XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 11:56

Mosul əməliyyatı ikinci həftəsində:İŞİD-in bir milyonluq ordusu son döyüşə hazırlaşır

mosul

Mosulun 10 kilometr uzaqlığındakı Başika qəsəbəsi dünən İŞİD-dən azad olunub.

Strateq.az xəbər verir ki, bunu kürd qaynaqları etiraf edirlər.

Məlumata görə, peşmərgə gücləri sivil xalqın tərk etdiyi qəsəbəyə türk topçularının dəstəyiylə girib. Dünən səhər tezdən Başikanı mühasirəyə alan peşmərgələr qısa sürən döyüşün ardından günortadan sonra bölgədə nəzarəti tam ələ keçirib.

İraq qüvvələri də dünən gecədən etibarən Mosulun İŞİD-dən qurtarılması əməliyyatı çərçivəsində 9 kəndi geri alıb.

Dünən həm də Mosul əməliyyatı başlayalı bir həftə geridə qaldı. Məlumatlardan isə belə aydın olur ki, bu bir həftə ərzində bir tərətdən İraq ordusu və Həşdi-Şabi, digər tərəfdən türk ordusu və peşmərgə gücləri, bir başqa tərəfdən isə hava hücumlarıyla bu qüvvələrə dəstək verən koalisiya qüvvələri İŞİD-in işğal altında tutduğu Mosulun yalnız ətrafını terrorçulardan xilas edə biliblər. Şəhərin özü haqqında isə hələ ki heç bir məlumat verilmir.

Xüsusilə Başikanın azad olunmasıyla bağlı məlumatdakı bəzi detallar qurtarılmış bölgələrin əslində İŞİD tərəfindən tərk edildiyini və əhalinin də özləriylə bərabər aparıldığını göstərir. Zira peşmərgələr ciddi müqavimətlə qarşılaşmadan qəsəbəni aldıqlarını etiraf ediblər. Xilas etdikləri qəsəbəni isə əsasən tərk edilmiş vəziyyətdə görüblər. Qəsəbə sakinləri əməliyyat zamanı peşmərgənin mövqelərinə tərəf qaçmayıblarsa, deməli, Mosula çəkiliblər və ya zorən aparılıblar.

Qeyd edək ki, bu cür hallarla Mosula bağlı digər kəndlərdə də qarşılaşılıb. Əməliyyatın ilk günü BMT təmsilçiləri İŞİD-in ətraf kəndlərdən 550 ailənin girov götürülərək, “canlı qalxan”a çevrilmək üçün Mosula aparıldığını bildirmişdilər. Daha sonrakı günlərdə içərilərində uşaq və qadınların da olduğu 280 nəfər “canlı qalxan”ın hücumçular qarşısına çıxarılaraq öldürüldüyü xəbər verilirdi.

Başikadan gələn bəzi məlumatlar eyni hadisənin bu qəsəbədə də yaşandığı barədə mülahizələri qüvvətləndirir. Qəsəbənin bağlı olduğu Ninova vilayətindən millət vəkili seçilmiş İntisar əl-Cüburi İŞİD-in Mosul şəhərini qurtarma əməliyyatı çərçivəsində öz tərəflərində döyüşməyi rədd edən 200 vətəndaşı öldürdüyünü deyib. Nəzərə alsaq ki, ölüm təhdidi qarşısında qalan istənilən adam döyüşməyə daha çox üstünlük verər, o zaman qətlə yetirilənlərdən tələb edilən döyüşün “canlı qalxan”a çevrilmək olduğu ehtimalı qüvvətlənir. Görünür, həmin talesiz 200 nəfər bütün hallarda ölüm şərbətini içəcəyini düşündüyündən mərd-mərdanə əcəlin üzərinə yeriməyə üstünlük veriblər.

İŞİD-in Mosulətrafı kəndlərdən şəhərə çəkilməsi ağır və qanlı döyüşlərə hazırlaşdığını göstərir. “Xilafətçi”lərin çəkildikləri ərazilərdən sakinləri də özləriylə aparmaları isə bu döyüşdə istifadə edəcəkləri ən strateji silahlardan birinin insan olacağına dəlalət edir. Bu “silahlardan” yeri gələndə əsgər kimi, yeri gələndə isə “canlı qalxan” kimi istifadə oluna bilər. Yəni hər kəsdən öz qabiliyyət və bacarığına görə.

Ümumiyyətlə, İŞİD-in hərbi doktrinasında əsgərliyə yararsız insan yoxdur. Ən bacarıqsız insan belə, “canlı qalxan” kimi xeyli işə yarayır. Mosulun 1 milyondan artıq sakininin olduğunu nəzərə alsaq, təkcə bu şəhərdə İŞİD-in “əsgərləri”nin sayı ona qarşı döyüşən tərəflərdən dəfələrlə çox olduğu məlum olur. Üstəlik, şəhərin dörd tərəfdən mühasirəyə alınması və başqa yerlərə qaçmağa imkan verilməməsi də vəziyyəti mürəkkəbləşdirir. Uşaqlı-qadınlı bu bir milyonluq “əsgərlər” son damla qanlarına qədər döyüşməyə məhkumdurlar.

Uca binalarıyla sarsılmaz istehkamlara, dar küçələrilə mürəkkəb labirintli qalaya bənzəyən Mosulu almaq düşünüldüyü qədər asan olmayacaq. Üstəlik, şəhərdəki əhalinin təxliyyə olunmasının mümkünsüzlüyü də İŞİD-in əlini gücləndirən amillərdəndir. Koalisiya qüvvələri də bunun fərqindədirlər. NATO generallarından birinin etirafına görə, Mosulu İŞİD-dən təmizləmək ən yaxşı halda həftələrlə sürə bilər.

İŞİD-in Kərkükdə “uyuyan hücrələrini” aktivləşdirməsi, ev-ev, küçə-küçə döyüşməsi də bəzi ekspertlər tərəfindən düşmənə verilmiş mesaj kimi qiymətləndirilir. Sanki bununla sözügedən terror təşkilatı az bir qüvvəylə nəzarətində olmayan bir qəsəbədə belə, qarşı tərəfə necə böyük bədəllər ödətdirdiyini göstərərək, Mosul qiyamətinin bir damlasını ona daddırmağa çalışmışdır. Əsasən snayperlərlə Kərkükdə terror rüzgarı əsdirən İŞİD-çilər hardan gəldiyi bilinməyən atışlarla peşmərgə və İraq ordusunu çaş-baş qoymuşdur. Rəsmi informasiya vasitələri “Kərkükdə İŞİD-çilər zərərsizləşdirildi” deyərkən, yenidən şəhəri mərmi yağmuruna tutan terrorçular günlərlə insanları öz ev və iş yerlərindən, gizləndikləri sığınaqlardan çıxmasına imkan verməmiş, kiçik bir hərəkətlilik görən kimi atəşə başlamışdılar.

Kərkükə ağır günlər yaşadan terrorçuların sayı barmaq hesabı qədər idi. Mosulda isə İŞİD-çilərin sayının 20 mindən çox olduğu bildirilir. Hesaba məcburən döyüşə çıxarılan yerli sakinləri də qatsaq, bu rəqəmi xeyli artıra bilərik. Bu fakt Mosulun İŞİD-dən alınması halında belə, şəhərdə nəzarətin tam təmin oluna bilinməyəcəyini göstərir.

mosul-su-anbari

İŞİD-in Mosuldakı ciddi strateji silahlarından biri də Mosul su anbarıdır. 12 milyrad kub metr su tutumuna malik olan anbarın partladılması halında şəhərin 4 saat ərzində 24 metr su altında qalacağı güman olunur.

Su anbarının partladılması yalnız Mosula da zərər verməyəcək. Dəclə çayının axarı boyunca 6-7 km məsafənin su altında qalacağı, paytaxt Bağdadın aeroportuna qədər böyük hissəsinin də bu daşqınlardan zərər görəcəyi ehtimalı var. İraq əhalisinin əsasən çay yatağında məskunlaşması da yaşanacağı güman olunan ekoloji fəlakətin mümkün nəticələrini ağırlaşdırır. Hesablamalara görə, bu fəlakət nəticəsində Mosul əhalisindən başqa 500 mindən artıq insan (üst-üstə 1.5-2 milyon) həyatla vidalaşa bilər.

Ölkəyə Nuh tufanı yaşada biləcək bu su anbarı hazırda peşmərgə güclərinin əlində olsa belə, İŞİD-in onu sıradan çıxarması çətin deyil. Belə ki, su anbarı onsuz da eroziya nəticəsində hər an partlaya biləcək nəhəng bombaya çevrilib. İraq hökuməti bəndləri bərgitmək üçün İtalya tikinti şirkətləri ilə müqavilə imzalasa da, terror təhlükəsi üzündən işlər arzulanan səviyyədə aparılmayıb. “Su bombası”nın zəif nöqtələrinə vurulan raket zərbələri fitili yandırmaq üçün kifayət edə bilər.

Bütün bu çətinliklərlə Mosul əməliyyatı özünün ikinci həftəsinə qədəm qoyur. İŞİD düşmənləri isə hələ də bu şəhərə qədəm qoya  bilməyiblər.

Heydər Oğuz

Strateq.az