XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2017 - 18:50

Nazir Ramil Usubov: “Kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndiririk” –Qəbul + FOTOLAR

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, nazir səfiri salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.

O qeyd edib ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı  imzalanmış mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafında daha bir səhifə açmaqla gələcək əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təminat verib. 

General-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır. 

Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib. 

Qonaqlara həmçinin, müstəqilliyin əldə edilməsindən sonra keçilən çətin, eyni zamanda şərəfli yol, cinayətkarlığa qarşı mübarizə, ölkəmizdə sabitliyin yaradılması və onun dönməzliyinin təmin olunması sahəsində görülən tədbirlər, mövcud problemlər barədə ətraflı məlumat verilib. 

Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndirib.   

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən cənab Vey Cinhua paytaxtımızın onda böyük təəssürat yaratdığını qeyd edərək, Bakının ictimai asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunduğu paytaxt şəhərlərindən biri olduğunu bildirib. Respublikamızın iqtisadiyyatına külli miqdarda sərmayə yatıran xarici investorların və digər əcnəbi vətəndaşların burada tam sərbəst və təhlükəsizlik şəraitində yaşayaraq fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edən səfir belə şəraitin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Məhz ictimai asayişin nümunəvi təmini, təhlükəsizliyin etibarlı qorunması sayəsində bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli toplantılara, kütləvi idman yarışlarına uğurla ev sahibliyi etməsinin artıq bir ənənə halını almasını çinli diplomat xüsusilə qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.