XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 15:39

Psixiatrlar Assosiasiyasının sədri:"Cəmiyyətdə gərginlik, intihara aparan səbəblər, sosial ədalətsizlik artıb”

“Statistika göstərir ki, son 10-15 ildə Azərbaycanda intihar hadisələrinin sayı 5-6 dəfə artıb. 20-30 il əvvəl Azərbaycanda intiharlar SSRİ ölkələri arasında ən aşağı səviyyədə idi. Həmin dövrdə bu, ailə, adət-ənənələr, dinə münasibətlə izah edilirdi. Bu gün də cəmiyyətdə münasibətlər eyni olaraq qalır. Deməli, cəmiyyətdə gərginlik, intihara aparan səbəblər, sosial ədalətsizlik artıb”.

Bunu Azərbaycan Psixiatrlar Assosiasiyasının sədri, professor Nadir İsmayılov deyib.

Onun sözlərinə görə, yaşayışın mürəkkəb olması, insanların məvaciblə özünü təmin edə bilməməsi və digər səbəblər yaşama səbəbini aşağı salır. Başqa səbəblərin olduğunu deyən N. İsmayılov qeyd edib ki, bunlar öyrənilməli və qarşısı alınmalıdır.

İntihar sayının artmaqda davam etdiyini vurğulayan psixiatr bildirib ki, intiharın 99%-ni dəf etmək mümkündür:

“Təəssüf ki, bu belə olmur. İntihara gedən adam heç kəsə sirrini açmır, hazırlıq işlərini gizli görür. Bundan sonra hadisənin nəticəsi ağır olur. Profilaktika, səhiyyə sahəsində maarifləndirici işlər öz təsirini göstərməlidir. İntihara aparan səbəblər insanın təhsilinə, yaşına, intellektinə təsir edə bilmir. İntihara sövq edən əsas amil affekt vəziyyət, depressiya, stressdir. Onların isə qarşısını almaq mümkündür. Depressiya müalicə oluna bilən xəstəlikdir. Affekt halında, qəflətən baş verən stress nəticəsində ani intihar fikrinə düşən şəxsin yanında olan insan psixoloji təsir göstərərək onu fikrindən uzaqlaşdıra bilər”.

N. İsmayılov qeyd edib ki, intihar fikrinə düşən insanların 20-30%-i bu cəhdi edir, qalanlarının isə  qarşısı alınır. Onun sözlərinə görə, spesifik intiharın profilaktikası ilə məşğul olan adamlar azdır, əslində onların sayı çox olmalıdır. Psixiatr bildirib ki, tibbi təhsili olan psixoloqları bu işə cəlb etmək, əhali arasında maarifləndirmə işini gücləndirmək lazımdır:

“Hələ bu sahədə qənaətbəxş səviyyədə iş görülmür. İl ərzində bizim tərəfimizdən 1200-1400 nəfər ekspertizadan keçirilir. Onların bir qismi xəstəxanalarda müalicə alır və məcburi müalicə başa çatandan sonra cəmiyyətə yenidən qayıdırlar. Həmin müddət orta hesabla 6 aydan 10 ilə qədər və daha çox davam edə bilər”.

Assosiasiya sədri əlavə edib ki, psixiatriya və psixologiya təbabətin mürəkkəb sahəsidir:

“Psixoloqların, psixiatrların arasında nə qədər desəniz savadsızlar var. Çünki diaqnoz qoymaq, xəstənin xəstəliyini sübut etmək üçün psixiatriya elmində obyektiv vasitə yoxdur. Burada hər şey həkimin təcrübəsinə əsaslanır. Təcrübə də illərlə qazanılır. Bu gün Azərbaycanda tibbin bütün sahələrində həkimlərin 6 faizi yüksək ixtisaslı, 30 faizi orta, qalanlar isə aşağı səviyyəlidir. Məsələn, bu gün ölkədə 250 psixiatr varsa, onun da 6%-i, yəni 15 nəfəri yüksək ixtisaslıdır. Biz istəyirik ki, onların hamısı savadlı olsun, amma bu mümkün deyil”.

APA