XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 15:48

Atatürk haqqı…- Bu gün onun ölümündən 77 il keçir

atatürk-1.jpg

Dörd sinif oxumuşdi nənəm. Sonra “Qız nədir, oxumaq nədir”,- deyib məktəbə qoymamışdılar. Hərfləri belə unutmuşdu. Amma unutmadığı bircə şey vardı – wzünü sərhəddin o tayına tutub yanıqlı-yanıqlı ah çəkər, göz yaşlarına bələnmiş bayatını bizlərə layla kimi deyərdi: “O, gəlməsəydi, kim bilir, sonumuz nə olardı? Aclığı da, susuzluğu da, kimsəsizliyi də O gələndən sonra unutduq. Dözdük, hər şeyə dözdük. Atalarımız, babalarımız Vətən üçün döyüşəndə analarımız da ehtiyacla, ümidsizliklə döyüşdü. Hər şey Vətən üçün, hər şey millət üçün idi o zamanlar”…

Uşaq idik, anlamırdıq nənəmizi. Niyə ağlayırdı, kim üçün ağlayırdı bilmirdik. Danışdıqlarını nağıl bilib yuxuya gedirdik. Nənəmi bircə dəfə gülən görməmişdim. Dilində bircə söz vardı: “Allah məni o üzdə öldürsün”. Birinci dəfəydi ki, insanın öz dili ilə ölümü belə şirin-şirin, sevə-sevə arzulamasının şahidi olurdum…

Nənəm Bakıda dünyasını dəyişdi. Atama sonuncu vəsiyyəti belə olmuşdu: “Nə vaxt olursa-olsun, üstümə Qarsın torpağından  tökərsiniz, bax onda ruhum rahat olacaq”…

İllər keçdi. Doğulduğum yurddan zorla qovulduqdan sonra nənəmi anladım. O, nağıl danışmırdı, həqiqtləri danışırdı. O həqiqətləri ki, hayların içində ucadan danışsaq, nəslimizi yer üzündən silərdilər. “Bu, SSRİ-yə qarşı bir təxribatdır, millətlərarası ayrı-seçklikdir”,- deyib bizi dünyanın düz vaxtında ya sürgün eyləyərdilər, ya da adımızı repressiya qurbanlarının siyahısına birinci yazardılar.

O zaman Türkiyə yasaq edilmiş söz idi. Sinəsi sərhədlərə bölünmüş bir vətəndə “Mən türkəm” deyib öyünmək ölüm demək idi.

O laylaların sirrini də öyrəndim yavaş-yavaş. Sən demə, nənəm bizi Atatürk sevgisi ilə yatırırmış…

üzünü belə görməsəm də, mən də Onu sevdim. Və sevindim ki, nə yaxşı ki, babalarım onun silahdaşı, qandaşı, qardaşı kimi böyük Türkiyəni birlikdə qurdular. Vətən üçün ölümün gözünə dik baxan, sinəsini səngər edən oğullar böyüdən Türk qadınını da unutmadı Atatürk: “Ey kahraman türk kadını, sən yerdə sürünməyə diyil, omuzlar üzərində köklərə yükselmeye layiksin”, – dedi…

Atatürkü xatırlamaq, onu unutmamaq bir Haqqdır. Bu haqq bizim boyumuza biçilmişdir. Millətinə yaşam haqqı vermiş bir İnsanın arzularını, bu gün üçün dediklərini bizdən sonra gələnlərə bir himn kimi əzbərlətməyi özümüzə borc bilməliyik. Unutmayaq ki, dilimizin, dinimizin, Turan uğrunda mücadilə aparan böyük Türkiyənin var olmasında Onun haqqı var – ATATüRK HAQQI!

Can qardaşımız Türkiyənin qurucusu, “Yurdda sülh, cahanda sülh” devizi ilə bütün dünyaya sülh və əmin-amanlıq arzulayan Atatürkün ölümündən 77 il ötür. Hər il noyabrın 10-da türk dünyasının qəhrəman oğlu Mustafa Kamal Atatürkü Azərbaycanda da  sayğı ilə anır, ruhuna dərin bir ehtiramla rəhmət oxuyuruq.

Hafiz Təmirov