XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 23:48

Rusiya Azərbaycana neçə T-90S tankı satıb? –Putinin açıqlaması İrəvanı silkələdi

2016-cı ildə Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını davam etdirib.

Rusiya Prezidenti Vladimir Putin bunu hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında, ötən illə bağlı silah ixracının yekunları barədə danışarkən deyib.

Rusiya prezidentinin bu açıqlaması erməni mediasında ciddi rezonans doğurub və müzakirələrə səbəb olub.

Məlumatda deyilir ki, Moskva və Bakı arasında T-90 tanklarının təchizatı ilə bağlı razılaşma 2011-ci ildə əldə olunub. 2014-cü ildə isə Rusiya 100 T-90S tanklarının ilk 100 partiyasını Azərbaycana göndərilməsini yekunlaşdırıb. Eyni zamanda iddia olunub ki, Bakı eyni həcmli ikinci partiya ilə təmin olunmaq imkanına malikdir.

Ötən ilin nəticələri haqda danışan Rusiya prezidenti deyib ki, Moskva xaricə 15 milyardlıq silah və hərbi texnika satıb. 2017-ci ildə də Rusiya yeni milyardlıq layihələrin reallaşdırılmasını gözləyir.

Ermənistan mediası ötən ilin aprel döyüşlərindən sonra İrəvanda Rusiyanın Azərbaycana silah satması ilə əlaqədar sərgilənən etirazları da xatırladıb.

“Rusiyanın baş naziri Dmitri Medvedyev 9 aprel 2016-cl ildə bəyan etdi ki, Moskva Azərbaycana silah satmaqdan imtina etsə, o halda regionda daha mürəkkəb vəziyyət yaranacaq” – erməni mətbuatı yazır. Həmçinin yazıda Rusiya baş nazirinin müdafiə-sənaye kompleksi üzrə müavini Dmitri Roqozinin açıqlamasını xatırladıb.

Roqozin demişdi ki, Rusiya imzalanmış müqavilələrə əsasən Ermənistan və Azərbaycanı özünün “strateji müttəfiqləri kimi” silahla təchiz etdiyini demişdi.

Rusiyanın Azərbaycana hərbi texnika satmasından dolayı təşvişini gizlədə bilməyən erməni mətbuatı Ermənistanın 2016-cı ildə ilk xarici ölkə kimi “İsgəndər” raket kompleksi aldığını, həmçinin Moskvadan alınan 200 milyonluq kredit məsələsini da xatırladıb. Ancaq bəllidir ki, Ermənistan Rusiyadan silahı Azərbaycan kimi milyardlarından keçməklə deyil, hədiyyə kimi alır.

Qeyd edək ki, Rusiyanın Azərbaycana ən müasir hərbi texnikalardan sayılan T-90S tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirdiyi hələ ötən ilin yayında bəlli olmuşdu.

O zaman Uralvaqonzavod ASC-sinin baş direktoru Oleq Siyenko demişdi ki, Rusiya tərəfi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ancaq üstündən xeyli keçəndən sonra Ermənistanda bu məsələnin tirajlanması, özü də aprel müharibəsinin ildönümü ərəfəsində müzakirəyə çıxarılması təsadüfə oxşamır.

Musavat.com