XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 09:34

Trampdan Çini qəzəbləndirəcək qəfil addım –37 ildir qüvvədə olan protokolu pozdu

tramp-icra

ABŞ prezidenti seçilmiş Donald Tramp 1979-cu ildən bəri qüvvədə olan protokolu pozaraq, Tayvanın prezidenti ilə birbaşa telefon söhbəti edib.

Cənab Trampın keçid komandası bildirib ki, o və Tsay İnq-ven ABŞ və Tayvan arasında sıx iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini müzakirə ediblər.

Dünya xəbər agentlikləri bildirirlər ki, cənab Trampın bu hərəkəti Çini hiddətləndirə bilər. Pekin Tayvanı özünün separatçı ərazisi hesab edir və Çinin yüzlərlə raketi bu adaya tuşlanıb. Çin vaxtaşırı, lazım gələrsə, bu adanı hərbi müdaxilə ilə zəbt edəcəyi ilə hədələyib.

Xəbər verilir ki, Pekin bu hadisə ilə bağlı hələlik heç bir reaksiya verməyib.

Cənab Trampın komandası bunu da bildirir ki, o, xanım Tsayı ötən yanvar ayında prezident seçilməsi münasibətilə təbrik edib.

59 yaşlı xanım Tsay Tayvanın ilk qadın prezidentidir. O, həm də Demokratik Tərəqqi Partiyasının lideridir və bu partiya isə Çindən ayrılmağın tərəfdarıdır.

tayvan-9

Vaşinqton Tayvanla diplomatik münasibətləri 1979-cu ildə “Vahid Çin” siyasətini qəbul etdikdən sonra kəsib.

Çin isə öz növbəsində bu formulu “bir ölkə iki sistem” şəklində ifadə edir.

Baş vermis hadisəyə Çin hələlik öz münasibətini bildirməsə də, sözügedən telefon söhbəti Amerikanın siyasi dairələrində əsl fırtına yaradıb.

“The Atlantic” jurnalı yazır ki, Trampın beynəlxalq böhran yaratmamaq üçün heç olmasa inaqurasiyayadək gözləməyə səbri çatmayıb.

 

“Çox kövrək” protokol

 

Müxtəlif mənbələrin məlumatlarında kimin kimə zəng etməsinə dair iki müxtəlif versiya var. Lakin əsası 1857-ci ildə qoyulmuş mötəbər “The Atlantic” məcmuəsi yazır ki, zəng edənin kim olmasından asılı olmayaraq, bu telefon söhbətinin uzaqgedən nəticələri ola bilər.

“The Atlantic” Tayvan adasının “çox kövrək” status-kvosunu belə izah edir ki, ABŞ ada ilə intensiv ticari-iqtisadi və hərbi əlaqələrə malik olmasına baxmayaraq, onun mütəqilliyini tanımır.

Çinlə Tayvan arasında da kövrək konsensus var. Taypey və Pekin hüquqi məsələlərdə razılaşmamaq barədə, başqa sözlərlə, iki sistem barədə razılığa gəliblər.

Corc Buşun prezidentliyi dövründə Vaşinqton, lazım gələrsə, Tayvanı müdafiə edəcəyini bəyan etsə də, adanın müstəqillyini tanımayıb. Lakin bu, ABŞ-ın Tayvana 1990-cı ildən bəri 49 milyard dollar dəyərində “müdafiə silahları” satmasına mane olmayıb.

Qısası, hər üç tərəf sülh naminə bu kövrək konsensusun saxlanmasına çalışır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Evan Medeiros "Financial Times" qəzetinə deyib ki, təsadüfən və ya qəsdən edilməsinə baxmayaraq, bu telefon zəngi Çin tərəfindən “tarixi miqyaslı təxribat” kimi qiymətləndiriləcək.

 

“Müharibələr belə başlanır…”

 

“The Atlantic” məcmuəsinin versiyalarından biri də budur ki, zəng ideyası seçki kampaniyası zamanı Çin barədə sərt sözlər deyən Trampın özündən gəlib. Lakin məcmuə bunu da əlavə edir ki, bu ideya Trampın müşavirlərindən biri – keçmiş BMT səfiri Con Boltondan da gələ bilərdi. Bolton Çinə ABŞ-ın qüdrətini göstərmək üçün Tayvanla yaxınlıq etməyi müdafiə edirdi.

“Mənim ağlıma gələn budur ki, prezident seçilmiş Tramp Pekinin bu məsələyə nə dərəcədə həssas yanaşdığını dərk eləmir” – deyib Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Çin layihəsinin direktoru Bonnie Glaser “The Hill” qəzetinə.

“The Atlantic” yazır ki, bəzi müşahidəçilər Trampın Tayvanda lüks otellər tikmək niyyətinin olduğunu iddia edirlər. Lakin dekabrın 2-də yazdığı tvitdə Donald Tramp ona zəng edildiyini və dəstəyi qaldırdığını yazıb.

Senator Kris Möri isə “bu dəstəyi qaldırmaq qərarının nə dərəcədə yaxşı düşünülüb-daşındığını” sual edib.

“Son 48 saatda baş verənlər sadəcə siyasət dəyişikliyi deyil. Bu xarici siyasətdə plansız hərəkətin nümunəsidir. Müharibələr belə başlanır” – deyib senator.

“The Atlantic” yazır ki, Çinin reaksiya verməməsi bəlkə də Pekinin Trampa ciddi yanaşmamasından irəli gəlir.

Bununla belə məcmuə hər hansı bir ölkənin ABŞ prezidentini ciddi fiqur saymamasının da ABŞ-ın maraqlarında olmadığını yazır.

 

azadliq.org