XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 13:50

Aydın Əliyev prezidentə hesabat verdi:"80-dən çox gömrükçü işdən çıxarılıb, 10 nəfərə cinayət işi açılıb, 503 nəfərsə..."

aydin-aliyev-500x255

"2016-cı ildə ölkə başçısı tərəfindən gömrük sahəsində mühüm sərəncamlar imzalanıb və bizim qarşımızda mühüm tapşırıqlar qoyulub. Gömrük orqanları tərəfindən bu tapşırıqların icrası ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Bu baxımdan ötən il gömrük orqanlarının üçün əhəmiyyətli il olub”. 

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ötən il elektron bəyannamə sisteminə keçidlə yadda qalıb: "Türkiyədə elektron bəyannamə sisteminə hələ 2002-ci ildən pilot olaraq start verilib. Amma hələ də Türkiyədə elektron bəyannamə sistemi tam tətbiq olunmayıb. Azərbaycanda aprelin 4-dən pilot qaydada elektron bəyannamənin tətbiqinə başlanılıb. Artıq may ayından etibarən tam olaraq elektron bəyannamə sistemi tətbiq olunub. Biz istəyirik ki, sahibkar heç bir vasitəçi olmadan idxal-ixrac əməliyyatlarını həyata keçirsin”.

A. Əliyev əlavə edib ki, gömrük orqanları fəaliyyətinin tam şəffaf qurulmasına çalışıb. 

Komitə sədri qeyd edib ki, fəaliyyətində nöqsanlara yol verən gömrük əməkdaşları ciddi cəzalandırılıb: "2015-2016-cı ildə 503 əməkdaş intizam qaydasında məsuliyyətə cəlb edilib. Keçən il 80-dən çox gömrük əməkdaşı vəzifəsini itirib. 10-a yaxın əməkdaş barəsində materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Təqdimatımız əsasında korrupsiyaya yol verən əməkdaşlar layiqli cəzasını alıb”.

A. Əliyev bildirib ki, "Yaşıl dəhliz”in tətbiqi komitənin qarşısında duran ən mühüm vəzifələrdən biridir: "Yaşıl dəhlizin tətbiqi ilə bağlı mühüm sərəncam verilib. Bu sərəncam elə hazırlanıb ki, komitə tərəfindən normativ sənədlərin hazırlanmasına ehtiyac yaranmayıb. Bu sərəncamda hədəflər konkret göstərilib. Hazırda 9 şirkət yaşıl dəhlizin istifadəçisidir. Biz biznes adamları ilə dialoqa hazırıq. Şirkətlərin təkliflərini nəzərə almağa və bu işi davam etdirməyə hazırıq”.