XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 20:13

Rusiyadan ABŞ-a ultimatum:“Əsədə əl qaldırsa, cavabını alacaq!”

 

lavrov-kerry

“ABŞ Əsədə qarşı hər hansı hərbi müdaxiləyə başlayacağı təqdirdə, cavabını alacaq”.

Strateq.az xəbər verir ki, ABŞ-a qarşı açıq təhdid xarakteri daşıyan bu sərt ultimatumu Rusiyanın Müdafiə Nazirliyi verib.

“Russia Todays”in xəbərinə görə, nazirlik S-300 və S-400 hava müdafiə sistemlərinin bölgədə yerləşdirildiyini və onların hazırda aktiv fəaliyyətdə olduğunu xatırladıb.

Ekspertlər 3 gün öncə Rusiya ilə ABŞ arasında Suriya məsələsiylə bağlı müzakirələrin dayandırılmasından sonra bu ultimatumun verilməsini təsadüfi saymırlar. Xatırladaq ki, Ağ ev Moskvayla ikitərəfli əlaqələri təxirəsalma qərarını Rusiyanın Suriyadakı öhdəliklərini yerinə yetirməkdə uğursuzluğu ilə əsaslandırmışdı.

ABŞ Dövlət Deparatmentinin nümayəndəsi Con Kirbi Suriyadakı son vəziyyətə bağlı yazılı açıqlamasında bu qərarın asan olmadığını vurğulayaraq, qeyd etmişdi: “Rusiya beynəlxalq humanitar yardım hüququ və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı da daxil olmaqla, öz öhdəliklərini yerinə yetirmir, ya da yetirmək istəmir. Bu səbəbdən də Suriya rejiminin atəşkəs razılaşmasına uymasını təmin etmək mümkün olmur”.

ABŞ bu bəyanatdan sonra Rusiya ilə birgə yaratdıqları Müştərək Tətbiq Mərkəzindəki bütün əməkdaşlarını geri çəkmişdi. Bununla belə, bölgədə xidmətdə olan əməkdaşlarının təhlükəsizliyi və Suriyada iki ölkə arasında qarşıdurmanın yaşanmaması üçün Rusiya ilə ünsiyyət kanallarını açıq tutacaqlarını da vurğulamışdı.

Rusiya da ABŞ-ın bu ittihamlarına cavab vermiş, Xarici İşlər naziri Sergey Lavrovun diliylə əməkdaşlığın dayandırılmasının səbəbini Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənliklə əlaqələndirmişdi. Daha sonra Rusiya XİN-in yaydığı bəyanatda Suriyadakı öhdəliklərini yerinə yetirə bilməyən ABŞ-ın qəbahəti Rusiyanın üstünə atdığı vurğulanmışdı.

Bütün bunlardan sonra Rusiya Müdafiə Nazirliyinin sözügedən ultimatumu verməsi Suriyada ciddi gərginliklərin yaşana biləcəyindən xəbər verir. Nədən ki, ABŞ Hava Qüvvələri zaman-zaman Əsəd rejiminin mövqelərinə ağır zərbələr endirir və bunun bir xəta üzündən baş verdiyini açıqlayır. Ən son bu cür ciddi insident ötən ayın ortalarında baş vermişdi. ABŞ-ın Deyr əz-Zor bölgəsində Əsəd ordusuna hava hücumu nəticəsində Suriyanın 85 hərbçisi həyatını itirmiş, 100-dən artıq əsgər yaralanmışdı. Görünür, Rusiya yenidən bənzər hücumların olacağından narahatdır.

Amma bəzi ekspertlər bu nigarançılığı bölüşmür. Onların bildirdiyinə görə, əslində Obama hakimiyyəti çoxdan Yaxın Şərqdən çəkilmək istəyirdi. Bunun üçün isə bölgəni Rusiyaya tapşırıb ordan ayrılması onun maraqlarına daha çox cavab verirdi. Türkiyəylə başlatdığı "Böyük Yaxın Şərq projesi"nin artıq əhəmiyyətini itirdiyini düşünən ABŞ-ın öz siyasətində söykəndiyi qüvvələri sıradan çıxarması da bununla bağlı idi. Həmin iddianı irəli sürənlər Türkiyədə uğursuz hərbi çevriliş cəhdinin də əslində planlı olduğuna inanırlar. Məqsəd Türkiyədəki müttəfiqlərini altından çıxa və özlərinə bəraət qazandıra bilməyəcəkləri günaha bulaşdırmaq, ölkə rəhbəri Ərdoğanı bölgənin yeni ağası Rusiya ilə əməkdaşlığa itələməkdi. Zira Türkiyənin Avropa ilə birlikdəliyi iqtisadi cəhətdən daha ciddi ittifaqın yaranmasını şərtləndirər, bu da gələcəkdə ABŞ-ı daha təhlükəli rəqiblə üz-üzə qoya bilərdi.

Ümumiyyətlə son zamanlar ABŞ-ın siyasi oriyentasiyasında Qərbdən Şərqə yönəldiyi sezilməkdədir. Təsadüfi deyil ki, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələri də öz ətrafında birləşdirən və dünya istehsal gücünün 40%-ni əlində cəmləşdirən Trans-Sakit okean İttifaqı ötən il 5 oktyabr tarixində Obamanın rəhbərliyi altında rəsmən elan olunmuşdu. Yeni ittifaqın qarşısında ən ciddi hədəf isə Çindir. Çini bu rəqabətdə təkləmək üçün Rusiyanın başını Yaxın Şərqdə qatmaq, ABŞ-ın indiyə qədərki müttəfiqləri və regional güclərlə ciddi rəqabətə sürükləmək tələb olunur.

Rusiya Müdafiə Nazirliyinin son ultimatumu da ABŞ-a astaca bölgədən geri çəkilməsi və diplomatik sözlü çəkişmələrlə baş girələmək üçün kifayət qədər əsas verir.

Heydər Oğuz

Strateq.az