XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2017 - 21:40

Səslər açıqlandı: 51,4 faizi “Hə”, 48,6 faizi “Yox” dedi –Ərdoğan xalqı təbrik etdi - Yenilənir

Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar bu gün keçirilən referendumda səsvermə artıq başa çatıb.

Strateq.az xəbər verir ki, bu dəqiqələrə qədər ölkə üzrə seçki məntəqələrində səslərin 100 faizə yaxını sayılıb. 

Hazırda səsvermənin davam edən nəticələrinə görə, türklərin 51,4 faizi dəyişikliklərə "Hə"48,6 faizi isə "Yox" deyib. 

İqtidar partiyası AKP ölkənin 30 böyük şəhərinin 14-də qalib gəlib, 16 böyük şəhərdə isə məğlub olub.

Ankara və İstanbul kimi Türkiyə siyasətinə yön verən şəhərlərdə AKP az fərqlə uduzub. AKP iqtidarının daha çox səs gözlədiyi İstanbulda seçicilərin 48.2 faizi dəyişiklikllərə  "hə", 51.8 faizi "Yox" deyib… 

Diyarbəkir, Ağrı, İzmir, Adana kimi şəhərlərdə də "Yox" səsi çoxluq qazanıb. Konya əhalisinin isə 74 faizə yaxını dəyişikliyə "yox" deməklə, böyük şəhərlər arasında rekord vurublar…

Ümumilikdə Türkiyə üzrə 48 şəhərdə seçicilər "hə", 33 şəhərdə "yox" cavabı verməklə, gözlənilməz nəticələrə imza atıblar.

Yekun olaraq, qeyd edək ki, hazırkı nəticələrə görə, Prezident Ərdoğanın istədiyi dəyişiklik paketi qəbul olunub. 

Hazırda Türkiyənin böyük şəhərlərində milyonlarla AKP üzvləri və tərəfdarları meydanlara çıxaraq, qələbəni bayram etməyə başlayıblar.

Qələbə münasibətlə Prezident Ərdoğan xalqı təbrik edib və  "xeyirli olsun" deyib. 

Seçkinin nəticəsi tam yekunlaşdıqdan sonra isə Ərdoğanın canlı efirdə xalqa müraciət edəcəyi açıqlanıb.

Baş nazir Binəli Yıldırım da açıqlama verərək, xalqı təbrik edib və yeni sistemin Türkiyə üçün uğurlu olacağını bildirib. 

MHP lideri Dövlət Bahçeli də yazılı açıqlama yayaraq, xalqı təbrik edib. Bildirib ki, bu qələbə böyük uğurdur: "Türk xalqı istiqlal və sabitliyinə sahib çıxmışdır".

Onu da qeyd edək ki, seçki təbliğatı zamanı Almaniya, Avstriya və Hollandiyada yaşayan türklərlə görüşlərdə ciddi siyasi böhranla üzləşən AKP hökuməti bu ölkələrdə səslərin böyük əksəriyyətini qazanıblar. Belə ki, Almaniyada yaşayan türklərin təxminən 76, Hollandiyadakı türklərin isə 72 faizi dəyişikliklərə "hə" deyib.

Fransa, İtaliya, ABŞ, Azərbaycan və Qazaxıstanda yaşayan türklər isə dəyişikliyə "yox" deyib.

Xatırladaq ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.