XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 01:01

 1 dollara 2 hərbi gəmi?! – Bir “alicənablığın” “qəmbərqulusu”

gemi

Misir Rusiyaya 1 dollar qarşılığında 2 ən müasir hərbi gəmi satıb.

Strateq.az xəbər verir ki, bu sensasiyalı iddianı Polşanın Müdafiə naziri Antoni Matsareviç irəli sürüb.

Matsareviçin bildirdiyinə görə, Fransa istehsalı olan həmin gəmilər göyərtəsində vertolyot daşıyır və 1.2 milyard dollar qiymətindədir. O, iddiasını əsaslandırmaq üçün “etibarlı sənədlər”ə malik olduğunu da gizlətməyib.

Sözsüz ki, iqtisadi çətinliklə qarşı-qarşıya qalan Misir bu qədər “alicənablıq” edəcək qədər sadəlövh deyil. Misirin Rusiya qarşısında ona müftə mal hədiyyə edəcək qədər diligödək olduğunu düşünməyin özü də elə sadəlövhlük olardı. Elədirsə, onda bu “alicənablığın” bir “qəmbərqulusu” var…

Bir müddət əvvəl yayılan informasiyaların işığında məsələyə baxsaq, “alicənablığın” əsl səbəblərini anlamaq mümkündür. Belə ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq olunanda ən ciddi fədakarlıq edən ölkələrdən birinin də Fransa olduğu xəbər verilirdi.

Məlumata görə, rəsmi Paris Rusiyayla bağladığı hərbi müqavilələri ləğv etmişdi. Ləğv edilən razılaşmalardan biri də 2011-ci ildə bağlanmış iki "Mistral" tipli vertolyot gəmisiylə bağlı idi. Müqaviləyə görə, Rusiya bu gəmiləri 1.2 milyard dollara almaq barədə sənədə imza atmış, Fransa isə həmin sifarişi yerinə yetirmək öhdəliyi götürmüşdü.

Məlum olduğu kimi, beynəlxalq əhəmiyyətli sənədlərə imza atanlar öhdəliklərini yerinə yetirmədikləri təqdirdə, qarşı tərəfə təzminat ödəməli olurlar. Fransanın həmin müqavilədən imtinası isə Moskva tərəfindən sükutla qarşılanmış və 2015-ci ilin avqust ayında hər iki ölkə müqavilənin ləğvində ümumi razılığa gəlmişdilər. Halbuki, Moskva Fransanı beynəlxalq məhkəmələrə çəkib ondan rahatlıqla ağır təzminatlar qopara bilərdi. Moskva isə nədənsə bu hüququndan Fransanın xeyrinə imtina etmişdi.

Bir müddətdən sonra isə həmin vertolyot gəmilərinin Misirə satıldığı elan olunmuşdu. İndisə Misir həmin gəmiləri  gülünc qiymət müqabilində yenidən Rusiyaya satır.

Məlumata görə, gəmilərdən ilki iyunda, ikincisi sentyabr ayında Misirə təslim edilib. Təhvil alındıqdan qısa müddətdən sonra  isə 1.2 milyardlıq mal 1 dollara satılıb.

Belə görünür ki, Fransa əslində həmin sövdələşmədən imtina etməmiş, gəmiləri sadəcə Misirin əliylə Rusiyaya ötürmüşdür. Öz müttəfiqlərinin ciddi qınağıyla üzləşməmək üçün Fransanın bu maxinasiyaya getməsini anlamaq çətin deyil.

Polşanın Müdafiə naziri oynanan bu oyunun mahiyyətindən bixəbər biri kimi, sadəlövhcəsinə, Misiri geri addım atmağa çağırıb  və beləcə, Rusiyaya unudulmaz dərs verməyi tövsiyə edib.

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar şimal qonşumuzun Ukraynanı işğalına qarşı tətbiq olunurdu. Rusiya isə Ukraynanı ona görə işğal etmişdi ki, içərisində Fransanın da yer aldığı Qərb ölkələrinin təşviqiylə rəsmi Kiyev Avropaya daha ciddi inteqrasiyaya qərar vermişdi. Və bu işğal nəticəsində Ukraynaya 100 milyardlarla dollar ziyan dəymiş, ölkə onminlərlə vətəndaşını itirmişdir. Ukraynanın bu fədakarlığı qarşısında iqtisadi imkanları baxımından ondan müqayisə edilməyəcək dərəcədə zəngin olan Fransa isə 1.2 milyard dollarını itirmək istəmir. Lap “O olmasın, bu olsun”dakı hambal kimi: “Sənin 5 min manatın cəhənnəmə, mənim bir abbasım hara getdi?”- deyir

Bu da sizin üçün Qərb imperializminin ədaləti …

Heydər Oğuz

Strateq.az