Türkiyə prezidentinin vəkilləri türk lideri əleyhinə sui-qəsdə təhrik etmək ittihamı ilə sabiq diplomat, Fransa Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Filipp Moro Defarja qarşı şikayət ərizəsi verib.
Strateq.az "Middle East Eye"yə istinadla xəbər verir ki, bu addımın atılmasına səbəb Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini genişləndirən Konstitusiya dəyişiklikləri ilə bağlı 16 aprel referendumun nəticəsi barədə Filipp Moro Defarjın şərhləri olub.
Fransa Beynəlxalq Münasibətlər İnstitutunda artıq baş elmi işçi olan Defarj bildirib ki, Ərdoğan qarşı bütün qanuni yolları bağlanıb və yeganə son iki seçənək vətəndaş müharibəsi və ya sui-qəsddir.
O, əlavə edib ki, sui-qəsd siyasi böhranı aradan qaldırmaq üçün qanuni yol kimi görülə bilməz. Amma "Roma imperiyası dövründən bu, əsrlər boyu ədalətsiz liderlərdən xilasın yeganə yolu olmayıbmı? Bu qayda hətta böyük dinlərdə də mövcuddur".
"Bəli" ("Evet") düşərgəsi səslərin 51 faizini qazanıb, Türkiyənin Yüksək Seçim Kurumu seçkidə səslərin saxtalaşdırılmasına, referendum nəticələrinin ləğvinə dair müxalifətin tələbini ötən həftə rədd edib.
Şənbə günü Defarj fransız nəşri olan "BFM"a bildirib ki, Ərdoğanın səlahiyyətləri "yalnız fəlakətə" gətirib çıxaracaq.
O deyib: "Bu ölkədə ya vətəndaş müharibəsi və ya başqa bir ssenari… sui-qəsd olacaq".
Ərdoğanı təmsil edən vəkil Hüseyn Aydın Ankara Cümhuriyyət Baş Prokurorluğuna verdiyi ərizədə qeyd edib ki, Defarjın şərhləri sadəcə fikir mübadiləsi deyil, "aydın şəkildə sözügedən cinayət təhriketmə"dir.
Vəkilin sözlərinə görə, həmin şərhlər Ərdoğana qarşı Qərbdəki düşmənçiliyin hansı həddə çatdığını göstərir və haçansa Türkiyəyə gələrsə, Defarjın psixi sağlamlığı mütləq yoxlanılmalıdır:"Əgər onun ruhi sağlamlığı yaxşıdırsa, deməli, onun Türkiyə hökuməti tərəfindən uğursuz iyul hərbi çevrilişində ittiham edilən, ABŞ-da sığınacaq tapan müsəlman din xadimi Fətullah Gülən, ya da qadağan olunmuş Kürd Fəhlə Partiyası ilə (PKK) əlaqələri var və bu əlaqələr araşdırılmalıdır".
Defarjın şərhləri sosial mediada geniş yayılıb. Ərdoğanın baş məsləhətçisi Fransa İnstitutunu Defarjı təqaüddən məhrum etməyə çağırış edib.
Gülnur Aybet "Twitter"də yazıb: "Fransanın sabiq diplomatı açıq şəkildə prezidenti Ərdoğan əleyhinə sui-qəsd etməyə çağırır. Onun təqaüdü ləğv edilməlidir. Əgər sabiq diplomat, Türkiyə analitik mərkəzinin baş elmi əməkdaşı Fransa prezidentinə sui-qəsd etməyə çağırış etsəydi, təpki necə olardı?"
Bazar günü Defarj sözləri ilə bağlı "səmimi üzr" təklif edib.
"Ola bilsin ki, dediyim bəzi sözlər kobud çıxıb və yanlış təfsir olunub", – deyə o, "Twitter"də bildirib.