XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:15

Klinton-Tramp debatında növbəti raund:Namizədlər əl verib görüşməkdən imtina etdilər

treamp-debat

ABŞ-da prezidentliyə namizədləri bir araya gətirən ikinci teledebat bir neçə saat əvvəl Vaşinqton Universitetində baş tutub.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Demokrat Hillari Klintonun respublikaçı Donald Tramp ilə qarşılaşmasına bu dəfə iki moderator – Marta Raddatz (ABC News) və Anderson Kuper (CNN) ev sahibliyi ediblər. Hər iki namizəd əl verib görüşməyiblər.

Bu dəfəki debatın formatı fərqli olub. Aparıcılardan gələn suallar əvəzinə namizədlər studiyaya dəvət edilmiş adi vətəndaşların verdiyi sullara cavab verməli olublar. Bəzi suallar isə sosial şəbəkə istifadəçilərindən gəlib.

Demək olar ki, debat, vaxtından əvvəl başlayıb. Belə ki, iki gün əvvəl Trampın 2005-ci ildə televerilişlərin birində qadınların ünvanına işlətdiyi xoşagəlməz ifadələr mətbuata sızdırılıb. Bu səbəbdən hər iki partiya tərəfindən və sosial mediada kəskin tənqid edilən Tramp cavabında diqqəti Klintonlar ailəsinin problemlərinə yönəltməyə çalışıb. Trampın debatqabağı mətbuat konfransında Bill Klintonu müxtəlif vaxtlarda layiqsiz davranışda ittiham etmiş 4 qadın iştirak edib.

Təbii ki, hər iki həssas məsələ debat zamanı da qaldırılıb. Elə ilk sual hazırki seçkilərin xoşagəlməz atmosferi barədə olub. Tramp 2005-ci ildə dediklərinə görə peşmanlığını ifadə edib. Əslində qadınlara qarşı heç vaxt pis əmələ yol vermədiyini vurğulayan Tramp, bunu Bil Klintonun etdikləri ilə müqayisə etməyə çağırıb.

Klinton bu hadisənin yalnız son damla olduğunu və rəqibinin indiyə qədər qadınlar, meksikalılar, afro-amerikalılar, müsəlmanlar və hətta fiziki qüsuru olanlar haqqında ifadələrini onun prezidentliyə uyğun olmamasının sübutu kimi gördüyünü bildirib.

Tramp daha sonra rəqibinin seçkilər zamanı verdiyi sözləri heç vaxt tutmadığını və xüsusilə son “e-mail məsələsi”ndə etibarı itirdiyini deyərək, prezident seçiləcəyi təqdirdə Klintonun cinayət məsuliyyətinə cəlb ediləcəyini söz verib. Klinton isə FTB-nin bir ildən artiq davam etmiş təhqiqatının heç bir nəticə vermədiyini yada salıb.

Aktiv müzakirə obyektlərindən biri tibbi sığorta olub. Klintonun da dəstək verdiyi, prezident Obamanın sığorta islahatı çoxları üçün sığortanın qiymətinin qalxmasına səbəb olub. Trampın önə çəkdiyi bu məqamı Klinton da etiraf edib, lakin rəqibindən fərqli olaraq, müsbət tərəfləri də çox olan islahatı ləğv etməyi yox, nöqsanlarını aradan qaldırmağı məqsədyönlü hesab edib.

Aparıcı Donald Trampa verdiyi sualda müsəlmanların ölkəyə daxil olmasına qoyacağı qadağa barədə sözlərini şərh etməyi xahiş edib. Tramp əvvəl dediklərinin əksinə olaraq, bunun qadağa deyil, ciddi yoxlama olacağını bildirib. Suala mövqeyini bildirən Klinton bu cür ifadələrin müsəlman müttəfiqlərlə münasibətlərə pis təsir etdiyini və terrorçuların xeyrinə olduğunu deyib.

Rusiya ilə münasibətlərə debat zamanı bir neçə dəfə toxunulub. İlk olaraq, Hilari Klinton, “Wikileaks” tərəfindən yayılmış məlumatları şərh edib və bunda Rusiya izi olduğunu bildirib. Klintona görə, Putin, bu yolla ABŞ seçkilərinə təsir etməyə və Trampın qalib gəlməsinə çalışır. Daha sonra isə Hələbin bombalanmasına münasibətini ifadə edərkən, Rusiyanın və Əsəd rejiminin cinayətlərinin araşdırılmasını lazım bilib. Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib.

Tramp, nəhayət ki, vergilərdən yayınması sualına aydınlıq gətirib. O, qanuni əsasla bəzi vergiləri ödəmədiyini etiraf edib və qeyd edib ki, Klintonun seçki kampaniyasını maliyyələşdirən bir çox varlı adamlar da eyni güzəştlərdən istifədə edir.

Hər iki namizəd öz vergi siyasətlərinin orta təbəqənin xeyrinə quracaqlarını iddia edir. Enerji siyasətində Klinton alternativ energetikanın, Tramp isə daxili hasilatın artırılmasını lazım bilir.

Əvvəl olduğu kimi, xarici siyasətdə Klinton dövlət katibi kimi uğursuz fəaliyyətdə, Tramp isə heç bir konkret planının olmamasında ittiham edilib. Klinton ilk olaraq diqqəti Suriyada humanitar vəziyyətə, Tramp isə İŞİD-lə mübarizəyə yönəltməyi düşünür. Bununla belə, heç bir halda, regionda yeni ABŞ qoşunlarının yerləşdirilməsi müzakirə obyekti deyil. Maraqlıdır ki, Klinton Əsədə qarşı kürd qüvvələrini silahlandırmağı təklif edib və bunun hansı problemlər yaradacağını bildiyinə də işarə edib.

Ümumilikdə, bu debat, son günlərdə rəy sorğularında aşağı düşən Tramp üçün itirdiyini qaytarmaq, Klinton üçün isə mövqelərini bir az da möhkəmləndirmək imkanıdır. Hansı namizədin uğur qazandığı isə tezliklə rəy sorğularının nəticələrində özünü göstərməlidir.

Son teledebat oktyabrın 19-da, Nevada Universitetində keçiriləcək.