XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

12 Noyabr 2015 - 20:02

Hakmiyyətin xarizması – Onu necə əldə etməli?

 

elshen-2.jpg

Elşən NƏSİBOV

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

Dövlət özü bir dəyərdir. Dövləti təmsil edən və xalqın adından çıxış edən  hakimiyyət də bir dəyərdir. Xarizma dəyər anlayışıdır. O mənada reallaşır ki, müsbət keyfiyyətlər şəxslərdə və tərəflərdə cəmləşsin və təsirlər müvafiq istiqamətlərə yönləndirilsin. Xarizma qorxu, depressiya vəziyyəti yox, rəvan mühit şəraiti zamanı daha real dəyərə çevrilir. Bu keyfiyyət özündə həm də mühafizəkarlıq və  nüfuz üçün müəyyən təsirli vəziyyətləri də cəmləşdirir.

“Xarizma” yunancadan  tərcümədə “Allah vergisi”,  “Tanrının bəxş etdiyi istedad” kimi  qəbul olunur. Xarizma bir məfhum kimi özündə şəxsin istedadını, intellektual səviyyəsini əks etdirir. Dini-mənəvi keyfiyyətlərin məcmusunu yaradır. Xarizma ideal keyfiyyətlərin vəhdətini bir şəxsdə və ya tərəfdə  cəmləyir. Xarizma şəxsin həyat kredosunu, yəni əqidəsini əks etdirir.

Xarizma müdrikliyə yaxın olan, müdrikliyin özü olan  və şəxsin güclü enerjisinə malik olan bir keyfiyyətdir. Xarizmatiklik dəyərlərin mübadiləsi zamanı özünün əsas xüsusiyyətlərini, tərkibini əks etdirir. Bu keyfiyyət özündə mənəvi-əxlaqi dəyərləri cəmləşdirir. Xarizma ona xas olan  tərəfdə bərkliyi, dönməzliyi, iradə möhkəmliyini, əqidə saflığını yaradır.

Xarizma ideal və nadir keyfiyyətləri, seçilən keyfiyyətləri  bir şəxsdə və ya da tərəfdə  cəmləşdirən ümumi bir məfhumdur. Həm də konseptual əhəmiyyətə malikdir. özündə mənəvi idealların məcmusunu yaradır. Hakimiyyət də bir tərəfdir. Hakimiyyətin xarizmatik keyfiyyətləri ona rəhbərlik edən şəxslərdən, hakimiyyətin gücündən, idarəçilik potensialından asılıdır. Hakimiyyət bir tərəf kimi cəmiyyət üzərində müəyyən səviyyədə ideal idarəçiliyi təmin edirsə, onda həmin hakimiyyətdə xarizma güclənir. Hakimiyyətin xarizması onun vəzifə və funksiyaları, öhdəliyi ilə müəyyən olunur.  Hakimiyyətdə mövcud olan xarizmatiklik ideal-praktik dövlətin mahiyyətini formalaşdırır. Hakimiyyətin xarizması xarakterik keyfiyyət olaraq onun elitasında daha çox cəmləşir. Bu, özündə liderlik keyfiyyətlərini toparlayır. Hakimiyyətdə olan liderlik qabiliyyəti, həm də müsbət keyfiyyətlər həmin hakimiyyətin cəmiyyət üzərində, xalq üzərində təsirlərini ortaya qoyur. Dövlətin özünün güclü olması belə dövlətin daxildə və beynəlxalq aləmdə xarizmasını gücləndirir.

Xarizma və məharətli liderlik qabiliyyəti, bu baxımdan mətinli, səbatlı olmaq, ədalətli rəhbərlik, ətrafa təsirlər edə bilmək imkanlarına malik olmaq mühüm şərtləndirici və birləşdirici kriteriya kimi bütövləşir. Xarizmatiklik özündə ədaləti, saflığı, bundan yaranan ucalığı əks etdirir. Şəxsiyyət və dahilik, yüksək liderlik keyfiyyətləri ətrafa təsir etmək imkanlarını yaradır.

Nizamlı olmaq, qanun və qaydalarla həyat sürmək xarizmanın bazasında qərarlaşan xüsusiyyətlərdəndir. Həyatı zamanla və dəyərlərlə müəyyən etmək xarizmanın əsas cəhətidir. 

Hakimiyyət ayrı-ayrı şəxslərdən toplanan bütövlükdən ibarətdir. Hakimiyyətin mənəvi saflığı onun xarizmasının yaradıcı ünsürü rolunda çıxış edir. Hakimiyyətin xalq üzərində ədalətli idarəçiliyi onun cəmiyyətdə nüfuzunu yüksəkdə saxlayır.

Hakimiyyət təfəkkürdə ümumiləşmiş məfhum kimi qəbul olunur. Bunun əsas özəlliyi formaca yığımdan ibarət olmasındadır. Hakimiyyət tərəfdir və cəmiyyətin üzərində təsir imkanlarına malikdir. Bu təsir imkanları onun hüququndan yaranır. Hakimiyyətin hüquq fəlsəfəsi, idarəetmə fəlsəfəsi onun təsir imkanlarını gerçəkləşdirir.

Hakmiyyətin xarizması onun cəmiyyətdə müsbət fəaliyyətindən meydana gəlir. Resurslar və onlardan səmərəli istifadə hakimiyyətin təsir imkanlarını böyüdür.  Xarizma hakimiyyətin əllərində  olan resurslardan formalaşır. Hakimiyyət pozitiv və ideal-liberal dövlət qurmaq məqsədilə öz əlində resursları cəmləşdirir və resurslar ideyaların praktik olaraq reallaşmasına yönləndirilir.

Dövlətin xarizması onun vətəndaşları üzərində təsirində, eləcə də dövlətlər arasında əlaqələrdə və təsirlərdə meydana gəlir. Xarizma dövlətin müdafiəsinin və təhlükəsizliyinin zəmanətçisi kimi çıxış edir. Dövləti daxildən ona görə güclü edir ki, hakimiyyət özünü əxlaqlı davranan tərəfə çevirir. Dövlətin xarizması onun xalqına olan münasibətindən meydana gəlir. Xalqla birlik və resursların səmərəli istifadəsi özü xarizmanın əsaslarını meydana gətirir. Hakimiyyətin xarizması özünü xalqdan ayrı görməkdə və bir tərəfə çəkilməkdə yox, xalqın içində olmaqda sübuta yertirir.  Xalq da öz əməlləri ilə, öz seçimi vasitəsilə xarizmatik hakimiyyətin formalaşmasını təmin edir. Xarizma ümumən məzmunda və bu baxımdan da əməldə büruzə verir. Daxili enerjinin kəmiyyəti ilə müəyyən oluna bilər. Xarizma daxili standartlar prinsipi ilə formalaşır.  

Hakmiyyətin xarizması hansı hallarda büruzə verilir:

– hakimiyyətin xarizması ilk növbədə dövlətçiliyin maksimum imkanlarla təşkil olunmasındadır – dövlətçilik üçün lazım olan standart normaların – subyektlərin və proseslərin mövcudluğundadır. Bu standartların tətbiqində və işləməsindədir. Standartlar öz lazımi tərkibi ilə işə düşərkən və yaranarkən dövlətin cəmiyyət üzərində təsirləri artmış olur. çünki tərkib elementlər haradasa müəyyən prosesləri yönləndirmək üçün kifayət edir;

– hakimiyyətin xarizması hakimiyyətin dövlət idarəçiliyini məharətlə təşkil etməsidir və cəmiyyətin tələblərinə yüksək səviyyədə cavab verməsidir-hakimiyyətin xarizması o halda yaranır ki, idarəçilik lazımi səviyyədə və standartlar ilə yönləndirilir. İdarəetmə prosesləri idarəçilik üçün lazımi tərkibləri yaradır;

– hakimiyyətin xarizması hakimiyyətin cəmiyyət üzərində təsir imkanlarının böyüklüyü və hadisələrin istiqamətləndirilməsi məharətidir-burada lazımi tələblərə cavab verəcək kadrların və mütəxəssislərin yetişdirilməsi xüsusi önəm kəsb edir ;

– hakimiyyətin xarizması onun dövlətin nüfuzunu artırmasıdır-nüfuz artımı beynəlxalq münasibətlərdə və daxili siyasət sahələrində mövcud olur. Dövlətin praqmatik siyasəti onun daxili və beynəlxalq nüfuzunu gücləndirir və hörmətini artırır. Hakimiyyətin özünə hörməti, öz üzərinə düşən vəzifə və öhdəliyi lazımi səviyyədə yerinə yertirə bilmək qabiliyyəti və qabiliyyətin icrası onun xarizmasını cəmiyyətdə əks etdirir;

– hakimiyyətin xarizması dövlət siyasətini müəyyən edə biləcək hüquq normalarının icrası səviyyəsinin yüksək olmasıdır;

– hakimiyyətin xarizması hüquq normalarına yüksək səviyyədə əməl etməkdən ibarətdir;

– hakimiyyətin xarizması cəmiyyət üzərində müxtəlif təsir vasitələrinin yaranması və ondan məharətlə istifadə olunmasıdır;

– hakimiyyətin xarizması onun pozitiv
mahiyyətindədir;

– hakimiyyətin xarizması onun qanunvericilik normalarına yüksək səviyyədə əməl etməsində büruzə verir;

– hakimiyyətin xarizmatik xüsusiyyətləri  onun resursları xalqın mənafeyinə yönləndirməsində büruzə verir – dövlət öz pozitiv mahiyyətini büruzə verir və gücünü və potensialını buna yönəldir;

– hakimiyyətin xarizması xalq-dövlət vəhdətini yüksək səviyyədə təşkil və təmin etməsindədir;

– hakimiyyətin xarizması dövlət-xalq vəhdətini təşkil edən sistemdə mərkəzi harmonik vəziyyəti yaratması ilə büruzə verir. Bu halda dövlət cəmiyyət və xalq üçün lazımi tələbləri yerinə yetirən tərəf kimi çıxış edir;

– xarizma hakimiyyətlə xalq arasında inam və etibar körpüsünü yaratmaq üçün hakimiyyətin əməllərində büruzə verən əxlaqi dəyər kimi çıxış edir;

Hakimiyyətin xarizmatik xüsusiyyətləri müəyyən vasitələrlə büruzə verilir. Burada vasitələr kimi xarizmatik keyfiyyətlərə malik olan liderlərin, hakimiyyətdə olan siyasi şəxslərin fəaliyyəti, o cümlədən mətbuatda, televiziyada, radioda və digər kütləvi informasiya vasitələrində olan  çıxışları, proqram xarakterli nitqləri, yönləndirici fikirləri mühüm  əhəmiyyət kəsb edir. Bu çıxışlar, nitqlər cəmiyyət axarına təsir edir, müəyyən rezonans doğurur. Fəaliyyət proqramları, çıxışlar,  geniş  məzmunlu nitqlər cəmiyyətdə müzakirələrə səbəb olur və nəticələr çıxarılır. Bu nəticələr cəmiyyətin proseslərinin yönləndirilməsinə öz təsirlərini göstərir, həyat axarlarını, cəmiyyət proseslərinin yönlərini dəyişdirmək iqtidarında olur.