XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

02 Dekabr 2015 - 11:22

Adət-ənənə və dövlət: biri digərini necə tarazlayır?

elsen.jpg

Elşən Nəsibov

Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq

İnsan Hüquqları İnstitutunun elmi işçisi

Adət-ənənə tarixən xalqın formalaşdırdığı mədəniyyətdir. çünki vərdişlər, rituallar yaradıcılığın və quruculuğun tərkib hissələridir.

Adət-ənənə xalqın daxili aləminin ifadəsidir

Daxili mənanın əks olunması və əməllərdə, əlaqələrdə, münasibətlərdə obrazlaşmasıdır. Hər bir xalqın tarixi identifikasiyası (kimliyi, tanıtımı)  onun mədəniyyəti ilə də müəyyən olunur.  Xalq yaşadığı məskəndə – məkanda öz quruculuğu və yaradıcılığı ilə tanınır. Mədəniyyət xalqın statusunu, imicini müəyyən edən kriteriyaları özündə ehtiva edir. Mədəniyyət xalqı sivil və dini aspektdə sübut edən əsas dəyərlər kompleksidir.

Mədəniyyət və onun tərkibi olan adət-ənənə xalqın tarixən formalaşmış daxili aləmini, etnoxislətini, yəni, etnik-milli xarakterini  müəyyən edir. Xalqın məziyyətləri və onun etno fəziləti məhz adət-ənənələrdə özünü göstərir. Adət-ənənə bir növ yaşayış tərzini, üslubunu əks etdirir. Adət-ənənə xalqın özünə, öz ruhuna  və təbiətə, kainata necə bağlılığını sübuta yetirir. Adət-ənənə təbiət elementlərindən xalqın necə istifadə etməsini  göstərir, efirləşdirir, səhnələşdirir.  Təbiətə bağlılıq ruhu, təbiətin insan xislətində obrazlaşması məhz adət-ənənələrdə özünü göstərir.

Adət-ənənələrdə həm də inanclar, dini etiqad və dini ayinlərin yerinə yetirilməsi əks olunur. Adət-ənənə bayramlardan, qonaqlıqlardan, ailə-nikah münasibətlərinin formalaşması adətlərindən  və matəmlərdən, yas mərasimlərindən ibarət olan rituallar, əməllər  məcmusudur. Adət-ənənə xalqın etnososial və mədəni  münasibətlərini  və əlaqələrini əks etirir. Bayramlar və yas adətləri zamanı xalqın birliyi meydana gəlir. Adətlər və ənənələr sevinc və kədər hissinin məcmusunda vəhdətlik yaradır.  Rituallar zamanı xalqın hərəkətləri, əməllər oxşar xüsusiyyət kəsb edir, eyni və uyğun məzmun alır. Hər bir etnik və milli fərd adətlər üzrə meydana gələn qaydalarla öz xarakterini yaradır.

Adət-ənənələrin tərkibi genişdir və buraya mətbəx adətləri də daxildir. Mətbəx elementləri də adətlərin və ənənənin tərkibini təşkil edir. Bu baxımdan yeməklərin hazırlanması və süfrə mədəniyyəti, süfrədə davranışlar adətlərin zəngin olmasını göstərir.

Adət-ənələrdə danışıq və fikir ifadələri də mühüm rol oynayır.

Adət-ənənələr mədəniyyətin tərkibi olaraq xalqın identifik elementlərini bir-birinə bağlayır. Cəmiyyətin bütövləşməsində mühüm rol oynayır. Xalqın sevinc ruhunu oyadır. Xalqın əzm ruhunu meydana gətirir. Adət-ənənələr cəmiyyətin  mübariz əzmini, qətiyyətini  formalaşdırır. Xalqın sevinc və kədərini bütövləşdirir, vəhdətləşdirir. Həmrəyləşməyə səbəb olur. Bu zaman potensial toplaşır və güc artır.

Adət-ənənələr cəmiyyətin sosial-mədəni hadisə elementlərini meydana gətirir. Mədəniyyətin tərkibi olan adət-ənənələr həm əyani olaraq hadisələrin gerçəkləşdirilməsi fonunda meydana gəlir, həm də bədii əsərlərdə, teatr tamaşalarında, digər səhnə nümunələrində, filmlərdə və təsviri sənət nümunələrində canlandırılır.  

Adət-ənənə cəmiyyətin daxili zənginliklərini əks etdirən hadisələr toplusuna, həm də dəyərlər toplusuna çevrilir.

Aşağıdakı kimi ümumiləşdirilmələr aparmaq olar:

– adət-ənənə xalqın kimliyini əks etdirən dəyərlər məcmusudur;

– adət-ənənə xalqın tarixi, coğrafi, təbii identifikasiyasıdır;

– adət-ənənə xalqın totemçiliyidir və dini inanc kriteriyasıdır;

– adət-ənənə xalqın zehni və fiziki əməyinin məhsuludur;

– adət-ənənə xalqın milli məfkurəsinin reallaşması fenomenidir;

– adət-ənənə xalqın incəsənət dəyəridir, mədəniyyət nümunələri cəmidir;

– adət-ənənə xalqın milli və etnik davarnış xüsusiyyətləridir;

– adət-ənənə xalqın fizioloji təcəssümüdür;

– adət-ənənə xalqın mədəniyyət tanıtımıdır və xalqın digər xalqlarla əlaqələr və ünsiyyət vasitəsidir;

– adət-ənənələr xalqın dünyanın digər xalqları ilə vəhdət yaradan ünsürüdür;

– adət-ənənə xalqın özündərkidir, fəlsəfi şüurunun mahiyyətidir;

– adət-ənənə cəmiyyətin yaşam qaydalarının tərkib elementidir;

– adət-ənənə xalqın tipik xüsusiyyətlərinin məcmusudur, əksidir  və s.

Dövlət xalqın yaratdığı ictimai-siyasi kompleksiyadır 

Xalq dövləti özünün bütün hüquqlarını reallaşdırmaq məqsədilə formalaşdırıb. Adət-ənənə xalqın mədəniyyət hüququdur. Dövlət adət-ənənələrə  müdaxilə etmir. Adət qaydaları cəmiyyətin özü tərəfindən formalaşdırılır. Tarixdən gələn irs üzərində yaranır. Adətlər siyasətlə müəyyən olunmur. Bu, sırf mədəni məsələdir. Bu baxımdan da adətlər rəsmi hüquq normaları ilə tənzimlənə bilməz. Dövlətlə cəmiyyət, dövlətlə fərd arasında münasibətlərin tənizmlənmə obyektində adət o zaman istifadə olunur  ki, onun yerinə yetirilməsi üçün şəraitin yaradılması tələb olunur. Dövlət öz vətəndaşlarının, xaricilərin adətlərinin yerinə yetirilməsi üçün münasib şəraitlər yaradır. Adətlər insanların mədəni hüquqlarının tərkib hissəsini təşkil edir. Bu mədəni hüquqlar dövlət tərəfindən təmin edilir.  Lakin təbii hüquqlardır, insanların təbiətdən, fövqtəbiətdən əldə etdikləridir, onlara təbii yolla verilən dəyərlərdir. Dövlət adətləri-ənənələri qoruyur və xalqın öz adət-ənənəsini qorumasında maraqlı olur. Dövlət adət-ənənənin davam etməsində, irsi olaraq nəsillərdən-nəsillərə ötürülməsində maraq nümayiş etdirir. Ancaq adət qaydalarına qarışmır, bunu cəmiyyətin, insanların öz daxili işi hesab edir.

Adət-ənənə ümu
mən dövlət quruluşundan qabaq yaranıb və xalqın mifik-dini inanclarının büruzəverici kriteriyasıdır. Bu baxımdan da adət-ənənələr və onların tənzimlənməsi məişət və cəmiyyət səlahiyyətinə aid olan məsələdir, dəyərdir.

Adət qaydaları cəmiyyətin nüfuz sahibləri tərəfindən tövsiyələrlə dəyişikliyə, sadələşməyə (burada ayinlərin, mərasimlərin keçirilməsindəki qaydaların sadələşdirilməsi) məruz qala bilər. Ağsaqqallıq institutu adətən məişətdə, cəmiyyətdə nüfuz sahibi olur və adətlərin dəyişməsində, islahatlarda mühüm tövsiyəverici tərəf kimi çıxış edir. Adət-ənələrin mürəkkəbləşməsi cəmiyyəti narahat edir. İnsanların əksəriyyəti zövq ala bilmirlər. Həm də gərgin adətlərdən yüklənmə baş verir və  insanların həyat tsikilləri gərginləşir.

Adət-ənənə sırf insana və cəmiyyətə məxsusdur. Onun dəyişməsi və irsi davamı cəmiyyətin və məişətin problemidir, səlahiyyətidir. Bu sahədə dövlət yalnız qoruyucu, təşkiledici və hüquqları təminedici tərəf kimi çıxış etməlidir.

Dövlət özü də adət-ənənələrə və onların  təmin olunması qaydalarına tabedir.