XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

21 Dekabr 2015 - 22:26

Alim mövqeyi, vəzifəsi və məsuliyyəti – cəmiyyətdə və dövlətdə

elshen-2.jpg

Elşən Nəsibov

Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq

İnsan Hüquqları İnstitutunun elmi işçisi

 

Cəmiyyət, dövlət hər bir üzvündür, fərdindir. Dövlət və cəmiyyət ünsiyyətin, münasibət və əlaqələrin məhsuludur.  Dövlət və cəmiyyət  fenomeni fərdin dəyəridir. Dövlət və cəmiyyət fərdin şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Ona görə şəxsiyyətə çevrilir ki, bu dəyəri formalaşdıran qarşılıqlı əlaqələr, münasibətlər, ünsiyyət və fəaliyyət məhz cəmiyyətlərdə və dövlətlərdədir. Şəxsiyyəti təmin edən kriteriyalar, elementlər, enerji verən maddələr və həmin maddələrin proseslər məkanı cəmiyyət və dövlətlərdədir. Şəxsiyyətlər daima dəyərləri qiymətləndirə-qiymətləndirə özləri də dəyər əldə etmiş olurlar. Cəmiyyət və dövlət müxtəlif struktura malik olan universal dəyər məkanıdır. Bu dəyər məkanını şəxslər zənginləşdirir və şəxslər də həmin məkandan dəyərlər əldə edirlər. Dövlətin və cəmiyyətin resursları onların məkanları üzrə bölünür, paylanır və hər bir fərd bu resursdan qidalanır.

Müəllimlər, alimlər, bütün mütəxəssislər, həkimlər, mədəniyyət sahəsinin insanları, ədəbiyyatçılar, digər fikir və söz adamları məhz cəmiyyətdən, dövlətdən, ictimai kollektivlərdən dəyərlər əldə edirlər. Onlar da öz əməlləri ilə dəyərlər verirlər. Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır. Yaradıcılıq və quruculuq prosesləri də adları sadalanan şəxslər tərəfindən həyata keçirilir. Dövlət və cəmiyyət subyektlərdən dəyərlər əldə etmiş olurlar. Davranış və əxlaq normaları da cəmiyyətdə mövcud olur.

Cəmiyyət və dövlət ruh azadlığı məkanlarıdırlar. Fərdin ruhu onun əməli və fəaliyyəti ilə azad olur, sərbəstləşir. İnsan özünüdərk mərhələlərini adladıqca, keçdikcə öz ruhunu zənginləşdirir, gücləndirir və buna görə də möhkəmlədir və azad fenomenə çevirir. Azad ruh möhkəmləndikcə özünə sərhədlər yaradır. Həm də sərhədlərini genişləndirir.

Cəmiyyətdə, dünyada və dövlətdə baş verən bütün hadisələr informasiya toplusundan ibarət olur. Bu informasiya toplusu həm cəmiyyətin və dövlətin ruhunun tərkibini zəngin edir, həm də nəticələr çıxarmağa imkanlar yaradır. Ruh azadlığı və sərbəstliyi bir dəyərdir. Ruh azadlığı hadisələrdən ibarətdir. Hadisələr və onlara olan münasibətlər sərbəst  məzmunlu və müəyyən həcmli, müəyyən miqyaslı münasibətlər ruh azadlığını meydana gətirir.  Hadisələrə münasibət bildirmək, mövqe ortaya qoymaq bir insani münasibətdir, insani əməldir. Həm hadisələrdə iştirak etmək, həm də hadisələrə münasibət bildirmək və mövqe ortaya qoymaq cəmiyyətin avanqard qüvvələrinin işidir. Həm də məsuliyyət və öhdəliyidir.

Cəmiyyətdə hər bir kəsin (burada təbii ki, müəyyən yaş dövrü kriteriyası mühüm rol oynayır) vəzifəsi, öhdəliyi və məsuliyyəti var. Bu amillər şəxsin özünüdərketməsinə yardımçı olur. Alimlər bilik daşıyıcılarıdırlar. Onlar həm bir istiqamətdə, həm də çoxlu sayda istiqamətdə fikir bildirmək vəzifələrinə sahib olurlar. Alimlər, filosoflar biliklərin nisbətən yuxarı həddini meydana gətirənlərdir. Onların bilikləri həm kənardan qavrama, həm də daxildən emal etmə sayəsində meydana gəlir. Bu vəhdət, nəzəriyyə (daxildən gələn və kənardan, ətrafdan daxil olan) və təcrübə (aydınlıqdan və nəticələrdən meydana gəlmə) biliklərin ortaya çıxmasına səbəb olur. Filosof, alim və digər mütəxəssislər, bilik daşıyıcıları və yaradıcıları bilikləri həm müşahidələr, həm də hadisələrin qavranılması ilə meydana gətirirlər. Biliklər aydın olan və aydınlaşdırılan, qeyri-müəyyənlikdən müəyyənliyə keçidlər zamanı məlumatları sistemləşdirmədən ortaya çıxır. Ayrı-ayrı bilik sahələri konkret müstəvilərdən formalaşır.

Hər bir şəxs öz fikirlərində, düşüncələrində azaddır, lakin cəmiyyətin aparıcı bilik qüvvələri və fikir daşıyıcıları, düşüncə sahibləri olan jurnalistlər, müxbirlər, ədəbiyyatçılar, o cümlədən yazıçılar və şairlər, müəllimlər, incəsənət və mədəniyyət nümayəndələri, həkimlər, sosioloqlar, siyasətşünaslar, siyasətçilər, vəkillər, tələbələr, elm adamları və bu qəbildən olan digər şəxslər ruh azadlıqlarına, sərbəst hərəkət azadlıqlarına, tam sərbəst fikir məkanlarına (ancaq sərhədli) sahibdirlər. Onlar bilik daşıyıcıları olaraq cəmiyyətdə və dövlətdə baş verən proseslərə sərbəst münasibət bildirmək haqqına malikdirlər. Bu şəxslər dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüquqları daşıyıcılarıdırlar. Belə şəxslər cəmiyyəti və dövlətin fəaliyyətini, hakimiyyət strukturlarının fəaliyyətini daima öz imkanları daxilində ictimai nəzarətdə saxlamalıdırlar və ümumi ictimai müşahidəni aparmalıdırlar. İctimiaiyyət nümayəndələri olan bu şəxslər həm təmsil olunduqları təşkilatlarda yeni ideyalarla çıxış etməlidirlər, həm də öz təşkiatlarından kənarda öz imzaları ilə hadisələrə münasibət bildirməli və vətəndaş mövqeyi ortaya qoymalıdırlar. ümumən şaxələndirici fəaliyyət ortaya qoymalıdırlar. Bir daha qeyd etmək yerinə düşər ki, bu kimi şəxslərin fəaliyyəti həm konkret (məsələn, iş yerlərində) məkanlarda mövcud olmalı, həm də universal məzmuna malik olmaqla, iş yerlərini qırağa çıxmalıdır. Məsələn, alimin biliyini iş yeri ilə, bir institut və ali məktəblə  məhdudlaşdırmaq olmaz. Alim öz biliyini bəşəri etməlidir. Asılı olmayan mövqe ortaya qoymalıdır. Eləcə də bacardığı qədər baş verən proseslərə şaxəli münassibət bildirməlidir.

İctimaiyyət nümayəndələrinin dövlət məmurlarından fərqi onların fikir sahəsində daha geniş şəkildə mövcud olan fəaliyyətlərindədir. Dövlət məmurunun (funksionerinin) mövqeyi dövlətin mövqeyi hesab olunur. İctimaiyyət nümayəndələrini isə bu kateqoriyaya aid etmək olmaz.

Alimin vəzifəsi universal və məxsusi məzmunludur. Alim o qədər operativ düşüncə sahibi olmalıdır ki, universallıqdan məxsusiliyə və əksinə keçidləri tez etməlidir. Alim prosesləri duymaq, zamanın nəbzini məntiqli tutmaq qabiliyyətinə malik olmalıdır. Hadisələrə biganəlik və qeyri-obyektivlik, qərəzlilik alim zəifliyinin nəticəsi hesab olunmalıdır. Alim adı əməllə, fəaliyyətlə özünü sübuta yetirməli və alimin zehni sosial-rifahı, humanizmi özünə obyekt kimi seçməlidir. Alim öz şərəfli adını praktiki əməli ilə sintez etməlidir.

Alimin cəmiyyətin bir nümayəndəsi olaraq, dövlətdə və cəmiyyətdə vəzi
fə və funksiyaları aşağıdakılardan ibarət olmalıdır:

– ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni bilikləri qazanmalı, yeni biliklərlə tanış olmalı və öz daxilində emal etməli və nəticələr ortaya qoymalıdır;

– alim axtarışlar üzərində həyatını qurmalı və amallarını bəşəri dəyərlərin qazanılmasına yönəltməlidir;

– imkanları daxilində sintezlərdən yeni analizlər yaratmalı və yeni yollar, istiqamətlər müəyyən etməlidir;

– öz düşüncəsində ardıcıllığı təmin etməli və bu düşüncə müstəvisini şaquli və üfiqi vəziyyətdə genişləndirməlidir;

– düşüncə obyektlərini dəyişkən etməli və tövsiyələri sistemli olmalıdır;

– alim bir tərəfdən öz məkanında, öz istiqamətində (buna lokal deyək), digər tərəfdən isə geniş istiqamətdə fəaliyyət göstərməlidir, yeni biliklər ortaya çıxarmalıdır;

– alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalıdır. Bu iki məsuliyyət vasitəsini sistemləşdirməlidir;

– alimin ən böyük məsuliyyəti onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli və öhdəlikli  olmasını dərk etməsindədir;

– alim cəmiyyətin bütün təbəqələrini düşünmək haqqına və öhdəliyinə malikdir. Onların məşğuliyyət və həyat sferalarını zamanla dəyişə biləcək islahatlar həyata keçirmək üçün fikirlər ortaya qoymaq haqqına malikdir;

– alim dövlət siyasətinin tərkibini formalaşdırmaq üçün fikir iştirakçısı olmaq məsuliyyətinə və öhdəliyinə malikdir;

– alim təhsilin çiyinlərini və gələcək nəsilin maariflənməsini təmin etmək öhdəliyinə malikdir;

– alimin ruhu sarsılmaz, əzmi döyüşkən məzmunlu,  qəlbi üsyankar, qələmi iti, ürəyi açıq olmalıdır;

– alimin qələmi, ürəyi və qəlbi vəhdət fəlsəfəsində tamamlanmalı və güclü potensiallı olmalıdır;

– alim ideyaverici, təşəbbüskar, təsiredici xarakterli olmalıdır;

– alim öz yazıları və yaradıcılığı ilə cəmiyyətin hadisələr və fikir axarlarına təsir etməlidir;

– alimin özünüdərki məkan və bəşəriyyəti tamamlamalıdır və s.