Türkiyənin 11-ci Prezidenti Abdulla Gül yaxın aylarda hazırda ölkənin 5-ci güclü partiyası statusunda olan Səadət Partiyasının (SP) başına keçəcək.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə mediasında yayılan xəbərlərə SP-nin hazırkı sədri Temel Karamollaoğlu da "ikibaşlı" cavab verib. O, "Abdulla Gül sizin partiyanın başına keçəcəkmi?", – sualına cavab olaraq, deyib ki, partiyanın sədri qurultayın qərarı ilə müəyyən olunur: "Amma mən yenə deyirəm, Türkiyə siyasətində məhsuldar işlər görən bütün qardaşlarımızı, dostlarımızı, – istər AKP-də, istərsə də digər partiyalarda olmasından aslı olmayaraq, – aramızda görməkdən böyük məmnuniyyət duyarıq. O ki qaldı hörmətli Abdullah Gülə, mən bu vəzifəyə seçilərkən, o, məni axtardı, təbrik etdi. O gündən onu ziyarət edib, təşəkkürümü bildirə bilmədim. Qarşıdakı günlərdə hörmətli Gülü ziyarət edəcəm".
Maraqlıdır ki, Gülün Səadət Partiyasının sədri gətiriləcəyi xəbəri hər keçən gün artsa da, o, bu xəbərlərin üzərindən sükutla keçir. Ancaq bu gün CHP-nin sabiq sədri Dəniz Baykalla gizli görüşmə xəbərinə keçmiş prezident dərhal reaksiya verib.
Belə ki, 11-ci Prezidentin rəsmi ofisindən yayılan açıqlamada Gülün Baykalla görüşməsi qısa, ancaq kimlərəsə sərt mesaj işarəti olan formada təkzib olunub: "Bu gün bir media orqanında 11-ci Prezident Abdullah Gülün Dəniz Baykalla gizli görüşdüyünə dair xəbər pis niyyətli və məqsədlidir. Bu və buna bənzər yalan xəbərlər son dönəmdə mütəşəkkil sistemli qruplar tərəfindən məqsədli olaraq hazırlanıb, dövriyyəyə buraxılmaqdadır".
Strateq.az