İranın ali dini lideri Ayətullah Xamnei sabiq prezident Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.
Strateq.az xəbər verir ki, Ayətullah Xamnei mərhum Rəfsəncanini "şah əleyhinə mübarizədə köhnə nəslin nadir nümunəsi" adlandırıb.
Xatırladaq ki, başsağlığı ismarışında Haşimi Rəfsəncanini "iti zəka və təcrübə sahibi" kimi səciyyələndirən İranın ali lideri ilə mərhumun son illərdə ciddi ixtilafları mövcud idi. Hələ ötən ilin martında Ayətullah Xamnei Haşimi Rəfsəncanini sərt şəkildə tənqid etmişdi.
Buna səbəb Rəfsəncaninin "Twitter"də paylaşdığı bu status idi: "Sabahın dünyası dialoq dünyasıdır, balllistik raket dünyası deyil".
Ayətullah Xamnei isə buna cavab olaraq rəsmi mərasimdə demişdi: "Əgər "Sabahın dünyası dialoq dünyasıdır, ballistik raket dünyası deyil" sözləri düşünülmüş şəkildə deyilibsə, bu xəyanətdir".
"Əgər İran dövləti yalnız texnologiya və müzakirə arxasınca gedərsə, müdafiə gücünə sahib olmazsa, kiçik bir dövlətin təhdidi qarşısında belə geri addım atmaq məcburiyyətində qalar. İran bütün vasitələrdən istifadə etməlidir. Mən hər kəslə olmasa da, siyasi dialoqa qarşı deyiləm. Dünya miqyasında siyasi dialoqu qəbul edirəm. Amma bu gün həm ballistik raket, həm də müzakirə zamanıdır", – deyə o, fikrinin davamında əlavə etmişdi.
Xatırladaq ki, İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani bu gün vəfat edib. Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi. Onun ölümüylə bağlı İranda 3 günlük matəm elan edilib.
M.Rzasoy