XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 19:04

Neft kəskin bahalaşdı:OPEK hasilatı azaldacaqmı?

 

opec

 

Bu gün dünya bazarında neftin qiyməti hədsiz dərəcədə artıb. Hardasa 9% artımla Brent markalı neft hazırda London birjasında 51.27 $-a satılır. Amerika birjasında isə xam neftin qiyməti gün ərzində 49 $-a qədər qalxıb.

Strateq.az xəbər verir ki, son zamanlar nadir təsadüf edilən bu artımın səbəbi OPEC ölkələrinin bu gün Vyanada başlayan toplantısıyla izah edilir.

Bir neçə saat öncə başlayan toplantıdan əvvəl tərəflərin neft hasilatını azaltmaqla bağlı konsensusa gələcəkləri barədə xəbər yayılmışdı. İran və İraq neft nazirlərinin mətbuata nikbin açıqlamaları ilə yaranan bu ümidlər neft bazarına da təsir etmişdi. Belə ki, İran neft nazir Bijan Namdar Zanganeh bu gün keçiriləcək yığıncaqla bağlı optimist olduğunu ifadə etmiş, İraqın OPEC-dəki nümayəndəsi isə daha da irəli gedərək, konkret və xeyli iddialı bəyanat vermişdi: "Bu gün mütləq razılaşma əldə olunacaq".

Görünən budur ki, İran və İraq rəsmilərinin bu nikbinliyi neft birjalarında psixoloji dalğalanmalar yaratmış, hasilatın azalacağı ehtimalı “qara qızıl”a tələbatı artırmış, bu da öz növbəsində bahalaşmaya gətirib çıxartmışdır.

Görəsən, İraq və İran rəsmilərinin bəyanatları niyə bu qədər ciddi qəbul olunub? Həqiqətənmi OPEC üzvlərinin bu gün Vyanada dil tapması mümkündür?

İran və İraq rəsmilərinin nikbin bəyanatlarının beynəlxalq neft bazarına bu cür təsiri başadüşüləndir. Məsələ təkcə onda da deyil ki, bu iki dövlət dünyanın ən böyük neft hasilatçılarındandır. Məsələ həm də ondadır ki, indiyə qədər OPEC üzvlərinin ortaq məxrəcə gəlməməsində bu iki dövlətin də misilsiz rolu olub.

Zira nüvə sazişi ilə beynəlxalq sanksiyalardan canını qurtaran İran uzunmüddətli maliyyə itkisini kompensasiya etmək üçün neft hasilatını artırmışdı. İranın sanksiyalar zamanı gündə 1.5 milyon barrelə qədər enən hasilatını nüvə sazişindən dərhal sonra 2.5 milyon barrelə çıxarması Yaxın Şərqin iki əzəli düşməni sayılan Tehranla Riyadı amansız rəqabətə sürükləmişdi. Tehran sanksiyalar dövründə məcburən Səudiyyə Ərəbistanına qapdırdığı bazarı geri qaytarmaq, Riyad isə əldə etdiyini itirməmək uğrunda yarışırlar. Kəskin rəqabət nəticəsində Səudiyyə Ərəbistanı gündəlik 10 milyon barrellik hasilatını 12 milyon barellə, İran isə 4.2 milyona qədər qaldıracağını açıqlamışdı. Dolayısıyla hər iki tərəfin hasilatı gündə 2 milyon barrel artırması beynəlxalq neft bazarında təklifin tələbi üstələməsinə yol açmışdı. Sözsüz ki, neft qiymətlərinin ucuzlaşmasında bu amansız rəqabətin də müstəsna rolu vardır.

Bu iki dövlətin son zamanlar bir yerdə artırdığı gündə 4 milyon barrel neft dünya bazarı üçün az miqdar deyil. Qlobal neft istehsalının üçdə birini reallaşdıran 14 OPEC üzvünün gündəlik hasilatının 35 milyon barrel olduğunu nəzərə alsaq, 4 milyon barrelin bu həcmin 11-12%-nə dəng gəldiyini görə bilərik. Bu ilin sentyabr ayında təşkilatın Əlcəzairdə keçirdiyi sammitdə hasilatı 32.5-33 milyona endirmək barədə ilkin razılığa gəlməsi də Tehran-Riyad rəqabətinin neft hasilatçılarını nə qədər narahat etdiyindən xəbər verir.

Neftin qiymətlərinin ucuzlaşmasından ən çox narahat olan tərəf kimi Rusiyanın OPEC ölkələrini hasilatı məhdudlaşdırmağa çağırmasının indiyə qədər baş tutmaması da bu rəqabətlə bağlıdır. Dəfələrlə Səudiyyə Ərəbistanı hasilat artımını o halda dondura biləcəyini açıqlamışdı ki, eyni addımı İran da atsın. Rəsmi Riyadın fikrincə, bu sahədə atılan birtərəfli addım Tehranın işinə yaraya və Yaxın Şərq uğrunda mübarizədə ona üstünlük qazandıra bilər.

İran isə yalnız sanksiyalardan əvvəlki istehsal və satış potensialını əldə edəcəyi təqdirdə, hasilat miqdarını dondura biləcəyini bildirmişdi.

İnsafən, hər iki ölkənin arqumentində həqiqət payı az deyil. Səbəb nə olursa olsun, Səudiyyə Ərəbistanından əzəli düşməninin öz bazarını genişləndirməsi qarşılığında güzəşt gözləmək yersizdir. İran isə “haqsız embarqo”ların geri atdığı nöqtədən yarışa başlaya bilməz. Bu, bəri başdan oyunu uduzmaq və 5+1 formatında bağladığı nüvə sazişində böyük güzəştlər naminə əldə etdiyi fürsətlərdən imtina  etmək deməkdir.

İraqa gəlincə, bu ölkənin OPEC-dəki nümayəndəsinin toplantıda razılıq əldə olunacağı ilə bağlı daşıdığı ümidin hardan qaynaqlandığını anlamaq mümkün deyil. Nədən ki, hasilatı artırmaqla razılaşmayan tərəflərin başında elə gündə 4.5 milyon barrel neft istehsal edən rəsmi Bağdadın özü gəlir. İŞİD-lə mübarizəyə və ABŞ işğalından sonra dağılan iqtisadiyyatı bərpa etməyə ciddi kapital xərclədiyini əsas gətirən İraq rəsmiləri toplantıdan bir neçə gün öncəki açıqlamalarında OPEC-in qəbul edəcəyi qərarların onlara dəxli olmayacağına eyham vurmuşdu. Nəzərə alsaq ki, İŞİD-in ideya və maliyyə mənbəyi Riyaddır, krallığın bu mövqeyə haqq verəcəyini düşünmək sadəlövhlük olardı.

Bütün bu amilləri göz önündə tutaraq, OPEC-in Vyanada keçirilən sammitinin nəticələri barədə indidən fikir söyləmək mümkündür. Böyük ehtimalla, tərəflər son anda yenə heç bir nəticə əldə etmədən Vyanadan ayrılacaqlar. Yaxud hansısa razılıq əldə edilsə belə, bunun ömrünün uzun sürməyəcəyi ehtimalı da istisna edilməməlidir.

OPEC-in Vyana sammitinin nəticəsiz qalacağı ehtimalının ilkin simptomları da artıq hiss olunmağa başlayıb. Oxuduğunuz yazıya başladığımız zaman Brent markalı neftin qiyməti 51.27 $ idisə, son cümlələrə gələrkən bu rəqəmlər 50.88 $-la əvəzlənmişdi. Qiymət artımının ucuzlaşmayla əvəz olunması neft tacirlərinin qulağına Vyanadan xoşagəlməz pıçıltıların çatdığını göstərir.

Onu da qeyd edək ki, Vyanada bugün neft hasilatı ilə bağlı keçirilən OPEK toplantısı Rusiya, Azərbaycan, Venezuella kimi gözünü “qara qızıl”a dikmiş ölkələr üçün son ümid kimi də tarixə düşə bilər. Ən azı ona görə ki,  bir müddətdən sonra sələfi Obamadan yeni vəzifəsini təhvil alan Tramp ABŞ-dakı neft hasilatçılarının önünü açacağını bildirmişdi. Yeni prezident bu vədini reallaşdırsa, dünya neft hasilatının miqdarını OPEC və Moskva kimi istehsalçılar deyil, Vaşinqton müəyyənləşdirəcək. Özü də hər zamankından daha ötkəm, daha konkret…

Heydər Oğuz

Strateq.az

P.S: Son məlumatlara görə, Vyana sammitində gündəlik hasilatı 32.5-33 milyon barrelə qədər məhdudlaşdırmaq qərara alınıb. Bu isə sentyabrda Əlcəzairdə keçirilən sammitin qərarıyla eynidir. Belə çıxır ki, Vyana sammitində konkret heç nə əldə ediməyib. OPEC üzvləri sadəcə psixoloji təsirin qiymətlərə müsbət təsir edəcəyini nəzərə alıb nikbin açıqlamalar verirlər. Amma şapalaqla nə zamana qədər üz qızartmağın mümkün olacağını elə Əlahəzrət Zaman göstərəcək.