XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2017 - 14:44

Azərbaycanda 70 yaşlı nazirin ürəyi dayandı –Xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır

Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib. 

Bu haqda məlumatı Lent.az saytı yazıb.

Saytın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb və vəziyyəti ağır-stabildir.

Hazırda N. Əliyev  reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.  

Strateq.az xatırladır ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləyib.

1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunub.

100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilib. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunub.

Ailəlidir, bir oğlu var.