XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2017 - 16:02

Səfir Abbasəli Həsənov:"İranın arxivlərində ermənilərin kütləvi soyqırım aparması haqda xeyli sənədlər var"

Azərbaycanın Düşənbədəki səfirliyində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş geniş tədbir keçirilib.

Bu barədə səfirlikdən Strateq.az-a verilən məlumata görə, tədbirdə Düşənbə şəhərində akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Səfir Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verib.

O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Səfir Abbasəli Həsənov çıxışında bildirib ki, faktiki olaraq, ermənilər azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin 200 ilə yaxın tarixi vardır:

"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların bir dəsti xətti vardır. Onlar həmişə dünyada və bölgədə baş verən hadisələrin gedişatını diqqətlə izləyərək, ara qarışıqlığı yarandığı təqdirdə, cinayət törətməyə fürsət yarandığı zaman fürsətdən məharətlə istifadə edir və cinayəti qəddarcasına həyata keçiriblər.

Məsələn, Birinci Dünya Müharibəsinin başa çatması, Osmanlı ordusunun zəifləməsi, Rusiyada çarın devrilməsi və bolşeviklərin hakimiyyətə gəlməsi, rus hərbi dəstələrinin Balkanlardan və Türkiyədən çıxarılması və S.Şaumyana həvalə edilməsindən ermənilər məharətlə istifadə edərək, həmin dəstələri azərbaycanlılara qarşı soyqırımı törətməkdə istifadə etdilər. Analoji üsuldan 1992-cil il fevral ayının 25-dən 26-na keçən gecə, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayından istifadə edərək, Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım həyata keçirdilər. Bütün dövrlərdə Azərbaycanın dinc əhalisinə qarşı hücumlar axşam vaxtlarında 22, 23, 24 radələrində həyata keçirilmişdir".

Sonra Səfir Abbasəli Həsənov çıxışına davam edərək bildirib ki, 1915-ci ildə Andronikin rəhbərlik etdiyi ermənilər Böyük Britaniyanın dəstəyi ilə İranın Qərbi Azərbaycan vilayətində özlərinə dövlət yaratmaq məqsədi ilə Xoy, Salmas, Urmiya, Culfa və b. bölgələrdə 100000 artıq insanı qətlə yetirərək, soyqırım həyata keçiriblər:

"Əhalinin böyük itkilər verməsinə baxmayaraq, öz məqsədlərinə nail ola bilmədilər. Bu haqda İranın arxivlərində lazımınca sənədlər mövcuddur".

Tədbir iştirakçıları 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayaraq, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd ediblər.

Sonra 31 mart hadisələrini əks etdirən sənədli filmlər rus və ingilis dillərində nümayiş etdirilib, 31 mart Azərbaycanlıların Soyqırımını əks etdirən və yerli KİV-də dərc edilən məqalə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.