İngilsdilli “Media line” analitik informasiya portalında Azərbaycan-İsrail əlaqələri barədə maraqlı yazı dərc olunub. Azərbaycan ictimaiyyəti üçün maraqlı olacağını nəzərə alıb, yazını bəzi ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:
Azərbaycan ötən həftə sonlarında həm ölkənin müxalifət partiyalarının, həm də beynəlxalq seçki müşahidəçilərinin iştirak etmədiyi seçkilərə getdi. Seçkiləri müşahidə üçün neft zəngini olan bu ölkəyə gələn tək istisna isə bir neçə İsrailli siyasətçi idi. Mütəxəssislərə görə, bu addım seçkinin etibarlılığının artırılmasına hesablanmaqla yanaşı, həm də yəhudi dövlətiylə onun ən yaxın müsəlman müttəfiqi arasındakı əlaqələrin səmimiyyətini göstərir.
Azərbaycanın geopolitik mövqeyi onun dünyadakı yerini müəyyənləşdirir. Bu ölkə neftlə zəngin Xəzər dənizi üzərində yer alan və bu hövzənin enerji ixracatını əlində cəmləşdirən Rusiyaya qarşı bir alternativ axtaran Qərb hökumətləri tərəfindən əldə edilməyə çalışılan bir coğrafiyadır.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Gallia Lindenstraussun “Media Line”-a verdiyi açıqlamaya görə, İsrail neft idxalatının çoxunu (təxminən 40%-ni) Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti üzərindən təmin edir. Bakı-Tiflis-Ceyhan boru xətti Xəzər dənizi sərhədindəki ölkənin paytaxtı olan Bakıdan başlayıb Gürcüstandan keçərək Türkiyədə sona çatır. Lindenstrauss açıqlamasında deyir: “Tarixən İsrail enerji təhlükəsizliyinə çox əhəmiyyət verib. Bu, İsrailin Qafqaz dövləti ilə yaxın əlaqəsini davam etdirməsinə səbəb oldu və 1991-ci ildə müstəqilliyini elan etdikdən qısa bir müddət sonra Azərbaycanı tanımasına yol açdı”.
Azərbaycan və İran əhalisinin çoxunun şiə müsəlmanlar olmasına baxmayaraq, Bakıya qarşı heç bir sevgisi olmayan İranla cənub sərhədi İsrail üçün eyni səviyyədə əhəmiyyətli olan bir başqa amildir. Lindenstraussa görə, bu vəziyyət “hər iki ölkənin də İranı təbii bir təhdid olaraq görməsinə gətirib çıxarır” və bu səbəbdən İsrail və Azərbaycanı ayrılmaz müttəfiq edir.
Bədin-Sadat Mərkəzindən olan araşdırmaçı, Türkiyənin İsrail və Azərbaycanla imzaladığı razılaşmanın müəllifi Aleksandr Murinsona görə isə, Azərbaycanın yəhudi dövləti ilə ittifaqa isti baxması üçün kifayət qədər səbəb var: “Bunlardan bir qismi hər ikisinin İrana qarşı mövqelərindən, bir qismi də Ermənistanla münasibətlərindən qaynaqlanır”.
Azərbaycan-İsrail əməkdaşlığı hər iki cinah üçün uyğundur. Mütəxəssislərə görə, Yəhudi dövlətinin Azərbaycana müasir silah satışı “İrana bir başqa psixoloji təzyiq cəhdi”dır. Bu silahlar arasında pilotsuz təyyarə və havadan müdafiə texnologiyaları üstünlük təşkil edir.
Lakin əməkdaşlıq bununla da kifayətlənmir. Azərbaycanın coğrafi mövqeyi İsrail üçün onu İranın “arxa qapısı”na çevirir. Murinsona görə, nüvə texnologiyası alimi Mustafa Əhmədi Rövşən sui-qəsdi daxil olmaqla, İsrailin İrana qarşı apardığı bütün casusluq fəaliyyətlərinin Azərbaycan mərkəzli olduğunu önə sürən hesabatlar mövcuddur.
İran Xarici İşlər Nazirliyi Azərbaycanı İsrail xarici kəşfiyyat agentliyi Mossadla əməkdaşlıq edərək, onun fəaliyyəti üçün münbit mühit yaratmaqda günahlandırır. İsrail reaktiv təyyarələrinin İran hədəflərinə hücum edərkən də, Azərbaycanın İrana olan coğrafi yaxınlığından həm hava sahəsi, həm də yanacaq doldurmaq üçün istifadə oluna bilər.
Türkiyə bu kompleks nizama başqa bir çalar gətirir. Daha əvvəl o, Azərbaycan və İsrail ilə üçlü bir ittifaq yaratmışdı. Lakin 2010-ci ildə “Mavi Mərmərə” hadisəsi səbəbiylə Ankara və İsrail arasındakı əlaqələrin uzun müddətli soyumasından sonra Türkiyə Azərbaycanın onunla İsrail arasında seçim etməsini istədi. Murinsonun fikrincə, Azərbaycan və onun “böyük qardaşı” Türkiyə arasındakı mədəni bağın yaxın olmasına baxmayaraq, çıxar və regional ehtiraslar kiçik qardaşı İsraillə ittifaqa sürüklədi.
İbrani Universitetindən Orta Asiya və Qafqaz sahəsində araşdırma aparan tarixçi Zeev Levin “Media Line”a verdiyi açıqlamada İsrail-Azərbaycan əlaqələrinin gələcəyinin, İsrailin erməni diasporası haqqında uzun müddət davam edən səssizliyini pozmadığı müddətcə davam edəcəyini söyləyib: “Bu mövqe dəyişilərsə, Azərbaycan İsraildən uzaqlaşaraq özünü Ankaranın qollarına atacaq”.
Mənbə: Media Line / Robert Swift