XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 17:31

Ekspert dolların ucuzlaşmasına aydınlıq gətirdi:"Hökümət aprelədək manatı baha saxlamaq niyyətindədir"

Qulu

“Manatın 2017-ci ilin fevral ayından Mərkəzi Bank tərəfindən qəribə şəkildə qəfil bahalaşdırılmasının, əvvələr kəskin ucuzlaşdırılması kimi, “üzən məzənnə rejimi” ilə heç bir əlaqəsi yoxdur və inzibati xarakter daşıyır. Ümumiyyətlə, son iki ildə manatın dəyərinin müəyyən olunduğu məzənnə rejiminin bir adı var: “Azərbaycan Beynəlxalq Bankı (ABB) sindromu məzənnə rejimi””.

“AzPolitika.info”nun məlumatına görə, bunları iqtisadçı Qulu İbrahimli son günlər manatın dollar qarşısında sürətlə dəyər qazanmasının səbəbləri haqda danışarkən deyib.

Ekspertin fikrincə, manatın bahalaşdırılması xüsusi məqsədə xidmət edir:

“Manatın indi bahalaşdırılması da ABB ilə bağlı siyasətlə əlaqədardır. Məqsəd isə ajiotaj yaratmaqla, vətəndaşları və sahibkarları əllərindəki, hesablarındakı dollar vəsaitini kütləvi şəkildə satmağa vadar etmək və həmin valyutanı da ABB-yə yönəltməkdir.

Belə ki, Dövlət Neft Fondu 2016-cı ildə ABB-yə 1 milyard ABŞ dolları məbləğində depozit yatırıb və həmin depozitin hər bir hissəsi 500 milyon dollar olmaqla, 2017-ci ilin mart və may aylarında Fonda geri qaytarılması vaxtı çatır. Əvvəllər depozit müddətinin uzadılması ehtimalı olsa da, Neft Fondunun rəhbəri cənab Şahmar Mövsümov mətbuata dünənki müsahibəsində depozit müddətinin uzadılması üçün ABB tərəfindən müraciət edilmədiyini xüsusi vurğulayıb və bu da o deməkdir ki, uzatmaq fikirləri də yoxdur. Hökumət əhalinin əlindəki valyuta hesabına ABB problemini həll etmək istəyir.

İndi manatın inzibati yolla bahalaşdırılması ilə ajiotaj yaradılır və vətəndaşların, sahibkarların xarici valyuta vəsaitləri ucuz qiymətə əllərindən çıxardılır və valyuta bazarından yığılan həmin vəsait ABB-nin Neft Fonduna olan valyuta borcunun mart ayındakı 500 milyonunun qaytarılmasına yönəldiləcək. Neft Fondu da öz növbəsində Mərkəzi Bank qarşısında transfert öhdəliyinə yönəldəcək, Mərkəzi Bank yenidən ABB-yə verəcək. Bir sözlə, hökümət bir güllə ilə iki quş vurmaq niyyətindədir.

Xatırladım ki, 2017-ci ilin birici yarısı ərzində Mərkəzi Bank tərəfindən ABB-yə sonuncunun problemli aktivlərinin müqabilində, sağlamlaşdırma tədbiri kimi, xarici borcları üçün əlavə 3 milyard dollar vəsait ayırması nəzərdə tutulur.

Burdan da görünür ki, əgər neftin qiymətində kəskin ucuzlaşma baş verməzsə, Azərbaycan Beynəlxalq Bankının Neft Fonduna borcunun sonuncu hissəsinin may ayında qaytarılmasını təmin etmək üçün hökümət 2017-ci ilin aprel ayınadək manatı baha saxlamaq niyyətindədir. Yaradılan ajiotajla əhalidən nə qədər dollar yığılması nəzərdə tutulduğu ayrı sualdır”.