Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh “Oil&Money” konfransında çıxışında bildirib ki, neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir.
Yerli KİV-lərin məlumatına görə, Əl-Faleh deyib ki, OPEC-in üzvü olmayan bir çox ölkələr neft hasilatını nəinki dondurmaq, həm də azaltmaq barədə razılığa gəliblər, amma o, söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb. Nazir onu da bildirib ki, “kartelin üzvləri kollektiv hərəkət etsə”, OPEC neft bazarına uzun müddət sabitləşdirici təsir göstərə bilər.
Nazirin fikrincə, dünya neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir, Çin tərəfindən tələbat isə azalmır.
Əl-Faleh deyib: “Biz neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik”. O vurğulayıb ki, hazırda bazar müvazinətini aydın surətdə bərpa edir(azərtac).