XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2017 - 12:52

Amerikalı senatorların Gürcüstan hədəsi:"Putinə qarşı durmayınca, onun təcavüzünü önləyə bilməyəcəyik"

senatorlar

Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini tərifləsə də, ABŞ Baltikyanı ölkələrə də, Ukraynaya da, Gürcüstana da əvvəlki kimi dayaq duracaq.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatların senatorları həmin ölkələrə səfərləri zamanı deyiblər.

«Reuters» xəbər agentliyi yazır ki, senatorların Ukrayna və Gürcüstanda çıxışları ABŞ Konqresinin yeni prezident D.Trampın Rusiyayla münasibətləri yumşaltmaq cəhdlərinə qarşı çıxacağını göstərir.

«Reuters»in məlumatına görə, senator Con Makkeyn Tbilisidə çıxışında həmkarlarını Rusiyaya sanksiyaları gücləndirməyə çağıracağına söz verib.

«Münasibətlərimizi davam etdirməliyik və anlamalıyıq ki, V.Putinə qarşı durmayınca, onun təcavüzünü önləyə bilməyəcəyik», – deyə Makkeyn keçmiş Sovet ölkələriylə əməkdaşlığın vacibliyini vurğulayıb.

Tbilisidə senatorlar Gürcüstan prezidenti Georgi Margvelaşvili, xarici işlər naziri Mixeil Janelidze və bir neçə müxalifət lideriylə görüşüblər. Gürcüstanın «Freedom&Democracy Watch» xəbər xidmətinin yazdığına görə, görüşlərdə məqsəd Qafqazda təhlükəsizliyi və yeni administrasiya dövründə münasibətlərin inkişaf yollarını müzakirə etmək olub.

Yanvarın 2-də Tbilisi yaxınlığında NATO ilə Gürcüstanın Birgə Təlim və Təkmilləşdirmə Mərkəzində olarkən Makkeyn deyib: «Mən, ABŞ Konqresi və administrasiyasının Gürcüstanın müstəqilliyi və azadlığını bundan sonra da dəstəkləyəcəyinə əminəm. Mövqeyimiz dəyişməyəcək».

Senatorlar həm də 2008-ci ildə – Rusiyanın müdaxiləsindən sonra ayrılmış Cənubi Osetiya ilə sərhəddə olublar. Burada çıxışında Makkeyn dünyanın V.Putinə görə daha təhlükəli olduğunu, ABŞ-ın gürcü xalqının azadlıq və təhlükəsizlik qarantına çevrildiyini söyləyib.

«Bizim mesajımız budur: 2017-ci il «daha çoxlar» ili olacaq. Daha çox hərbi dəstək, daha çox iqtisadi inteqrasiya, ticarət və təkcə burada deyil, dünyanın hər yerində Rusiyanın təcavüzünə qarşı daha çox hərəkət – daha çox sanksiya», – deyən senator Lindsi Qrehem dünyanın Rusiyadan cana doyduğunu və bunu Moskvaya çatdırmağın zamanı gəldiyini söyləyib.

Gürcüstandan öncə Ukraynada, Baltikyanı ölkələrdə olan senatorlar orada da ABŞ-ın dəstəyinin davamlı olacağına söz veriblər.

«The Washington Post»un yazdığına görə, bu səfərin məqsədi, ümumiyyətlə, ABŞ-ın Rusiyanın təcavüzünə qarşı duracağını vurğulamaqdır.