XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2017 - 00:39

“Rusiya öz ordusunu gətirib sərhəddə yerləşdirə bilər” –Politoloqlardan Qarabağda savaş xəbərdarlığı

ballistik-raket

Bu bahar Qarabağda yenə silahlar danışa, münaqişə yenə qızışa bilər. Münaqişə ətrafında son vaxtlar baş verənləri analiz edən şərhçilər Qarabağda bu yaz da qan töküləcəyini istisna etmirlər.

Səbəblər nədir? Nəticə nə ola bilər?

Fevralın 24-də Milli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib ki, müharibə başlasın. Müğənni-deputatın öz arqumentləri olub, vitse-spiker Bahar Muradova da ona cavab verib.

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, münaqişənin qızışmasını Rusiya istəyir. Azərbaycanda da, Ermənistanda da rusiyameylli qüvvələr bunu dəstəkləyir:

“Yazın ortası, yayın əvvəlində, genişmiqyaslı, keçən ilki aprel döyüşlərindən qat-qat geniş miqyasda döyüşlərin başlanması istisna edilmir. Bu, Rusiyaya əl verir. Necə ki o, aprel döyüşlərində siyasi uğur qazandı. Ən azı Ermənistan dedi ki, Rusiya sülhməramlılarının gəlməsinə etiraz etmirik. Özümüz çağırmırıq, amma etiraz da etmirik. Və əvəzində Ermənistanı həvəsləndirmək üçün onlara İsgəndər raketləri verdilər. İndi də daha geniş miqyaslı müharibə başlaya bilər və Rusiya öz ordusunu gətirib sərhəddə yerləşdirə bilər”.

Zərdüşt Əlizadə deyir ki, budəfəki müharibədə itki minlərlə ola bilər.

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün – fevralın 24-də deyib ki, o, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə nikbin yanaşmır, ermənistanlı həmkarı çıxışlarında müsbət bir şey müzakirə etməyə yer qoymur.

Məmmədyarov deyib ki, bu məsələləri gələn ay Moskvada, Minsk qrupunun həmsədri kimi Rusiya ilə görüşlərdə müzakirə edəcək, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bəs döyüşlərin yenidən başlanacağının göstəriciləri nədir? ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri bu haqda nə yazır?

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, keçən ilin aprel döyüşlərindən sonra gözlənti var idi ki, vəziyyət dəyişəcək, amma belə olmadı, danışıqlar başlamadı.

Keçmiş nazir deyir ki, danışıqlara Ermənistan mane olub: "Problem həll olunmayıbsa, demək təhlükəli vəziyyət yaranıb".

Münaqişənin başlama ehtimalının olduğunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Kerri Kavano da yazır. Kentucky Universitetinin diplomatiya və münaqişə üzrə professor olan Kavano bu ay dərc olunmuş məqaləsində yazır ki, Qarabağ ətrafında münaqişə yenilənib və qarşıdakı 12 ay ərzində qarşıdurma yarana bilər.

Kavano düşünür ki, davanı hər iki tərəf başlaya bilər:

"İlham Əliyev özü üçün belə bir nəticə çıxardı ki, real güzəştlərə getmədən də torpaqlar azad oluna bilər və o, Azərbaycanın hərbi üstünlüyündən qoşunların təmas xəttində strateji dəyişiklik etmək üçün istifadə edə bilər. Azərbaycan həmçinin kiçik miqyaslı hərbi əməliyyatlara başlaya, bununla xalqın etimadını qazana, pis idarəçilik və davamlı iqtisadi geriləmə ilə bağlı şikayətləri səngidə bilər. Aprel döyüşləri bu strategiyanın effektivliyini göstərdi".

Ermənistanda da münaqişənin başlanması müzakirə mövzusudur. YerevandaQafqaz İnstitutunun direktor müavini Sergey Minasyan deyir ki, cəbhədə son günlər gərginliyin artması və itkilərin çoxalması onlarda belə bir rəy yaradır.

“Yerevanda fərqli fikirlər var. Amma ümumiyyətlə, rəy belədir ki, keçənilki aprel hadisələrindən sonra bu cür hadisənin yenidən baş verməsi tamamilə mümkündür. Əgər Azərbaycan münaqişəyə başlayarsa, həm Ermənistan, həm də Dağlıq Qarabağ icması cavab verməyə hazırdır”. /Azadliq.org