XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

25 Noyabr 2015 - 15:03

Rusiya Türkiyəni NATO-dan qopara biləcəkmi?

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi

 

Beynəlxalq hərbi bloklaşma,  güc reallqları şəraitindən, zərurətindən və məcburiyyətindən meydana gəlməsinə baxmayaraq, olduqca mənfi bir prosesdir. Daim sülhə təhdidləri, gərginlikləri və digər  beynəlxalq böhranları meydana gətirir. Bloklaşma bir qayda olaraq böyük dövlətlərin dünyaya nəzarət mexanizmlərinin tərkibidir. Bloklaşma həm də büöv dünyanın siyasi çatlarıdır. Proseslərdə  orta və kiçik gücə malik olan dövlətlər əziyyət çəkirlər. Bu kimi dövlətlər blok rəhbərlərinin maraqlarının genişlənməsi və müdafiəsi ilə məşğul olurlar. özlərinin milli maraqları üzərinə böyük dövlətlərin maraqlarını hakim edirlər. Onların maraqlarını öz məkanları üzərlərinə örtürlər. Orta və kiçik gücə malik olan dövlətlərin əziyyət çəkmələri həm bloklar daxilində baş verir, həm də bloklar arasında yaşanır. Bloklararası mübarizədə ən çox əziyyət çəkənlər aralıq qurşaq dövlətləri və “sanitar kordon” rolunu oynayan dövlətlərdir. Bu dövlətlər bloklararası mübarizədə həm də milli maraqları yarımçıq qalan tərəflərə çevrilirlər.

Türkiyə dünyada orta gücə malik olan bir dövlətdir. NATO-ya 1952-ci ildə SSRİ-nin boğazlar iddiası qorxusundan daxil olub. SSRİ dağıldıqdan sonra keçmiş SSRİ məkanında iqtisadi əlaqələri gücləndirib və özünün də iqtisadiyyatını inkişaf etdirməyə başlayıb. Türkiyə SSRİ dağıldıqdan sonra geniş bazar hesabına inkişaf mərhələsinə qədəm qoyub. Türkiyə şirkətləri postsovet məkanında böyük layihələrdə iştirak edirlər. Türkiyə ticarətində, energetikasında və turizmində postsovet məkanının, resurlarının  rolu olduqca böyükdür. Bu gün Rusiyanın xarici ticarətində Türkiyənin payı önəmlidir.

Postsovet dönəmində Rusiya Türkiyə ilə yaxınlıq strategiyasını həyata keçirməyə başlayıb. Hətta son zamanlarda Rusiyanın Suriyada aktiv iştirakının əsas strateji məqsədi kimi Türkiyə amilini qeyd etmək olar. Suriyada Rusiya həm neftin qiymətlərinə görə (taktiki məqsəd) iştirak edir, həm də Türkiyəni  uzaq müddətli hədəfdə NATO-dan qoparmaq məqsədini güdür. Buna uzaq hədəfli strateji məqsəd kimi yanaşmaq olar.

Dünyanın çoxqütblü formalaşmasının qurşaqları, sanitar kordonları rolunu hal-hazrda  Ukrayna və Suriya oynamaqdadır. Yeni çat xətləri formalaşır.

24 noyabr 2015-ci il tarixində Rusiyaya məxsus SU-24 qırıcı-bombardmançı təyyarənin Rusiya-Türkiyə sərhəddində (Türkiyənin məlumatına əsasən, hadisə Türkiyə hava məkanında  baş verib, Türkiyəyə məxsus F-16 qırıcı təyyarələri “hava-hava” tipli raketdən atəş açmaqla təyyarəni zərərsizləşdiriblər.  Rusiya isə təyyarənin   sərhəddən 1-4 kilometr uzaqda, yəni Suriya hava məkanı daxilində Türkiyə tərəfindən vurulduğunu iddia edir) vurulması hadisələrin qlobal və regional güclərin yaxından iştirakı fonunda strateji və taktiki məcrada dəyişəcəyini  göstərir.

İlk növbədə gərgin siyasi vəziyyət meydana gəlib.  Belə ki, Türkiyə prezidenti R. Ərdoğan, baş nazir Əhməd Davudoğlu bu hadisələrdə Türkiyənin özünümüdafiə haqqı olduğunu və beynəlxalq hüquqa uyğun hərəkət etdiklərini bildirirlər. ABŞ prezidenti Barak Obama və NATO-da Türkiyənin beynəlxalq hüquqla müdafiə haqqının olduğunu bəyan edirlər. Türkiyə hərəkətinə haqq qazandırılar.  Avropa İttifaqı tərəfləri soyuqqanlı olmağa çağırır. NATO bəyan edir ki, Rusiya İŞİD-in olmadığı əraziləri bombalayır.

Rusiya isə bir qədər başqa seçim edir və alternativ metodların tətbiqi üzərində işləyir. Rusiya müdafiə naziri Sergey Şoyqu da alternativ addım üçün bir plan üzərində işlənildiyini bildirir.  Bu baxımdan Strateq.az saytı Rusiya informasiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mövqeyi ondan ibarətdir ki, bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçirləcək. Həmçinin hava hucumuna qarşı müdafiə sistemi gücləndiriləcək. Bu məqsədlə C-300-ün analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyseri Latakiya sahillərinə çıxarılır. Təhlükə yaradan bütün hədəflər məhv ediləcək.

Görünür, Rusiya nazirinin dediyi plan bundan ibarətdir. Yəni, bombardmançıların qırıcılarla mühafizə olunması ilə müşayiət edilən yeni taktika seçilir. 

Rusiya mətbuatında alternativ təzyiq vasitələrinin tətbqindən də yazılara rast gəlinir. Məsələn, Rusiyanın vesti.ru xəbər informasiya portalında yazılan bir şərhə əsasən, Rusiya vətəndaşları Türkiyə turizm sektorunda oynadıqları  böyük rollarından imtina edə bilərlər. Belə ki, turizm şirkətləri əlaqələri kəsə bilər. Turpaketlərin satışı qadağan oluna bilər. O da bildirilir ki, Türkiyəyə Almaniyadan sonra ikinci ən böyük turist axını Rusiyadandır. Ən çox pul xərcləyən də elə Rusiya vətəndaşlarıdır. 2014-cü il ərzində Türkiyə Rusiyalı turistlər 280 milyon avro pul xərcləyiblər. (Прекращение российского турпотока грозит Турции многомиллиардными потерями.  http://www.vesti.ru/doc.html?id=2690771)

ümumiyyətlə, bu hadisə gəlcəkdə regionda hansı strateji  əhəmiyyətli geosiyasi fon yaradacaq:

– ilk növbədə nəzərə almaq lazımdır ki, hava məkanlarını pozmaq xarakteri Rusiya aviasiyasında var.  Bu, strateji və cari-taktiki ölçüdə güc nümayişidir. Məsələn, bu ölkəyə məxsus uzaq məsafəyə uçan  strateji aviasiya dəfələrlə Şimali Avropa ölkələrinin hava məkanlarını pozub, havada həyacan siqnalları yaşadıb. Baltikyanı ölkələr və Ukrayna da tez-tez belə hallarla üz-üzə qalır. Ukrayna hadisələri zamanı Qara dənizdə Türkiyə hava məkanını da pozmuşdu;

– bu gün Suriyada yaşanan taktiki proseslər gələcək strateji fon dəyişikliyə gətirib çıxara biləcək.

1. Belə ki, Türkiyə Rusiyanın çoxdankı hədəfidir. Bu ölkəyə dayaq ölkə kimi də baxır. Həm Rusiya, həm də Türkiyə Avropanın soyuq münasibətləri ilə rastlaşırlar. Uyğun geosiyasi vəziyyət iki dövlətin yaxınlaşmasına zəmin yaradır.

2. Türk dünyası slavyan-rus dünyası ilə Avrasiyada aparıcı mövqedə qərarlaşıblar ki, bu da Rusiya üçün dayaq rolunu oynamağa imkan yaradır. Rusiya Türkiyəni cəlb etmək strategiyasını qarşısına məqsəd qoyub.

3.Təyyarə hadisəsi Rusiyanı regionda strateji baxımdan daha da gücləndirəcək. Belə ki,  taktiki müdafiə adı altında Rusiyanın strateji təyinatlı silahları regiona gətiriləcək. Rusiya hərbi baxımdan daha da
güclənəcək. Rusiya gücü Türkiyəni tədricən bu ölkəyə doğru aparacaq.

4. Həm Rusiya, həm də Türkiyə regionda “ehtiyatlı davranış” taktikasını seçəcəklər. Bəlkə də bir-birilərini başa düşəcəklər. Rusiya ehtiyatdan həm tarazlı vəziyyətə düşəcək, həm də yeni növ əməliyyatlar seçəcək.

5. Rusiya Türkiyəni öz tərəfinə çəkmək üçün strateji silahları hesabına bu ölkəni gərgin vəziyyətdə saxlayacaq. Rusiya bölgədə tarazlıqla rastlaşsa da, yeni silah tətbiqi fazasına əl atacaq. Bu da Türkiyəni “təpkili dost” vəziyyətində qoyacaq.

6. Rusiya regionda “təpkili dostu” olan Türkiyənin iştirakı ilə bir qədər barışcaq  və ona şərait yaradacaq. Bu yolla da yaxınlaşdırma strategiyasını tətbiq edəcək. Real köməksiz qalan Türkiyəni tədricən NATO-dan qoparmağa çalışacaq.