XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 11:16

Deputatla tanınmış iqtisadçı arasında qalmaqal düşdü –“İqbal Məmmədovdan borcumu istəyirəm, söyüş söyür”

 

Deputat İqbal Məmmədov borcunu niyə ödəmir?

 

Lerikdən deputat təyin olunan İqbal Məmmədov tanınmış iqtisadçı Qulu İbrahimliyə əxlaqsız söyüşlər edib. Buna səbəb illər əvvələ dayanan bir borc söhbəti olub. Belə ki, illər bundan əvvəl Qulu İbrahimli deputat İqbal Məmmədovun hansısa bir şirkətinin maliyyə işlərini görüb və bunun müqabilində deputatın ona külli miqdarda borcu yaranıb. Borcu ödəyəcəyi haqqında söz verən deputat sonradan bundan imtina edib və hər dəfə müxtəlif bəhanələrlə söhbətdən qaçıb.

Xural.com xəbər verir ki, dünən tanınmış iqtisadçının səbr kasası dolub və o, növbəti dəfə deputatın şəxsi telefonuna mesaj yazaraq İqbal Məmmədovdan ona olan borcunu ödəməsini xahiş edib. Bu xahişinə isə İqbal Məmmədov gözlənilməz aqressiya, hədə-qorxu və söyüşlə cavab verib. Özünü saxlaya bilməyən və nəzarətdən çıxan deputat tanınmış iqtisadçıya “sən kimsən ki, mənə mesaj yazıbsan” deyib və ona “var-yox” söyüşü söyüb. Qulu İbrahimli söyüşçü deputatın cavabını verib və xarici ölkədə olduğunu deyən deputat telefonu bağlayıb.

 

“Söyüş söydü, 5 qat artıq cavabını aldı”

 

Bundan sonra Qulu İbrahimli baş verənlər haqqında özünün facebook səhifəsində yazıb. 

Xural.com iqtisadçının profilindəki statusları təqdim edir:

“Deputat İqbal Məmmədov söyüş söydü, mən də beşqatını özünə qaytardım. Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb, profil şəkli edərəm.

Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur. Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya, güc göstərir. Borcunu ödəməməklə nəyin prinsipin apardığını bilirəm…

… Mən deputat İqbal Məmmədovdan qorxsam, məndən əclafı yoxdur. Xaricdədir, deyir gəlib, guya, mənim payımı verəcək. Gözləyirəm. Hesab edirəm ki, ölkədə 10 güclü kişi varsa, onun ikisi mənim oğlanlarımdır. Onların ruzisini mənimsəmək istəyənin ağzının payın verərəm – kimliyindən asılı olmayaraq.

Mesaj yazdım deputat İqbal Məmmədova ki, xaricdən qayıtdığı günü, vaxtı öyrənib, aeroporta gedəcəyəm, görüm, dediyi söyüşlərin arxasında dura biləcəkmi?! Olmasa, Milli Məclisə gedəcəyəm. Gör bir, hansı həddə qədər qudurub. Elə mənim kimi biri qabaqlarına çıxıb dərs verməlidir.”

 

Rövnəq Abdullayevə, Milli Məclisin rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm

 

Xural.com Qulu İbrahimli ilə əlaqə saxlayıb. Qulu İbrahimli insidenti təsdiqləyib  və hələ də əsəbdən özünə gələ bilmədiyini deyibi: “Saatlar keçib, özümə gələ bilmirəm. Mən bütün ölkənin tanıdığı bir iqtisadçıyam, bu adam mənimlə belə danışırsa, gör sadə vətəndaşların başına nə oyun açır. Normal dildə və üslubda bir mesaj yazdım ki, gəl, mənimlə halallaş. Bir baxdım zəng elədi və öz tərbiyəsinə uyğun söyüşlər yağdırdı. Kimdir bu adam ki, özünü bu cür məsuliyyətsiz aparır? Mən Naxçıvandan olan bir neçə dostumla adamın işini görmüşük. İndi bizim borcumuzu vermək əvəzinə, bizi söyür. Bütün dostlarım narahatdır. Zəngdən otura bilmirəm. Hamısı toplandı, zəng elədi, dəstəklərini ifadə etdilər. Qərara gəldik ki, bu adamın cavabını vermək və söyüşlərinin məsuliyyətini ona xatırlatmaq lazımdır.”

Ölkədə hər kərpicin harada düzüldüyünü və bu kərpiclərin sahiblərinin kim olduğunu yaxşı bildiyini deyən Qulu İbrahimli deputat İqbal Məmmədovdan əl çəkməyəcəyini deyib və görəcəyi planlardan danışıb: “Mən “Bakcell” işlədirəm, deputat “Azercell”. İlk olaraq əlaqədar mobil operatorlara müraciət edib danışıq mətnini və səsyazısını çıxaracağam. Sonra bu adamın arxasında dayanan, onu bu səviyyəyə gətirən ARDNŞ prezidenti Rövnəq Abdullayevə müraciət edəcəyəm və nəhayət, cavab gəlməsə Milli Məclisin rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm. Görüm, bu adamın mənəvi-əxlaqi çərçivəsi nə həddədir ki, mənə elə əxlaqsız söyüşlər söyür. Həmin mənəvi-əxlaqi çərçivəyə görə də addımlarımı atacağam. Mən bu adam haqqında, onun neçə-neçə insana qarşı elə zülümlərini bilirəm ki, onların hamısını bir-bir millətin gözlərinin qarşısına sərəcəyəm.”

 

“Mənimlə “Barmek”in davasını aparır”

 

Daha sonra deputat İqbal Məmmədovla aralarındakı qalmaqalın tarixinə toxunan Qulu İbrahimli deyib: “Bu adam mənimlə “Barmek”in, Hüseyn Arabulun davasını aparır. Aparsın. Mənə də maraqlıdır ki, bu adamın dərdi nədir ki, hələ “Barmek”i unuda bilmir? Onu da xatırladacağam.”

Görünən odur ki, deputat İqbal Məmmədovla tanınmış iqtisadçı Qulu İbrahimlinin arasında başlanan bu dava hələ bizə çox mətləbləri aydınlaşdıracaq… 

Xural.com