiylə ilə bazarın arxasına çəkib öldürürlər. Öldürməkləri bəs deyilmiş kimi, üstəlik Arakel “bu lənətlənmiş türkü daş-qalaq edin”- deyə orada olan erməniləri bu işə təhrik edir. Sabahı Yasinin meyidi bazarın arxasında tapıldı. Sadə və vicdanlı ermənilərdən biri bu çirkin işi Arakelin törətdiyini rəhmətlik Yasinin qardaşı Fərhada çatdırır. Ondan sonra Arakel və ailəsi çox tədbirli davranırdı, xüsusilə Vaniki təklikdə bir yerə buraxmırdılar. Fərhad da günlərlə girəvə axtarır, qisas alacağı günü gözləyirdi. Günlərin birində o fürsət yarandı, Fərhad günün günorta çağı Vaniki güllələdi. Bu, Əylisdə açılan ilk güllə oldu. O gündən bu kəndin hüzuru pozulubdur.

Selcanın bir qızı olmuşdu, adına lusik deyirdilər. Vanikin ölümündən sonra qızını da götürüb Selcan İrəvana əmisinin yanına köçüb getdi. Sonya qardaşı Arakelin bu yaramazlıqlarını sindirə bil­mədi. Qızı Selcanın uğursuz taleyi ona dərd olmuşdu, yorğan-döşəyə düşdü və bir müddətdən sonra vəfat etdi.

Fərhadı tuta bilmədilər, Arazı adlayıb İrana qaçdı. Arakel neçə dəfə onu İranda öldürtmək istə­disə, müvəffəq ola bilmədi. Amma bu hadisə­lər­dən sonra Arakel daha da əzazil olubdur, quyruğu tapdanmış ilana bənzəyir. Səni də unutmuş deyil, indi ki, gəlmisən, gərək özünü qoruyasan, ehtiyatlı olasan.

Petros yenə də Arakelin dalınca sürünür, arvadı Marqonu da saxlayırdı. Qaçaq Səməd ilə Marqonu bir yataqda yaxalasa da, bir iş görə bilmədi, Səməd Petrosun qulağını kəsib qaçmışdı. Marqo Səmədə şər atıb, zorla evə soxul­du­ğu haqqında ifadə verdi, sudan quru çıxdı, əvvəlki peşəsini davam etdirməkdədir. Rus jandarması Qaçaq Səmədi hələ də axtarır, Səmədin də səsi gah İrandan, gah da dağlardan, yaylaqlardan gəlir. Deyilənlərə görə hərdən gəlib öz evində də qalır.

Hərtün ilə Hidayətin sazandalığı davam edir. Son zamanlar Farizi də özlərinə qoşublar. Axşam­ları Hərtüngilə yığışıb çalıb, oxuyur, oynayırlar. Bu üçlük kəndin məşhur toy çalanlarıdır.

Ması arvadın keyfi gələndə yenə də Mustafa onu yanına salıb Hərtüngilə aparır. Ması arvadın məzəsi bura­lar işi deyil, oynamaqdan doymayınca ortalıqdan çıxmaz. Oynamaq həvəsi də əksər vaxt axşamlar gəlir.

Hərtün də Ması arvadın məzələrinə öyrəncəklidir. Bu oynamağınan yaşmağı da həmişə ağzı­nın üstündə olur. Hərtünün yorulduğunu görən­də hərdən məzəli bir söz deyib çalğını yeni­dən canlandırır. Görürsən ki, birdən Ması arvad yaşmağı ağzından aralayıb deyir:- Hərtün qardaş, bağışla. Gənclərin könlünü almaq üçün hərdən,- Fariz qardaş, sən də bağışla,- deyir.

Ması arvadın oynağan olduğunu bu kənddə bilməyən yoxdur. Mustafa kişi də neyləsin, bu yaşda durub Masının talağını qoltuğuna verib dədəsi evinə göndərəsi deyil ki. Amma zalım qızı Ması arvad da ay oynayandı ha, elə sındırır ki, baxanın gözü dörd olur. Onu deyim ki, Hərtünün arvadı Haykanuş da ayrı bir arvaddı, nəcib adamdı, yaxşı adamdı. Hər gecə evlərində toplanan şənlik məclislərini yola verir, hələ gələnləri çaya, meyvəyə qonaq da edirdi. Ması arvad da oynayıb yorulandan sonra Hykanuşun dəmlədiyi pürreyi çaydan bir bardaq içib özünə gələndən sonra görərdin əlini qoydu qulağının dibinə bir bayatı çağırdı:

 

Dağlar duman oldu, gəl,

Halım yaman oldu, gəl.

Yollarına baxmaqdan,

Gözlərim qan oldu, gəl.

 

Deyirlər ki, Ması arvad cavanlığında bir başqasını sevmişdi. Taleləri onları ayırmış, Masının qarşısına sonralar Mustafanı çıxartmışdı. Ması arvad yaşlaşsa da sevdiyini unuda bilmirdi, hərdən həsrətli-həsrətli oxuyardı. Bəlkə oynamağı da, o həsrətini unutdurmaq məqsədi daşıyırdı. Nə bilmək olar…

Bayatı Rövşənin lap ürəyini ovxaladı. Sanki Ması arvad onun üçün oxuyurmuş. Alxan kişi yerindən dikəldi:

-Gecə yarıdan keçir, oğul, sən də yol gəlib yorul­musan, uzan dincini al, sabah qəbirüstünə gedərik. Danışılası o qədər əhvalat var ki, bir-bir hamısını eşidəcəksən.

                                      ***

Alxan kişi getdi. Rövşən evə keçib yük yerin­də səliqə ilə yığılmış yorğan-döşəyin üzərindəki örtüyü qaldırdı, bir dəst yataq götürüb köhnə taxtın üstünə saldı. Üst paltarlarını soyunub mizin qırağına qoydu, yatağa uzandı.

Yorğan-döşəkdən anasının İyirmi il bundan qabaq hiss etdiyi, heç nə ilə əvəz olunmayacaq doğma ətri gəlirdi. Qəribə­dir, uşaqlıqdan burnunda qalan o ətir iyi nələri xatırlatmırdı.

Yatmağa çalışdı, gözlərini yumdu. Gözlərini yuman kimi reallıq ilə yuxu arasında qaldı. Yuxuda bağlarını gördü. İlin yaz fəsliydi, güllər, çiçəklər açmışdı. Atası Novruz kişi bağı suvarırdı. Belin sapının qurtaracağından iki əlli yapışaraq çənəsinə söykənəcək verən Novruz kişi kərəviz kərdisinin su ilə dolmasını gözləyirdi. Anası Güllübəyim qızılgülləri yığırdı, Rövşənin hər şeydən çox sevdiyi qızılgül mürəbbəsi bişirəcəkdi. Sonra qızılgül talası genişlənib bütün bağı əhatəyə aldı. Güllübəyim ana qızılgülləri yığdıqca qurtarmaq bilmirdi, ananın üzü gülürdü, Rövşənin də üzü gülürdü.

Bu yerlərdə qızıllgül ən qiymətli bitkilərdən sayılırdı. Qızılgül mürəbbəsi əvəzedilməz nemətdi. İkiillik gül mürəbbəsi deyirdilər ki, baldan hökmlüdür. Elə belə də müştərisi başının üstün­dəydi, tez əmələ gəlir, tez məhsul verir, tez satılır, qazanc verirdi. Yer-göy qızılgül ətri ilə dolmuşdu, Röv­şən sanki qızılgül dənizində üzürdü, qulaq­larında anasının dediyi bayatı əks-səda verirdi:

 

Laylay dedim yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində,

Şirin yuxu tapasan.

 

Həyatında bəlkə də ən gözəl gecələrdən biriydi. Xatirələr bir-birini əvəz edirdi. Şirin xəyalların ağu­şunda sanki məst olmuşdu. Yenə də Camışboğanın üst tərəfindəki atasının xüsusi səliqə-sahmanı ilə cənnət guşəsinə çevrilmiş balaca bağlarında Selcanlı günləri xatırlayırdı. İlin yaz fəslindən başlayaraq payızın sonuna qədər gah göy-göyərti, gah böyürt­kən yığmaq, yaxud dərman bitkiləri toplamaq adıy­la evdən çıxan Selcanla bağda keçirdikləri xoş­bəxt anları yada düşürdü. Göy otların qoynunda qol-boyun olub uzanardılar. Selcanın qəribə arzuları olardı. İlk dəfə Selcanı öpdüyü anı, o öpüşün dadını xatırlayırdı. Selcanın nazik ipək paltarı ona nə qədər də yaraşırdı. Nazik ipək pal­ta­rın altında titrəyən yumşaq, yumru balaca döşlərini unuda bilmirdi. İlk öpüşün həyəcanı sifətini qırmızı almaya döndərmişdi. Rövşənin özü də həyəcanlıydı. Saf, təmiz, ülvi məhəbbətin ilk vüsalı yaşıllıqlar qoynunda təbiətin canlandığı bir dövrdə, sanki təbiətin özü ilə həmahənglik təşkil edirdi. Eşq deyilən hissi heç nə ilə əvəz etmək olmurdu. Bu nə dünyaydı, bu necə atəş idi? Heç indinin özündə də o hissləri yaşaya-yaşaya nələr baş verdiyini ayırd edə bilmirdi.

Selcan Rövşənin ağuşundan çıxıb armud ağacının ətrafında qaçır, Rövşən də onu qovur, tutmağa çalışırdı. Bir neçə dövrə vurandan sonra Sel­can yorulur, özünü təslim edirdi. Rövşənin ge­niş açılmış qolları arasında ömrünün bəxtiyarlığını yaşayırdı. Rövşən, bəlkə gündə yüz dəfə “səni sevi­rəm”- deyirdi. Selcan “ mən də səni sevirəm” deyirdi. Bəzən də Selcan Rövşəni sınayır, onu qeyzləndirmək istəyir, danışdırırdı:

  • Mən sənə inanmıram. Məni inandır.
  • Axı, necə?
  • Bilmirəm, sən dağları sevirsən?
  • Əlbəttə, sevirəm.
  • Çox sevirsən?
  • Əlbəttə.
  • Məni də çox sevirsən?
  • Səni də çox sevirəm.
  • Dağları çox sevirsən, yoxsa məni?
  • Hər ikinizi…
  • Yox yalan deyirsən…
  • Yalan demirəm.
  • And iç…
  • Nəyə and içim?
  • Bilmirəm…
  • O göyə, bu yerə and olsun ki, səni çox sevirəm

lap çox sevirəm.

Günlər beləcə keçib gedirdi. Hər axşam çağı yaxınlaşanda mütləq Selcanın balaca vedrəsini böyütkən ilə doldurmaq da Rövşənin işiydi. Əylisçayın hər bir dəhnəsində kifayət qədər böyürtkən kolu vardı. Qaralmış, şirələnmiş böyürtkənləri toplamaq asan olmasa da, Röv­şən bu işi sevə-sevə görürdü. Böyürtkən tikanları əl-qolunu cızsa da, Selcanın üzündəki xoş təbəssüm ağrı-acısını tez unutdururdu.

Selçan qaralmış bö­yürtkənlərdən bir neçəsini elə yeyirdi ki, böyürtkənin qıpqırmızı qan rəngi dodaqlarının ət­rafına yayılır, öpülməkdən göyərmiş yerlərini görünməz edirdi. Anası Sonya Selcanın Rövşəni sevdiyini bilirdi və ürəyində buna çox sevinirdi, qızının dodaqlarının göyərməsini də hamıdan yaxşı hiss edirdi.

Sonya qızının qəlbinə dəyməzdi, qızının düzgün seçimini ürəyində alqışlayır, Rövşənə – gələcək kürəkəninə mehriban münasibət bəsləyirdi. Rövşən Sonyanın bu kənddə dəyər verdiyi mərd, qoçaq və təmiz bir ailənin yeganə övladıydı. Selcan da təkiydi, iki təklərin cütlüyünü gözləyirdi Sonya. Sonya bu iki gəncin xöşbəxt ailə quracaqları günü gözləyirdi. Amma necə deyərlər, sən saydığını qoy, gör fələk nə sayır…

 

 

Günəş Ələngəzin arxasından dikəlirdi. Ada­ma elə gəlirdi ki, gedib Ələngəzin zirvəsinə çıxsan, əl uzadıb günəşdən yapışmaq olar. Uşaqlıqda Günəşə baxarkən min dəfə bu hissləri yaşamışdı. Bilirdi ki, Günəş çox uzaqdadı, ancaq yenə də uşaq vaxtı duyduğu, yaşadığı anları yaşayırdı. Günəşə baxdıqca uşaq vaxtı eşitdiyi Günəş ilə Ayın əfsanəsi bir daha yaddaşında canlanırdı.

 Deyirdilər ki, Günəş gözəl bir qız, Ay da cavan və yaraşıqlı bir oğlan idi. Onlar həmişə bir yerdə oynayardılar. Ay Günəşə vurul­muşdu, dəlicəsinə sevirdi. Ay bir dəfə Günəşin gözəl­liyindən o qədər təsirlənir ki, qeyri-ixtiyari olaraq Günəşin üzündən öpür. Günəş Ayın cəsarətindən əsəbiləşərək onun üzünə bir sillə vurur. O vaxtdan Ayın üzündə Günəşin vurduğu sillənin ləkəsi qalır və Ay küsərək Günəş­dən ayrılır. Günəş sonradan vurduğu sillənin peşi­man­çılığını çəkərək bütün günü Ayın arxa­sınca getsə də, Ay bir daha Günəşə dönmür, Gecənin qoynuna girir. O vaxtdan da iki sevgili kiçik bir səhvin ucbatından qovuşa bilmir, bir-birinin həsrəti ilə alışıb yanırlar.

   Günəşlə Ayın əfsanəsi nə qədər şirin olsa da, pəncərələrdən süzülən işıq istər-istəməz Rövşəni yerindən qaldırdı, evin qapısını açıb həyətə çıxdı. Həyətdə təzəcə açılmış qızılgüllərin ətri aləmə yayılmışdı, sinədolusu qızılgül ətirli təmiz havanı ciyərlərinə çəkib “oxqay” dedi. Şah Abbas çeş­məsinin həyətlərindən keçən quyusunun başına gəldi. İpə bağlanmış mis kuzəni quyuya endirdi. Kuzə quyunun dibinə çatanda ipi tərpədib kuzəni əydi, su kuzənin boğazından xorultu ilə içərisinə doldu, hiss etdi ki, kuzə ağırlaşdı. Rövşən ipi yığa-yığa kuzəni çəkib çıxartdı, buz kimi sərin su ilə üzünü yuyub, ovuc dolusu içdi.

 

 

Molla Nurməmməd məscidin mehrabına söy­kəli oturmuşdu. Qarşısında Quran cüzləri yığıl­mış­dı. Cüzlərdəm birini əlinə götürüb sakit avaz ilə oxuyurdu. Molla Nurməmməd bütün gününü beləcə məsciddə Quran oxumaq ilə keçirir, namaz vaxtı camaat ilə namazını qılır və dualarını edirdi. Hər dəfə də dua edəndə mütləq bu məscidi tikdirənə, tikənlərə Allahdan rəhmət diləyirdi.

Məs­cid Şah Abbas məscidi adlanırdı. Əylisdə məscid çox idi, amma nəinki Əylisdə, hətta bütün ətraf kəndlərdə Şah Abbas adına olan yeganə məscid bu idi. Həm də Şah Abbasın adına tək bu məscid deyil, məscidə bitişik tikilən üç günbəzli hamam və bu hamamın altından keçərək məscidin qarşısında çıxan, Əylisdə ən sulu çeşmə də Şah Abbasın adı ilə bağlıydı. Digər yerlərdə belə bir abidə kompleksinə rast gəlin­mə­mişdi. Əylisdə Şah Abbasın xeyirxah işləriylə bağlı əfsanələr dolaşırdı. Belə deyirdilər ki, Şah Abbas bir gün vəzirini yanına çağırıb deyir:

 -Vəzir, xəzinənin qapısını açın, məmləkətin hər yerində min məscid, min hamam,  min çeşmə tikdirin.

 Vəzir ölkənin hər yerindən memarları çağırıb Şah Abbasın fərmanını onlara çatdırır. Məscid, hamam, çeşmə tikiləcək yerlər müəyyənləşdirilir. Şah Abbasın tapşırığı ilə Əylis kəndi də bu siyahıya daxil edilir. Şah Abbasdan çox-çox əvvəl xanədan mənsublarının istirahət yerlərindən biri olan bu kənd şahlığın həmişə diqqət mərkəzində olmuşdu. Şah Abbas özü də dəfələrlə Əylisə gəlib dincəlmişdi.

Şah Abbasın fərmanına əsasən məmləkətdə 999 məscid, 999 hamam, 999 çeşmə tikilir. Şah Abbas vəzirindən nə üçün mindən bir əksik tikildiyini soruşduqda, vəzir 999-un səslənməsində bir əzəmət olduğunu söyləyir. Şah Abbas sözün deyilişini bəyənib, ağıllı vəzirini mükafatlandırır.

Şah Abbas məscidi Əylisdə ən böyük məscid­dir. Məscidin divarlarının qalınlığı iki metrədən artıqdır. Məscidin meydana tərəf dörd taxçası vardı. Bunlardan biri böyük taxça şərq tərəfə , o cümlədən hamamın qapısına və çeşməyə, iki böyük taxça cənuba, bir balaca taxça cənub-qərbə baxır. Üç böyük taxçaya açılan pəncərələr məscidin şərq və cənub tərəfdən işıqlanmasına xidmət edir. Cənub-qərbə baxan balaca taxçanın yanında məscidin həyətinə giriş darvazası tikilmişdi. Məscidin qərb tərəfində həyəti yerləşir. Qərb divarında yenə də böyük bir taxça, şimal-qərbində məscidin içərisinə açılan qapısı tikilibdir. Qapının yanında şimal tərəfdən iki mərtəbəli mədrəsə binası ucalır.

Mədrəsənin girişindəki dəhlizdən sağ tərəfə məscidin içərisinə qadın­ların ibadət etməsi üçün qapı açılır. Məd­rəsənin pillələri ilə ikinci mərtəbyə qalxdıqda daha bir qapının sağ tərəfə məscidin içərisinə açıldığını görmək olur. Bu da məscidin qadınlara xas olan hissəsinin ikinci mərtəbəsinə keçmək üçün nəzərdə tutulubdu. Məscidin tavanını saxlamaq məqsədi ilə ortalıqda daş oturacaqların üzərində 8 sütun quraş­dırılmışdır. Məscidin hündürlüyü 8 m, eni 15 m, uzunluğu 20 metrdir. Cənub tərəfdən minbər göy kaşılarla bəzədilmişdir.

 Məscidin şimal-şərq tərəfində üç günbəzli hamam tikilmişdir. Hamamın giriş hissəsindəki gümbəz digər gümbəzlərə nisbətən kiçikdir. Bu günbəz hamamın dərinliyinə gedən pillələrini işıqlandırmaq məqsədi daşıyır. Pillələrin qur­tara­cağında soyunub geyinmə salonu yerləşir. Salon dairəvi şəkildə qurulubdur. Hər tərəfdə böyük şərq memarlığı üslubunda tikilmiş taxçalar yerləş­dirilibdir. Salonun ortasında 8-10 kvadratmetrlik sahəsi olan balaca hovuz soyuq su ilə doldurulur. Bu balaca hovuzun ortasındakı fontandan fışqıran su hovuzun səviyyəsinin sabit saxlanılmasına xid­mət edir. Hamamda yuyunub çıxanlar ayaqlarını yaxala­maq məqsədi ilə bu hovuzun soyuq suyundan istifadə edirlər. Bu məqsədlə də hovu­zun ətrafına kiçik parçlar və ləyənlər qoyulur.

Çimmək salonuna çox da enli olmayan dəhliz ilə keçilir. Bu salon daha böyük olub, divarlarının dibində tikilmiş oturacaqlar ilə əhatələnmişdir. Divarlara bərkidilmiş kranlardan isti və soyuq su gəlir. Kisə çəkmək üçün uzanılacaq yerlər düzəldilmişdir.

Salonun şimali-şərq hissəsində daha bir neçə vacib əməllər üçün otaqlar ayrıl­mışdı. Hamamın hər iki salonu böyük güm­bəz­lər­dən düşən günəş şüaları ilə işıqlanırdı. Hamamın ocaqxanası şimali-qərb tərəfdə idi. Hamam yerin səthindən dörd metr dərinlikdə tikilmişdi, bu da hamamın tez isinməsinə səbəb olurdu. Hamam suyu cəndova, oradan da yeraltı kanalizasiya xətti ilə axıdılırdı. Məscidin və bütün ətraf evlərin çirkli suları ümumi kanalizasiya xəttinə qoşulmuşdu.

Şah Abbas çeşməsi hamamın içərisindən keçərək məscidin qarşısındakı meydanın səthindən təqribən 1,5 metr dərinlikdə üzə çıxırdı. Hamam bu çeşmənin suyu ilə işlədilirdi. Hamamın içində suyu ayırmaq və tənzimləmək üçün qurğu tikil­mişdi. Çeşmənin qurtaracağında dəstə­maz almaq yeri ayrıca üç tərəfdən bağlı olaraq inşa edilmişdi. Çeşmədə qab, paltar yumaq qadağan idi. Çeş­mənin suyu bol olduğundan bir neçə qola ayrılmışdı. Qollara bölünmüş su, demək olar ki, ətraf həyətlərin hamısından keçərək əhalinin suya olan tələbatını ödəyirdi.

Meydan mərkəz rolunu oynayırdı. Buradan üç istiqamətə yol, bir istiqamətə döngə ayrılırdı. Döngə Bəyməmmədin döngəsi, şərqə gedən məhəllə Xanlar məhəlləsi, məhəllənin sağ tərəfində birinci darvazanın açıldığı həyət Xanlar həyəti adlanırdı. Həyət dörd tərəfdən böyük, hündür, iki mərtəbəli binalar ilə əhatə olunmuşdu. Ümumi, böyük darvazanın yanında balaca bir qapı da ümumi həyətə açılırdı. Xanlar həyətinin cənub tərəfdən sərhəddi Xan bağına söykənirdi. Xan bağı Əylisdə ən böyük, ən gözəl bağ idi. Bu bağda çoxlu meyvə ağacları vardı. Alma, armud, ərik, alça, albuxara, əncir, üzüm, gilənar, gilas, cəviz, badam, fındıq, zoğal, innab, sumax ağacları zəngin çeşidləri ilə dillər əzbəriydi. Xan bağının şöhrəti Əylisdən çox-çox uzaqlarda da məşhurdu.

Meydandan şimal istiqamətində ayrılan küçə Xoşkeşinə gedir və ortada bir neçə istiqamətə ayrılırdı. Qərbə gedən məhəllə məsciddən bir qədər aralandıqdan sonra iki qola ayrılır, hər iki küçənin sonu Əylisçayda bitirdi. Cənubi-qərb tərəfdə Əylisçayın üzərində taxta körpü tikilmişdi. Şimali-qərb tərəfdə küçənin sonunda Əylisçaya düşən yerdə böyük darvaza axşamlar bağlanır, gözətçi damında gözətçilər keşik çəkirdilər. Bu məhəl­lə başdan-başa daş döşəməli, geniş və səli­qəli idi.

Meydanda divarlara bərkidilmiş neft çıraqları axşam olunca yandırılır, Şah Abbas məscidinin əzəmətini qabarıq şəkildə nəzərə çarpdırırdı. Bütün məhəllələrdə çıraqlar xidmətçilər tərəfindən yandırılıb söndürülürdü. Əylisin giriş yollarında olan dar­va­zalar da axşamlar bağlanırdı. Evlər, həyətlər hündür hasarlarla əhatələnmişdi, Əylis bir qalaya bənzəyirdi.

 

 

Səhər-səhər qəbirstanlıqda üç kişi vardı. Molla Nurməmməd çöməlib iki yan-yana qəbrin önündə dua oxuyurdu. Alxan kişi də yanını yerə qoymuşdu. Rövşən ayaq üstə dayanıb ata-anasının qəbirlərinə baxırdı.

Xallı da qəbirlərin səmtində, kənar tərəfdə eninə basdırılmışdı. Molla Nur­məm­məd bu heyvanın vəfasına görə şəriətin əksinə getmişdi, onun burada basdırılmasına icazə vermişdi. Bu hərəkətinə görə Molla Nurməmmədə giley-güzar edənlər də az deyildi. Amma ortalıqda bir həqiqət vardı ki, bu heyvan çox sədaqətli ol­muşdu. Onun əfsanəsi dillərdə dolaşırdı. Rövşən ürəyində özünü qınadı: “Allahın heyvanı nə qədər sədaqətli imiş. Sağ ol, Xallı! Mən səni belə bilməzdim. Sən də məndən sədaqətli oldun! Mən çox vəfasız oldum.”

Molla Nurməmməd ucadan- “fatihə”- deyib ayağa durdu. Üç kişi dodaqlarının altında xəfif səslə “fatihə” surəsini oxudular, “Allah rəhmət eləsin” deyib qəbirstanlığı tərk etdilər. Yolda Röv­şən Molla Nurməmmədin ovcuna bir qızıl beşlik qoydu, molla arif adam idi, gözucu pula baxdı, “Allah əvəzin versin”- dedi. Molla Nurməmməd yenidən məscidə qayıtdı. Alxan kişi evə üz tutdu, Rövşəni də dəvət etdi, lakin Rövşən dəvəti qəbul etməyib daha vacib işləri olduğunu bəhanə gətirdi.

Rövşən oradan Əylisçayın qərb tərəfindəki, dərədibi qəbirstanlığına gəldi. Telmanın qəbrinin önündə dayanıb onun da ruhuna dua oxudu, Allahdan rəhmət dilədi. Şam yandırdı, qəbir daşının üzərinə şamın əriyən yağından damızdırıb şamı bərkitdi. Sonra da Telmanın anasına, bacısına baş çəkməyi özünə borc bildi. Heç kəs də bilməsə, özü bilirdi ki, Telman onun yolunda qurban getdi. Telman sədaqətli, təmiz qəlbli, mərd dost idi.

Ayka arvadın gözləri tutulmuşdu, beli əyil­mişdi. Qızı Tamara olmasaydı, çoxdan dünyasını dəyişmiş olardı. Oğlu Telmandan sonra yaşamaq anaya qəbir əzabı qədər ağır gəlirdi. Sadəcə olaraq qızı Tamaranın xətrinə həyatın bütün işgəncələrinə dözməyə özündə qüvvə tapırdı. Axı Tamaranı tapşıracaq bir adam yoxdu. Bəlkə də hansısa bir erməni dığasının könlündən Tamaranı xoşbəxt etmək arzuları keçirdi. Ancaq Arakeldən qorxaraq ehtiyat edib kimsə bu ailəyə yaxınlaşmaq istəmirdi. Kimsə öz isti aşına soyuq su qatmağı arzulamırdı. Xüsusilə bu dönəmdə türklər ilə mehriban münasibətdə olan ermənilərə qarşı gizli bir kampaniya başladılmışdı və bu kampaniyanın başında Arakel dururdu. Bütün ermənilər bunu bilirdilər. Belə bir həssas vaxtda ermənilər də suyu üfürə-üfürə içirdilər. Hətta ermənilər qorxuların­dan nə Aykanı, nə də qızı Tamaranı yaxına qoyur­dular. İşsiz qalan, ehtiyac içində olan ana-bala türk­lərin yanında çalışır, ən ağır zəhmətə qatlaş­maq məcburiyyətində qalırdılar. Ana-bala daş daşıyır, kərpic kəsir, ot biçir, odun yarırdılar, təki bir tikə çörək olsun.

Rövşən Telmangilin darvazasının taqqul­ba­bını taqqıldatdı. Uzun illər idi bu taqqulbab taqqıldamamışdı. Aykanın qulaqları ağır eşidirdi, odur ki, qapının döyülməsini eşitmədi. Tamara həyətə çıxıb darvazanı açdı. Qarşısındakı adamı görüb çaşdı. Xatırlamağa çalışdı:

-Özüdür, Roşəndir, Roşən…

 Sözünü ardını gətirə bilmədi, özü də bil­mə­dən özünü Rövşənin qucağına atdı, boynunu qucaqlayıb ağladı:

-Ana, Telman gəlib…

 Ayka arvad hiss edirdi ki, nəsə qeyri-adi bir ha­disə baş veribdi, lakin anlamaqda çətinlik çəkir­di. Tamara ağladı, güldü, yenə ağladı, Rövşənin əlini buraxmadı, çəkib anasının yanına apardı, anasının qulağına Rövşənin gəldiyini dedi. Ayka arvad oturduğu yerdən bir təhər dikəlib Rövşəni qucaqladı və o da ağladı. Ayka arvad Rövşəni iyləyirdi, iy­lə­yirdi, doymurdu, – Telmanın iyi gəlir səndən,- de­yirdi və yenə ağlayırdı.

   Tamara əl-ayağa düşdü, samovarı qaynatdı, çay dəmlədi, keçmiş günləri yada saldılar, kövrək an­lar yaşandı. Ayka Rövşənə,- bundan sonra rahat ölə bilərəm, sən gəldin elə bildim Telmanım gəldi, Tamara sənə əmanət, ay oğul,- dedi və ağladı.

   Rövşən bu evdən ayrıla bilmirdi, dərdli ananı, gözüyaşlı bacını dilə tutmağa çalışır, bun­dan sonra onlara tez-tez baş çəkəcəyini deyir, ümid­ləri hər yerdən üzülmüş ailəyə təskinlik verirdi. Ayağa duranda mizin üstünə 2 onluq qızıl qoydu. Bu, ailənin heç vədə qazana bilmədiyi böyük sərvət idi.

Tamara, yox, elə şey olmaz,- de­yib qızılları qaytarmağa çalışırdı. Rövşən, qardaş payıdır, məni qırmayın, nə olar? – dedi.

– Onda bir şartnən…

– Hansı şərtinən?

– Borc kimi qabul edarık…

– Olsun…

Rövşən xudahafizləşib ayrıldı, içindən qara qan­lar axırdı, bu ailənin başına öz qövmü tərəfin­dən açılan müsibətlər insanlıq adına yaraşmırdı. Ancaq burada da çox qala bilməzdi, əvvəla, ailənin kə­dəri həddindən artıq üzücü idi. İkincisi də Rövşənin ümumi məqsədində yeni həyata qayıdış problemi dururdu.

Xəyal Tamaranı keçmiş günlərə apardı. Ötən zaman Rövşənin saçlarını ağartmış, üzünə və alnına vaxtından əvvəl dərin qırışlar salmışdı. İlk sevgisinə sadiq qalaraq evlənməmişdi. Görünür Rövşən hələ də Selcanı sevirdi. Elə Selcan da Rövşəni unuda bilmirdi. Tamara yaxşı bilirdi bunu.

Tamara onu da bilirdi ki, Selcan hələ Vanikin sağlığında neçə dəfə canına qəsd etmək istəmişdi. Hətta, bir dəfə onu zirzəmidə özünü asdığı kəndirdən son anda qurtara bilmişdilər. Vanikin ölümündən sonra isə yığışıb buraları tərk etdi. Selcan Rövşəni sevirdi, bu sevgisi daşa dəyəndən sonra sanki həyatdan küsmüşdü. Tamaraya bu haqda Selcan özü danışmışdı.

Dünyada qismət deyilən bir ölçü var. Deyirlər, “qismətdən artıq yemək olmaz”. Bu, bəlkə də belədir. Amma Selcan buna inanmırdı, onun qismətini əlindən almışdılar.

İnsan həyatında ən ağır cəza onu sevdiyi insandan ayırmaqdı. Selcanı sevdiyi insandan ayırmışdılar. Ondan da ağır cəza sevmədiyin, nifrət etdiyin adamla bir yerdə yaşamaq məcburyyətinə məhkum edilməyindi. Selcanı buna da məhkum etmişdilər. İstəmədiyi halda hər gün Vanikin murdar sifətinə baxmaq, gecələr yatağına soxulan bu əzazilin şıltaqlarına dözmək kimi işgəncəli bir həyat yaşamalı olurdu. Şükür edirdi, yaxşı ki, Uca Yaradan onu bu cəzadan tez xilas etdi.

Selcan bir də onu demişdi ki, hər addımbaşında Rövşənin nəfəsini kürəklərində hiss edirdi. Sanki Rövşən gözəgörünməz bir varlığa çevrilib hər yerdə onu izləyirdi. Selcan bundan xoşlanırdı. Saatlarla oturub sevdiyin insanı yanında hiss edərək, qiyabi də olsa, onunla danışmaq, onun xoşuna gələ biləcək işlər görmək Selcana yaşamaq üçün ümid verirdi.

Dəfələrlə hər şeyi atıb getmək, Rövşəninə qovuşmaq istəyi ürəyindən keçmişdi. Həmişə də od ilə su arasında qalmışdı. Amma Rövşənin saf, təmiz dünyasına çirlənmiş, palçığa atılmış bir əmanətlə qayıtmağı vicdanı qəbul etməmişdi. Hərçənd Selcanın vicdanı təmiz, qəlbi saf, alnı açıq idi, amma yenə də müəyyən mənada özünü təqsirli bilirdi. O, gərək özünü qorumağı bacaraydı. Əfsus ki, ox yayından çıxmış, güllə atılmış, məhəbbət bağında soyuq küləklər əsmişdi. Nə solan güllərin əvvəlki lətafəti qalmışdı, nə bağın bağbanında həvəs.

Bu acı qisməti ömrüboyu tək yaşamağa məhkum edilmiş, sevdiyi insanı da öz duyğuları ilə baş-başa buraxmışdı. Sevdiyi insanın işığını yeganə təsəllisi qızına verdiyi adın anlamında yaşatmaqla tapırdı. Lusik Rövşən kimi işıqlı anlamında Selcanın arzusu, ümidi, təsəllisiydi.

Selcan Rövşəni sevirdi, ölənə qədər də sevəcəkdi. Kimsə bu sevgini onun ürəyindən söküb çıxarda bilməzdi. İnanırdı ki, bu dünyada ayrılsalar da, ruhlar aləmində mütləq birləşəcəklər. İndi isə ağrılı, acılı taleyini yaşayırdı.    

 

                                ***

Rövşən isə tövbə etmək, özündən asılı olmayaraq cəmiyyətin itələyib saldığı bataqlıqdan qurtulmaq, yenidən düz yola qayıtmaq, xalqına, yurduna xeyirli insan olmaq istəyirdi. Tövbənin də özünəxas cəhətləri vardı ki, mütləq din xadimləri ilə məsləhətləşməli, düzgün qərar qəbul edilməliydi. Bu gün mütləq Mirzə Tahir Əfəndi ilə görüşmək lazımdı. Bir an ləngimədən əfəndini görmək istəyirdi.

Mirzə Tahir Əfəndi Nəcəfdə ali ruhani təhsil almış, uzun za­man İstanbulda müftülük etmişdi. Vətənə qayıt­dıqdan sonra Şah Abbas məscidində otururdu. Son vaxtlar yaşlaşdığından evlərinin yaxınlığındakı Vırağırd məscidində məskən eyləmişdi. Mirzə Tahir Əfəndi özü də Vırağırd qəryəsində (məhəllə) yaşayırdı. Bu qəryə ilə Şah Abbas məscidinin arasın­da üç km-ə qədər məsafə vardı. Bu səbəbdən də Mirzə Tahir Əfəndiyə Əylisin Şah Abbas məscidinə gəlib getmək zorluq yaradırdı.

 Rövşən köhnə tanışların gözünə görünmədən Mirzə Tahir Əfəndinin yanına gedib çat­mağı arzulayırdı, ona görə də daş döşəməli, səliqəli küçələrlə yox, çayın kənarı ilə getməyi məqbul saydı. Budur artıq Vırağırd qəryəsində Mir­zə Tahir Əfəndinin evinin önündən keçib məscidə yaxınlaşdı.

Məscidin yuxarı başında Mirzə Tahir Əfəndi tək-tənha oturub Quran oxuyurdu. Məscidin qapısının cırıltısına gözlərini Qurandan ayırıb gələn adama baxdı, tanıya bilmədi. Rövşən gəncliyində Vırağırd məscidinin ətrafından dəfələrlə keçib getsə də, məscidin içərisinə girməmişdi. İlk dəfə gördüyü məscidin içərisini nəzərdən keçirdi. Mirzə Tahir Əfəndi dilləndi:

   -Yaxın gəl, oğlum.

Rövşən yaxınlaşıb salam verdi:

-Salam-əleykum, Mirzə Əfəndi.

-Əleykum-salam və rəhmətullahu və bərə­katu. Xoş gəldin, oğlum, məramın nədir?

-Əfəndim, tövbə etmək istəyirəm.

-İyi, hayırlı olsun. Pəki sənin günahın nə, oğ­lum?

-Əfəndim, mənim işləmədiyim günah yoxdur. Çox günahkaram, görəsən günahlarım bağış­lanarmı?

-Rabbim adildir, ucadır, bağışlayandır. Tövbə edərsən, oruc tutub, namaz qılıb zəkat verərsən, ziyarət­lərə gedərsən, inşallah günahların bağış­lanar, axirət dünyan işıqlı olar.

-Əfəndim, sizin dediklərinizin hamısını yerinə yetirməyə hazıram. Ancaq mənim bir ar­zum var, tövbəmin bu dünyada qəbul olunduğunu bil­mək istəyirəm. Siz mənim tövbəmin qəbul olun­duğuna zəmanət verə bilərsinizmi? Mən tövbəmin qəbul olunduğunu necə görə bilərəm?

 Mirzə Tahir Əfəndi fikrə getdi, bir xeyli dü­şündü. İstanbulda işlədiyi vaxtlarda da bəzən elə suallar ortaya çıxırdı ki, təfsilatı ilə düzgün cavblandırmaqda çətinlik çəkirdi. Çünki şəriətdə o qədər həllini tapmamış suallar var ki, bəlkə onların təfsirini Məhəmməd peyğəmbər səlavatü-səlləm özü verə bilərdi. İndiki təfsirçilər bəzən biri-birini inkar edir. Bu hal islama sonradan yamaq edilmiş təriqətlərdə daha çox özünü göstərməkdədir. Təriqətlər arasındakı ziddiyyətlərin islaha ehtiyacı vardır. Tövbə də islamda vacib olan, həm də mürəkkəb bir məsələdir.

Mirzə Tahir Əfəndi düşünür, Rövşən də səbirlə gözləyirdi.    

-Pəki, oğlum. Mənim dediklərimdə fayda var­dı. Amma, sən ki, bu anlamda israrlısan, mən ona cavab verməkdə acizəm. Çünki bu günə qədər böylə bir şey nə eşidildi, nə də görüldü. Bizdən də yaşlı, dünyagörmüş adamlar, bəlkə də böylə bir şeylər eşitmiş olalar. Bəlkə onlar bir yol göstərə bilələr.

-Əfəndim, belə bir adam varmı, siz tanı­yırmısınız?

-Böylə bir yaşlı adam mən tanıyıram, sənə bir yol göstərəcəyəm, qəbul etsən də, etməsən də öz işindir.

-Buyurun əfəndim, sizi dinləyirəm.

-Oğlum, bu qəryədən aşağı gedəndə, çuxur məhəl­lənin sonunda, Cəvizli tərəfdə dağın dö­şün­də bir kəlisa var, görmüş olarsan.

-Bəli, görmüşəm, əfəndim.

– Mən babamdan eşitmişdim ki, o kəlisanı Elxanilərin zamanında Hülaki xanın baş hərəmi Doqquzxatun xanım tikdiribdi. Doqquzxatun xanım nəsrani dininə mənsub türklərdən – ərmən tayfa­larındandı, xeyriyyəçiliklə məşğul olur, kəlisalar tikdirirdi. Bizim bu kəndə də hər yayda xanədan mənsub­ları dincəlməyə gələrdilər. Bir yay Doqquzxatun xanımın özü də, burada istirahət et­məyi qərara alır. Doqquzxatun xanımın son zamanlarda canında ağrılar artmışdı. Bu kəndin səfalı havası, şəfalı suları Doqquzxatun xanımın ağrılarını canından çıxarır. Burada onu narahat edən xəstəlikdən şəfa tapan baş hərəm bu kəlisanı tikdirmək qərarına gəlir. Üstəlik İsfahandan bura dini alimlər gətirir, özü də sıx-sıx gəlib burada yaşayır, həmin kəlisada ibadət edərmiş.

 Həmən kəlisada Mikayıl adında, o vaxt gələn alimlərin nəslindən olan bir abid var, nəsranidir, türkdür, ərmən tayfasındandır, haylardan deyil, amma indi haylar onu özlərindən sayırlar. O abid çox dünyagörmüş adamdır. Həftədə bir dəfə adamlarla görüşüb dərdlərinə qulaq asar, qalan günləri ibadətlə məşğul olar, qədim dualar oxuyar, o dualar da həpsi qədim türk lisanındadır. İstəsən bir onunla da məsləhətləşə bilərsən.

Mirzə Tahir Əfəndi yenidən başını aşağı salıb Quran oxumağına davam etdi. Rövşən, – sağ olun, əfəndim, – deyib küçəyə çıxdı. Burada da divarlar, səkilər səliqə ilə işlənmişdi. Küçənin sonu dağların ətəklərinə qədər uzanırdı. Sakitlik idi, o qədər sakitlik idi ki, Vırağıt çeşməsinin şırıltısı küçə boyunca eşidilirdi.

Rövşən məsciddən ayrılıb kilsəyə tərəf yol aldı. Yol boyu dindarlarla görüşünü analiz edir, başında dolanan qarışıq fikirlərin dalğaları ilə çarpışırdı. Dindarlar bir-birini əvəz edir, Rövşən onu narahat edən suallara cavab tapa bilmirdi. Amma Mirzə Tahir Əfəndinin dedikləri ilə intiligentin söylədikləri tamamilə bir-birinə bənzəyir, üst-üstə düşürdü.

Mirzə Tahir Əfəndi dünya­görmüş adamdı, görkəmli bir nəslin nüma­yəndəsiydi, nəsil şəcərəsi çox qədimlərə ge­dib çıxırdı, dədə-babadan bu kənddə yaşamışdılar. Deyilənlərə görə Vırağırd məscidini də onun ulu babaları tikdirmişdi. Allah Mirzə Tahir Əfəndinin babalarına da rəhmət etsin. Yaxşı kişilər bu dünyada yaxşı ad qoyub getmişlər. Hələ Əylisin küçələri; kişilər nə qədər də bu küçələrə xərc qoyublar, daş döşəməli bu yollarda səliqə, sahman böyük bir şəhər mədəniyyətini xatırladır. Divarların dibində düzəldilən səkilər təbii relyefə uyğun olaraq yağan yağışın, qarın suyundan divarların aşın­masının qabağını almaq məqsədi ilə inşa edilibdi.

Rövşən gəlib Cəvizlidə Əyridağın dibindən çıxan Daş çeşməyə çatdı. Daş kilsənin həyət qapısı Daş çeşmənin üstündə şimal tərəfdən idi. Rövşən əvvəlcə Daş çeşmədə əl-üzünü yudu, buz kimi sərin suyundan ovuclayaraq içdi, qamətini düzəldib “oxqay” dedi.

Çeşmədə sakitlik idi. Adətən qızlar çeşmə başına gündə iki dəfə – səhər və axşam çağları gələrdilər. Daş çeşmə Şam çeşmədən fərqlənirdi. Şam çeşmə həmişə yığınaqlı olardı. Qızlar Şam çeşmənin başında dəstə ilə dayanıb səf bağlayanda durna qatarına bənzəyirdi. Çeşmə başında qızları görəndə o vaxtlar çox məşhur olan, dildən-dilə dolaşan bir qoşma yadına düşürdü:

 

Çərşənbə günündə çeşmə başında,

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun, keçdi sinəmdən,

Cadu-qəmzələri qanıma düşdü.

 

Deyirdilər ki, bu Göyçəli Aşıq Ələsgərin qoşmasıdı, necə də düzüb qoşubdu, elə bil Rövşənin sevgi macərasını görüb yazıbdı. Axı, Selcan da elə Rövşəni çeşmə başında yaralamışdı. Rövşən Selcanı sevirdi, lap çox sevirdi. Amma indi ondan heç xəbəri də yoxdur.

Rövşən çeşmə başında xəyala getmişdi, bura niyə gəldiyi, nə edəcəyi yadına da düşmürdü. Əylisə gələndən dalğınlığı artmışdı, özündən asılı olmayaraq, hər an ötən günləri xatırlayır, hər dəfə də özünü vəfasızlıqda qınayırdı. Burada da bir müddət beləcə xəyala dalaraq qaldı. Xeyli sonra özünə gələndə xatırladı ki, kilsəyə gedib keşiş Mikayılı soruşmalıdır.

Kilsənin həyətinə girdi, keşiş Mikayılı soruşdu, dedilər ibadətlə məşğuldu, həftənin şənbə günü onunla görüşə bilər. Kilsənin hə­yətindən çıxıb bazara tərəf getdi. Yol boyu rast­laşdığı gənclər, uşaqlar dayanıb salam verirdilər. Nə qədər də gözəldi, bu kənddə tanıdı-tanımadı özündən böyüyün ayağına durmaq, salam vermək, yer göstərmək ən yaxşı adətlərdən idi.

Bazarda uşaqlıq yoldaşları Musa, Səlim və Hayrik ilə rastlaşdı. Bir tərəfə çəkilib söhbət edirdilər. Bazarda səs-səsə qarışmışdı, həmişəki kimi qələbəlik idi. Nugədihdən gələnlər yağ, pendir satırdılar. Qəssab Yaqubun dükanının qabağında bir cöngə, iki qoç bağlı olaraq kəsilməsi zamanını gözləyirdi. Qənarədən asılmış ət parçalarının ətrafında it arıları uçuşurdu, yüzlərlə arı qənarənin kənarında asılmış bir parça ağ ciyərin sonuna çıxmaqdaydı. İt arısı nə qədər də artmışdı.

Bakı kəndlərində it arılarına qarşı aparılan mübarizə üsulları yadına düşdü. Bakı kənd­lərində üzümə daraşan it arılarından qurtul­maq üçün bakılılar qəribə bir üsul tapmışdılar. Ağzı dar şüşə qablara şirəli su doldurub üzüm tənəklərindən asırdılar. İt arıları şirəli suyun iyinə qabın içərisinə doluşur, çıxa bilməyib orada boğulur­dular. Çar höküməti də insanları beləcə şüşə qablara doldurub ağzını bağlamışdı. Hayları da belə şirin vədlər ilə aldadıb gətirib bu kəndlərə doldurmuşdular.

Qəssab Yaqubun dükanının yanında Arakelin dükanıydı, gözucu oranı da nəzərdən keçirdi. Arakelin dükanında işləyən dığanın sifəti satdığı şilə kimi qızarmışdı.

Rövşənin qayıtması xəbəri Arakelin qulağına çatmışdı. Bu kənd beləydi, nə olsa ildırım sürətiylə tez yayılırdı. “Simsiz telqraf” deyilən bir ifadə də elə o vaxtdan formalaşmışdı. Xüsusən Arakel kəndə gəlib gedənləri izləməyi ətrafındakılara möhkəm-möhkəm tapşırmışdı.

Arakel cin gözlərini qıyaraq baxır, Rövşənin belə cəsarət ilə gəlib bazara çıx­masını sindirə bilmirdi. Acığını dığanın üstünə yıxır, erməni gənclərinin fərsiz olduğunu, türklər­dən qorxduğunu acıqlı-acıqlı ifadə edir, dığanı danlayırdı. Dükanın açıq qapısından Rövşənin hər bir hərəkətini izləyirdi. İmkanı olsaydı elə bu dəqiqə onu qanına qəltan etdirərdi. Amma təbii ki, günün günorta çağında, bazarın ortasında bu cəsarətdən məhrumdu, Rövşən də iyirmi il bundan əvvəlki təcrübəsiz, gənc, qorxub qaçan bir adama oxşamırdı, belə olsaydı, bazara çıxmağa cəsarət edə bilməzdi, həm də Arakel bu ötən müddətdə onu dəfələrlə Bakıda məhv etdirməyə cəhd etsə də, müvəffəq ola bilməmişdi. Həm də belə məqamda daha mühim bir işlə məşğuldu, bu iş başa çatsa, canı nəinki Rövşəndən, buradakı türklərdən birdə­fəlik qurtaracaqdı, indi isə yanındakı dığanı danlasa da, özü də səbrlə başlanılmış işin başa çatmasını gözləyirdi.

 Bazarda ermənilərin və türklərin dükanları yan-yanaydı və şərqdən qərbə tərəf uzanırdı. Dükanların arasındakı 20-25 metrlik ara məsafədə digər kəndlərdən gələnlər öz matahlarını qoyub satırdılar. Kənardan gələn atlılar və piyadaların əksəriy­yəti bazarın o başında yerləşən kar­vansa­ra­nın həyətinə daxil olur, yerbəyer olandan sonra bazara çıxırdılar.

Bazarın ortasında böyük çinar ağacının qarşısında Pirverdinin çayxanası yerləşir­di. Pirverdinin zarafatları çayından ləzzətliydi. Çay içənlərin çoxu çay içməkdən daha çox bura Pirverdinin söhbətlərinə, zarafatlarına qulaq asmağa yığışırdı. Pirverdi hərdən dükanın qapısını açıb başını bayıra çıxarır, qışqırırdı:

 

Ay çay içən, gəl bəri,

Pürrəyi çay-məxməri.

Əhvalın xoş-hal olar,

Unudarsan dərdləri.

 

Pirverdi bu dəfə də qapını açıb başını qapının arasından bayıra tərəf uzadıb, -“Ay çay içən”- deyib qışqırmaq istəyirdi ki, Rövşən gözlərinə sataşdı. Gündəlik bazara gələnlərin nəsil şəcərəsini əzbər bilən Pirverdi gözlərini qıyıb uzun zaman görmədiyi adama baxdı, əlindəki qabları masanın üstünə buraxıb tələsə-tələsə bayıra çıxdı, gəlib Rövşənin boy­nunu qucaqlayıb alnından öpdü:

-Baba ocağına xoş gəlmisən, Rövşən!..

– Sağ ol…

Pirverdi Rövşənin uşaqlıq yoldaşlarından idi. Çayçı dükanı ona babasından qalmışdı, çayçını işlədir, ailəsinə bir tikə çörək pulu qazanırdı, özü də zarafatından, məzəsindən qalmazdı.

Pirverdini o biri çayçılardan fərqləndirən bir cəhəti də vardı. Babasından sonra çayçının bir küngünə pərdə çəkib özəl bir guşə düzəltmişdi. Həmən guşəyə də bir neçə kətil və bir masa qoymuşdu. Burada Pirverdinin özəl qonaqları ağırlanırdı. Yəni pərdənin arxasına keçənlər çay içməyə gələnlər deyil, bir tikə çörək yemək istəyənlər olurdu. Burada həm də çaydan fərqli olaraq, erməni Anu­şun yerli istehsalından – tut arağı içilirdi. Pirverdi Anuşun yerli istehsalını “ağ aslan” adlandırırdı.

Pərdənin arxası həmişə dolu olardı. Bu gün nədənsə pərdə arxasının müştərisi olmamışdı. Səhərdən qəssab Yaqubdan aldığı yağlı erkək ətindən bişirdiyi bir qazan taskabab da ocağın qırağında dızıldaya-dızıldaya dururdu. Görünür bu Rövşənin qisməti imiş. Necə deyərlər, qonağın qisməti özündən əvvəl gələr.

Pirverdi Rövşənin qoluna girib dedi:

-Bu gün mənim qonağımsız, sizi heç yerə buraxan deyiləm, Anuşun “ağ aslanı” da yanında.

 Dostlar pərdənin arxasında xeyli oturdular. Anuşun istehsalından olan bir litirlik şüşə içilib qurtardı. Pirverdi yeni “şüşə” arxasınca getmək istəyirdi ki, Hayrik yerindən qalxdı, dedi:

-Bu dafa man gatıracam.

Hayrikin dükandan çıxmağı ilə qayıtmağı bir oldu, əlindəki bir litrlik şüşəni masanın üstünə qoydu. Pirverdi masanın üstünü yenidən quru meyvələr, səbzələrlə doldurdu.

 Məclis davam edirdi. Gecə yarıdan keçmişdi, çayxanada bu dəstədən savayı kimsə qalmamışdı. Hayrik son bardağı da qaldırıb dedi:

-Rövşan, ela akpercan, halal olsun sana.

Beləliklə Hayrikin gətirdiyi şüşəni də boşa­ldıb ayağa durdular.

Pirverdi dükanın qapısını arxadan bağlayıb, mizləri qoşalaşdırıb yatdı. Musa ilə Səlim ayrılıb evlərinə getdilər. İçki Hayriki ağıllı-başlı tutmuş­du, Rövşən onu evlərinə qədər ötürmək istədi. Hayrik çinarın yanından keçəndə birdən-birə başını qaldırıb göy üzünə baxdı. Ay çıxmışdı, hər tərəfi işıqlandırırdı. Hayrik Aya baxıb,- Günaş çıxıb,-dedi.

Rövşən,- Günəş deyil, Aydır,- dedi.

Hayrik;

– Yok, akpercan, Günaşdir.

Rövşən:

-Aydır.

-Gəl soruşaq.

Daş səkinin üstündə kənardan gəlmiş məzlum bir nəfər oturmuşdu, səhərin açılmasını gözləyirdi. Ona yaxınlaşıb Hayrik soruşdu;

-Ara kirvə, onu görürsən,- deyib Ayı göstərdi,- man deyirəm o Günaşdi, manım arkadaşım deyir Aydır. Ara kirvə, o nədir, ha, san düzünü deyna.

Rövşən dinləndi:

-Mən deyirəm o Aydır, bu deyir yox Günəşdir, sən düzünü deginən…

Kişi öz-özünə,- “qərib yerdə axşamladıq”- dedi.

Hayrik;

-Nə dedin, kirva…

Kişi qorxuya düşdü, iki sərxoş adam ilə üzləşmək o qədər asan iş deyildi. Fikirləşdi ki, nə desin, necə desin ki, bu adamlardan qurtulsun. “Kirva” deməyindən başa düşdü ki, Hayrik er­mənidir. Ürəyində özünü danladı ki, nə olub, nə xəbər­di ki, gecə qaranlıqdan durub bazara qaç­mısan. İndi mən başıma nə çarə qılım, nə deyim bu gecə vaxtı?! Desəm Aydı, qorxuram, bu daşnak köpəyoğlu məni vurub öldürə, yox, onun tərəfini saxlayıb desəm Günəşdi, axı, necə deyim, Günəş deyil. Həm də o biri bizimkilərə oxşayır, deməzmi, sən müsəl­mansan, amma yalan danışırsan. İndi mən neyləyim?

– Ha, noldu, kirva?..

 Kəndli dil-dodağı əsə-əsə,-vallah, mən bu kənddən deyiləm,- deyib qaçmağa başladı.

Hayrik onun arxasınca gülürdü;

-Ha, ha, ha…qaçdı, ha…

Rövşən Hayrikin qoluna girib,-gedək,- dedi. Hayriki evlərinə ötürüb öz evlərinə tərəf getməyə başladı. Aşağı körpüdən keçib böyük ala-qapının önündə dayandı. Darvazalar bağlanmışdı. Kənddə haylar ilə türklərin yaşayış məhəllərinin ayrıldığı yerlərdə ala qapılar tikilmişdi. Ağsaqqallar deyərdilər ki, əvvəllər bu kənddə ala qapılar olmazdı. Haylar bu yerlərə köçürülüb məskən salan­dan sonra bir müddət kəndin rahatlığı pozuldu, qarma-qarışıqlıq yarandı, oğurluq halları baş verməyə başladı. Bu səbəblərdən də kəndin ağsaqqalları yığışıb ala qapılar tikdirməyi qərarlaş­dır­dılar. İndi qapılar gecədən bağlanırdı. Ala qapıların yanında gözətçi bütün gecəni keşikdə daya­nırdı. Rövşən darvazanın taqqulbabını taqqıl­datdı, gözətçi yaxınlaşıb qapını açdı, Rövşəni içəri bu­raxdı. Bu gecə gözətçilik edən Alxan kişinin ortancıl oğlu idi. Rövşən zarafat etmək istədi:

-Qapıları nə bərk-bərk bağlayıbsan…

-Neyniyim, e, ay Rovşən dadaş, son vaxtlar yenə bu hayların arasında pıçhapıç başlayıb. Pıç­hapıç ev yıxar deyirlər, gərək ayıq-sayıq olaq.

-Deyirəm axı…

Rövşən fikirləşdi ki, Hayriki onun yanında görən haylar da onlara birtəhər baxırdılar. Elə Hay­rik özü də bir qədər narahat kimi görü­nürdü. Axıra qədər Rövşəni tək buraxmasa da, hər halda nədənsə ehtiyatlandığı hiss edilirdi.

 Yenidən intiligent yadına düşdü. Mizin arxasında saatlarla oturan, bir bardaq çaxırı qur­tum-qurtum içib ondan həzz alan intiligent yenə gu­şə gəlmişdi. Onun söylədiklərindən huşunda qalan misralar Rövşənin qulaqlarında cingil­də­yirdi:

 

Gör necə lərzə gəlib bütün bu meydan oynuyur.

Meydanın ortasında bir sarı şeytan oynuyur.

 

İntiligent Qarabağ hakimi İbrahimxəlil xanı da lənətləyirdi: Bilirsən, Dadaş, gorbagor olmuş İbrahim xan gətirdi bunları. Əslində, bilirsən nə var? İbrahim xan da, Cavad xan da şah olmaq istəyirdi. Hər iki xan rus imperiyası tərəfindən aldadılmış və sonra da məhv edilmiş bədbəxtlərdi. Bəlkə də o vaxt Ağa Məhəmməd Şah Qacarın ətra­fında birləşsəydilər, heç bu müsibətlər də başlarına gəlməzdi. Hələ bəzi tarixçilərin yazdığına görə Ağa Məhəmməd Şah Qacarın ölümü də İbrahim­xəlil xanın təşkilatçılığı ilə həyata keçirilmişdir.

İbrahim xan 1805-ci ilin may ayının 14-də Gəncənin 20 verstliyində Rusiyanın Qafqazdakı Ordu komandanı general Sisianovun Kürəkçay sahilindəki düşərgəsində bir bədnam himayə mü­qaviləsi bağlayaraq, rus imperatoruna sədaqət andı içib öhdəlik götürdü. Halbuki, Ağa Məhəmməd Şah Qacarın ölümündən sonra Fətəli Şah müxtəlif güzəştlər hesabına da olsa, Qarabağ xanlığını Rusi­ya­nın himayəsi altına keçməkdən çəkindirməyə çalışırdı. Fətəli Şah o vaxta qədər heç kəsə etmədiyi güzəştləri İbrahim xana təklif edir, Qarabağ mahalını şah xəzinəsinə çatmalı olan mədaxil ilə birlikdə əbədi olaraq İbrahimxəlil xana verməyi öhdəsinə götürürdü. Bütün bunların müqabilində isə Tiflis və Gəncə yolunun üstündə olan Əskəranın hər iki qalası və Şuşa qalasının ətrafında qazılmış səngərlərin şahlıq qoşunları tərəfindən idarə olunmasını istəyirdi. Amma İbrahimxəlil xan, bilirsən, nə etdi? Bədnam “Kürəkçay müqaviləsi” ilə Qarabağın taleyini qumara qoydu.

Məmləkətin görəcək günləri hələ qabaqdadır. Bu Qarabağ var ha; o Qarabağ yox, qarabattağıdır məmləkətin. Dadaş, sən məndən cavansan, inşallah, yaşayarsan, görərsən, hələ qara günləri var bu yurdun, bilirsən, elə sizin Əylisin də… bir məmləkətdə ki, kimsə gələ otura, sən də ona tabe olasan, daha o məmləkətdə, demək, sənə yer yoxdu, Dadaş. Qonağı mindirərik çiynimizə, sonra deyərik düşmür. Babam gərək oni çiyninə mindirmədən düşünəydin… Amma qəm eləmə, Dadaş, vur getsin, onsuz da dünya fanidir. Çox fikir eləmə, sözdü deyirəm də. Sözə qaldı, bizə qaldı…

 Amma çoxdan intiligentin dediklərini bu gün Mirzə Tahir Əfəndi də demişdi. Elə bil bir-birilərinə dil vermişdilər.

 

 

Səhər oyananda gün dağlara yayılmışdı, dağ­ların üzü gülürdü. Əylisin dağları çılpaq olsa da, mehriban idi, isti idi. Həmişə dağları belə gülə­rüz­lü görmüşdü. Bu gün də dağlar gülümsəyir, sanki ona “gəl-gəl” deyirdi. Qəlbində çoxdan çıxmadığı qayaların üstünə çıxmaq, gəzmədiyi dağları gəzmək istəyi baş qaldırmışdı. Bir vaxt Qaçaq Səmədin məskəni olmuşdu bu dağlar.

Bir gecə bir sürü canavar Əlbaba qayasında Qaçaq Səmədin üzərinə hücuma keçirlər. Səməd bir daşa söykənib əlindəki xəncər ilə səhər açılana qədər canavarlarla mübarizə aparmışdı. Hava işıq­lanandan sonra canavarlar Səmədi buraxıb getmiş­dilər. Canavarlar işıqda insana hücum etməkdən qorxarlar. Bu əhvalatı Rövşənə Qaçaq Səməd özü söyləmişdi. Bir də söyləmişdi ki, gərək canavardan qorx­mayasan, onlar çox hissiyatlıdırlar. Qorx­duğunu hiss etsələr, hücum edib parça­layacaqlar, ancaq qorxmadınsa, mübarizə apardığını görüncə, özləri də ehtiyat­la­nırlar.

Rövşən qarmaqarışıq fikirlər və xəyallar ilə başını bir xeyli yordu. Başında bir keylik vardı, tut arağının təsiri özünü göstərirdi. Özü özünü bir xeyli danladı. O, bura bütün pis əməllərə son qoymağa, tövbə etməyə gəlmişdi. İndi nə oldu bəs? Hələ tövbəyə başlamamış yenidən içkiyəmi qurşanacaqdı? Yaraşardımı? Yox, belə getməz, amma bu dindarlar da heç adama əməlli-başlı bir yol göstərə bilmirdi. Əgər Mikayıl keşiş də bir yol göstərə bilməsə, daha onda kimə inanmaq olar, nəyə etibar etmək olar. Axı, hər işin bir nəticəsi olmalıdır. Tövbənin də nəticəsi olmalıdır, ya yox? Bax, bir ağac əkərsən, ağac böyüyüb meyvə gətirər. Bəs tövbə də belə olmalıdır. Tövbə edib nəticəsini görməlisən. Mən tövbə etməyə gəlmişəm. Düzdür, mən çox naqis işlərlə uğraş­mı­şam, çox adamları döymüşəm, incitmişəm. Amma mən bir kasıbın malına göz dikməmişəm, bir əlsiz-ayaqsız adamı incitməmişəm, bir nəfər də olsun halal pul qazanan adamın evini aparmamışam. Mən yetimin malını yeyənləri döymüşəm, millətin malını oğurlayıb adını “millət atası” qoyanların pulunu əlindən almışam, axı deyirlər oğrudan oğruya halaldır. Mənim işim hacılarla, ağalarla, neft milyonçularıyla olubdur. Sağ olsun Qoçu Nəcəfqulu da həmişə mənə arxa, dayaq olubdu. Kaş ki, Nəcəfqulu kimi adamlarımız çox olaydı.

Tövbənin də şərtləri ağırdı, amma mən tövbə edəcəyəm. Şeyxülislam, Mirzə Tahir Əfəndi kimi alimlər bir yol göstərə bilmədilər, görək keşiş necə, mənim dərdimə bir çarə bulacaqmı?..

Həyət qapısı şaqqıltı ilə açıldı. Fatmabəyim qızı Gülnaz ilə həyətə girdi. Fatmabəyim əllərini dizlərinə çırpıb, yazıq Güllübəyim, yazıq bacım,- deyib ağladı. Fatmabəyim pillələri qalxmağa başladı, Gülnaz da onun ardınca gəlirdi.

-Xalan öləydi, oğul…

Rövşən pillələrin başında qarşıladı xalasını. Fatma­bəyim Rövşənin boynunu qucaqlayıb ağ­layırdı. Fatma bəyim bir az özünə gəlib Röv­şənin boynunu buraxan kimi, bu dəfə də, Gülnaz onun boynunu qucaqladı, o da, Rövşən,- deyib ağladı.

Ağlaşma sona yetməmiş Fatma­bəyimin əri Məşədi Kazım gəldi, qonşudan Alxan kişi gəldi. Qonum-qonşu, eşidən, bilən Rövşəni görməyə gəlirdi, ona təskinlik verir, səbir diləyirdilər. Elə bil Rövşənin ata-anası bu gün ölmüşdü, camaat da baş sağlığına gəlirdi. Fatmabəyim qollarını çırmalayıb qızı Gülnaz ilə evdə səliqə-sahman yaratmağa çalışdılar, həyəti süpürüb, qab-qaşığı yuyub təmizlədilər. Yük yerindəki yorğan-döşəyi bayıra çıxarıb havaya ver­dilər. Kişilər də həyətin bir küngünə çəkilib gündəlik hadisələri müzakirə etməyə başladılar. Söhbət fırlanıb-fırlanıb yenə də ermənilərdən düşürdü. As­lan baba dedi:

-Vallahi, son günlər bu başı batmışların içinə bir pıçhapıç düşüb. Dünənə qədər bizim çörə­yimizi yeyib adam olanlar bu gün bizi görəndə, elə bil ilan-qurbağa görürlər.

 Məşədi Bağır söhbətə qarışdı:

 -Vallahi, bunların əcəli gəlibdi. Özləri deyər ki, erməninin çıxacağı olanda hal qarışdırar.

 – Keçinin əcəli gələndə buynuzunu çobanın çomağına sürtər. Bunlar da belədir. – Bunu da Məmi dedi.

 – Ay kişilər, mən deyirəm ki, biz bu Arakelin də­rsini verməliyik, o bir zəhərli ilandır. Bu yazıq­ları da qızışdırıb fitnə-fəsad düzəltmək istəyir,- de­di Bığ Abbas.

 Aslan baba bu dəfə də üzünü Rövşənə tutub soruşdu:

 – Ay oğul, Rövşən, buraların halı bəllidi, danışmaqla qurtarası deyil, de görək o nöyüt şəhə­rində nə var, nə yox?

 – Elə orda da hərdən şuluqluq olur, Aslan baba. Əslində qara camaatın başını qatırlar. Oyun­lar hamısı varlı və həris adamlardan törəyir. Sadə camaat; istər türk olsun, istər erməni hər kəs öz hayındadı. Bir tikə çörək üçün gecə-gündüz çalışır.

 Fatmabəyim əri Məşədi Kazım ilə samavarı qaynadıb çay süfrəsi düzəltdi. Ayaq üstə duranlar çay süfrəsinə dəvət edildilər. Çaylar içilib, dünyanın gəliş-gedişindən söhbətlər edildi. Sonra da kişilər bir-bir yerlərindən qalxıb getdilər:

-Başın sağ olsun.

-Həmişə evində-eşiyində.

-Allah atana, anana rəhmət eləsin.

-Bu evin işığını sönməyə qoyma, ay oğul.

 Gələnlər bir-bir dağılıb getdi. Axırda xalası Fatmabəyim və qızı Gülnaz da getdi. Amma xalası getməmişdən möhkəm-möhkəm tapşırdı ki, özünə kor­luq vermə, yeməyə bizə gəl, xalanın dadlı-duzlu xörəklərinin dadına bax. Xalan qurban, sənin də kimin var bizdən başqa.

Rövşən də xalasına tez-tez baş çəkəcəyinə söz verdi, amma bilirdi ki, bir tikə çörək üçün heç yerə gedəsi deyil. Bilirdi ki, verdiyi söz xalasını qırmamaq üçündür. Xalası da başa düşürdü ki, Rövşən uşaqlıqdan da orda-burda yeməyi sev­məzdi. Hələ rəhmətlik Güllübəyimin sağlığında da görərdin Rövşən özü üçün ayrıca yemək hazırlayırdı.

Evə tam bir sakitlik çökmüşdü. Milçək uçsaydı səsi gələrdi. Evin səssizliyinə öyrənmişdi, çün­ki Bakıda da, demək olar ki, bu ötən illəri tək-tənha yaşamışdı. Əvvəllər Bakı mühitinə uyğunlaşa bilmirdi, anasını, atasını gözüyaşlı qoyub gəlmişdi. Özü də daha çox anasının xiffətini çəkmişdi, axı necə ola bilərdi ki, birdən-birə ən əziz adamlarından ayrılıb tənha yaşamağa məh­kum olasan. Misal var, deyərlər ki, mərdiməzarı axtarmağınan deyil, özü gəlib adamı tapır. Rövşəni də belə bir mərdiməzar tapdı, neçə ocağın yanar közlərini söndürdülər. Bir tərəfdə gözüyaşlı atası, anası, digər tərəfdə dərd içində qıvrılan, ömürlük mənəvi əziyyətlərə, təhqirlərə məhkum edilmiş, bulaq suyu kimi saf və təmiz olan Selcan və onun anası Sonya dayanırdı. Nə Rövşənin anası, nə də Sonya bu ağır dərdin altından qalxa bilmədilər. Hər iki ana bu dünyadan gözüyaşlı, nisgilli getdilər.

Qonşu həyətdən uşaq səsi gəlirdi. Kəblə Na­cinin nəvələrinin səsi yenə bir-birinə qarışmışdı. Uşaq səsindən gözəl bir nəğmə varmı görəsən? Yaşlılardan çox eşitmişdi ki, dağılsın o ev ki, oradan uşaq səsi gəlməyəcək. Görünür, bu yurdun da qismətinə bu acı həqiqətləri yaşamaq yazılmışdı. Axı, niyə, nəyə görə? Ax, Selcan, mən səni çox sevirəm, çox sevirəm, lap çox sevirəm. Eşidirsənmi məni?

 Rövşən özü ilə Selcanın balaca şəklini də gəzdirirdi. Yataq otağının baş tərəfində divardan isə Selcanın böyük portretini asmışdı. O vaxtdan da kimsə bu portretə toxunmamışdı. Anası rəhmətlik Güllübəyim ara-sıra portretin tozunu almış, həsrətli-həsrətli gəlini olmalıykən bəd­bəxtliyə uğrayan nakam taleli bu qıza baxmışdı.

Bu portret bu evdə hər şeyi əvəz etmişdi; doğulacaq uşaqları da, o uşaqların xoşbəxt gülüşlərini də. Bu evin kədəri də, sevinci də bu portretdən baxan qızdan asılıydı. Portretin qəribə tarixçəsi vardı.

Rövşən gənclik vaxtlarında rəssam­lıq ilə də məşğul olurdu. Bu həvəs onda lap uşaqlıqdan başla­mışdı, mədrəsədə oxu­duğu zaman yoldaş­larından onu fərqləndirən cəhət­lərdən biri də xüsusi rəssamlıq istedadına malik olmasıydı. Əvvəllər gül-çiçək, meyvə şəkili şəkən Rövşən sonra dostlarının portretlərini çəkməyə başladı. Bir dəfə Selcan niyə onun portretini çək­mə­diyini qəribə bir tərzdə bildirdi. Bağın kəna­rında ağ çay daşının üstündə qoşa oturmuşdular. Selcan ayağa qalxıb dedi:

– Eşitmişəm dostlarının şəklini çəkirsən, hamı sənin rəssamlığından danışır.

– Rəssamlıq deyəndə, yəni əl öyrəncəyi, elə-belə başımızı qatırıq.

– Rövşən sizdə bir misal var ha deyərlər. O necədir, molla haqqında? Mollaya deyirlər arvadın gəzmək sevəndi, necədi o misal?

– Bilirsən, söhbət Molla Nəsrəddin xocadan gedir. Molla Nəsrəddin xoca çox ağıllı adam olub, bir az da məzəkeş imiş. Onun sözləri lətifəyə çevrilib ağızlara düşübdü.

– Yaxşı, bildik, o misal necəydi?

– Hə, bir gün bir qrup adam Molla Nəs­rəddinə sataşmaq istəyir. Fikirləşirlər ki, necə edək ki, xoca əfəndini pərt salaq. Ona görə də arvadı ilə bağlı bir söz qoşub Mollanı acılamaq istəyirlər. Həqiqətdə isə Molla heç o vaxt evlənməmişdi. Birisi Mollaya deyir: – “ A Molla, deyirlər, arvadın bərk gəzəyəndi.

Molla Nəsrəddin xoca da belə cavab verir:

– Görəndə soruşun, bəs bizə niyə gəlmir?”

Adamlar gülüşür və gedirlər.

-Bax görürsən, Molla nə qədər arif adammış, amma sən…

-Mənə aydın oldu, qara qızın dərdi varmış. İstəyirsən sənin də portretini çəkim, gülüm, mus-mus deyincə, bir dəfə Mustafa deginən də…

-Ya mən demədim, bunu sən dedin.

Selcan yaxınlaşıb Rövşən ilə üz-üzə durdu və Rövşənin burnuna bir çırtma vurdu. Rövşən qollarını açıb Selcanı qucağına alıb yaşıl çəmənin üstünə qoydu, özü də onun yanında uzandı. Qeyri-ixtiyari dodaqları pıçıldadı:

 

               Çərşənbə günündə, çeşmə başında,

               Gözüm bir alagöz xanıma düşdü…

 

   Sabahı Rövşən Selcanın portretini işləməyə başladı. Əvvəlcə nabroskalar etdi, kağız üzərində cizgilər canlandıqca oradan ikinci Selcan boy­lanmağa başladı. Selcanın portreti hazır olanda, təbii ki, Rövşənin mükafatı da dadlı öpüşlər oldu. Amma portret bir yox, iki oldu. Birini Selcana verdi, birini də özü üçün saxladı.

 

 

Rövşən neçə gündü keşiş Mikayıl ilə görü­şəcəyi bu anı gözləyirdi. Daş kilsənin qapısından içəri keçəndə başını əydi. Kilsənin böyüklüyü ilə qapısının kiçikliyi tərs mütənasibdi. Qapıdan keçib başını qaldırdı, kilsənin düz ortasında dairəvi günbəzdən süzülən işıq zolaqları yarımqaranlığı çarpaz şəkildə kəsərək yayılırdı. Keşiş Mikayıl taxta şəbəkənin yanında taxt kimi düzəldilmiş oturacaqda əyləşmişdi. Uzun saqqalı ağarmışdı, əlindəki İncilə baxırdı. Rövşən bir qədər də yaxına gəlib baş əydi, keşişə ehtiramını bildirdi. Keşiş qarşısında dayanan orta yaşlı adama diqqətlə baxdı, lakin tanıya bilmədi, nə haylara, nə də ər­mən tayfasından olan türklərə oxşayırdı, daha çox yerli türkləri xatırladırdı, hər ehtimala qarşı soruşdu:

-Hayes, turkes?

-Türkəm, müqəddəs ata.

 Keşiş Mikayıl özü də xristian türklərdəndi, amma bu adamı öz aralarında heç görməmişdi:

– Müsəlman?

-Bəli, müqəddəs ata.

-Nə əcəb kilsəyə gəlmisən?

-Məni Mirzə Tahir Əfəndi sizin yanınıza göndəribdi.

-Mirza Taxir afəndi böyük alimdi. O, elə belə səni bura göndərməz, de görüm, dərdin nədir?

-Müqəddəs ata, mənim heç bir dərdim yox­dur, amma çox bəd işlərlə məşğul olmuşam, et­di­yim əməllərimə görə peşmanam, tövbə etmək istəyirəm.

-Oğlum, peşmançılıq tövbənin başlanğıcıdır. Əcəb ki, sən bu fikrə gəlmisən. Rəbbimizin tövbə qa­pısı bütün qulları üçün həmişə açıqdır. Axı sən müsəlmansan. Nə üçün Mirzə Tahir əfəndi özü sənin tövbə etməyinə vəsilə olmadı bas?

-Müqəddəs ata, müsəlman olmağına müsəl­ma­nam, amma mən bir müsəlman kimi özümü apar­mamışam, içki içib, oğurluq etmişəm, nahaq işlər görmüşəm, günahlarım çoxdur, lap çox…

-Rabbimiz rəhimli və mərhəmətlidir. Tövbə edərsan, günahların bağışlanar.

-Müqəddəs ata, mən tövbə etmək istəyirəm, amma bir arzum var.

-O nə arzudur, oğlum?

-Arzum belədir; mən tövbəmin nə vaxt qəbul olunacağını bilmək istəyirəm. Necə edim ki, Uca Yaradan tərəfindən tövbəmin qəbul edildiyini mən bu dünyada görə bilim. Məni narahat edən budur, nə olar, mənə kömək edin.

 Bir anlıq sükut yarandı. Keşiş Mikayıl fikrə get­di, alnını ovuşdurdu, sonra bu qəribə müsa­hi­bi­nə bir daha diqqətli nəzərlərlə baxdı:

-Oğlum, tövbə qapısının açarları Allahın əlin­dədir, tövbənin qəbul olunub olunmadığını yalnız özü bilər. Bizim elmimiz hələ o dərəcəyə çat­ma­mış­dır, mən acizəm, oğlum. Ancaq yenə də sənin ümi­dini qırmaq istəmirəm. Öz dininizə uyğun olaraq tövbə etməyin məsləhətdir. Allah köməyin olsun.

 Rövşən keşiş Mikayıldan da əlini üzüb kor-peşiman geri qayıdırdı. Artıq tam bir ümidsizlik yaranmaqdaydı. Evə getməyə də tələsmirdi, onsuz da evdə gözləyən yoxdu, bu dünyada tək-tənha idi. Neyləsin, yenidən Bakıya, nöyüt şəhərinəmi qayıt­sın? Nə ümidlər ilə gəlmişdi baba ocağına. Ümidləri qırılırdı. Mirzə Tahir Əfəndi kimi bir alim də dərdinə dava edə bilmirdi. Onun suallarının cavabı nə vaxt veriləcəkdi? Bu müqəddəs yeri, bu müqəddəs məkanı, arzularının vətəni, hər daşı, kəsəyi doğma olan bu torpağı yenidən tərk edib getsinmi? Axı, niyə?

 Bu düşüncələrlə addımlayırdı, gəlib bazara çıxdı. Çinarın qarşısında qələbəlikdi, yaxınlaşıb baxdı. Adamlar aşıq Məsum Tağının ətrafına yığışmışdı, gözləyirdilər ki, aşıq nə vaxt vəcdə gəlib oxuyacaq. Aşıq Məsum Tağı isə hamını intizarda qoyaraq sazını kökləyirdi. Aşıq Məsum Tağı haqqında hələ gəncliyində eşitmişdi, söhbətlərinə də qulaq asmışdı.

O vaxtlar deyirdilər ki, Aşıq Məsum Tağıya vergi verilibdi. Bədahətən şeirlər deyir, heç kəsin eşitmədiyi havalar çalır, oxuyurdu. Amma sevdiyi qız ona qismət ol­m­a­mış­dı. Odur ki, həmişə dünyanın vəfasız­lığın­dan, çər­xi-fələyin gərdişindən şikayət ruhlu qoş­malar qoşur­du. Mizrabı hər dəfə sazın simlərinə dəyəndə bir dünya ahu-nalə ələnirdi. Dərdli aşıq idi, çox dərdliydi. Oxuyanda gözlərini yumur, sanki bu dünyadan ayrılırdı. Nəhayət, aşıq Məsum Tağı bir neçə qoşma dedi, oxudu. Arada bir dayanıb bir bardaq çay istədi, o zaman Rövşənin də onu dinləyənlərin arasında olduğunun fərqinə vardı və ucadan onu salamladı:

– Rövşən, xoş gəlmisən.

-Xoş gününüzə gələk.

-Bir dübəndi də sənin şərəfinə, a Rövşən.

 Aşıq Məsum Tağı daha da şövqlə oxudu. Qulaq asanlar aşığa nəmər verdilər, sonra söz yenə gündəlik hadisələrdən, bazardakı qiymətlərdən düş­dü. Rövşən aşığın cibinə bir onluq qızıl qoydu.

Aşıq Məsum Tağı Rövşəni kənara çəkdi, ikilikdə xeyli söhbət etdilər. Nəhayət Rövşən buraya qayıtmaqda məqsədinin tövbə etmək olduğunu, lakin din adam­larının ona bir düzgün yol göstərə bilmədiklərini də Aşıq Məsum Tağıya bircə-bircə söylədi. Əlacsız duruma düşdüyü hər sözündən bəlli olan Rövşənin bu halı Aşıq Məsum Tağının gənclik vaxtlarında özünün qarşılaşdığı əhvalatları yadına saldı. O çətin zamanlarda Aşıq Məsum Tağının köməyinə Ağ Dədə yetmişdi. Ağ Dədə indi çox qocalmışdı, amma hər halda Aşıq Məsum Tağının bildiyi qədərincə hələ bu ətraf mahallarda Ağ Dədəyə bərabər bir kəramət əhlinə kimsə rast gəl­məmişdi. Elə bil ki, Allah-təala özü bu gün Aşıq Mə­sum Tağını Rövşənin qənşərinə göndərmişdi ki, ona Ağ Dədə haqqında məlumat versin. Əslində Aşıq Məsum Tağı dünəndən uzun bir səfər üçün Təbrizə getməliydi. Amma karvanın yubanması səbə­bindən gedə bilməmişdi. Görünür bu da bir qismət imiş. Aşıq Məsum Tağı Ağ Dədəni görməyin yollarını da Rövşənə söylədi:

– Aladaşı tanıyırsan?

– Bəli.

– Deməli, belə; müsəlman qəbirstanlığının sonundan Aladaşa tərəf bir yol gedir. Aladaşa çatmamış köhnə bir məbəd var və məbəddən sonra da uzun bir dərə ta dağların içərilərinə uzanır. O dərənin lap yuxarı başında bir mağara vardır. Ağ Dədə deyilən abid o mağarada yaşayır. Ağ Dədə mərasim zamanları məbədə gələr, qalan bütün ömrünü ya həmən mağarada ibadətlə keçirər, ya da dağları qarış-qarış gəzib dolanar, dərman bitkiləri toplayar. Ağ Dədə bütün elmlərə vaqif adamdır. Sənin dərdinin çarəsini bilsə-bilsə o bilər. Get, Ağ Dədəni gör, dərdini ona danış, yolun açıq olsun.

 Rövşən daha bazarda durmayıb Ağ Dədə ilə görüşmək üçün yola çıxdı. Ağ Dədəyə tez çatmaq, onu tapıb dərdinə əlac diləmək üçün kəsə yolla getməyi qərara aldı. Ağ Dədə haqqında əvvəllər də eşitmişdi, amma heç vədə onu görə bilməmişdi. Haqqında yayılan söhbətlərdə onun insanlardan uzaq olduğu, tənha yaşadığı məlum olurdu. İndi də onu görə biləcəyinə tam əmin olmasa da, hiss edirdi ki, elə bil hansısa bir qüvvə onu Ağ Dədəyə tərəf dartırdı.

Yolu Xoşkeşin məscidinin qarşısından keçirdi. Məscidin qabağında balaca bir çeşmə vardı. Çeşmənin yanında əkilmiş tut ağacı az qala məscidə boy verirdi. Məsciddə avazla oxunan Quran ayələrinin əzəməti insanı yoldan saxlayır, düşündürürdü. Rövşən ayaq saxladı, vaizin səsinə ara verilənə qədər gözlədi, sonra yoluna davam etdi. Xoşkeşin dağlarının ətəklə­rin­dən keçib qədim qəbirstanlığın üst tərəfinə gəldi. Ötən gün valideynlərinin məzarlarını ziyarət etdiyi qəbirstanlıqda kimsə gözə dəymirdi. Qəbirlər yan-yana düzülüb gedirdi. Hündürlükdən qəbirstanlıq əl içi kimi görünürdü. Qəbirstanlığın altından keçən yol Araza qədər uzanırdı. Buradan Arazı qoynuna almış Əylis düzü, Arazın o biri tərəfində çiynini göylərə söykənəcək edən Kəmki dağı açıq-aşikar görünürdü. 7-8 km-lik məsafədə böyük bir orman, yaşıllıq vardı – Əylisin məşhur meyvə bağları.

Əylisin meyvələri dünyada şöhrət qazanmışdı. Ağ kahatı cəvizi, Abutalıbı əriyi, buna balyarım da deyirdilər, daş badamı, alması, armudu, alma boyda albuxaraları, gilası, alçası, tutu, heyvası əvəzedilməzdi. Bu bağlarda ağaclar xüsusi səliqə, səhmanla əkilmişdi, bir-birindən müəyyən məsafədə aralı olması günəşin paylanmasına görə tənzimlənmişdi. Bu bağlar dədə-babadan əylis­lilərin iş yeri, qazanc yeriydi.

Bağlar əsasən çeşmə su­ları ilə suvarılırdı. Əylis dağlıq ərazi ol­du­ğun­dan bütün çeşmələrin başlanğıc nöqtəsi dağların ətək­lərinin altına gedir, yerin 10-15 metr dərinlikdə olan qatların­dan sızan sulardan mayalanırdı. Əylisin çılpaq dağlarının qoynunda yatan minerallar çeşmə suları ilə yuyularaq bağa-bostana gəlirdi. Həmən sularda həll olmuş minerallar meyvələrin tərkibinə keçir, meyvələrin ləzzətini artırırdı. Dağların döşündə isə suya davamlı badam və üzüm bağları salınmışdı.

 Rövşən Qıraqqarın üst arxı boyunca uzanan cəviz ağaclarının kölgəsi ilə gedirdi. Əylisçayın suyu bu arx ilə ta Aladaşın ətəklərinə qədər salınmış bağlara can verirdi. Bu bağların baş tərəflərində böyük hovuzlar tikilmişdi. Əylislilər belə hovuzları göl adlandırırdılar. Rövşənin yadına Qıraqqarın hovuzunda çimdikləri günlər düşdü. Qıraqqarın hovuzu çay suyu ilə dol­durul­duğun­dan həmişə isti olurdu. Çeşmə suları ilə dol­du­ru­lan hovuzların suyu isə sərin olurdu.

 Rövşən Aşıq Məsum Tağının dediyi məbədə çatmışdı, ancaq məbəddə kimsə görünmürdü. Ağ Dədə çox güman ki, daimi məskəni olan uzun dərənin dibindəki mağarada olacaqdı. Mağaranın yolu cığırlardan keçirdi. Cığırların ətrafında böyürt­kən kolları bitmişdi. Bu cığırlar ilə gediş-gəliş az olduğundan cığırı tamamilə ağzına almış böyürtkən kolları Rövşənin paltarına yapışır, tikan­ları əl-qolunu cızırdı.

Nəhayət, Rövşən böyürtkən kollarının uzanan rişələrini özündən kənar­laşdıra-kənarlaşdıra mağaranın qarşısına gəlib çıxdı. Mağaranın girişin­dən süzülən işıq zolağı mağaranın içində toz kimi yayılırdı. Mağaranın yuxarı başında Ağ Dədə bir dəri üzərində bardaş qurub oturmuşdu. Qarşısında yanan ocağın közlərinin işartısı Ağ Dədənin nurlu sifətini bir az da işıqlandırmışdı. Ağ Dədə həd­din­dən artıq arıq və yaşlı bir adamdı. Çiyninə tökül­müş saçları, sinəsinin ortasına qədər sallanmış saq­qalı ağappaqdı. Ağ Dədənin qaşları da ağarmışdı. Ağ Dədə balaca qara gözlərini qıyaraq mağaranın girişindən düşən işığın qarşısını kəsən kölgəyə baxdı. Kölgənin bir adam olduğunu hiss edincə nazik, zəif əlini qaldırıb işarə ilə adamı içəriyə dəvət etdi. Rövşən bir addım içəri keçib dayandı. Ağ Dədə yanına qoyduğu çubuğu götürüb qarşısındakı ocağın közlərini qarışdırdı, sonra çubu­ğu yerə qoyub əllərini ocağa tərəf uzatdı, isi­dib bir-birinə sürtdü.

 Gördüyü mənzərəni heyranlıqla izləyən Röv­şən nə deyəcəyini, nə edəcəyini kəsdirə bilmirdi. Ağ Dədə zəif xırıltılı səslə dilləndi:

-Yaxın gəl, oğlum.

 Rövşən gəlib Ağ Dədənin qarşısında da­yandı:

-Salam olsun, Ağ Dədə.

-Tanrı yar olsun, oğlum.

Ağ Dədə başını qaldırıb Rövşənə baxdı.

 Rövşən Ağ Dədənin baxışlarının nüfuzundan gözlərini yayındırmağa çalışdı. Nə deyəcəyini, necə edəcəyini heç cür kəsdirə bilməyən, ani düşün­cələrin məngənəsində bütün varlığı ilə sıxılıb qalan Rövşən bir başa mətləbə keçməyi üs­tün tutdu:

 – Dədə, mən tövbə etmək istəyirəm.

 Ağ Dədə yerində vurnuxub bir qədər dikələn kimi oldu. İndiyə qədər kimsə ona tövbə etmək haqqında müraciət etməmişdi. Ağ Dədənin yanına əsasən mərəzli, sağalmaz dərdlərə düçar olanlar gələrdi. Ağ Dədə də onların dərdinə çarə edər, şəfalı otlardan hazırladığı dərmanlar verərdi. Bu qəri­bə adamın müraciəti Ağ Dədəni hey­rətlən­dirmişdi.

 – Oğlum, bu nə tövbəsidir? Sənin günahın nədir?

 – Dədə, mənim günahım çoxdur, saymaqla qurtarası deyil.

 – Uca Yaradan rəhimlidir, oğlum, nə qədər günahın olsa, yenə də bağışlar, yetər ki, bəd işlərdən uzaq olasan.

 – Dədə, mən tövbə etmək istəyirəm, amma həm də istəyirəm ki, tövbəmin qəbul olunduğunu bu dünyada görüm, bu, mümkünmüdür? Mənə bir yol göstərin, Dədə…

 Ağ Dədə fikrə getdi, gözlərini yumub, dodaqaltı, pıçıltıyla öz-özünə xeyli danışdı. Röv­şən nə qədər diqqət verdisə, bir şey anlaya bil­mədi, Ağ Dədə nə danışırdı, kimiylə danışırdı başa düş­mədi. Ağ Dədənin halında da bir dəyişiklik vardı, sifəti daha da nurlanmışdı. Rövşənin gözləri ağrıyır, göz qapaqları yumulurdu, Ağ Dədəyə baxa bilmirdi, yerə baxırdı. Bir qədər keçdikdən sonra Ağ Dədənin səsini eşitdi:

-Mümkündü, oğul.

Rövşən başını qaldırıb yenidən Ağ Dədəyə baxdı. Ağ Dədə əvvəlki halına qayıtmışdı. Rövşən dilləndi:

-Dədə, mənə bir yol göstərin.

-Oğul, o ocaqdan bir kösəv götürərsən,- deyib Ağ Dədə ocağa işarə etdi,- buradan aşağıda bir də­rə var, o dərəyə gedərsən. Dərənin kənarında bir düzən­lik var, ordan yolçular keçib gedər. Dərənin baş tərəfini qazıb ordan su çıxararsan, kösəvi dü­zənlikdə əkərsən. Bil ki, kösəv göyərəndə Uca Tanrı sənin tövbəni qəbul edibdi.

-Dədə, məgər kösəv göyərərmi?

-Göyərər, oğlum. Əgər sən sidqiylə tövbə edib, onu becərsən, kösəv mütləq göyərəcəkdir.

-Dədə, sizə söz verirəm. And olsun Uca Tan­rı­ya, mən sidqiylə tövbə edirəm, bütün pisliklərdən uzaq olacağam.

 – Uca Tanrı yar olsun, oğul.

 Rövşən ocaqdan bir kösəv götürüb mağaradan ayrıldı. Ağ Dədə Rövşən gözdən itənə qədər onun arxasınca baxdı.

Rövşən Ağ Dədənin nişan verdiyi yerə gəldi. Bu yer Ağ Dədənin mağarasından şərq tərəfdə geniş bir ərazi idi. Ərazinin baş tərəfi dərəyə söykənirdi, ətrafda kol-kos bitmişdi. Rövşən qollarını çırmalayıb işə başladı. Əvvəlcə sahənin dərəyə bitişik yerindəki kol-kosu təmizləyib su axtardı. İki-üç gün qazıntı işi aparıb dərədən suyun gözünü tapdı, sonra arx çəkib suyu sahəyə çıxartdı. Bir dərin çala qazıb kösəvi basdırdı. Su arxını uzadıb kösəvin yanına gətirdi və kösəvi suvardı.

 Kösəvin ətrafında güllər, çiçəklər əkdi. Tədri­cən kösəvin ətrafında əkdiyi güllər, çiçəklər boy atıb yaşıllandı, gözoxşayan bir guşəyə çevrildi. Gördüyü işdən zövq alan Rövşən burada böyük bir su hovuzu da tikdi. Gecə-gündüz yorulmadan çalışan Rövşən burada yaranan gözəlliyə məftun olub bütün gününü burada keçirirdi. Yaşıl alan genişləndikcə yoldan ötənlərin diqqətini cəlb edirdi. Yaşıllığın ortasında qaralan kösəv isə eləcə dururdu, göyərmirdi ki göyərmirdi, kösəvdə həyat əlaməti görünmürdü. Bütün dost-tanışlarından ayrılıb özünü bir dərədə məhkum etmiş Rövşənin haqqında şaiyələr yayılır, yaxın bildikləri kösəvin göyərəcəyinə olan inamını sındırmağa çalışırdılar. Rövşən isə hər gün kösəvi suvarır, Ağ Dədənin dediyi sözləri yadına salıb təskinlik tapırdı: “Göyərər, oğlum. Əgər sən sidqiylə tövbə edib, onu becərsən, kösəv mütləq göyərəcəkdir”.

   Ağ Dədə Rövşən gedəndən sonra oturduğu dərinin arxasındakı qara daşa söykənib mürgülədi. Yuxu ilə reallıq arasında Rövşən ilə olan söhbətini son detallarına qədər xatırladı. Bu qəribə adamın başının üstündə bir işıq haləsi vardı. Ağ Dədə başa düşürdü ki, bu vaxta qədər gözlədiyi adam gəlib çıxmışdı. Ağ Dədə ona verilmiş missiyanın sona gəldiyini anlayırdı. Burdan o tərəfə Uca Tanrının öz ixtiyarında qalırdı.

Ağ Dədə səhərə yaxın oturduğu yerdən qalxdı, ocağın közlərini çubuqla bir yerə toplayıb üstünü küllədi. Yüz il də qalsa bu ocaq gələcək nəsillərə od saxlayacaqdı. Mağaranın girişinin yan tərəfində olan qara daşı ortalığa çəkib getdi. Bu, Ağ Dədənin burada olmadığını bildirən əlamətiydi. Ağ Dədə üzü dağ yuxarı getməyə başladı. Dan yeri sökülürdü, hava işıqlanırdı, Ağ Dədə uzaqlaşıb görünməz oldu.

(ardı var)