Bu gün Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
Strateq.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib.
Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib.
Görüşdə münasibətlərin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi də vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinıb.