Səudiyyə Ərəbistanı Avropanın neft bazarı uğurunda rəqabətə başlayıb. Röyter agentliyinin məlumatına görə Səudiyyə Ərəbistanı neftin qiymətini 2009-cu il səviyyəsinə salmaqla bazarda özünə yer etməyə çalışır. Bu planlar reallaşsa dekabr ayında səudiyyə neftinin 1 barreli Şimal dənizindən çıxarılan Brent markalı neftdən 5 dollar ucuz olacaq. Səudiyyə Ərəbistanı əsasən indiyə qədər Rusiya nefti alan Şimali Avropa ölkələrini müştəri kimi seçib. Ekspertlər hesab edirlər ki, bu planlarla bağlı Rusiya da yeni oyun qaydaları təklif etməli olacaq.
Artıq son aylarda bir neçə İsveç və Polşa neft emalı şirkəti səudiyyə neftinin xeyrinə seçim edib. Səudiyyə Ərəbistanının Avropa neft bazarına girmək səylərini şərh edən “Rosneft” şirkətinin prezidenti İqor Seçin bildirib ki, onlar fəal şəkildə qiyməti aşağı salmaqla məşğuldurlar.
Ekspertlər qeyd edirlər ki, Səudiyyə Ərəbistanı Asiya bazarında onunla rəqabətə girməyə cəhd edən Rusiyaya Avropada simmetrik cavab verməyi qərara alıb. Amma Səudiyyə Ərəbistanın da “qiymət müharibəsi”ndə nə qədər davam gətirəcəyi hələ bəlli deyil.
Səudiyyə neftinin Avropa bazarına çıxarılması Azərbaycanı da rəqabətə davam gətirmək üçün müvafiq addımalr atmağa vadar edib.
Rusiyanın arbitrs.com saytının məlumatına görə son ayda Azərbaycan öz nefti ilə bağlı differensialı (neftin 1 barreli, yaxud 1 tonunun daşıma, çatdırılma, sığorta və realizəsi ilə bağlı xərclərin məcmusu) iki dəfə azaldıb.
Strateq.az