XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 17:48

Nazir Eldar Mahmudov: “Xüsusi xidmət orqanlarının planları barədə məlumatlar əldə edilib”

“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriya Ərəb Respublikasının ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib”.

Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə nazir Eldar Mahmudov deyib.

MTN-in İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazir qeyd edib ki, həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb.

E.Mahmudov Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etməklə hüquqazidd əməllər törətmələri hallarının narahatlıq doğurduğunu bildirərək vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini ekstremizmlə mübarizənin cəmiyyətin də yaxından cəlb olunması ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışır.

“Bu baxımdan qeyd olunan istiqamətdə, xüsusən birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır” – deyə nazir vurğulayıb.

“İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib” – deyə nazir bildirib.

E.Mahmudov vurğulayıb ki, eyni zamanda Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Nazir deyib ki, Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

E.Mahmudovun çıxışında o da qeyd olunub ki, Suriya Ərəb Respublikasındakı qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.