XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 19:51

Tramplı dünya necə olacaq? –Qlobal macəralar dövrü başlayır

tramp

 

İki gündən sonra-Yanvarın 20-də ABŞ-da dünya siyasətini alt-üst edəcəyi gözlənilən hadisə baş verəcək. Söhbət Obama hakimiyyətinin sükanı Tramp komandasına ötürməsindən gedir. Avropa İttifaqından Rusiyaya, İrandan Çinə, Türkiyədən İsrailə qədər ən müxtəlif siyasi təfəkkürə sahib dünya ictimaiyyətinin dörd gözlə izlədiyi bu tarixi hadisəyə duyulan maraq təsadüfi deyil. Trampın hakimiyyətə gəlməsiylə dünyanın siyasi yörüngəsinin dəyişiləcəyi, hər şeyin yenidən nizamlanacağı gözlənilir. Onun seçkiqabağı təşviqat prosesində dilə gətirdiyi vədlər də bu əndişəyə əsas verir.

Trampın hakimiyyətə gəlməsindən ən çox narahat olan ölkələrin başında  Avropa İttifaqının üzvləri gəlir. Bunun başlıca səbəbi növbəti prezidentin NATO-yla bağlı səsləndirdiyi fikirlərdir. Bilindiyi kimi, indiyə qədər NATO-nun maliyyələşdirilməsinin 3/2-dən çoxu ABŞ-ın öhdəsinə düşüb. Rəsmi statistikaya görə, ötən il 900.5 milyard dollar olan bu büdcənin 650 milyardını ABŞ, 60 milyardını Fransa, 40 milyardını Almaniya, yerdə qalanlarını isə digər 24 NATO ölkəsi ödəyib. Tramp isə faktiki olaraq hər hansı beynəlxalq təhdidlə qarşı-qarşıya qalmayan ABŞ-ın bu “bədxərcliyini” anlaya bilmir, müttəfiqlərini hətta nizamnamə öhdəliklərini belə, yerinə yetirməməkdə günahlandırır.

Prinsipcə, haqsız da deyil. NATO nizamnaməsinə görə, üzv dövlətlər öz ÜDM-nin ən azı 2%-ni müdafiə xərclərinə ayırmalı olmasına baxmayaraq, Avropanın böyük ölkələri bu işə heç 1.5% də maliyyə xərcləmirdilər. Əvəzində isə ABŞ öz ÜDM-nin 4%-ə yaxınını Alyansın ümumi təhlükəsizliyinə sərf etməli olurdu. Bu da öz növbəsində, ABŞ iş adamlarının belinə əlavə vergilərin yüklənməsi hesabına başa gəlirdi.

Trampın NATO-nu maliyyələşdirməkdən boyun qaçırması və ümumi müdafiədən fərdi müdafiəyə yönəlmə ehtimalının istər-istəməz Avropanı rus təhlükəsi ilə üz-üzə qoyacağından ehtiyat edilir. Daha etibarlı müdafiə sisteminin yaradılması isə hərbi büdcənin artırılması deməkdir ki, bu da sosial siyasətə ayırılan vəsaitin azalması, hökumətlərin xalq arasında  nüfuzdan düşməsi və sosial gərginliyin artmasıyla nəticələnə bilər.

ABŞ-ın yeni prezidentinin hakimiyyət başına gəlməsiylə Avropa Birliyinin itkisi təkcə müdafiə və təhlükəsizlik strategiyasında özünü göstərməyəcək. AB həmçinin dünyanın ən böyük sərbəst ticarət layihəsi olacağı düşünülən Transatlantik Ticarət və İnvestisiya Ortaqlığından (TTİP) da məhrum olacaq.  

Məlum olduğu kimi, Barak Obamanın 2013-cü ildən bəri həyata keçirməyə çalışdığı bu layihənin reallaşmasının son mərhələsinə gəlinib. ABŞ və AB arasında bağlanması nəzərdə tutulan müqavilələrlə tərəflər arasında gömrük rüsumları ləğv olunacaq və investisiya mühiti asanlaşdırılacaqdı. Ekspertlərin fikrincə, bu layihə həyata keçərdisə, ən ciddi qazancı Avropa Birliyi əldə edəcəkdi. Avropa komissiyasının  hesablamalarına görə, TTİP ABŞ iqtisadiyyatına hər il 100 milyard, AB-a isə 120 milyard evro qazandıracaqdı. Bundan əlavə, xeyli yeni iş yerləri açılacaq, Qərb insanlarının sosial rifahı yüksələcəkdi.

Tramp isə seçkiqabağı təbliğat kampaniyasında nəinki gömrük rüsumlarını ləğv etməyəcəyini, əksinə, xeyli artıracağını  bildirmişdi. Bu da azmış kimi, o, ABŞ sənayeçilərini öz ölkələrindən digərgin salan vergi faizlərini də 35%-dən 15%-ə qədər endirəcəyini bildirmişdi. Bu şərtlər altında, əlbəttə ki, Avropa şirkətlərinin ABŞ bazarında rəqabət aparmaq ümidləri suya düşmüş olacaq.

Yeni prezidentin həyata keçirəcəyi bu siyasət təkcə Avropa sənayeçilərinə deyil, həm də Çin iş dünyasına ciddi zərbə vuracaq. İndiyə qədər ABŞ-da qüvvədə olan vergi faizləri istər-istəməz ölkənin ən böyük şirkətlərinin Çinə pənah aparmasına yol açmışdı. Məsələn, Ford və GM kimi avtomobil şirkətləri öz ehtiyat hissələrini Çində istehsal edib ABŞ-a göndərirdi. Apple kimi dünya nəhəngi də demək olar ki, bütün məhsullarını eyni qaydada Çində düzəldib ABŞ-a gətirir və üzərinə “Made in USA” damğası vururdu.

Beləcə, ağır vergilərin iş adamlarını ölkədən didərgin saldığı ABŞ-da işsizliyin sayı artır, sosial təhlükəsizlik büdcəsi böyüyürdü. Trampın əslində gömrük  və vergi sistemində həyata keçirmək istədiyi islahatlar da məhz ABŞ sənayeçilərini geri qaytarmağa hesablanıb. Bu baş tutarsa, təbii ki, Çin ən böyük bazarlarından birini itirəcək və yeni bazar axtarışı üçün bizim coğrafiyaya yönələcək. Tramp hakimiyyət dövründə biz də başda olmaqla, yerli feodal təfəkkürlü idarəçilərin hakimiyyət hərisliyi sayəsində müstəqilliyin verdiyi fürsətlərdən istifadə edib öz iqtisadiyyatını qura bilməyən post-sovet məkanının Çin iş dünyasının işğalına məruz qalacağı gözlənilir.

Çinin yeni bazar axtarışına çıxmasından ən ciddi təsirlənən ölkələrdən biri də Rusiya olacaq. Nədən ki, Obama hakimiyyəti dövründə üzləşdiyi sanksiyalar və neftin qiymətdən düşməsiylə ciddi problemlər yaşayan Moskva yerli sənayesini qurmağa səy göstərir. Putinə vaxtaşırı məhəbbətini izhar edən Trampın hakimiyyətə gəlməsilə bu problemin arxada qalacağını düşünüb sevinənlər əslində ABŞ dərin dövlətinin daha uzaqgörən siyasət həyata keçirdiyinin fərqinə Çinlə maraqlarının toqquşduğu zaman varacaqlar. Çünki öz qeyri-neft sektorunun təməllərini atmaq, yeni tərəfdaş qazanmaq üçün Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına yönələn Rusiya faktiki olaraq öz qapılarını Çinə açıb. Bu əməkdaşlıq istər-istəməz Çini daha da böyüdür və Avrasiyanın iki böyük dövlətinin müttəfiqliyindən doğan yeni dünya gücü yaradırdı. Əslində ABŞ-ı da narahat edən bu idi. Çin-Rusiya yaxınlaşmasııyla öz hegemonluğunun əldən getdiyini görən ABŞ Trampı hakimiyyətə gətirməklə faktiki olaraq, “Kəlilə və Dimnə” əsərindəki iki öküzü ayırıb əvvəl birini, sonra digərini yeyən aslan rolunu oynamağa qərar vermiş kimidir.

Daha başqa ifadə ilə desək, Trampın hakimiyyətə gəlməsiylə bu iki müttəfiq arasında hətta özləri istəməsələr belə, ciddi ayrılma yaşanacaq.  Çünki ABŞ bazarını itirən Çin Rusiyaya daha ciddi vəchlə daxil olmağa çalışacaq. Yeni hakimiyyətlə münasibətləri düzələn və sanksiyalardan xilas olan Putin administrasiyasına isə artıq bu lazım olmayacaq. Ən azı ona görə ki, Çinin iqtisadi yayılma siyasəti Rusiyanın öz qeyri-neft sənayesini qurmaq strategiyası ilə ziddiyyət təşkil edəcək. Rusiyanın bir tərəfdən Çindən gələ biləcək investisiya təkliflərinə ümid bağlaması, digər tərəfdən isə milli iqtisadiyyatını yaratmaq səyləri hər iki dövlət üçün də Tramp hakimiyyəti dövrünü kifayət qədər keşməkeşli hala gətirəcək.

Sözsüz ki, bu dövrdə ən çox itirənlərdən biri Ukrayna olacaq. Putin hakimiyyətinə qarşı aqressiv mövqeyini arxada qoyacağı düşünülən Trampın  yeni siyasəti Avropanı da dünya hegemoniyasında  nüfuzunu artıran Rusiyayla dil tapmağa məcbur edəcək. Nəticədə onsuz da kifayət qədər dəstəklənməyən Ukrayna daha çox yalnızlaşacaq.

Ən azı növbəti 4 ilə öz damğasını vuran Tramp hakimiyyətindən Yaxın Şərq ölkələri də öz nəsibini alacaq. Amma sözügedən siyasətin tam mənasıyla necə olacağını isə heç Trampın özü də bilmir. Bu qeyri-müəyyənlik yeni prezidentin müxtəlif zamanlarda dilə gətirdiyi çıxışlarında da öz əksini tapıb. Seçkiqabağı təşviqat zamanı Bəşər Əsədlə bərabər İŞİD-ə qarşı mübarizə aparmağın vacibliyinə toxunan yeni prezidentin komandasının xarici əlaqələrdən məsul şəxsi Reks Tillerson senatorlarla görüşündə “Əsədsiz Suriya” modeli üzərində dayandı. Bu, senatorlara şirin görünmək cəhdi idi, yoxsa həqiqətən  Obama hakimiyyətinin ilk illərinə qayıdışdımı? Sualın cavabı aydın olmadığından, yeni administrasiyanın Suriya siyasətini müəyyənləşdirmək də asan deyil. ABŞ-ın yeni hakimiyyətinin Rusiya ilə ziddiyyətə getmək istəməyəcəyini nəzərə alsaq, hələ ki, ilk versiya daha ağlabatan görünür.

Eyni qeyri-müəyyənlik Səudiyyə Ərəbistanı və körfəz ölkələrilə bağlı mövqedə də hiss olunur. Tramp çıxışlarının birində sağmal inəyə bənzətdiyi Səudiyyə Ərəbistanından qızıl və dollar sağacağını, “südü” qurtanda isə kəsəcəyini demişdi.  Zənnimcə, bu obrazlı ifadə həqiqətən də Trampın körfəz ölkələrinə münasibətinin ən dəqiq ifadəsidir. Belə görünür ki, neftlə zəngin ərəb ölkələri yeni ağalarının qəzəbinə tuş gəlməmək üçün “döşlərindən qan gələnədək süd verməli” olacaqlar.

İran məsələsində isə yeni hökumətin kifayət qədər aydın mövqeyi mövcuddur: “nüvə müqaviləsi” ləğv edilməli, Tehranın Yaxın Şərqdəki mövqeləri zəiflədilməlidir. Görünür, regionda sürən müharibənin daimiliyi üçün yerli qüvvələr arasında balans təmin olunmalıdır. Yaxın Şərqdə axan qanlar silah ticarətinin çarxını döndərdiyindən, nəyin bahasına olursa olsun, məzhəb müharibələrinin davam etdirilməsi növbəti 4 ilin də prioritetlərindən birinə çevriləcək.

Obama hakimiyyətindən umduğunu bula bilməyən Türkiyə də Trampa ümidlə baxanlardandır. Fəqət son zamanlar Trampa yaxın dairələrdən mətbuata ötürülən məlumatlar yeni hakimiyyətin də kürd separatçılarına dəstək verəcəyinin bildirilməsi Ankarada ciddi xəyal qırıqlığı yarada bilər.

Uzun sözün qısası, növbəti 4 ildə dünyanın balansı yenidən qurulacaq və bu, heç kim üçün təsirsiz ötüşməyəcək. Bu 4 illik Tramp macərasının tək qazananı qlobal imperializm olacaq. Uduzan isə bütün dünya…

Heydər Oğuz

Strateq.az