XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 00:11

Rəsmi Bakının yeni strategiyası:Savaşa paralel, xalq diplomatiyası...!

elxan

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı “xalq diplomatiyası”na da üstünük verməyə başlayıb.

Strateq.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır:

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verildi.

Məqalədə əsas tezislər bunlar idi:

– “İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər…”;

– “Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir…”;

– “erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil…”;

– “Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”.

Ramiz Mehdiyevin bu tezislərindən gəlinən əsas qənaət budur ki, Prezident Administrasiyasının rəhbəri “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır. Çünki geniş həcmli məqalədə “sülh” ifadəsinin sayı “müharibə” ifadəsinin sayını dəfələrlə çox idi. Ümumiyyətlə, məqalənin əsasını erməni ictimai fəalların Bakıya gəlişləri və onların Azərbaycan paytaxtında iştirak etdikləri konfransın tezislərindən ibarətdir. Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif açıqlamaları təşkil edirdi.

“Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır” – bu da Ramiz Mehdiyevin cümləsidir. Bu məqalədən gəlinən digər nəticə isə bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyasıdır. Yaxşı ideyadır. Sadəcə, bu ideya Dağlıq Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək – əsas sual budur!".

Politoloq bu gün  “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradıldığını da xatırladaraq, bildiriir ki, Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir:

"Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ müanqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. “Sülh platforması” hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır".

Elxan Şahinoğlu deyir ki, bu platformanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir:

"Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu, bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəli olmağı bacarmalıyıq".

Strateq.az