XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2017 - 13:04

Mehriban Əliyeva parlamentdə çıxış etdi:"Ölkəmizin inkişafı üçün hərtərəfli çalışacam" (FOTO)

mehriban-eliyeva-parlamentde

Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatlıq fəaliyyətinin sona çatması ilə əlaqədar çıxış edib.

Strateq.az həmin çıxışı təqdim edir:

-Hörmətli Oqtay müəllim. 

Hörmətli millət vəkilləri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.

Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.

Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında, ümumilikdə, 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da on minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.

Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul olundu.

Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun – ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.

Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam. Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək, səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart – Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!

Diqqətinizə görə çox sağ olun".