Qazaxıstan paytaxtında Suriya vətəndaş müharibəsində atəşkəsin möhkəmlənidirilməsinə dair danışıqların birinci günündə heç bir irəliləyiş əldə edilməyib.
Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, yanvarın 23-də keçirilən danışıqlarda Suriya hökuməti və müxalifətinin nümayəndələri bir-birilə birbaşa təmasda olmayıblar.
Suriya müxalifətinin danışıqlardakı sözçüsü Yəhya əl-Aridi deyib ki, onun qrupu Rusiya və Türkiyə nümayəndələri ilə və BMT-nin xüsusi elçisi Staffan de Misturanın iştirakilə Suriyada ümumi atəşkəslə bağlı məsələləri müzakirə ediblər.
Rusiya prezidentinin danışıqlardakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev görüş zamanı “emosiyaların son dərəcə yüksək” olduğunu bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər “hər hansı pozucu hərəkətlərdən çəkiniblər”.
Rusiya nümayəndəsi “birinci günün xeyli uğurlu” olduğunu deyib.
Bu danışıqların başlanğıcında Suriya hökumətinin nümayəndəsi Bəşər Cəfəri deyib ki, başlıca məqsəd “siyasi proses” istəyən müxalifət qruplarının İŞİD və ya "əl-Qaidə" ilə bağlı qruplaşmalardan ayrılmasıdır.
Lakin müxalifət sözçüsü Məhəmmad Alluş açıq şəkildə bildirib ki, münaqişənin siyasi həlli yolunda birinci addım atəkəs və “prezident Bəşər Əsədin hakim dəstəsinin vəzifədən getməsi” olmalıdır.
Alluş eyni zamanda İran tərəfindən dəstəklənən qüvvələrin Suriyadan çıxmasını tələb edib.
Bundan bir qədər uzağa gedərək Alluş deyib ki, Əsədin tərəfində vuruşan xarici döyüşçülər terrorçu qruplaşmaların siyahısına salınmalıdır. O bildirib ki, bu mənada Livanın "Hizbullah" təşkilatı da istisna təşkil etmir.
Alluş bəyan edib ki, hazırda Suriya vətəndaşları iki cür terrorla üz-üzə qalıblar: “Bəşər Əsədin terroru” və “İŞİD-in terroru”.
BMT-nin xüsusi elçisi Staffan de Mistura (solda) və ABŞ-ın Qazaxıstandakı səfiri George Krol
Rusiya, İran və Türkiyə tərəfindən keçirilən bu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri və BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura müşahidəçi qismində iştirak edirlər.
Suriyanın milli barışıq naziri Əli Heydər AP agentliyinə deyib ki, Türkiyənin bu danışıqların təşkilatçılarından biri olmasına baxmayaraq, Ankara hələ də özünün “əsl niyyətlərini” ortaya qoymayıb, belə ki, o, hələ də Suriya müxalifətinə dəstək verir.
De Mistura isə "Interfax" agentliyinə bildirib ki, əgər bütün tərəflər monitorinq mexanizminə razı olsalar, onda atəşkəsin möhkəmlənəciyini gözləmək olar.
Rusiyanın xəbər agentlikləri qeyd edirlər ki, danışıqlar masasında Suriya hökumətinin nümayəndələri İran nümayəndələri ilə yanaşı oturublar, müxalifət isə Türkiyə nümayəndələrinin yanındadır.
Bu da xəbər verilir ki, Rusiya və Türkiyə hələ də prezident Əsədin siyasi gələcəyi barədə fikir ixtilafındadırlar, hərçənd Türkiyə xarici işlər nazirinin müavini Mehmet Şimşek yanvarın 20-də verdiyi bəyanatda hazırkı vəziyyətdə “münaqişə çözümünün Əsədsiz həlli artıq real görünmür" demişdi.