XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 19:03

Mosul düyünü:Türkiyə və İraq anlaşır

mosul-22

Oktyabrın 17-də başlanan Mosulun azad edilməsi əməliyyatı davam edir. Əməliyyatın ilk günü irəliləyən İraq ordusu və digər yardımçı qüvvələr Mosul ətrafında 9 kəndi azad edib. Ancaq eyni zamanda əməliyyatın ilk günü ağır itkilərlə yadda qalıb. Açıq sahədə ciddi müqavimət göstərməyən İŞİD hücum edən hökumət qüvvələrinə qarşı kamikadze hücumları həyata keçirib. Mosul və ətrafında 12 kamikadze hücumunun həyata keçirildiyi bildirilir. Bunlardan bir neçəsi vaxtında zərərsizləşdirilsə də, terrorçulardan biri İraq ordusunun maşın karvanına daxil olaraq özünü partladıb. Nəticədə 70 iraqlı hərbçi ölüb.

İtkilərə baxmayaraq, İraq qüvvələri əməliyyat başlayandan sürətlə irəliləmədədirlər. Əməliyyata havadan ABŞ aviasiyası dəstək verir. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk bildirib ki, İraq ordusu Mosul əməliyyatında planlaşdırıldığından da sürətli irəliləyir. Eyni zamanda Pentaqon sözçüsü deyib ki, İŞİD-lə savaş vaxt ala bilər. Lakin o deyib ki, İraq ordusu qarşıya qoyulmuş hədəflərə nail olur və sürətlə irəliləyir. 

Bu arada BMT bəyan edib ki, savaşın şiddətlənməsi nəticəsində Mosuldan 100 minə yaxın insan Türkiyə və Suriyaya qaça bilər. Qeyd edək ki, savaşdan əvvəl 2 milyon insanın yaşadığı Mosul İraqın ikinci böyük şəhəri hesab olunur. Ancaq İŞİD-in işğalından sonra əhalinin böyük hissəsi Mosulu tərk edib. Son məlumatlara görə, Mosulda yalnız 650 minə yaxın insan qalıb. 

Qeyd edək ki, Mosul 2014-cü il iyunun 10-da İŞİD tərəfindən işğal olunub. İşğaldan sonra İŞİD “islam dövləti” elan edib və Mosul “xəlifə” Əbu Bəkr əl-Bağdadi tərəfindən paytaxt elan olunub. İraq hökuməti bir neçə dəfə Mosulun azad edilməsi əməliyyatı başlatsa da, əməliyyatlar təxirə salınıb. Xüsusən də beynəlxalq və regional güclər arasında Mosul əməliyyatı ilə bağlı fikir ayrılığı olub. Ancaq son bir neçə ayda davam edən hazırlıqdan sonra, nəhayət, oktyabrın 17-də İraq ordusu, polis və könüllü qüvvələrdən ibarət 30 minlik canlı qüvvədən ibarət əməliyyat ordusu Mosulun azad edilməsi əməliyyatını başladıb. Mosul əməliyyatı İraqın Amerika tərəfindən işğalından bu yana keçirilən ən böyük hərbi əməliyyat hesab olunur. 

Mosulda hazırda 8 minə yaxın İŞİD terrorçusu olduğu ehtimal edilir. İŞİD-çilərin bir qisminin Suriyaya qaçdığı qeyd olunur. Eyni zamanda hücum zamanı İŞİD-çilərin ağır itkilər verdiyi deyilir. Eyni zamanda fərqli media orqanlarında İŞİD daxilində bölünmə olduğu, daha əvvəl İŞİD-ə qoşulmuş “Nəqşibəndi ordusu” adlı qruplaşmanın ayrıldığı, bundan başqa Raqqa şəhərində yerləşən İŞİD polis qüvvələrinin komandirinin əl-Bağdadiyə qarşı çıxması və yaranmış qarşıdurmada 50-dən artıq İŞİD komandirinin yaxalanaraq edam edildiyi haqda məlumatlar yayılıb. 

Əməliyyatın ikinci günü Mosulun havadan vurulmasında Türkiyə qırıcılarının iştirak etməsi ilə bağlı xəbərlər yayılıb. Baş nazir Binali Yıldırım Türkiyə hərbi təyyarələrinin də Mosul əməliyyatına qatıldığını bildirib. Qeyd edək ki, Türkiyə 2014-cü ilin avqustunda ABŞ tərəfindən formalaşdırılmış və 64 ölkənin üzv olduğu beynəlxalq antiterror koalisiyasının üzvüdür. Türkiyənin koalisiya üzvü ölkələrdə birlikdə Mosul əməliyyatlarında hava qüvvələri ilə iştirak etməsi mümkündür. Ancaq məlum olduğu kimi, Ankara Mosulun azad edilməsi əməliyyatlarında quru qüvvələri ilə iştirak etmək istəsə də, Bağdad hökuməti buna etiraz edib. Baş Nazir Heydər İbadi bildirib ki, Mosul əməliyyatında yalnız İraq qüvvələri iştirak edəcək.

Eyni zamanda İraq hökuməti Ankaranın Başika hərbi təlim düşərgəsindəki türk əsgərlərini geri çağırması ilə bağlı tələbləri iki ölkə münasibətlərini gərginləşdirib. Ankara bəyan edib ki, şiə könüllü birliklərinin (Həşdi Şabi) Mosul əməliyyatlarında iştirak etməsi sünni əhaliyə qarşı təhdid yaradır. Ankaranın təzyiqlərindən sonra hökumət “Həşdi Şabi”nin yalnız şəhərdən kənarda təhlükəsizliyin qorunmasında iştirak edəcəyini, Mosula daxil olmayacağını bəyan edib. 

Ancaq bütün bunların fonunda Ankara-Bağda münasibətləri son illərdə ən gərgin vəziyyətə gəlib. Bazar ertəsi günü şiə ruhani və siyasi lider Müqtəda əs-Sədr Türkiyə hökumətinə Başikadan əsgərlərini çəkməyi tələb edib. Bundan sonra isə Bağdadda Türkiyə səfirliyi qarşısında aksiya çağırışı edib. Oktyabrın 18-də 10 minə yaxın insan Türkiyənin Bağdad səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyaçıların səfirliyə hücumu ehtimalına qarşı 1000 nəfərə yaxın İraq polisi səfirlik binasının qarşısına yerləşdirilib. 

Eyni zamanda məlum olub ki, Türkiyə hökuməti Bağdadla münasibətləri qaydaya salmaq üçün diplomatik cəhdləri artırır. Xarici İşlər Nazirliyinin müstəşarı Ümid Yalçının rəhbərlik etdiyi nümayəndə heyəti Bağdada göndərilib. O da bildirilir ki, hazırda hər iki tərəf anlaşma və münasibətləri normallaşdırmaqda maraqlıdır. 

Əl-Cəzirə kanalının məlumatına görə, Türkiyə heyəti Bağdadda ilkin danışıqlarda 3 mövzuda anlaşma əldə edə bilib. Bunlar şiə könüllülərin Mosul şəhərinə daxil olmaması, Telafer şəhərindəki sünni türkmənlərin qorunması və Sincar bölgəsində PKK düşərgələrinin nəzarət saxlanılması olub. Hər üç mövzuda İraq rəsmiləri Ankara ilə anlaşıblar.

 

Kənan Rövşənoğlu

musavat.com