XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 12:58

PYD də “Kürdüstan”dan vaz keçdi:“Əsəd, əl-Babı sən al!”

esad

“Suriya ordusu əl-Babı almalıdır. Çünki bu şəhərin nəzarət altına alınması Bəşər Əsədin son zamanlar qazandığı uğuru daha da gücləndirə və Hələbin təhlükəsizliyini zəmanət altına ala bilər”.

Strateq.az xəbər verir ki, bu sözləri PKK-nın Suriya qanadı kimi tanınan PYD-nin siyasi məsələlər üzrə yetkilisi Rəzzaq Hido bildirib.

“Sputnik” xəbər agentliyinə verdiyi açıqlamasında yetkili fikirlərini əl-Babın Azad Suriya odusu tərəfindən nəzarət altında tutulması ilə əsaslandırıb: “Hazırda əl-Bab ətrafında Azad Suriya Ordusunun silahlı birlikləri var və bu birliklər təkrar Hələbə hücum edə bilərlər”.

PYD-nin bu qədər “əsədsevərlik” nümayiş etdirməsi səbəbsiz deyil. Ölkədəki qarmaqarışıqlıqdan istifadə edən PYD Suriyanın şimalında Türkiyə sərhədləri boyunca əraziləri ələ keçirib Kürdüstan dövləti qurmaq istəyirdi. Bu işdə ona ABŞ da ciddi dəstək verirdi.

Yaşananları öz ərazi bütövlüyü üçün təhlükə kimi qəbul edən Türkiyə isə ABŞ-ın bütün iradlarına baxmayaraq, bu ilin 24 avqustunda “Fərat qalxanı” əməliyyatına başladı, “kürd zolağı”nın ortasında yerləşən əl-Baba qədər irəlilədi. “Fərat qalxanı”ndan sonra ABŞ da kürd separatçılarından dəstəyini çəkdi.

Digər tərəfdən, ötən gün Moskvada keçirilən Türkiyə-İran-Rusiya görüşündə tərəflər Suriya məsələsində ortaq məxrəcə gələ bildilər. Görüşün nəticələrinə dair açıqlamalardan belə görünür ki, razılaşmaya əsasən, Türkiyə “Əsədsiz Suriya” mövqeyindən geri çəkiləcək, İŞİD-lə yanaşı əl-Nusraya qarşı mübarizə aparılmasını qəbul edəcək, bunun əvəzində isə Rusiya kürd separatçılarını dəstəkləməyəcək.

Yaranmış yeni status-kvonun öz hədəflərini reallaşdırmağa imkan vermədiyini anlayan PYD-nin vəziyyətdən çıxış üçün Suriyanı əl-Baba səsləməsi başadüşüləndir. Əslində çağırış Suriyanın ərazı bütövlüyünün bərpasını hədəfləyir ki, bu da Türkiyənin marağına uyğundur.

Proseslərin axarından belə nəticə çıxarmaq mümkündür ki, Suriyadakı vəziyyətin vətəndaş müharibəsindən əvvəlki hala qayıtması, deyəsən, bu ölkə uğrunda mübarizə aparan bütün tərəflərin prioritetinə çevrilir. Artıq ölkədə həm İŞİD-in, həm də PYD və əl-Nusranın perspektivinə inananların sayı getdikcə azalır. Bu isə yüzminlərlə insanın ölümünə, milyonlarla suriyalının  didərgin düşməsinə, şəhərlərin, qəsəbə və kəndlərin xarabaya çevrilməsinə səbəb olan vətəndaş müharibəsinin dayanması üçün yaxşı fürsət yarada bilər.

 

Heydər Oğuz

Strateq.az