XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

24 Noyabr 2015 - 23:17

SU-24: Regionda dəyişəcək strateji və taktiki vəziyyət

 

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq,

İnsan Hüquqları İnstitutunun əməkdaşı 

 

24 noyabr 2015-ci il tarixində Rusiya təyyarəsinin Türkiyə tərəfindən Suriya-Türkiyə sərhəddində vurulması gələcəkdə Türkiyə-Rusiya münasibətlərinə əsaslı strateji təsir göstərməyəcək. Düzdür, Rusiya prezidenti Vladimir Putin öz bəyanatında münasibətlərin əvvəlki kimi olmayacağını bildirib. Türkiyəni terrorla mübarizədə “arxadan zərbə vuran dövlət” kimi qələmə verib. 

Ola bilər ki, əlaqələrdə və münasibətlərdə qısa bir müddət üçün taktiki dəyişiklik olsun. Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 25 noyabr tarixində V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak üçün Türkiyəyə gözlənilən səfərindən imtina edib, vətəndaşlarını Türkiyəyə getməməyə səsləyib, Türkiyəni terrora dəstək verən ölkə kimi qələmə verib. O, Türkiyəni Misirə bənzədərək, “terror təhlükəsi olan ölkə” adlandırıb.

İki ölkə arasındakı münasibətlərdə bu kimi xırda məzmunlu taktiki dəyişikliklər olacaq. Bir müddət diplomatik soyuqluq da yarana bilər. Uzaq müddət üçün isə bu iki ölkə münasibətlərində gərginliyə əsaslanan köklü dəyişiklik gözlənilən deyil. çünki uzaq müddətli strategiya dəyişməz olaraq qalacaq.  Təyyarənin vurulması elə Rusiyanın xeyrinədir. O baxımdan ki, bu hadisə ilə Rusiyanın Türk dünyasına qarşı şıltaq hərəkətlərinin qarşısı alınmış olur. Rusiya Türkiyənin gücü ilə bir qədər hesablaşmaq zərurəti ilə üzləşir.

Rusiya bu hadisədən sonra ehtiyatlı strategiyanı seçməyə başlayacaq. Əks halda, Rusiya da  regiondakı qarışıq mühitdə uçuruma sürüklənə bilərdi.

Bu hadisə NATO-nun da xeyrinədir ki, Rusiya bölgədə bir qədər balanslaşdırılmış vəziyyətə düşə bilir. NATO Türkiyə amilindən “ağıllı strategiya” seçə bilər:

Bu hadisə öz arxasınca nələri gətirə bilər:

– Türkiyənin regional nüfuzu arta bilər. Hətta Türkiyə bu hadisənin arxasınca bölgəyə, türkmənlər olan yerə, quru qoşunlar yeridə bilər;

– ABŞ Türkiyəyə bu əməliyyatlarda dəstək verə bilər; 

– Rusiya Suriyada hərbi əməliyyatları artırar, ancaq Türkmənlərlə ehtiyatlı davranmaq taktikasını seçə bilər;

– Türkiyə türkmənlərə (azərbaycanlılara) dəstək strategiyasını gücləndirə bilər;

– Rusiya Qafqaza təsirini və təzyiqini artra bilər. Ermənistanda hərbi baxımdan daha da güclənər, Azərbaycana təzyiqləri artırar;

– Ukraynada güclənə bilər;

– Azərbaycan bölgədə Türkiyənin yanında  hərbi baxımdan iştirak edə bilər;

– Azərbaycan Türkiyənin yanında  türkmənlərə humanitar yardım strategiyasını seçə bilər.