XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 15:34

Moskva Ankaraya güvənmir:İŞİD necə “reabilitasiya” edilə bilər?

valeriy

Rusiya Mosulu İŞİD-dən xilasetmə əməliyyatını izləmək üçün kəşfiyyat peyklərini və pilotsuz hava vasitələrini bölgəyə yönlədirib.

Strateq.az xəbər verir ki, bunu Rusiyanın Baş qərargah rəisi general Valeri Gerasimov bildirib.

General Mosuldakı vəziyyəti və əməliyyatın gedişini 24 saat izlədiklərini etiraf edərək, bunun səbəblərinə də aydınlıq gətirib:

"Əməliyyata qatılan koalisiya ortaqlarının İŞİD-in bölgədə sərbəst dolaşmasının nələrə səbəb olacağınının fərqində olduqlarına ümid edirik. Terrorçular bir ölkədən başqa bir ölkəyə keçməməli, olduqları yerdə məhv edilməlidirlər”.

Qərb televiziyalarındakı gurultulu xəbərlərə baxmayaraq, generalın fikrincə, hazırda yalnız güclərin toparlanması, top atışları və havadan bombardmanlar müşahidə olunur: “Əməliyyat isə əsasən başlamayıb".

Rusiyanın Mosuldakı İŞİD terrorçularının başqa yerlərə keçmə ehtimalını bu qədər açıq mətnlə dilə gətirməsi təsadüfi deyil. Valeri Gerasimovun koalisiya qüvvələrinə üz tutaraq, təhlükəni xatırlatması və baş verəcək hadisələri sutkada 24 saat diqqətlə izlədiklərini etiraf etməsi əslində Mosul hərəkatına başlayan qüvvələrə güvənsizliyin ifadəsi kimi qəbul olunmalıdır.  Zira dörd bir tərəfdən mühasirə altında olan Mosuldan İŞİD qüvvələrinin qaçması yalnız hərəkatda rol alan qüvvələrin istəyi nəticəsində baş tuta bilər. Elədirsə, ortaya maraqlı bir sual çıxır: Rusiya Mosul əməliyyatına qoşulan hansı qüvvənin İŞİD-ə kömək edəcəyindən şübhələnir?

Bu suala cavab vermək üçün Mosulu xilasetmə əməliyyatında quru qüvvələrdən istifadə edən tərəflərin kimliyinə nəzər salmaq kifayətdir. Nədən ki, havadan nə qədər bombalansa belə, İŞİDçilərin Mosuldan qaçmasının qarşısını yalnız quru qüvvələri ala bilər. Quru əməliyyatına isə əsasən 3 tərəf qoşulub. Onlardan biri İraq mərkəzi hökumətinə bağlı ordu birləşmələri, digəri şiə ayətullah Sistaninin xeyir-duasıyla yaranan və İranın nəzarəti altında olan Haşdi-Şabi, bir başqası isə Türkiyənin dəstəklədiyi peşmərgələrdir.

Sözsüz ki, bir-birinin amansız düşməni olan İŞİD-ə Haşdi Şəbi və İraq ordusunun aman verməsini düşünmək yersiz olardı. Ən azı ona görə ki, Mosuldan qaçıb canını qurtaracaq həmin qüvvənin Suriya ərazisinə girib Raqqada toplanması ehtimalı var. Mosuldan sonra isə şiə könüllülərinin ən ciddi sınağa çəkiləcəyi yer Suriya ərazisi olacaq. Məntiqlə, düşmənin zəif anında zərərsizləşdirilməsi, təbii ki, Əsəd dostu koalisiyanın ümdə məqsədləri kimi önə çıxır. Rusiya da bu koalisiyanın üzvüdür və deməli, ortaq mövqedən çıxış edir və ya etməlidir.

Deməli, ortada yeganə alternativ qalır: Rusiya, deyəsən, İŞİD-in başqa ölkələrə qaçışına şərait yaradacaq tərəfin Türkiyənin dəstəklədiyi peşmərgə olacağına inanır.

Qeyd edək ki, Bəşər Əsəd dostlarının indiyə qədər irəli sürdüyü versiya da bu istiqamətdədir. Məsələn, İran İslam İnqilab Keşikçiləri diviziyasının generalı Yədullah Cavani verdiyi açıqlamalardan birində belə deyirdi: “Biz Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə və İsrailin İraq və Suriyadakı İŞİD-ə kömək və lojistik dəstək verdiklərinin dəfələrlə şahidi olmuşuq”.

Təyyarə böhranından sonra Türkiyəylə münasibətləri pozulan Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bu iddianı dilə gətirib. Onun bu tipli açıqlamalarından birinə diqqət yetirək: “İŞİD-in əlindəki bölgələrdən böyük miqdarda neft və neft məhsulunun Türkiyəyə aparıldığını uzun zamandır bilirik. Buradan terrorçu qrupların əlinə böyük pullar keçir. Aydındir ki, İŞİD hazırda yalnız neft qaçaqçılığından gəlir əldə etmir, eyni zamanda bir sıra ölkənin orduları tərəfindən da qorunur. Bu faktlar terrorçu qrupların dünyanın müxtəlif yerlərində terror aktlarının təşkilində bu qədər cəsarətli olmasının səbəbini açıqlaya bilər".

Bəşər Əsədin özü də dəfələrlə bu barədə ittihamlar irəli sürüb. Onun ötən ilin sentyabr ayında rus mediasına verdiyi açıqlamasında bildirilirdi: “Türkiyənin əl-Nusra və İŞİD-i silah, pul və könüllü terrorçularla təmin edərək, dəstəklədiyini bilirik”.

Maraqlıdır ki, bu ittihamı yalnız Bəşər Əsəd dostları deyil, Türkiyənin öz müttəfiqləri də bəyan ediblər. NATO-nun sabiq komandirlərindən olan Vesley Klark bir il öncə Amerikanın CNN telekanalına verdiyi açıqlamasında eyni iddiaları gilə gətirərək deyirdi:

"Lap əvvəldən bəri Türkiyənin İŞİD-i dəstəklədiyi düşüncəsi vardı. İŞİD-ə qatılmaq üçün insanların Türkiyədən keçməsinə icazə verirlər. Bəziləri İŞİD-in satdığı nefti alır və onu hardansa keçirərək dünya bazarına çıxarır. Mənə elə gəlir ki, İŞİD-in qara neftini “ağardan” yer Türkiyədir. "

Bütün bu faktlara nəzər salanda Rusiyanın kimdən daha çox şübhələndiyi məlum olur. Bu isə son zamanlar Rusiya-Türkiyə əlaqələrinin normallaşdığı, mehriban münasibətlərə söykəndiyi barədə arqumentləri alt-üst edir. Belə görünür ki, Moskva Ankaraya hələ də tam bel bağlaya bilmir, Türkiyənin Mosuldan qaçan İŞİD-çilərə Raqqaya sığınmalarına şərait yaradacağına inanır. Sonra isə bu qüvvələrin şəkil dəyişdirib əl-Nusra qiyafəsinə bürünərək “reablitasiya prosesindən keçəcəyi”, lazım gələndə isə, təkrar istifadə olunacağı da istisna edilmir.

 

Heydər Oğuz

Strateq.az