XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2017 - 12:57

Avropa Məhkəməsi jurnalist Elmar Hüseynovun qətli ilə bağlı Azərbaycana cərimə kəsdi –23 iş üzrə qərar

Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Strateq.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, 23 işin arasında qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşının şikayəti üzrə qərar da var:

"Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Buna görə Elmar Hüseynovun həyat yoldaşına mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro kompensasiya ödəniləcək.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Ərizəçilərin soyadlarını keçən dəfə yazdığımdan indi qeyd etmirəm. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib".

Vəkilin sözlərinə görə, 23 iş üzrə kompensasiyaların cəmi 271 000 avro təşkil edir.