XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 22:17

Çindən ABŞ-a müharibə təhdidi:“Vaşinqton böyük döyüşə hazırlaşsın!”

cindfenizi

“Reks Tillersonun senatorların dəstəyini qazanmaq üçün Çinə qarşı sərt mövqe tutduğu hiss edilir. Çinin mövcud hərbi gücü və müharibə hazırlığı nəzərə alınarsa, gələcək Vaşinqton rəhbərliyi öz vədinə əməl etmək üçün böyükmiqyaslı döyüşə hazır olmalıdır. Əks təqdirdə, Çinin Cənubi Çin dənizindəki adalara girişinə maneə törətməyə əsla müvəffəq ola bilməyəcək. "

Strateq.az xəbər verir ki, ABŞ-a meydan oxuyan bu sözlər Çinin rəsmi qəzeti hesab olunan "Global Times"ın bugünkü baş yazısındandır.

Yazıda daha irəli gedilərək, növbəti ABŞ prezidenti Tramp və komandasının Çinlə bağlı səsləndirdikləri fikirlər "axmaqlıq" adlandırılıb: “Tramp və komandası vəzifəyə gəldikdən sonra belə bir planları varsa, hərbi qarşıdurmaya hazırlıqlı olmalıdır. Əks halda bu ümid axmaqlıqdan başqa bir şey deyil".

Qeyd edək ki, Çinin rəsmi qəzetini qəzəbləndirən hadisə bir neçə gündən sonra Ağ Evi Obamadan təhvil alacaq Tramp administrasiyasının dövlət katibliyinə namizəd kimi göstərilən Reks Tillersonun Senatda Çin haqqında səsləndirdiyi fikirlərdir. O, senatorların suallarına cavab verərkən, ABŞ-ın ən ümdə vəzifələrindən birinin Çinin Cənubi Çin dənizində yayılma siyasətini dayandırmaq olacağını bildirərək demişdi: "Çinin Cənubi Çin dənizindəki adalara girişinə maneə törətməliyik”.

Hələ hakimiyyət başına gəlməyən Tramp komandasının Çinlə yaşadığı bu gərginlik ilk hadisə deyil. Prezident seçildiyi rəsmən elan olunduqdan sonra Donald Trampın diplomatik etiketlərə zidd olaraq, Tayvan liderinə birbaşa zəng etməsi də rəsmi Pekin tərəfindən qıcıqla qarşılanmışdı. Həmin telefon danışığında ABŞ-ın 1979-ci ildən bu yana Pekin rəhbərliyini Çin xalqının tək legitim təmsilçisi olaraq tanınmasını tənqid edən Trampın bu sözlərindən narahatlıq duyduqlarını vurğulayan Çin rəsmiləri “çiçəyi burnunda” prezidenti özünü ciddi aparmağa çağırmışdılar.

“Global Times” qəzeti bugünkü manşet yazısında da bu hadisəni xatırlatmış və Tramp hakimiyyətinin “tək Çin” siyasətini rədd edəcəyi təqdirdə, xalqın Pekin rəhbərliyindən intiqam alınmasını tələb edə biləcəyi “gerçəyi”ni rəsmi Vaşinqtonun diqqətinə çatdırıb.

Qeyd edək ki, milliyyətçi bir cizgiyə sahib və birbaşa Çin Kommunist Partiyasına (ÇKP) bağlı olan “Global Times”da dərc olunan yazılar dünya icyimaiyyəti tərəfindən Pekinin rəsmi mövqeyi kimi qəbul olunur.

Əslində Çin-ABŞ gərginliyi zaman-zaman Obama hakimiyyəti dövründə də yaşanıb. Cənubi Çin dənizində yaratdığı süni adalar üzərində hava bazası və mülki obyektlər quraraq, ixtilaflı sularda mövqeyini gücləndirməyə çalışan Pekin yeraltı qaynaqlar baxımından zəngin Cənubi Çin dənizinin yeganə sahibi olmağa çalışır.  Bu isə başda Filippin olmaqla, aralarında Vyetnam, Bruney, Malayziyanın da bulunduğu bölgə ölkələrini qıcıqlandırır, suverenlik müzakirələrini ortaya çıxarır. ABŞ da fürsətdən faydalanıb, dünya iqtisadi gücünün 40%-ni özündə cəmləşdirən Trans Sakit Okean Əməkdaşlığı sazişi çərçivəsində öz müttəfiqlərinin suverenlik hüququnu qorumaq adı altında dəfələrlə bu dənizin mübahisəli sularına hərbi gəmilərini göndərib və Çinlə kəllə-kəlləyə gəlib. Vaşinqtonun əsl məqsədi isə öz dünya hegemoniyasının söykəndiyi su hövzələrinə nəzarət imkanını artırmaqdır.

Rəsmi Pekinə gəlincə, onun bu dənizə sahiblənmək istəməsi də səbəbsiz deyil. Dünya dəniz ticarətində önəmli yer tutan Cənubi Çin dənizi üzərində  hər il, təxminən, 5 trilyon dollarlıq ticarət dövriyyəsi reallaşır. II Dünya müharibəsinə qədər Çinin tam nəzarətində olan bu dənizdə öz mövqelərini gücləndirməklə rəsmi Pekin həm əvvəlki səhrədlərinə qayıtmaq, həm də dünyanın yenidən bölüşdürülməsində adına layiq pay qoparmaq istəyir.

Pekin hökuməti bu məqsədlə ötən illərdə Cənubi Çin dənizində, təxminən, üç milyon kvadrat kilometr böyüklüyündəki bölgənin 80%-i üzərində haqq iddia edirdi. O, bu iddiasını 1940-cı illərdən qalma bir xəritəylə əlaqələndirirdi. Çinin bu niyyətinə ən sərt qarşı çıxan Flippin rəhbərliyi aralarındakı ixtilafları ötən il Beynəlxalq Arbitraj Məhkəməsinə daşımış və Hollandiyanın Lahey şəhərində keçirilən məhkəmə Çinin suverenlik iddiasının hüquqazidd olduğuna qərar vermişdi. Pekin isə öz növbəsində bu qərarı "tanımadığını" açıqlamış, beləcə Vaşinqtonla dərin ixtilafın əsası qoyulmuşdu: ABŞ məhkəmə qərarını sülh yolu ilə həll adına "əhəmiyyətli addım" olaraq xarakterizə etmiş və Çinlə təhdidə varan qarşılıqlı ittihamlar dönəmi başlamışdı.

Görünən budur ki, Trampın hakimiyyətə gəlməsilə bu ixtilaflar nəinki səngiməyəcək, əksinə daha çox artacaq.

Yeni prezidentin Çinə qarşı siyasətinin Pekin üçün ən çox narahatlıq doğuran digər bir səbəbi də var. Bu da Trampın vergiləri azaltmaq, Çindən və digər xarici dövlətlərdən ABŞ-a idxal olunan malların gömrük rüsumlarını artıracağıilə bağlı seçkiöncəsi təşviqat kampaniyasında verdiyi vədlərdir. Həmin vədləri təkcə Çini yox, ABŞ-ın Pekinə qarşı dəstəklədiyi “Trans Sakit okean” ölkələrini də ciddi narahat edir.

Bir sözlə, gələcək 4 il ərzində Sakit okean sularının xeyli isinəcəyi gözlənilir.

Heydər Oğuz

Strateq.az