“Yaxın Şərqdən Orta Asyaya qədər uzanan geniş bir Türk İslam arealında yeniden böyük bir gücə çevrilmək üçün Türkiyə və Azərbaycanın öncə dərin bir ittifaq halında İrana yönəlik yeni siyasət paradiqması formalaşdırmasına böyük ehtiyac var”. Bunu İstanbul üniversitetinin tədqiqatçısı Telman Nüsrətoğlu Strateq.az-a açıqlamasında bildirib. Təqdiqatçıya görə, əslində Ortadoğuda baş verən proseslər göstərir ki, İranı İslam birliyi yox, müəyyən bir çizgidə bütün bölgəni öz təsir coğrafiyasına çevirmək daha çox düşündürür: “İran məzhəb adı altında Sasani ənənələrindən gələn fars imperialist arzularını xortlatmaq istəyir. Super dövlətlərin İranı daima İslam birliyinə, Türk birliyinə qarşı dəngələyici bir ünsür olaraq dəstəkləmələri də göz qabağındadır”.
Türkiyənin sanksiyalar məsələsi müzakirə olunarkən Birləşmiş Millətlər Təşkilatında bu ölkəni dəstəklədiyini, İranla ticarəti kəsmədiyini diqqətə çatdıran Telman Nüsrətoğlunun fikrincə, görünən odur ki İran Yaxın Şərqdə, Qafqazda Türkiyəyə və Azərbaycana problemlər yaratmaqda davam edir: “Baxın, bu gün Qarabağ məsələsinin həll edilməməsində də ən böyük problemlərdən biri elə İran faktorudur, bu ölkənin Ermənistanla yaxın əməkdaşlığıdır. Türkiyə və Azərbaycan İrandakı Türk varlığına yönəlmiş ciddi bir siyasət konsepsiyası hazırlamalıdır. Proseslər gec-tez ona doğru gedəcək”.